XIX əsrdə Şamaxının
yaradıcı mühiti
II yazı
Məşədi Zeynalabdin (1836-1892). Məşədi Zeynalabdin Hacı Tahir oğlu 1836-cı ildə Şamaxı şəhərində doğulub.
Hacı Tahir hər iki oğluna mollaxana və mədrəsə təhsili
verib. Hacının bazarda kiçik
bir dükanı vardı. O, qaratikan kötüyündən çubuq
və qəlyanbaşı
yonar, tənbəki çubuqları hazırlayıb
satardı. Yalnız sünnilər arasında
deyil, şiələr
arasında belə Hacı Tahirin çubuq və qəlyanbaşları məşhur
idi. Oğlu Zeynalabdin özünü
çox pis apardığı üçün
Hacı Tahir ondan razı deyildi. Oğlunun boş-boşuna gəzməsi,
küçələrdə veyillənməsi, bir işin, peşənin dalınca getməməsi Hacını çox narahat edirdi. Zeynalabdin isə şiə məclisinə gedər, məhərrəmilikdə cani-dildən
iştirak edərdi.
Zeynalabdin atasının dediyinə
məhəl qoymayıb
öz dostları ilə Mahmud Ağa məclisində də müntəzəm iştirak
edirdi. Müsabiqəyə qulaq asar, rəqqasələrin oyunundan
zövq alardı.
Bu işlər Hacı Tahiri daha da hiddətləndirirdi.
Bir gün o, Zeynalabdini yanına çağırıb deyir:
“Sənin Mahmud Ağanın
otağında ölümün
nədir? Bir də görsəm ki, sən oraya
getmisən, and olsun gəzdiyim Həcərə,
sındıraram qol-qabırğanı...
Amma o, nə bir iş, sənət dalınca getdi, nə də Mahmud Ağanın evinə getməkdən qaldı”.
Məşədi Zeynalabdin illər boyu Mahmud Ağa məclisinin iştirakçısı
oldu. Oğlu Sabir də gənc yaşlarından
Mahmud Ağa məclisinə
ürəkdən bağlandı.
Allahverən Şıxı oğlu
(XIX-XX əsr). XIX əsrin
40-cı illərində Şamaxı
qəzasının (indiki
Ağsu rayonunun) Kalva kəndində doğulub. Həm Allahverən, həm də məşhur balabançı Əli kişiyə sənətin
sirlərini öyrədən
Aşıq İbrahimin
balabançısı Süleyman
Məşədi Ağalar
oğlu idi. Həm Süleyman, həm də Allahverən uzun illər ustad aşıqlar - Aşıq
İbrahim, Aşıq
Oruc və Aşıq Bilalı müşayiət edib. Süleyman Mahmud Ağa ilə qonşu olduğu üçün
onu yaxşı tanıyırdı və
dost idilər. Onun məclisinə
aşıqlar dəvət
olunanda Süleyman da gələrdi. Allahverən Şıxı oğlunun çalğısı ustadlar
tərəfindən bəyənilirdi.
O, başqa havalarla yanaşı, «Gərayı»ları
daha ustalıqla, xüsusi zövqlə ifa edirdi. Mahmud Ağa zərb muğamlar qədər «Gərayı»nı dinləməyi, qulaq asmağı çox sevirdi. Allahverən məclisə daxil olanda Mahmud Ağa ucadan deyərdi:
- Ustad, bilirsən də, nədən başlayacaqsan?
O da «Zil gəraylı»dan
başlayardı. Mahmud Ağa da dinlədikcə
dinləyirdi. Çalğıya doyunca qulaq asandan
sonra Allahverəni mükafatlandırırdı. Allahverən Şıxı
oğlu XX əsrin əvvəllərində vəfat
edib.
Güllübəyim Mir Mahmud qızı (1825-1897). Mahmud Ağa
təkcə poeziya, muğamlarımıza, xanəndələrimizə
deyil, eləcə də Şamaxı maarifinin inkişafına, məktəblərin yaradılmasına
xüsusi diqqət yetirmiş, hamilik edib. Şamaxıda qız məktəblərinin
yaradılmasına həm
mənəvi, həm də maddi yardım
göstərib. Güllübəyim 1825-ci ildə Şamaxının
Pirani-Şirvan məhəlləsində,
ruhani ailəsində doğulub. O, atasından təhsil
alıb. Ərəb, fars dillərini
yaxşı bilir, rus, ləzgi dillərini də başa
düşürdü. 15 yaşında Hacı
İsmayıl adlı bir nəfərə ərə gedib.
Təxminən 1850-ci ildə evində qızlar
üçün xüsusi məktəb açmağa qərarlaşır.
Şamaxılı qızların təhsilə
cəlb olunması xəbərini eşidən Əhməd
Sultan və Mahmud Ağa Güllübəyimə yardım əllərini
uzadırlar. Güllübəyim məktəbi
1880-ci illərə qədər fəaliyyət göstərir.
Maraqlıdır ki, Mahmud Ağanın qızına da Güllübəyim
ev dərsi verib. Daha sonralar
Güllübəyimin ideyalarını, ənənələrini
Şamaxıda Gövhər Şirvani Füruzə Şəfi
qızı, Böyükxanım Gövhər Şövqiyyə
davam etdirir. Güllübəyim həm də
istedadlı şair olub. Onun xalq şeiri
üslubunda yazdığı şeirlərin bir qismi günümüzə
çatıb. Güllübəyim 1897-ci
ildə vəfat edib. Maarifpərvər şairin şeirlərindən
bir yarpaq:
Nə
günahın sahibiyəm,
Salmısan zindana, fələk.
Axıdırsan
göz yaşımı,
Çalxayırsan qana, fələk.
Əymisən
cavan belimi,
Kəsmisən
deyən dilimi,
Uçurmusan
bülbülümü,
Bəs gedim hayana, fələk?
Güllübəyim
qalıbdı mat,
Qızlar
etdilər inayət,
Köməklik
etmir camaat,
Qaldım yana-yana, fələk.
Mirzə
Cavad (1846-1920). Hələ ötən əsrin
90-cı illərindən Şamaxıda musiqi-muğam sənəti,
Mahmud Ağa ədəbi-məclisində fəaliyyət
göstərmiş sənətkarlar haqqında məlumat əldə
etməyi qarşımıza məqsəd qoyduq. Odur ki, Şamaxının ustad, qocaman musiqi xadimlərinə
müraciət etməyə başladıq. Aşıq, xanəndə, balabançılarla
görüşdük, söhbət etdik. Xeyli
yeni məlumatlar, sənəd, şəkillər topladıq, məktublar
aldıq. Həmin məktublardan biri də
Zoya xanımdan gəlmişdi.
Kimdi Zoya xanım? Böyük Azərbaycan dramaturqu, musiqi
bilicisi Ə.Haqverdiyevin «Qoca tarzən» hekayəsinin qəhrəmanı,
tarzən Cavadın nəvəsi Qulam müəllimin
ömür-gün yoldaşı. Cavad
Sayıl oğlu 1846-cı ildə Şamaxı şəhərində
doğulub, mollaxanada təhsil alıb. Atası
İsmayıl kişi S.Ə.Şirvani və
Mahmud Ağanın dostlarından idi.
Atasının məsləhəti ilə Cavad Süleyman
adlı bir tarzəndən sənəti öyrənib. Sonra o da Mahmud
Ağa məclisində iştirak edib, onun hörmətini
qazanıb. Mahmud Ağanın Cavada münasibətini
Ə.Haqverdiyev «Qoca tarzən» hekayətində belə təsvir
edir: «Yay fəsli idi, Şamaxı cavanları məndən
savayı da iki dəstə çalğıçı
götürüb neçə gün müddətində
yaylağa səyahətə getmişdilər... Cavanlardan biri
təklif etdi, «hər kəsin tarına bulbul gəlib
özünü toxundursa, mən ona yüz manat
bağışlayacağam və onun adını da burada «tarzənlər
şahı» qoyacağam»... Axır növbə
mənə gəldi. Tarı sinəmə basıb həmən
bu «Rast»ı başladım... Bir az
keçmişdi, onda gördüm bülbül ağacdan
sürətlə enib özünü tara çarparaq
uçub getdi. O vaxt Şirvanda
Mahmud Ağa adında bir musiqişünas var idi. Mahmud Ağa bu haləti
gördükdə yerindən sıçrayıb gəlib mənim
alnımdan öpüb dedi: - Ölmə, yaşa».
Bəli, Mirzə Cavad 40 ildən artıq tar sənətinin
sirlərini həmvətənlərinə öyrədib. Təkcə
Mahmud Ağa məclisinə yaxın olan xanəndələri
deyil, bəy, tacir məclisində iştirak edən xanəndələri
də müşayiət edib. Həmin illərdə
xanəndələr əsasən şəhər məclisinə
dəvət olunurdular. Mirzə Cavad
Şamaxı ziyalılarının çoxu ilə dostluq
edirdi.
M.Ə.Sabir, Tərrah, Didə, Camo bəy, A.Səhhət,
S.M.Qənizadə onun sirdaşları idi. Özü də
klassik üslubda şeirlər yazırdı.
Cavadın iki övladı olub. Sənətini oğlu
İsmayıla öyrədə bilib. Mirzə
Cavad 1920-ci ildə Şamaxı şəhərində vəfat
edib. Mirzə Cavad hətta ustad xanəndə
Mirzə Məhəmməd Həsəni uzun illər (Mahmud
Ağanın vəfatından sonra da) müşayiət edib.
Bu barədə Mirzə Məhəmməd Həsən məclislərini
görmüş böyük sənətkar Yavər Kələntərli
xatirələrində yazır: «Mirzənin bir tarçısı
vardı, Cavad adında, ucaboy adam idi».
Haşiyə:
Mirzə Cavadın nəvəsi Qulam 1905-ci ildə
Şamaxı şəhərində doğulub. O da
uşaqlıqdan musiqiyə həvəs göstərib. Əmisi İsmayılın tarının səsi onu
məftun edib. «Qulam böyük sənətkar,
xalq artisti Hacı Məmmədovla uşaqlıq dostu idi.
Həm də uzaq qohum idilər. Onların
hər ikisi İsmayıldan öyrənmişlər tar
çalmağı.
Sonralar
qardaşı İsmayıl Əhməd Bakıxanovla dost olur.
Qulamı, eləcə də, Hacını
Əhməd müəllimlə İsmayıl tanış
edir».
Zoya
xanımın dediklərindən: «Yayda Şamaxıya dincəlməyə
gələn Əhməd müəllim İsmayıl
dayıgildən çox bizdə qalardı. Onda
Qulamgil bayram edirdilər. O zamanlar Hacı qardaş da
Şamaxıya çox gəlirdi. Hacı qardaş ağa
yurdunu (evləri uçmuş olsa da) ehtiramla ziyarət edərdi...
Şamaxıda olan bəzi sənətkarlar da
onlarla görüşər, məsləhətlər
alardılar».
Qulam
müəllim 80 il ömür
sürüb. O, Şamaxıda musiqi məktəbinin
yaradılmasına və inkişafına böyük əmək
sərf edib, ilk tar müəllimi olub. Özü də düz
30 il - 1939-cu ildən 1969-cu ilə kimi. Həmin
ildən 1992-ci ilə kimi Şamaxı pionerlər evində və
Nəsimi adına musiqi məktəbində
tar müəllimi işləyib. Bir sözlə, Qulam müəllim
babası tarzən Cavadın 40 ildən artıq
yaşatdığı müqəddəs sənəti 50 ildən
çox Şamaxıda təbliğ edib, gənclərə
öyrədib. Bu gün də Şamaxıda tar sənətinin
sehri Qulam müəllimin şagirdləri - Seyidxan Novruzov,
Mehman Mikayıl, Seyran İsmayılov və
başqalarının barmaqları, xalları və
ifalarında yaşayır.
Bəli,
Mahmud Ağanın Mirzə Cavada dediyi «Ölmə, yaşa!» alqışının sədası sanki əsrlərin
dərinliyindən ucalaraq bu gün də Cavad sənətinin
Şamaxıda ölməyib, yaşadığını təsdiq
edir.
Ünsizadə qardaşları. Əvvəldə qeyd
etdiyimiz kimi Əhməd Sultanın yaxın olduğu ailələrdən
biri də dostu Əbdürrəhman Əfəndinin ailəsi
olub. İki ailə arasında olan
ünsiyyət, yaxınlıq övladlar, nəvələr
arasında da uzun illər davam edib. Əbdürrəhman
Əfəndinin üç oğlu - Səid, Cəlal və
Kamal Şamaxının mədəni-pedaqoji həyatında
xüsusi yeri olan ziyalılardandır. Bu
qardaşların hər üçü həm də şair
idilər.
Cəlaləddin (Cəlal) Ünsizadə 1854-cü ildə
anadan olub.
Mollaxana və mədrəsə təhsili alıb: ərəb,
fars, rus, fransız dillərini bilib. O,
jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib,
Şamaxıda Mahmud Ağa məclisinə yaxın olub. Cəlal sonradan Tiflisə - qardaşı Səidin
yanına köçərək 1883-cü ildə «Kəşkül»
qəzetini nəşr etdirir. Cəlal «Kəşkül»
adlı mətbəə də yaratmışdı. Görkəmli ziyalı 1892-ci ildə Türkiyəyə
köçüb.
Kamal Ünsizadə 1857-ci ildə Şamaxıda
doğulub. O
da qardaşları kimi mollaxana və mədrəsədə
oxuyub. Bu qardaşların dayıları Molla
Bağı məşhur din xadimi olub. Kamal
Şamaxıda şəriət müəllimi işləyib,
Kamal da «Məzhər» adlı qəzet nəşr etdirib.
O da qardaşları ilə birlikdə Türkiyəyə
köçüb gedib.
Haşiyə:
Ünsizadə ailəsi həm Mahmud Ağanın, həm də
«Beytüs-Səfa» məclislərinin fəal üzvlərindən
olub. S.Ə.Şirvaninin vəfatı haqqında
ilk nekroloqu Cəlal 1888-ci ildə çap etdirdiyi «Kəşkül»
qəzetində verib. Başqa bəy,
mülkədarlar kimi Mahmud Ağa da müəyyən məsələlərlə
bağlı Tiflisə çox gedərdi. Bu
zaman o, Ünsizadə qardaşlarının evlərində
qalardı. Qardaşlar Mahmud Ağanı
böyük hörmət və izzətlə qəbul edər,
ona lazımi köməklik göstərər və yola
salardılar.
Seyfəddin Qəniyev
professor
Xalq Cəbhəsi.- 2015.-
21 avqust.- S.14.