Qaranlıqdan görünən işıq

 

Tale mənə bir neçə dəfə Əbülfəz Elçibəyin portretini yaratmaq üçün qələm çalmaq şansı verib. bu şansların heç birindən yararlanmamışam. Hətta ölümündən bir neçə gün sonra haqqında çəkiləcək filmin ssenarisini yazmağa da qol qoymadım. Bəlkə yanlış qərar olub, bəlkə yox. Hər halda səbəbini indi tam təfərrüatı ilə izah edə bilmirəm. Ancaq özüm üçün aydınlaşdırdığım bir neçə məqam var təbii ki, açıqlamaq fikrində deyiləm.

Ölümündən 15 il keçir. Görünür bu müddət Elçibəy ucalığını onun yoxluğunda tam mükəmməliyi ilə dərk etmək üçün yetərli deyil.

Çünki hələ onun kölgəsində gizlənib siyasi səhnədə öz varlıqları qoruyub saxlamağa çalışanların, sağlığında özünə, ölümündən sonra isə ruhuna qarşı mübarizə aparanların sırası seyrəlməyib. Bu gün, Əbülfəz bəyin haqq dünyasında olduğu bir zamanda belə onun dolğun portretinin cizgilərindən öz yarımçıq obrazlarına yamaq vurmaq istəyənlərin sayı yetərincədir. Lakin tarix amansız olduğu qədər ədalətlidir. Hər kəsi öz yerində öz məqamında dəyərləndirir.

Mən onu yaxından tanımamışam. siyasi müttəfiqi olmuşam, rəqibiBu gün, onun ətrafında müxtəlif məqsədli insanların yaratdığı şayiələr dumanı çəkildiyi bir zamanda Elçibəyin obrazını daha aydın görürəm. Necə deyərlər, boyasız, mübaliğəsiz, mifik bayağı çalarlar qatılmadan.

Kimdir Əbülfəz Elçibəy? Zənnimcə, hətta onun ardıcılı olan insanların bir çoxu hələ bu suala cavab tapa bilməyib. Kim bilir, bəlkə heç bu sualın cavabını tapmaq ağıllarına da gəlməyib. Onlar üçün sadəcə, ən çətin anlarda məsuliyyəti öz üzərinə götürüb üzərinə atılan çamur yağmuruna bulaşmadan irəliləyən bir Əbülfəz Elçibəy olub. Arxasınca gediblər, kölgəsində böyüyüblər, fikirlərini, mülahizələrini dinləyiblər yenə böyüyüblərGünlərin bir günündə isə çox böyüdüklərini zənn edərək, ona arxa çevirib, dönük çıxıblar.

Maraqlıdır, Əbülfəz Elçibəyin məktəbində yetişib onu qəbul etməyən, ondan daha praqmatik, daha ağıllı olduqlarını düşünən insanların heç biri Əbülfəz Elçibəyin yetişdiyi nəinki mənəvi, hətta siyasi uğurların ətəyinə belə ayaq basman şərəfinə nail olmayıb. Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri adını əbədilik olaraq özününküləşdirib. Bundan sonra kimin neçə əsər yazmasından, müxtəlif kütləvi informasiya vasitələrində öz xidmətlərini şişirtməsindən, Elçibəyin haqq dünyasında olan ruhuna kölgə salmaq cəhdlərindən asılı olmayaraq, bu vəziyyət dəyişməyəcək. Elçibəy Azərbaycan Respublikasının ümumxalq səsverməsi yoluyla seçilən ilk prezidenti oldu.

Onun dönük varislərinin heç biri bunu hətta yuxusunda da görməyəcək. Elçibəy dövlətçiliyin qorunması naminə Azərbaycanın ən ucqar kəndinə çəkilərək “mən Azərbaycanın prezidentiyəm” – dediyüz minlərlə insanı öz həqiqətinə inandırmağı bacardı. Onun “varisləri” yaratdığı nəhəng milliyyətçilər və yurdsevərlər ordusunu pərən-pərən saldılar, hətta yüzcə nəfər qafa sahibini belə öz praqmatik həqiqətlərinə inandıra bilmədilər. Elçibəy beş illik sürgün həyatından sonra yenidən siyasi səhnənin ön cərgəsinə keçdionun burda olmadığı müddətdə sahib olduqları milyonların hesabına “meydan sulayanbütün opponentlərini üstələdi. Sadəcə, yalın əllə…

Siyasi ritorikanı özlərinin yüksək bacarıqları kimi qələmə verən bir çoxlarına rabitəsiz görünən nitqilə yenidən yüz minlərin sevgisini qazandı. Onun haqqında hətta ən qatı düşmənləri də uydurduqları uğursuz siyasi epitetlərdən başqa heç bir sərt fikir söyləyə bilmədilər.

…Əbülfəz Elçibəy bir ovuc nur parçasıydı – onu yalnız qaranlıqda çıraqla işıq axtaran mürşidlər görə bilərdi. Əbülfəz Elçibəy Vətəninə, torpağına, Millətinə, Türk Dünyasına və bütün bəşəriyyətə sevgi gözüylə baxan mükəmməl bir insan idi.

Əbülfəz Elçibəy ilk baxışda ziddiyyətli görünən ən barışmaz məqamları belə öz xarakterində, təfəkküründə bir araya gətirməyi bacaran bütöv bir şəxsiyyət idi.

Əbülfəz Elçibəy sadəcə, İNSAN idi!

Ruhu şad olsun...

 

Mirzəbəyli Elçin

Xalq Cəbhəsi.- 2015.- 22 avqust.- S.9.