“Bu dil
tanıtmış bizə dünyada hər şeyi...”
21 fevral – Beynəlxalq
Ana dili günüdür
Güney
Azərbaycanda ana dilimizə qarşı basqılara baxmayaraq
dilimiz ölmür, itmir, varlığını hünərlə
qoruyub saxlayır
Su deyibdir
mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə
ki, çörək verdi mənə, nan
demədi,
Əzəlində mənə duzdanə nəməkdan
demədi.
Anam əxtər
deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyib yəxdi, bala, buz deyib o.
Qar deyib,
bərf deməyib, dəst deməyib, əl deyib o,
Mənə heç vaxt biya söyləməyib, gəl
deyib o.
Yaxşı
xatırlayıram, yaz günü axşam çağılar,
Bağçanın günçıxanında ki,
ilıq gün yayıla.
Gəl
deyərdi darayım başıvı, ey nazlı bala,
Gəlməsən gər bacıvun astaca zülfün
dararam.
O deməzdi
ki, biya şane zənəm bir səri to,
Gən nəayi
be zənəm şane səri xahəri to.
Bəli,
daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə
məxsus olan başqa elim vardı mənim,
Elimə məxsus olan başqa dilim vardı mənim.
İstəsən
qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla,
özgə küləklərlə gərək axmayasan,
Saniyən, varlığıma, xalqıma xor baxmayasan.
Yoxsa gər
zor deyəsən, millətimi xar edəsən,
Gün gələr səhifə çönər, məcbur
olarsan gedəsən.
Yəqin
oxucular xatırladı: bu, Məhəmmədtağı
Zehtabinin 1946-cı ildə yazdığı “Sən osan, mən
də buyam” şeiridir...
Dil - xalqın ruhunu tam mənasıyla ifadə etmək
qüdrətinə malikdir. Dil hər bir xalqın
müəyyənliyi, özünəməxsusluğudur.
Dünyada hər mənada gərginliklərin
artdığı bir vaxtda xalqlar, dövlətlər dil
qoruyuculuğu məsələsində daha da ciddiləşiblər.
Dil uğrunda mübarizə əslində xəlqi
müəyyənlik, təsdiq uğrunda mübarizəsi deməkdir.
Hazırda dünyanın 25 müxtəlif
regionunda 210 milyondan çox insan türk dilinin 25 dialektində
danışır. Tarixən türk dilinin
digər dillərə təsiri məsələsiylə
bağlı göstəricilər isə belədir. Erməni
dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində
2422, ərəb dilində 1801, rus dilində 1576, rumın
dilində 1542, ingilis dilində 1500, macar dilində 1142,
çin dilində 213, fars dilində isə 1369 türk mənşəli
söz qeydə alınıb.
Zamanlar bir-birini əvəz edir, ancaq dil ölmür,
yaşayır.
Hər bir xalqın dili o xalqın təfəkkürünü,
hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni
xalqın ilkin inancları formalaşdığı zamanlarda
dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər
yaşayıb, sonradan təkmilləşmə dövrü
keçib, nəsildən-nəsilə ötürülüb,
bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə
edir, yaşadır. Qəhrəmandır
dilimiz, ona görə ki, biz bir xalq olaraq
sarsıldığımız, hətta özümüzdən
ayrıldığımız çağlarda belə ruhumuzun
soraqlarını özündə kamil bir şəkildə
qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi
Azərbaycanda yaşayan xalqların nümayəndələri
üçün doğma, birləşdirici bir ünsiyyət
dilidir. Professor İsmayıl Məmmədov bildirir ki, Azərbaycanda
bütün dillərə sayğı var: “Heç kəs
heç kəsə demir ki, sən lahıc, eləcə də
talış, ya da ləzgi dilində danışma. Quba rayonunun Xınalıq kəndi qəribə bir məkandır.
Bu kənddə yaşayan əhali xınalıq
dilində danışır. Azərbaycanda
başqa dillərə sayğının nəticəsidir ki,
xınalıq dilinin daşıyıcısı olduğu yeganə
kənd əsrlərdir bu bölgədə mövcudluğunu
nəinki qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan
dili burada yaşayanlar üçün ümumi, birləşdirici,
anlaşma dilidir”.
Bu gün
Güney Azərbaycanda yaşayan 30 milyondan çox
soydaşımız fars şovinizminin əsarəti
altındadır, onlara ana dilimizdə istənilən səviyyədə
danışmasına belə imkan verilmir. Güney
Azərbaycanda ana dilimizə qarşı olan bütün
basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim
mövcudluğunu hünərvərliklə qoruyub saxlayır.
Güney Azərbaycanda dövlət səviyyəsində
dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər
olmadığına görə daha çox şifahi ədəbiyyatımız
inkişaf edib. Habelə aşıq sənəti
Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində
yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur.
Şəhriyarın “Heydər babaya salam”
poeması ana dilimizin soraqlarını çatdıran gözəl
ədəbi abidələrdən biridir. Şəhriyar
yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə
bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə Vətənə,
yurda və dilinə daha çox bağlanır. Şəhriyar
dərk edəndə ki, ana dilində möhtəşəm
bir əsər yazmaq qüdrətinə malikdir; “Heydər
babaya salam” poeması milli ruhunun izharı
oldu.
Dilçi-alim
İsmayıl Kazımov isə deyir ki, hər bir xalqın
milli dəyərlərinin əsasını onun ana dili təşkil
edir: “Dilimiz türk dilləri arasında özünəməxsusluğu
ilə seçilir. Ana dilimiz yaşam
qaydamızdır”. Müstəqillikdən sonra ana dilimiz
tədricən beynəlxalq aləmdə tanınmağa
başladı: “Əgər sovet dövründə alınma
terminlər, beynəlxalq sözlər dilimizə rus dili vasitəsilə
gəlirdisə, hazırda Avropa dillərindən birbaşa bəhrələnmə
üstünlük təşkil edir. Habelə
dilimizdə Avropa terminlərinə meyl artıb”.
Professor
Buludxan Xəlilovun fikrincə, gələcəkdə dillərin
nüfuzu, daha doğrusu, dillərin nüfuzunun mənzərəsi
dəyişə bilər: “Bəlkə də, gələcəkdə
sosial bazası güclü olan çin dili başqa dillərin
nüfuzunu üstələyəcək. Hər
halda gələcəkdə dünyadakı dillərin
nüfuzu ilə bağlı mənzərə, heç
şübhəsiz ki, dəyişəcək. Dünyanın özü dəyişdikdə
dünya dillərinin də nüfuzu dəyişir. Bizcə, “...bu gün palıd kimi qol-budaq atıb
çox geniş yayılmış bu dil (ingilis dili – B.X.)
zanbaq kimi kiçik və zərif olan, dar bir məkanda işləyən
dilə nisbətən daha çox ziyan çəkə bilər”
fikri doğrudur. Həm də ona görə
doğrudur ki, dil inkişaf etmirsə, onda həmin dil məhvə
məhkumdur”.
Şübhəsiz, heç bir dil özünə
qapanıb qalmır, onun başqa dillərlə əlaqəsi,
təbii ünsiyyəti olur. Həticədə bir dildən bu və
ya digər dillərə çoxlu sözlər keçir və
ya əksinə: əksər hallarda bu,
qarşılıqlıdır. Ancaq faktdır
ki, tarixin çox dönəmlərində
işğalçılıq motivləri bu və ya digər
dilin başqa dili üstələməsinə, nəticədə
“dilin dili işğal etməsinə” səbəb olub. Fars dilində Azərbaycan Türkcəsinə məxsus
min söz belə yoxdur. Tarixən türk
qılıncının zəhmini dadmış çinlilərin
dilində belə bu gün türk sözlərinin sayı
azdır. Türklər fitri
yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə
malik olduqları dərəcədə həm də təəssüf
ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə
qorumamışıq. Bu
arxayınçılıq indi də xarakterimizdə
mövcuddur. Dili qorumaq milləti qorumaq deməkdir.
Eləcə də dövləti, dövlətçiliyi
təsdiq etməkdir. Bu, hər şeydən
əvvəl aydınlarımızdan mümkün qədər
ana dilimizin tələbinə uyğun səviyyədə
köklənməyi tələb edir. Əks
təqdirdə bundan sonra dilimizə daxil olacaq çoxsaylı
yeni terminlərin qarşısında yenə də “ağ
bayraq” qaldıracaq, nəticədə dilimiz demək olar, əlimizdən
gedəcək. Hə qədər bədbin
səslənsə də, gerçəklik budur. Ona görə də Azərbaycan dialektlərində
olan, bu və ya digər bölgədə işlədilən
sözlərin çalarlı, ümumişlək xarakterli
olmağa layiqlilərini seçərək onların əcnəbi
sözlərin qarşılığında işlədilməsinə
çalışmalıyıq. Bu gün əksər
ucqar kəndlərimizdə “dialekt” deyə işlədilən
sözlərin varlığı əslində o bölgələrə
“mədəni inqilabın” gedib çıxmaması ilə
bağlıdır. Ancaq bu gün
qloballaşma həşiri artıq ucqar yaşayış
bölgələrimizi də fəth etməyə girişib.
Bu gün də Azərbaycanda söz yaradıcılığı ilə məşğul olmaq ənənəsi yaranmır. Təəssüf ki, sovet vaxtında da barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də səyli şəkildə şair və yazıçıların üzərinə atırlar. XX yüzildə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində mütəxəssislər tərəfindən olmalıdır. “Dədə Qorqud dastanları”nda söz yaradıcılığı ilahi bir səviyyədə ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə dalğası çatan elmi-texniki inkişaf dövründə yeni gələn termin və sözlərə qarşı mümkün qədər “sipər çəkilməli”, yəni onların qarşılığının tapılmasına səy etməliyik. Başqa bir fəlakətli hadisə isə Azərbaycanın şəxs adlarının əksəriyyətinin özgə adlardan ibarət olmasıdır. 1828-ci ildə Azərbaycanın Güney torpaqlarının İran tərəfindən qəsb edilməsindən sonra bu bölgələrdə tədricən ana dilimizin farslaşması mərhələsi başlandı. Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. Şəhriyar yazır:
“...Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsəl dil əsil olmaz...”
Bəxtiyar Vahabzadə isə ana dilimizi belə öyür:
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir. Özünü Azərbaycan yazıçısı, şairi sayan türkcəmizi incəliklərinə kimi bilməlidir. Var olsun ana dilimiz!
Uğur
Xalq Cəbhəsi.-
2015.- 20 fevral.- S14.