Erməni işğalı altındakı abidələrə dəyən zərər qiymətləndirilməlidir

Faiq İsmayılov: Azərbaycanın çox böyük sayda tarixi abidələri ermənilər tərəfindən tamamilə məhv edilib

 

IV yazı

 

...Qeyd edək ki, dağıdılan tarixi abidələrin Azərbaycana məxsus olmasını əcnəbi mütəxəssislər də təsdiqləyiblər. Rusiya Siyasi Araşdırmalar İnstitutun direktoru Sergey Makarov bildirib ki, İrəvanın sadəcə 200 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub: Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər niyə baş çıxara bilmir...

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov əlavə edib ki, Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir. Çünki Ermənistan Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Bundan ermənilərin əsas məqsədi, işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli Respublikaya çevirdilər. Azərbaycanın işğal altında olan ərazilərini özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Bu fəaliyyət planına: Toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı; Tarixi şəxsiyyətlərin o cümlədən, dövlət xadimlərinin, hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurumlar və mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyyətcə erməni vətəndaşlarının adları ilə əvəz edilməsi; Monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı oıan məhşurların həyatlarını əks etdirən lövhələrin, heykəltaraşlıq əsərlərinin, sökülərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzlənməsi; Islam dini abidələrinin, o cümlədən qəbristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının tamamilə dağıdılaraq yerlə yeksan edilməsi;

Memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması işləri və s. daxildir.

Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, tarixi abidələri və islam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin baş verdiyi yerlərdən sökülmüş və dağıdılmış abidələrin görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi, bilməyərəkdənmi bizim iddialarımıza haqq qazandırırlar.

Onun fikrincə, nəzarətsiz qalmış ərazilərdə tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə məhv olub dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, digər hallarda səbəb ola bilər: Məsələn; Azərbaycanın nəzarətindən kənarda qalan erməni işğalı altındakı ərazilərdə yaşayış massivlərindən uzaqlarda olan abidələrin korlanmasına təbiət hadisələri, o cümlədən torpaq sürüşmələri, zəlzələlər, aşınmalar, leysan yağışları səbəbindən uçquntular, ildırım vurmaları, eləcə də böyük yaşayış massivlərində, yəni sənaye müəsisələri yerləşən ərazilərdə aparılan abadlıq-quruculuq işləri, tamah məqsədi ilə abidə ətrafında icazəsiz qazıntı aparılması işləri və digər hadisələr də səbəb ola bilər. Problem ondadır ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin tikinti quruluşlarına, ornamental və bədii işləmələrinə, divar yazılarına o qədər də zərər dəymir. Belə ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin bərpası zamanı abidəyə aid ornamental nümumələr və və kənardan hörgü daşlarının axtarılması tələb olunmur. İşğalçılıq faktından istifadə edilərək abidələrə qarşı məqsədli şəkildə tətbiq edilən vandalizm aktları nəticəsində isə abidənin forma cəhətdən görünüşü tamamilə dəyişərək onun mövcudluğunu şübhə altına alır. Buna misal olaraq Ağdam şəhərinin bağ və parklarında olan heykəltaraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərindəki böyük tarixi əhəmiyyətə malik bina və qurğuları, M.P.Vaqifin xatirə kompleksini, Laçın rayonunun Güləbird kəndindəki Azərbaycanın bayatı janrının ustadı Sarı Aşığın və Laçın şəhərinin mərkəzində tikilmiş Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidələrini göstərmək olar. Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Hadrut, Martuni, Qubadlı ərazilərində, birinci Qarabağ döyüşlərində fərqlənən erməni terrorçularının xatirələrini əbədiləşdirmək üçün abidələr tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini ucaldırlar.

O, bildirib ki, işğal altındakı inzibati yaşayış mərkəzlərində azərbaycanlılara məxsus mövcud olmuş heykəllərin ermənilər tərəfindən dağıdılması onların özlərinə məxsus üsulla həyata keçirilir: Belə ki, heykəli əvvəlcə kiçik hissəciklərə bölür, sonra isə bir neçə yüz metr ərazidə ətrafa səpələyirlər. Ona görə ki, bu hissələr nə vaxtlarsa bir yerə toplanıb yenidən abidənin bərpası mümkün olmasın. Monumental xatirə abidələrini isə əksər hallarda sökmür, abidənin üzərindən lövhələri və baralyefləri çıxararaq erməni dilində yazı lövhələri və baralyeflərlə əvəz edirlər.

Dağlıq Qarabağ və yeddi ətraf rayonları etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş Monumental İncəsənət Abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bunda məqsəd gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.

Ermənistan xarici siyasətinin çox təhlükəli məqamlarından biri, son zamanlar ermənilər tərəfindən Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir çox nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar), musiqi əsərləri, musiqi alətləri və s. ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların vaxtında qarşısı alınmasa getdikcə daha təhlükəli bir prosesə çevriləcək.

Erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tətqiqini zəruri edir. Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan mədəniyyətinin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi daha çox hiss olunur. Qarabağ abidələrinin bütün Azərbaycan xalqının həyat fəlsəfəsində müsbət keyfiyyət müəyyən edən bədii-obrazların tətqiqinin zəruriliyi də xüsusi qeyd olunmalıdır. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslin diqqətinə çatdırılmalıdır.

F.İsmayılovun fikrincə, memarlıq irsinin onun xassələrnin və dəyər göstəricilərinin öyrənilməsi cari dövrün əsas məsələsi olmaqla nəzəri və praktik fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini tələb edir: İşğal altında qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsinin müasir problemləri xüsusən diqqəti cəlb edir. İşğal altındakı tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi təcrübəsi demək olar ki, həmişə bir sıra həll edilməmiş problemlərlə üzləşir. Bu gün həm də sübut etməyə ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə onun saxlanılmasının ən yaxşı üsullarında biridir. Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınmışdır.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 21 fevral.- S13.