Çoxları canından keçdi

Ozan titulundan sonra ilk aşıq adını daşıyan sənətkarlardan biri də Aşıq Paşadır. O, aşıq titulu daşısa da, aşıqlıq etməyib, lakin türk dünyasının önəmli ozan şairi kimi Yaxın Şərqdə şöhrətlənib, aşıqlar tərəfindən həmişə xatırlanıb. XVI yüzilin ustad aşığı Qul Mustafa dəyərli bir gəraylısında dünyadan çoxdan köçmüş aşıq Paşanı belə xatırlayır:

 

Bulandı çeşmim seli,

Məgər bir gün durulmazmı?!

Üzün gördüm, odum dəli,

Aşıq Paşa dirilməzmi?!

 

Aşıq Paşa Xorasanlı Baba İlyasın nəslindəndir. Atası Mühlis Paşa Osman bəyin yanında yaşayıb, 1272-ci ildə doğulan oğlunun da adını Paşa qoyub. Paşa Osman bəyin yanında ərəb-fars dillərində mükəmməl təhsil alıb, bununla belə türk xalq ədəbiyyatına və ozan-aşıq sənətinə daha çox maraq göstərib. Xalq şeirinin təsiri ilə türkcə müxtəlif şəkillərdə şeirlər, vəsf-hallar yaradıb. Aşıq Paşa ömrünün çoxunu Yaxın Şərq ölkələrinə səyahətdə keçirib, Xorasandan başqa Qafqazda, Anadoluda, Azərbaycanda və Asiya ölkələrində olub. Bu səyahətlərin təsirilə aşıq Paşa məşhur Qəribnamə mənzum dastanını yaradıb. Türk dünyasında ərəb, fars dillərinin güclü təsirinə məruz qalan aşıq türklər və türk dili haqqında deyib:

 

Türk dilinə kimsələr baxmaz idi,

Türklərə hərgiz könül axmaz idi.

Türk dəxi bilməz idi bu dilləri,

İncə yolu, ol ulu mənzilləri.

 

Artıq Aşıq Paşa təmiz türk-anadolu dilində Qəribnaməsini yazanda yeni türk ədəbi dilinin çiçəkləndiyi, Yunus İmrələrin, Molla Qasımların, Nəsimilərin doğma dildə nadir incilər yaratdıqları bir dövr idi. Aşıq Paşa 1333-cü ildə vəfat edib. Aşıq Paşa İlahi şeirində ona düşmən olana yaxşılıq diləyir:

 

Mənə ağu sunan kimi,

Şəhdi-şəkər olsun işi.

Qolay gələ müşkül işi,

Əli irər olsun ona.

 

Acı dirliyim istəyən,

Dadlı dirilsin dünyada.

Kim ölmüş istər isə,

Min il ömür olsun ona.

 

Ardımca daşlar atanı,

Haq taxta aldırsın onu.

Önümə quyu qazanı,

Güllər niksar olsun ona.

 

Bu Mühlis oğlu Paşanın,

Güldügün istəməyənin.

Ağladığım istəyənin,

Gözüm pinar olsun ona.

 

Aşıq Heydər 15-ci yüzilin birinci yarısında yaşayıb. Göyçə mahalının Dəliqardaş obasındandır. Göyçədə təşəkkül tapan aşıq mühitinin öncüllərindəndir. Ustad aşıqlar Heydəri, Sarıtel, Baş Sarıtel havalarının da aşıq Heydərin olduğunu söyləyirlər.

Eldar İsmayıl aşığın bir neçə şeirini tapıb çap etdirib. Bu şeirlər Heydərin zamanına görə istedadlı bir şair olduğunu göstərir. Həm də o, islami təlim və tərbiyə görmüş təfəkkür sahibidir:

 

Sübh ikən sübhana düşdüm,

Baş qoydum ocaq üstündə.

Dəryayi-ümmana düşdüm,

Şam gördüyüm çıraq üstündə.

 

Bulundum dağda-aranda,

Qibleyi-ərzim Turanda.

İnamım-dinim Quranda,

Haqq yolum yarpaq üstündə.

 

Burada Nəsimi idrakının da izləri aydın duyulur:

 

Haqqa varan haqqı bular,

Haqq ilə imana yetər.

Ələsdən ruhu şad olan,

Yetəndə subhana yetər.

 

Bu ulu ozanın söylədiklərindən aydın duyulur ki, o qüdrət sahibi, təriqət şairidir. bu istiqamətdə dərin təhsil alıb:

 

Özündə doğru bulmayan,

Könlünə işıq salmayan,

Məddahi-Mövla olmayan,

Mətləbdə şeytana yetər.

 

Heydər bir ozan kimi Gəlməz şeirində məhəbbətində ülviliyini etiraf edir:

 

Dərd əhlidi mənim Pərim,

Sirri bildirməyə gəlməz.

Gözlərimdən yaşlar axar,

Nədən sildirməyə gəlməz.

 

Hər olub mənə olub,

Gülbağımı Xoryad alıb.

Dəli könlüm ağlar qalıb,

Pərim güldürməyə gəlməz.

 

Heydər deyər: olmadım şad,

Dilədim Xudadan imdad

Hanı görən qanlı cəllad,

Bir yol öldürməyə gəlməz.

 

Ozan İbrahim 15-ci yüzildə Dərəçiçəyin Ozanlar kəndində yaşayıb-yaradıb. Qocaman ustadların araşdırıcıların söyləmələrinə görə bu qüdrətli saz-söz ustadının da ustadı Ozan Heydər olub. Zamanında mükəmməl təlim görüb, dini bilgilərə, təriqət mərifət mərtəbələrinə ucalmış Ozan Heydər öz bilgilərini İbrahimə öyrədib.

Ozan İbrahim qədim ozan sənətinin sirlərini mükəmməl öyrənib. Aşıqlarımızın hafizəsində yaşamış 3-4 şeirdən bəlli olur ki, İbrahim XV yüzilin türkdilli xalq şeirinin nadir nümunələrini yaradıb:

 

Mənim yığvalıma talib olanlar,

Kövsər şərbətini içdi deyərlər.

Baxdı bu dünyaya sərraf gözüylə,

Gövhəri axtardı, seçdi deyəllər.

 

Dövranım piyada, yolda yorular,

Yazar məlakələr, əməl sorular.

Haqq-hesab çəkilər, divan qurular,

Çoxları canından keçdi, deyəllər.

 

Elə bu bir neçə şeir nümunəsi göstərir ki, Ozan İbrahim dövrünün çox qüdrətli saz-söz sənətkarı olub, özü Miskin Abdal kimi böyük bir sənətkarın yetişməsində əməyini əsirgəməyib.

Ozan İbrahimin ənənəsini davam etdirən bir çox sənətkarların doğulduğu Ozanlar kəndi 1919-cu ildə daşnaqlar tərəfindən yandırıldı. Ətraf kəndlərlə birlikdə el-oba müxtəlif ölkələrə didərgin düşdü.

 

Qara Namazov

professor

Xalq Cəbhəsi.- 2015.- 25 fevral.- S14.