QHT-lərə ayrılan qrantlarla
bağlı hüquqi tənzimləmə
Müzəffər
Baxışov: “Qrant kimi alınan pul və hər hansı digər
maddi yardımla bağlı vergitutma məsələləri
Vergi Məcəlləsi ilə tənzimlənir”
Qeyri-Hökumət Təşkilatlarının (QHT) vətəndaş
cəmiyyətinin inkişafında rolu danılmazdır. QHT-lər
olmasa vətəndaş cəmiyyətini qurmaq çətin
olar. Son illər Azərbaycanda 3-cü
sektor inkişaf yolundadır. Ölkədə QHT-lərə
Dövlət Dəstəyi Şurasının yaranması vətəndaş
cəmiyyəti institutlarının xarici ölkələrin
qrant verən təşkilatlarının qapısından
yaxşı mənada “gözünü yığıb”. Artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət
göstərən QHT-lər milli donordan qrant alaraq layihə həyata
keçirirlər. Son vaxtlar ölkədə
QHT-lərin aldıqları qrantlarla bağlı onlardan
hesabatların tələb edilməsi heç də 3-cü
sektor təmsilçiləri tərəfindən birmənalı
qarşılanmadı. Aldıqları
qrantın şəffaf şəkildə hesabatını təqdim
edənlərlə yanaşı, məsələni siyasiləşdirməyə
çalışanlar da oldu.
Əvvəlcə qrantın nə olduğuna nəzər
yetirək.
Qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə
və təbii fəlakət nəticəsində ziyan çəkmiş
ərazilərdə dağılmış istehsal, sosial təyinatlı
obyektlərin və infrastrukturun bərpası üzrə
işləri, təhsil, səhiyyə, mədəniyyət,
hüquqi məsləhət, informasiya, nəşriyyat və
idman sahələrində proqramları, elm, tədqiqat və
layihələşdirmə proqramlarını, dövlət və
cəmiyyət üçün əhəmiyyət kəsb edən
digər proqramları hazırlamaq və həyata keçirmək
üçün qanunla nəzərdə tutulmuş qaydada
göstərilən yardımdır. Qrant
yalnız konkret məqsəd (məqsədlər)
üçün verilir.
Qrant maliyyə vəsaiti şəklində və (və
ya) başqa maddi formada verilir. Qrant təmənnasız
verilir, onun əvəzi hər hansı bir şəkildə
geri istənilə bilməz. Birbaşa mənfəət
əldə etmək üçün istifadə edilən maddi
yardım qrant sayılmır. Qrant predmeti olan layihə
başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında
hər hansı maliyyə vəsaiti və (və ya) başqa
maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara)
əsasən başqa hal nəzərdə
tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə
görə qrant predmeti ola bilən layihə
və proqramların həyata keçirilməsinə sərf
edilməlidir.
Qrant verilməsi və ya alınması Azərbaycan
Respublikasının “Qrant haqqında” qanunu əsasında həyata
keçirilir.
Qrantlar Beynəlxalq Donor Təşkilatları və
ya yerli Donor Təşkilatları tərəfindən layihələr,
keçirdikləri müsabiqə şərtlərinə
uyğun olduğu halda verilir. Bəs
görəsən qrant alanlarla qrant verənlərin münasibətləri
hüquqi müstəvidə necə tənzimlənir?
Hüquqşunas Müzəffər Baxışovun
sözlərinə görə, bu “Qrant haqqında” qanun və
“Qrant alınması (verilməsinə) dair müqavilələrin
(qərarların) qeydiyyata alınması qaydaları” ilə tənzimlənir. Onun sözlərinə
görə, bu qanun Azərbaycan Respublikasında qrantların
verilməsi, alınması və istifadəsi ilə
bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir:
“Qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə
və təbii fəlakət nəticəsində ziyan çəkmiş
ərazilərdə dağılmış istehsal, sosial təyinatlı
obyektlərin və infrastrukturun bərpası üzrə
işləri, təhsil, səhiyyə, mədəniyyət,
hüquqi məsləhət, informasiya, nəşriyyat və
idman sahələrində proqramları, elm, tədqiqat və
layihələşdirmə proqramlarını, dövlət və
cəmiyyət üçün əhəmiyyət kəsb edən
digər proqramları hazırlamaq və həyata keçirmək
üçün6 bu qanunla nəzərdə tutulmuş qaydada
göstərilən yardımdır. Qrant
yalnız konkret məqsəd üçün verilir.
“Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” ölkə qanunlarında nəzərdə tutulan
ianələr və dövlət hakimiyyəti
orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi
olmadan ölkə ərazisində fəaliyyət göstərən
dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri maliyyə vəsaiti
şəklində və başqa maddi formada yardım qəbul
edə bilməz. Qrant maliyyə vəsaiti şəklində
və başqa maddi formada verilir. Qrant təmənnasız
verilir, onun əvəzi hər hansı bir şəkildə
geri istənilə bilməz. Birbaşa mənfəət
əldə etmək üçün istifadə edilən maddi
yardım qrant sayılmır. Bilavasitə
siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri,
qanunların və digər qanunvericilik aktlarının qəbul
etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi
reklam, hər hansı siyasi təşkilatın və ya siyasi
xadimin seçki kampaniyasının maliyyələşdirilməsi
üçün istifadə edilən maddi yardım qrant
sayılmır”.
Hüquqşünas
deyir ki, qrant alanla münasibətlərində qrant verən
donor sayılır: “Bu qanunda göstərilib ki,
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş Azərbaycan Respublikasının
dövlət büdcəsindən maliyyələşdirilən
qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycanın
hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər.
Azərbaycan dövləti adından müvafiq
icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının və
xarici ölkələrin hüquqi və fiziki şəxslərinə
qrant verə bilər. Azərbaycan dövləti
adından qrantlar Azərbaycan Respublikasının dövlət
büdcəsi hesabına verilir. Belə
qrantların verilməsi üçün dövlət büdcəsinin
xərcləri tərkibində ayrıca sətirlə
xüsusi vəsait nəzərdə tutula bilər. Lakin bu halda həmin vəsaitin
formalaşdırılması üçün hər hansı
əlavə vergilər tətbiq oluna və ya mövcud vergi dərəcələri
yüksəldilə bilməz. Dövlət
büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı
üzrə istifadə edilməsinə nəzarəti donor həyata
keçirir”.
M.
Baxışov deyir ki, qanun ölkənin istənilən
hüquqi şəxsi, habelə fiziki şəxsinə xarici
ölkələrin hüquqi və fiziki şəxslərinə
qrant verməsinə imkan verir: “Qanunda öz əksini tapıb
ki, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri,
xarici hökumətlər və onların nümayəndəlikləri,
xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai
yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit
institutları, təhsil, elm, səhiyyə, incəsənət
və idmanın inkişafı sahələrində fəaliyyət
göstərən xarici ictimai təşkilatlar, o cümlədən
fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin
xarici hüquqi şəxslərin Azərbaycanda dövlət
qeydiyyatına alınmış filial və nümayəndəlikləri
Azərbaycan ərazisində qrant vermək hüququnu əldə
etdikdən sonra donor qismində çıxış edə
bilərlər. Qrant vermək hüququnun əldə
edilməsi üçün müvafiq icra hakimiyyəti
orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə
dair rəyi tələb olunur. Bu maddənin
5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən
qrant vermək hüququnun əldə edilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Qrant verməkdə,
qrant alanı və gerçəkləşdirilməsi
üçün qrant verdikləri layihə və
proqramları seçməkdə donorlar tam sərbəstdirlər.
Azərbaycan dövləti adından Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə
qrantlar müsabiqə əsasında verilir”.
M.
Baxışov deyir ki, donorla resipiyent arasında yazılı
müqavilə və ya qrant verilməsi haqqında donorun
yazılı qərarı qrant verilməsi, alınması və
istifadəsi üçün qanuni əsasdır. Müqavilədə
qrantın məqsədi, məbləği, predmeti və əgər
donor tərəfindən resipiyent qarşısında
hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər
göstərilir: “Qrant yalnız müqavilədə və ya qərarda
göstərilən məqsədlərin həyata
keçirilməsi üçün istifadə oluna bilər. Qrantın başqa məqsədlər üzrə
istifadə olunması, əgər bu, qrant haqqında
müqavilədə nəzərdə
tutulmamışdırsa, ancaq donorun əlavə yazılı
razılığı ilə mümkündür. Qrant predmeti olan layihə həyata keçirilən
dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə
edilən dəyərlərin satılıb pula çevrilməsi
yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar
nəzərdə tutulduqda, əks təqdirdə isə donorun
əlavə yazılı razılığı ilə
mümkündür. Bu halda resipiyentin sərəncamına
daxil olan maliyyə vəsaiti qrant predmeti ola
bilən layihə və proqramların həyata keçirilməsinə
sərf edilməlidir. Azərbaycan
Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə
Azərbaycan Respublikasının hüquqi şəxsinin filial
və ya nümayəndəliyi olan donorlar tərəfindən
xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr
qeydə alınması üçün donorlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan resipiyentlərinin aldıqları qrantlar
haqqında müqavilələr qeydə alınması
üçün resipiyentlər tərəfindən müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət
büdcəsi hesabına verilmiş qrant barədə
müvafiq məlumat qrant müqaviləsini qeydə alan orqana donor tərəfindən təqdim
olunur”.
Hüquqşünasın
sözlərinə görə, qanunla qeydə alınmayan
qrant verilməsi və ya alınması haqqında müqavilələr
üzrə bank əməliyyatları və hər hansı
digər əməliyyatlar aparıla bilməz: “Müvafiq icra
hakimiyyəti orqanı Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxsləri tərəfindən
verilmiş və Azərbaycan Respublikasının resipiyentləri
tərəfindən alınmış qrantlar haqqında ildə
bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində
ümumiləşdirilmiş məlumat verməlidir. Qrant hesabına hazırlanan çap, audio,
audio-vizual, kino və başqa materiallarda, keçirilən
konfrans, seminar və digər ictimai tədbirlərdə
bunların maliyyələşdirmə mənbəyi
haqqında məlumat verilməlidir”.
M.
Baxışovun sözlərinə görə, qanunun 5-ci maddəsində
qrantda icbari ödənişlər öz əksini tapıb:
“Bu qanuna müvafiq olaraq qrant kimi alınan pul və hər
hansı digər maddi yardımla bağlı vergitutma məsələləri
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
tənzimlənir”.
Cavid
Xalq Cəbhəsi.-
2015.- 25 avqust.- S.13.