Əxlaqi-mənəvi mədəniyyət,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
“Əxlaqi-mənəvi mədəniyyət xalqın həyat
tərzindən, insanların birgə yaşayışından
doğan ümummilli və ayrılıqda hər bir fərdin
baxışlar sistemidir. Azərbaycan tədqiqatçısı
M.Yusifov çox doğru olaraq əxlaqi-mənəvi məzəmmət
sistemi və bu sistemi təşkil edən komponentlərin
xalqın sosial-mədəni, dini və mənəvi həyatı
və həyat tərzində yarandığını və
onun azərbaycançılıq ideyası ilə
qarşılıqlı əlaqədə olduğunu göstərib”.
Bu fikirləri fəlsəfə üzrə fəlsəfə
doktoru Vahid Ömərov deyib. Onun sözlərinə
görə, Azərbaycan xalqına məxsus milli-mənəvi
keyfiyyətlər onun sosial həyatında, milli məişətində,
mədəniyyətində, inam və əxlaqi məziyyətlərində
etiketləşərək, ta qədim dövrlərdən
indiyə kimi yaşaya-yaşaya gəlib
çıxmışdır: “Azərbaycan cəmiyyətində
xalqın özünə məxsus olan və milli-mənəvi
keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik
və ədalətlilik, böyüyə hörmət və
kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik
və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən
və el, doğma torpaq və yurd təəssübkeşliyi,
birlik və vəhdət haqqında etiketlər
yaranmışdır".
Azərbaycan xalqının yaratdığı əxlaqi
dəyərlər tarixən dəyişmiş, onun etnik
varlığının, tarixi mövcudluğunun ilkin
dövründə mənəvi həyatı inkişaf etdirən
xalqın aparıcı nümayəndələri maddi və
milli-mənəvi dəyərlər yaratmışlar. L.N.Qumilyov yazır ki, milli-mənəvi,
əxlaqi sahədə bu qazanılanlar "imperativə"
çevrilir və zamanca "passizm" adlanan duyğu
formasını qazanır. Bunun mahiyyəti ondan
ibarətdir ki, etnik birliyin hər bir fəal qurucusu
özünü əcdadlarının tutduğu xəttin
davamçısı və ona nə isə əlavə edəcək
şəxs kimi hiss edir. Yeni nə isə
edilən bir şey onu ifadə edir ki, keçmiş itməmiş
və o, insanın özündədir və odur ki, ona nə
isə əlavə etməyə dəyər. Bununla da keçmiş itmədən indidə
toplanır və gələcəyə doğru hərəkət
edərək yaşayır.
İnsanların vətəndaş cəmiyyətinə,
hüquqi dövlətə və bir-birinə olan münasibətlərini
tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi
mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə
əxlaqi-mənəvi mədəniyyətin
formalaşması, mənəvi tərbiyə
funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin
dağılması demokratik-hüquqi dövlət və vətəndaş
cəmiyyətinin yaranması zamanı bu vəzifəni
rasional əxlaq yerinə yetirir.
Əxlaq nəzəriyyəçiləri əxlaq və
digər mənəvi prinsiplər arasındakı fərqin
spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq
ediblər. Rusiya filosofu K.Drobnitskinin fikrincə, mənəvi
prinsiplərə insanların mövcud şəraitdə tənqidi
münasibətin qabiliyyətinin mənəvi-tarixi
inkişafı prosesində ənənələr və adətlər,
siyasi-iqtisadi vəzifələr yerinə yetirsə də, hər
bir cəmiyyətdə fərdi mənəvi dəyərlər
də mövcud olub. Hər bir adət-ənənə
fərdi-mənəvi keyfiyyət tipi kimi - şərəf, ləyaqət,
xeyirxahlıq kimi qiymətləndirilir.
Y.Tukkelin
qeyd etdiyi kimi, mənəvi adətlər siyasi-iqtisadi həyatın
bilavasitə əlavəsinə çevrilərək, əxlaqi
sərvətləri real məzmun olmadan yalnız formaca
özündə saxlayır: "Axı, şərəflilik,
xeyirxahlıq siyasi əmrlərin gözlətməsidir. Ümumiyyətlə, mənəvi prinsiplər insan
həyatının mənası haqqındakı düzgün
təsəvvürlərini formalaşdırır".
S.Xəlilov düzgün olaraq göstərir ki, "mənəviyyat"
və "mədəniyyət" anlayışlarını
qarşılaşdırmış olsaq, görərik ki, mədəniyyət
sferasına aid olan, yəni insanın əməli fəaliyyəti
ilə bağlı olan bir çox hadisələr mənəvi-əxlaqi
məzmun daşıyır. Elmin, ədəbiyyatın,
incəsənətin, dinin və hətta siyasi-hüquqi fəaliyyətin
əxlaqi-mənəvi aspektləri vardır. Mənəvi mədəniyyət məhz bu iki
böyük həcmli anlayışın kəsişmə sahəsini
əhatə edir.
Digər Azərbaycan tədqiqatçısı Emin
Mustafayev əxlaqi-mənəvi mədəniyyəti fikir hesab
edir və islamda əxlaqi-mənəvi mədəniyyət
probleminə toxunaraq yazır ki, isanların buna mənəvi
ehtiyacı vardır. Bunlar əzəldən insan təbiətinə
qoyulmuşdur. Lakin onlar bir növ mənəvi
instinktlər, hələ açılmamış,
aydınlaşmamış mənəvi anlayışlar hesab
olunur. Zaman keçdikcə belə mənəvi
anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi,
individual seçiminə uyğun olaraq tam formalaşır.
Formalaşmış mənəviyyat insanın
daxili mənəvi nizamlayıcısının
Allah-Taalanın təyin etdiyi mənəviyyat qanunları ilə
uyğunluğuna səbəb olur. Lakin əgər
insanın daxili aləmi öz fitri mənəvi
ehtiyaclarına rəğmən, gerçəkləşdiyi
zaman ilahi mənəviyyat qanunları ilə ziddiyyət təşkil
edərsə, onda belə bir insanın qəlbində mənəviyyatsızlıq
hökm sürəcəkdir. Mənəviyyatsızlıqdan
doğan əməl və hərəkətlər isə
günah adlanır. Günahın təhlükəsi
qeyri-ixtiyari olaraq insanın daxili, ruhani aləmini və bununla
da, onun şəxsiyyətini bütünlüklə
özünə tabe edir. Mənəviyyatsızlığın
toxumları hesab olunan günahlar öz müəllifləri tərəfindən
tam şüurlu şəkildə həyata keçirilir.
İslam aydın və qəti olaraq bəyan edir ki,
insanın yaradılışından məqsəd İlahi mənəviyyat
qanunlarına salmaqla, Allaha yetişərək əbədi səadətə
- dünya və axirət səadətinə
qovuşmaqdır. Bu din bizə insanın dünya həyatının
sınaq, fədakarlıq dövrü, gələcək əbədi
həyata hazırlıq dönəmi olduğunu öyrədir.
Deməli, bu dünyadakı həyatımızın
əsas məqsədi qarşıdakı əbədiliyə
lazımi şəkildə hazırlaşmaqdan ibarətdir.
Dünya həyatı qısa və təkraredilməzdir,
çünki insan yer üzündə yalnız bir dəfə
yaşayır. Ona görə də, öz
həyatımızı məhv etmək istəmiriksə, bu
dünyada yaxşılıqlar etməli, saleh əməl
sahibi olmalıyıq, çünki məhz bu əməl və
xeyirxahlıqdan Allah-Taala əbədilik qapısında bizdən
tələb edəcək.
Hər bir müsəlman Allahın köməkliyi ilə
həyatını saleh əməllərə yönəltməsi
baxımından öz dünya həyatının müəllifidir. Lakin xeyirxah
bir insan olmaq üçün o, nöqsan və
qüsurları ilə mübarizə apararaq, öz üzərində
işləməli və özündə xeyirxah və
İlahi keyfiyyətləri inkişaf etdirməlidir. Bu mübarizə və cəhdlər, dünya həyatının
bu fədakarlığı hər bir müsəlman
üçün zəruridir. Uca Tanrı buyurur: "Hər
kəs öz əməlinin girovudur! (Hərə
öz əməlinin əvəzini alacaqdır)". (74;38). Hər bir insanın həyatındakı
bu fədakarlığı nəticəsində onun mənəvi
siması hasil olur. O, bütün dünya həyatı
boyu özünü islah etməyə, öz daxili aləmini
saflaşdırmağa və mənəvi kamilliyə
yetişməyə cəhd etməlidir. İslam
nöqteyi-nəzərindən həyat cəhd, mübarizə,
fədakarlıqdır, daima xeyirxahlıq və kamilliyə can
atmaq yoludur. Bu yolda dayanmaq isə
mümkün deyil. Öz üzərində işləməyi
dayandıran insan olduğu kimi qalmayacaq, mütləq daha pis olacaq
- yuxarı atılan və yüksəlməyi dayandıran
daş kimi havada asılı qalmayacaq, mütləq
aşağı düşəcək... İslam
əbədi səadətə qovuşmağın aydın
yolunu göstərir. O səadətə ki, həm
dünya, həm də axirət həyatımızı əhatə
edir. Dünya həyatının səadəti
Allahın bəxş etdiyi qəlb rahatlığı, ruhun
şad olmasıdır, bunu isə yalnız mənəviyyat
qanunları ilə yaşamaqla əldə etmək olar.
Günahlar isə bizi mənəviyyat qanunlarına uyğun
olaraq yaşamaq imkanından və deməli, qəlb
rahatlığından məhrum edir, bunu da başqa heç nə
ilə əvəz etmək mümkün deyil! Beləliklə,
günahlar bizim xoşbəxtliyimizin düşmənləridir.
Hər bir günah, istisnasız olaraq, səadətin əsas
düşməni və maneəsi olduğu üçün,
aydın məsələdir ki, səadətə can atan insan hər
cür günahdan qaçmaq və Tanrıdan bütün
günahlarla mübarizə etmək üçün mərhəmət
və kömək diləməlidir...
Milli-mənəvi dəyərlər insan həyatına
daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına
qovuşdurur.
Milli-mənəvi dəyərləri xalq, cəmiyyət
yaradır, şəxsiyyət isə onu mənimsəyərək
formalaşır. Milli-mənəvi dəyərləri
mənimsəyən insan onu özününküləşdirir.
Əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə
daxil olan ənənələri, mentaliteti
sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə
qloballaşma millətin özünüqoruma instiktlərini zəiflədə
bilər. Ona
görə də S.Xəlilov çox düzgün olaraq
qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi
təhlükədən uzaqlaşdırmaq üçün
milli-fəlsəfi fikrə istinad etməyi, milli ideologiya və
milli-sosial özünüqoruma şüuru
formalaşdırmağı tövsiyə edir,
çıxış yolunu milli-mənəvi dəyərləri
əxz edərək real proseslərə formal əlavə etməkdə
deyil, milli və ümumbəşəri dəyərlərin
müasirliyin məzmunu müstəvisində vəhdətinə
nail olmaqda görür. Bu mövqeyi Y.Rüstəmov da
müdafiə edərək yazır: "Azərbaycanın
Avropaya inteqrasiya olunması, onun müasir Qərb
sivilizasiyasının dəyərlərini qəbul etməsi
heç də Azərbaycanın öz milli və dini
varlığından imtina etməsi deyil".
Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı
şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin,
hər hansı sosial qrupun qazandığı mənəvi
inkişaf ölçüsüdür. Bu
ölçü mənimsənilmiş və insan fəaliyyətində
realizə olunan mənəvi sərvətlərlə xarakterizə
olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət
də mənəvi şüuru, əxlaqi münasibətləri
və mənəvi fəaliyyəti əhatə edir. Əxlaqi-mənəvi mədəniyyət
bütün mənəvi təsəvvürlər və
normalar sistemini deyil, cəmiyyətin insanlar tərəfindən
mənimsədiyi mənəvi təcrübənin bir hissəsini,
əxlaqi-etik biliklərin yalnız praktik olaraq həyata
keçirilən həcmini əhatə edir. Əxlaqi-mənəvi
mədəniyyətin bütöv bir sistem kimi struktur elementləri
bunlardır:
1. Etik təfəkkür
mədəniyyəti (etik bilikdən istifadə etmək bu və
ya digər həyat tərzi xüsusiyyətlərinə mənəvi
normaları tətbiq etmək bacarığı və s.).
2. Hiss mədəniyyəti.
3.
Davranış mədəniyyəti dərk edilmiş mənəviyyat
prinsip və normalarına uyğun olaraq davranmaq, hərəkət
etmək bacarığı.
4.
Davranış formasını və manerasını reqlamentləndirən
etiket. Əxlaqi-mənəvi mədəniyyət
subyekti, ictimai praktikanın (xalqın, sinfin, sosial qrupun,
kollektivin, şəxsiyyətin) mənəvi sərvətlər
sisteminin tarixi konkretfəaliyyətini əks etdirir.
Cəmiyyətin əxlaqi-mənəvi mədəniyyəti
məzmun baxımından təsbit olunmuş mənəvi sərvətlər
və oriyentasiyalar sistemini şəxsiyyətin mənəvi mədəniyyətinə
nisbətən daha dolğun və geniş əhatə edir. Şəxsiyyətin
mənəvi mədəniyyətində bu sistemin komponentləri
özünü təkrarolunmaz fərdi spesifika ilə göstərir.
Şəxsiyyət cəmiyyətin mənəvi
mədəniyyətinin nailiyyətlərini öz
şüurunda və davranışında bu və ya digər
dərəcədə və fərdi yeniliklərilə cəmləyir.
Bu isə ona tez-tez təkrarlanan hallarda mənəvi
cəhətdən düzgün hərəkət etmək
imkanı yaradır, onun mənəvi şüurunun
yaradıcı elementlərini fəallaşdırır,
qeyri-standart vəziyyətlərdə düzgün mənəvi
qərar verməsinə imkan yaradır.
Əxlaqi-mənəvi mədəniyyətin bu iki səviyyəsi
qarşılıqlı şəkildə əlaqədardır. Cəmiyyətin
mənəvi inkişaf səviyyəsi bir çox hallarda
şəxsiyyətin mənəvi mədəniyyətinin
kamilliyi ilə müəyyən edilir. Digər
tərəfdən vətəndaş cəmiyyətinin mənəvi
mədəniyyət nə qədər zəngin olsa, fərdin
mənəvi mədəniyyətinin kamilləşməsi
üçün bir qədər çox imkan yaranır.
Qloballaşmanı mədəniyyət və əxlaq
nöqteyi-nəzərindən Qərbləşmə kimi qəbul
edənlər də var. Azərbaycanda qloballaşma əleyhinə
çıxanlara daha çox təsadüf olunur. İ.Məmmədzadə bunu Azərbaycanda
şüurlarda ənənəvi şüur ehkamlarının
hakim olması ilə izah edir.
Yad və yeni dəyərlərə şübhə ilə
yanaşılır. Qloballaşma siyasi şüurda zəruri
hesab edilsə də, siyasi şüur və
"ziyalı" şüuru arasında ziddiyyət baş
verir. Siyasi şüur qloballaşmanı, demokratikləşməni,
bazar iqtisadiyyatını islahatlar və modernləşmənin
mənası kimi qəbul etdiyi halda cəmiyyətin
"ziyalılaşmış" şüuru ona şübhə
ilə Azərbaycan mədəniyyətinin və milli-mənəvi
dəyərlərinin özünəməxsusluğuna təhlükə
kimi yanaşır. İ.Məmmədzadə
maraqlı bir məsələyə toxunur. O, ənənəvi
mədəniyyətin, o cümlədən, əxlaqi-mənəvi
mədəniyyətə qədər yalnız öz
inkişafı sayəsində, heç bir təsir olmadan gəlib
çıxdığına şübhə ilə
yanaşır. Hər bir milli-mədəniyyət,
milli-mənəvi dəyər həm də qlobal mədəniyyətin,
ümumbəşəri dəyərlərin bir hissəsi kimi
çıxış edir.
Mərhum
prezident Heydər Əliyev mənəvi tərbiyədə,
yüksək mənəviyyat tərbiyəsində ümumbəşəri
dəyərlərlə yanaşı, Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin mənimsənilməsinə
birinci dərəcəli yer verirdi: "Gənclərimiz milli
ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Gənclərimiz
bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi
yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir,
milli dəyərlərimizi yaxşı bilməlidir.
Millidəyərlərimizi, milli ənənələrimizi
yaxşı bilməyən, tariximizi yaxşı bilməyən
gənc, vətənpərvər ola bilməz.
Hər bir gənc vətənpərvər
olmalıdır. Vətənpərvərlik
böyük bir məfhumdur. Vətənə sadiq olmaq, vətəni
sevmək torpağa bağlı olmaq: budur vətənpərvərlik" . Heydər Əliyev milli-mənəvi
dəyərlər və vətənpərvərlik hissinin
qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət
verirdi.
Əli
Xalq Cəbhəsi.-
2015.- 29 avqust.- S.7.