Məni yora bilməz Güney düzləri
Güney Azərbaycan şairləri öz əsərlərində
xalq adət-ənənələrinə söykənib,
onlardan faydalanıb, qaynaq götürüb, bununla da öz əsərlərini
zəngin naxışlarla bəzəyiblər. Xalqın
ağrı-acısını dünyaya peşəkar jurnalist,
eyni zamanda qüdrətli şair kimi bəyan edən Həmid
Nitqi daim aktual problemləri əsərlərində
böyük məharətlə çözməsinə
baxmayaraq xalq adət-ənənələrindən kənarda
qalmayıb, xalqın mədəniyyət tarixinin
daşıyıcı olan bayramlar haqqında bir sıra əsərlər
meydana gətirib:
Qırlara
İlkbaharın dəvətinə getmişdik.
Mahnıların,
sazların,
Sözlərin,
söhbətlərin
Gah enən, gah yüksələn ahənginə
uymuşduq.
Girərkən
qüssələri qapıda buraxmışdıq
Xatirə
sandığından
Anıların
Ən
parlaq incisin toplayaraq,
Sözləri
süsləyirdik,
Keçmişlərin
düyünlü boğçası açılırdı,
Nağıllaşmış günlərin hekayətin
deyirdik.
Yaşlılar
sözə gəlib,
Sisli xatirələri
Bir-bir paylaşırdılar.
Gənclər
qıvraq-
Ən
şaqraq
Mahnılara
uyaraq,
Ayaq vurub
oynayır,
Qəhqəhəylə
dörd yana nəşə
yağdırırdılar,
Səslər
qaynaşırdılar,
Hisslər oynaşırdılar.
Sevinclə deyə-gülə.
Gün
keçdi, zaman ötdü,
Şənliklər
sürdü getdi...
Axşama
doğru birdən
Baharın
Gurultulu sərxoş
buludları da,
Tövşütərək
şənliyə
Ən son gəlib çatdılar.
İldrımlar
çaxdılar,
Şıdırğı
bir yağışda
Qiyamət qopardılar.
İnsanlar
düşə-qalxa,
Yağmur,
çamur içində
Evlərinə
qayıdıb
Döndüklərində
belə,
Bayram davam edirdi.
Dodaqlarda
mahnılar,
Ürəklərdə
İlkbahar.
Əksər
şeirləri kimi bu əsəri də sərbəst vəzndə
yazmış şair xalqın canında, qanında olan bayram
sevincini yaşamağı üçün nə
şıdırğı yağışdan, nə
ildrımdan qorxmadığını, hətta çamura
bata-bata belə böyük nəşə içində
bayramını keçirdiyini göstərməklə
yanaşı bütün şeirlərində olduğu kimi bu
şeirində də “İldrım”,
“Şıdırğı yağmur” deyəndə xalqın
min illərlə tarixi olan bayramını keçirməsinə
mane olmaq istəyən qəddar və şovinist
şah-üsul idarəsinin zülmünü, xalqa verdiyi əziyyəti,
işgəncəni sətiraltı mənalarla, bədii
piryomlarla böyük bir peşakarlıqla qələmə
alır.
Həmid Nitqinin əsərləri fəlsəfi məna
daşıyır, bir çox problemləri bədii boyalarla
göstərir. Onun şeirləri bəşəri motivlərlə əhatə
olunub, ancaq şairin bütün
yaradıcılığında xalqın ruhu, xalqın mədəniyyəti,
tarixi, milli dəyərlərə intəhasız hüsn-rəğbəti,
yurd sevgisi, eyni zamanda xalqın adət-ənənəsi
aydın bir şəkildə özünü göstərir:
Artıq nə deyim?
Ölkəmdəyəm,
Öz
yurdumda,
Anamın
dizində,
Dədəmin
ocağında,
Elimin
qucağında,
Babaların izində.
Xatirəsiz
qürbətlərdən evimə gəldim,
Əyləndim yurdumun dağlarında.
Salxım-salxım
günəş içdim,
Qızıl-qızıl üzümlü
bağlarında.
Hər
söz bir dəftər oldu,
Dəftərlər sözlə doldu.
Qayalardan əks
edən
Koroğlunun
gur səsi
Səs verdi sözlərimə.
Ərənlərin
nəfəsi
Gəlişimi uğurladı.
İndi
itirdiyim əlimlə
Nəğmələrimi yazıram artıq ana dilində.
Göründüyü kimi bu şeirdə “lirik mən”
şairin özüdür. Şair uzun
ayrılıqdan sonra qürbətdən vətənə, evinə
dönür. İlk baxışdan bu adi
bir hadisə kimi görünə bilər. Lakin bu şeirin misralarına şairin vətən,
yurd, doğma dil, xalq sevgisinin bütün hərarəti hopub.
Həmid Nitqi vətən, xalq sevgisini, doğma
yurda intəhasız dərəcədə bağlılıq
motivlərini orijinal formada, dinamik süjet daxi¬lində, ritmik
ahəngdə elə ustalıqla əks etdirir ki, sanki
şairin poetik portretini, danışıq tərzini gözlərimizlə
görürük.
Həmid Nitqinin şeirləri müasir zövq,
müasir tələblər, duyğu baxımından
üstünlük təşkil edir. Başqa sözlə
desək, onun lirik qəhrəmanı dövrünün, mənsub
olduğu cəmiyyətin, münasibətdə olduğu
adamların əməl və arzularına, işinə, fəaliyyətinə
laqeyd qalmır, əksinə, ona şərik olur, ümumi,
ictimai mənafe uğrunda əlindən gələni əsirgəmir.
Hər yerdə əmin-amanlığın, haqq-ədalətin,
düzgünlüyün, sülhün və həmrəyliyin
bərpasını istəyir. Xüsusilə
söhbət eldən, obadan, yurddan, vətəndən,
doğma xalq¬dan, doğma dildən gedəndə bu qəhrəman
canlı obraza çevrilir. Belə hallarda
biz Həmid Nitqinin poeziyasında ictimai-fəlsəfi motivlərin
olduqca məharətlə verildiyini görürük.
Həmid Nitqi gözəl poema ustasıdır. Poemaları
bir-birinə qətiyyən bənzəməyən, olduqca
müxtəlif tarixlərdən, hadisələrdən,
insanlardan bəhs edir.
Həmid Nitqi məhəlli bir şair deyil, onun əsərləri
bəşəri mövzularla, bəşəri ideyalarla olduqca
zəngindir. Onun yaradıcılığını izləyərkən
yaxşısı, pisi ilə, gözəlliyi, çirkinliyi
ilə, təmizliyi və natəmizliyi, mərdliyi və namərdliyi
ilə bütün dünya, bütün bəşəriyyət
göz önündə canlanır. Şair
öz oxucusunu canlı mənzərələrlə bir
çox ölkələrə ekskursiyaya aparır. Həssas
sənətkar haqqı tapdanmış, huququ əlindən
alınmış, zülmə məruz qalmış xalqlara,
millətlərə, insanlara acıyır, ancaq öz
acısını deyil, bu ağalar və kölələr
dünyasında, əsarət zəncirini boğazlarından
qoparmaq istəyən insanların hiddətini ön plana
çəkir, eyni zamanda onların yalnız fiziki
varlıqlarının kölə olduğunu, mənəviyyatlarının
isə kimsəyə boyun əymədiyini, qollarındakı zənciri
qırmaqdan ötrü ölümün gözünə dik
baxdıqlarını, əzmlə, qətiyyətlə və
cəsarətlə mübarizə apardıqlarını bəyan
edir. Şairin “Dastan ölməz” əsəri
beynəlxalq mövzuda yazdığı, məzlum xalqların
imperializmə qarşı qurtuluş mübarizsəsini təsvir
və tərənnüm edən mükəmməl bir əsərdir.
Zənci kimdir? O, imperialistlərin
zülmü altında yaşayan və əsrlər boyu
istismar məngənəsində sıxılan xalqların
tipik nümayəndəsidir:
Bundan belə
Hər il yenə
Tək Səndominq
şəhərinə
Bu cür
otuz minə qədər
Zənci kölə endirdilər.
Daşıdılar
Dənizləri
yara-yara,
Yüz əlli
il müddətində
On beş milyon zənci insan Afrikadan
Oralara...
Ölüm
Haitiyə gələn zəncilərdən
Milyonların canın aldı.
Bu ölkədə
Beş
milyondan bir az artıq
Zənci qaldı.
Arada bir
deyirdilər: - Zənci nədir?
Deyirdilər:
- Onun qismətidir
təhqir,
Baxtı
üzündədir - qara,
O qədərin
əsiridir.
Bu yazıya olmaz çara.
Əlbəttə ilk baxışda şairin nəyə
görə poemada sırf milli ifadələr işlətməsi,
yalnız Azərbayan ədəbiyyatından, Azərbaycan
poeziyasından şaxələnən kəlamlar ifadə etməsi
sual doğurur.
Bəlkə şair sözaltı mənalarla
torpaqları tarix boyu yadellilərin işğalına məruz
qalmış Azərbaycan xalqını nəzərdə
tutur? Xeyr! Şair çox gözəl
bilir ki, Azərbaycan xalqı heç vaxt kölə
olmayıb və olmayacaq. Sonra isə poemanı diqqətlə
nəzərdən keçirərkən Həmid Nitqinin bir azərbaycanlı
şair olaraq, eyni zamanda sələflərinin
yaratdığı poeziya xəzinəsinə intəhasız
bir rəğbət göstərdiyindən bu beynəlxaq
mövzuda yazılmış əsərdə belə xalq
poeziyasından qaynaqlanmış və xalq adət-ənələrində
fəvvarələnmiş misraların mövcudluğunun
şahidi oluruq:
Bu belədir:
el könlündə yatan ölməz,
Nağılda
qəhrəman ölməz,-
Dastan
ölməz..
Göründüyü
kimi, şair hardan yazırsa yazsın, kimdən yazırsa
yazsın, əsərini Azərbaycan ahəngində kökləyir,
dünyanın o başından yazsa da, Azərbaycanın milli
dəyərlərini, mədəniyyətini,
soy-kökünü, əcdadını əziz tutur və necə
deyərlər pərdənin o biri üzündə Azərbaycan
tarixini, şifahi xalq ədəbiyyatını, adət-ənənələrini
nümayiş etdirir və hər kəsə özünün
Azərbaycan şairi olduğunu bəyan edir.
1901-ci ildə
Şəbüstəridə dünyaya göz
açmış 1989-cu ildə Allah rəhmətinə
qovuşmiş Aşıq Qəşəm o taylı, bu
taylı Azərbaycanın ən məşhur, ən
tanınan və ən peşəkar aşıqlarından
biridir. Bilavasitə xalq şeirindən qaynaqlanan, hər əsərini
xalq şeiri üstündə məqamlayan, deyimlərində,
ifadə tərzlərində, təşbihlərində, bir
sözlə, hər misrasında poeziyasının xalq ədəbiyyatından
cücərdiyini bəyan eləyən Aşıq Qəşəmin
xalq adət-ənənələrindən süzülüb gələn
atalar sözləri, zərbi-məsəllər, el misalları
qızıl bir xətt kimi keçir. Şairin elə bir əsəri
yoxdur ki, poetik lövhələrlə, fəlsəfi mənalarla,
bədii təşbihlərlə həm tövsiyə şəklində
xalqın yaratdığı atalar sözləri, həm də
özünün yaratdığı aforizmlərlə oxucusunu
dərin düşünməyə, yeddi arxa dönənini
xatırlamağa, soy-kökünün tarixini, mədəniyyətini
sevə-sevə varaqlamağa vadar eləməsin. Şairin “El
məni atmaz” şeiri həm elinin öz sənətkarını,
dəyərli insanlarını heç vaxt atmaz ifadəsilə
elinin nə qədər yüksək mənəvi keyfiyyətlərə
malik olduğunu göstərir, həm də elin insan
üçün nə qədər dəyərli olduğunu bəyan
edir:
Tarix bir
bağbandır, mən də bülbüləm,
Baharım xoş gəlsə, gül məni atmaz.
Gəzir
yurdumuzda igid cavanlar,
Şanə incitməsə tel məni atmaz.
Sinəmi
yandırır hicran közləri,
Harayım
oyatsın yatan gözləri,
Məni
yora bilməz Güney düzləri,
Bünövrəm dəmirdir, yel məni atmaz.
Elmlə
insanlar dağları çapar,
Atalar deyiblər, axtaran tapar.
Araz, salamımı
qardaşa apar,
Kim atsa da məni, o, məni atmaz.
Şair bu şeirdə hər misraya fəlsəfi məna verir. Tarixin bir bağban, özünün bülbül olduğunu nəzərə çatdırarkən, özünü parçalanmış vətənin-gülün eşqiylə nalə çəkən bülbülə, “Gəzir yurdumuzda igid cavanlar”,- söyləyərkən, yurdda parçalanmış vətəni birləşdirməkdən ötrü igid cavanlara ümidlə baxdığını, lakin yatan gözlərin hökmən oyanmasının vacibliyini, bunun üçün də yüksək elm sahibi olmağın əhəmiyyətini bəyan edir və məşhur: “Axtaran tapar”,- el misalında olduğu kimi hicranı vüsalla əvəz eləmək üçün mütləq axtarmaq, aramaq, əziyyət çəkmək lazımdı deyərək, vətəni birləşdirmək üçün mübarizə aparmağın ən asan yollarını göstərir. Şair eyni zamanda bu şeirdə: “Məni yora bilməz Güney düzləri”,- deyərkən artıq Güney Azərbaycanı deyil, Azərbaycanın parçalanmasına fitva verən, qol qoyan “Güney”i, yəni farsların məskunlaşdığı məkanı nəzərdə tutur və nəhayət; “Araz, salamımı qardaşa apar”,- söyləyərkən, vətənin tən ortasında rusların və farsların “səxavəti” nəticəsində hicran çəpərinə dönmüş Araz çayı vasitəsilə şimallı qardaşına salam göndərir. Şair burda lirik duyğularla mənzərə və tablo yaradır...
Vüqar Əhməd
professor
Xalq Cəbhəsi.-
2015.- 6 fevral.- S.14.