Mən qaboyu xalqa tanıtdım, qaboy da məni xalqa tanıtdı

Kamil Cəlilov: Qaboy klarnet, tütək, zurnadır ki, hər uşaq çala bilsin

 

Xalq artisti Kamil Cəlilovun APA-ya müsahibəsi

 

- Kamil müəllim, sizdən hansısa jurnalist soruşub ki, neçənci ildə anadan olmusunuz, necə oldu bu sənətə gəldiniz?

 

- Olub, elə şeylər, çox olub. Elə birinci sualı verəndə deyirəm, həə, çatdıq. (Gülür). Yəni hamı standart suallar verir. Rafael Hüseynov radionun Axşam görüşlərində mənim haqqımda veriliş hazırlayıb. Elə şeyləri tapıb çıxarıb ki, adam mat qalır. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Tofiq Quliyevin mənim haqqımda dediyi sözləri axtarıb tapıb. Belə şeylərdə Rafael zirək adamdır.

 

- Mən Bəhram Mansurovun sizin haqqınızda dediklərinə qulaq asmışam. Deyir, bizi Nəriman Əliyev tanış edib...

 

- Nəriman Əliyev mənim dayım oğludur. Bəhram Mənsurov dəfələrlə onların qonağı olub, bir yerdə çalıb-oxuyublar. Nərimanın yaxşı səsi vardı. Zəngulələri çox gözəl olurdu. Sonra səsi xırıldadı, ona görə az oxudu. Amma müəllim kimi əvəzi yox idi. Məndən beş-altı yaş böyük olardı. Əsgərlikdən təzə qayıtmışdı, bir dəfə həyətlərinə girəndə eşitdim ki, muğam səsi gəlir. Bir az da qabağa getdim, Rastın Əraq-pəcgah şöbəsini elə gözəl oxuyurdu, elə bildim radiodur. Dedim, ay Nəriman, dayıoğlu, sən oxuyansan? Dedi, , olub ki? O vaxt mən Asəf Zeynallı adına texnikumun ikinci kursunda oxuyurdum. Dedim, sənin əməlli-başlı səsin var, gedək mənimlə, səni Asəf Zeynallı adına texnikuma aparım, Seyid Şuşinskidən dərs al. O vaxt Qulu Əsgərov, Əlibaba Məmmədov, İslam Rzayev, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova Seyid Şuşinskinin tələbələri idi. Sənə danışıram 1953-54-cü illərdən. İnternetdə şəkillərim var, baxıram ki, frakda şəkillər çəkdirmişəm. Dedim, qoy internetdə yadigar qalsın. Birini qoyub, o birini danışım. Bir dəfə Niyazinin evinə getdim, gördüm, qəzetləri kəsib isə düzəldir, yapışdırır. Soruşdum ki, maestro, edirsiniz? Dedi, Cəlilov, qəzetlərdəki şəkilləri, yazıları kəsib albom düzəldirəm, bunu məndən başqa heç kim etməyəcək. Mən əvvəldən şəkil yığanam. Hələ lap cavan olanda Şövkət xanımla, Rübabə Muradova ilə şəkillər çəkdirmişəm. Onlar mənim sənətimə çox yüksək qiymət verirdilər.

 

- Sizi ən çox kim qiymətləndirirdi?

 

- Hamısı. İnan! Rübabə xanım xəstə yatırdı, mən Zəmin-xarəni çalanda ağlayırdı. Bilirsən, zorla musiqiçi, rəssam, bəstəkar olmaq olmaz. İndi bir balaca səsi olanlar tez qaçır televiziyaya ki, mən oxuyanam. Allah mənə bu istedadı verməsəydi, Kamil Cəlilov ola bilməzdim. Bura gələndə maşına oturdum, görürəm, hamı tanıyır, hörmət eləyir, deyirlər, siz gözəl sənətkarsınız. Belə şeylər adama ləzzət edir. Gülarə Əliyeva ilə bir yerdə işləyirdik, gördüm, bir nəfər gəldi ki, oxumaq istəyirəm. Gülarə xanım dedi, ay Kamil, gəl buna qulaq asaq. Dan ulduzunu Gülarə xanımla biz ikimiz təşkil etmişik. Əvvəl Gülarə xanımın fikri olub, sonra ikimiz yaratdıq. Yaxşı da ifalarımız olurdu, neçə dəfə xarici ölkələrdə qastrollar səfərlərində olmuşuq. Gülarə xanım o qədər gözəl insan idi, heç kimin xətrinə dəymək istəməzdi. Ona görə fortepianoda müşayiət elədi, həmin adam oxudu. Musiqi başa çatandan sonra mənim üzümə baxdı, gördü, üz-gözümü turşutmuşam, başa düşdü ki, xoşuma gəlməyib. Həmin adama dedik, bir az üzərində işlə, bir yoxlayarıq. Gülarə xanıma dedim, zorla oxumaq olmaz. Cavab verdi ki, Kamil, düz deyirsən. Bunu qoyum başqasını danışım. Muğamları təzə-təzə ifa edən vaxtlarım idi, bir gün xalq rəssamı Mikayıl Abdullayevlə təsadüfən şəhərdə görüşdük. Hal-əhval tutandan sonra dedi, Kamil, muğamlarını dinləyirəm, çox xoşuma gəlir, sən qaboyun ustasısan, qaboyun rəssamısan, mən bəzi rəsmlərimi sənə qulaq asa-asa çəkmişəm. Musiqiyə həvəsim lap uşaq yaşlarından olub. Atam nağara düzəltmişdi, bir müddət nağara, sonra qarmon çaldım.

 

- Səhv etmirəmsə, Əhsən Dadaşovun ansamblında nağara çalmısınız...

 

- Yox, Əhməd Bakıxanovun ansamblında. Nağara da çalmışam, qoşanağara da. Qoşanağara çalmağım Əhməd Bakıxanovun çox xoşuna gəlirdi. Əlavə zənglər tapıb qoşmuşdum, lazım olanda cingiltili səslər çıxarırdım. Əhməd müəllim təəccüb eləyirdi ki, bu səsləri haradan tapırsan? Üç il onlarla bir yerdə çalışdım. Bir dəfə xəstələndim, xanəndə demişdi, Kamilsiz oxumayacağam. Bir gün Əhməd müəllim dedi, eşitmişəm, qaboy çalırsan, mənim qaboyun səsindən xoşum gəlir. Dedim, yavaş-yavaş çalıram. Sən demə, Əhməd Bakıxanov qaboyda muğam çalan adamı çoxdan arzulayırmış. Dedi, istədiyimi tapmışam, sənin ifanda bizim ansamblla Bayatı kürd yazdırmaq istəyirəm. Studiyada ansamblın müşayiəti ilə Bayatı-kürdü yazdıranda birinci dəfə mikrofon görürdüm deyə, həyəcanlandım. İkinci dəfə bir başdan başladım. Necə həvəsə gəlmişdimsə, dedim, Əhməd müəllim, bəlkə bir yazaq? Dedi, keç bu tərəfə, sən qaboyda birinci şilləni vurdun artıq. (Gülür). İfam çox xoşuna gəlmişdi. Radioda səsləndirəndən sonra bütün aləmə səs yayıldı, kim görürdüsə, tərifləyirdi ki, gözəl çalmısan. Məndən sonra qaboy çalmaq istəyənlərin sayı çoxaldı.

 

- Deyirlər, Kamil Cəlilov sənəti gənclərə öyrətmir. Doğrudan belədir?

 

- Yalandır. Habil Əliyev gözəl kaman ustasıdır, amma bir nəfər tələbəsi olmayıb. Bu saat uşaqlar var ki, kamançada gözəl ifa edirlər. Düzdür, Habilin yanından keçə bilmirlər, amma özlərinə görə yaxşıdır. Nə Rəmişin, nə Aftandilin tələbəsi yoxdur. Tələbə yetişdirmək istəyirdim, intəhası yaxşı alət tapa bilmədim. Bəziləri elə bilir, paxıllıq, qısqanclıq edirəm. Belə şey olmayıb. Müəllim mənə bəzi şeyləri öyrədəndən sonra yerdə qalan hər şeyi özüm öyrənmişəm, yeniliklər etmişəm. Gərək adamın istedadı, yaradıcılığı olsun ki, sənətdə qabağa gedə bilsin. O yaradıcı istedad yoxdursa, adama heç kim kömək edə bilməz. Bir nəfər vardı, qaboy çalırdı, mən də ona muğam öyrətdim. Sonra getdi əsgərliyə, aləti satdı, sonrası bilmirəm, necə oldu. Qaboyklarnetdir, nə tütəkdir, nə də zurnadır ki, hər uşaq çala bilsin. Bu alətin öhdəsindən gəlmək çətin məsələdir. Bir adam gəlmişdi ki, oğluma Segah öyrət. Dedim, Segahı öyrənmək üçün 20 il vaxt lazımdır. Bu, tütək deyil ki, əlinə alıb, ifa edəsən. Azərbaycan təranələri mənə yuxuda gəlib, sonra durub gecə ilə onu maqnitofona hissə-hissə yazmışam. Heydər Əliyev deyirdi, Cəlilov, Azərbaycan təranələrini dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını bir sözlə, mənzərəsini görürəm. Bir dəfə mənə danışdılar ki, Heydər Əliyev Ağsu aşırımından keçirmiş, radioda elan ediblər ki, Kamil Cəlilov Azərbaycan təranələrini çalır. Heydər Əliyev maşınları saxlatdırıb ki, yerinə düşdü, bu mənzərədə Kamilə qulaq asmasaq, olmaz. Sonra Gülarə xanımdan mənim ifalarımın səsyazmasını istəmişdi. Hara gedirdisə, qulaq asırmış. Heydər Əliyev elə bir insan idi, yaxşı şey heç vaxt onun nəzərindən qaçmazdı.

 

- Siz olmayanda qaboyun aqibəti necə olacaq? Davamçı yoxdursa, sizdən sonra onu muzeyə qoyacaqlar, vəssalam?

 

- Mən qaboyu bu yerə qədər gətirmişəm. Nə qədər dərs deyirəmsə, çətindir, yoxsa nə məsələdir, bilmirəm, hamısı yarımçıq qoyub gedir. Bəlkə alətə görədir, nə bilim. Ümumiyyətlə, bu işə zəhmət lazımdır. Demə, özünü tərifləyir. Gərək min qat zəhmət çəkəsən ki, Kamil Cəlilov olasan. Mənim istedadım Allahın mərhəmətindən, yaratmaq həvəsim xalqımın məhəbbətindəndir. Mən qaboyu xalqa tanıtdım, qaboy da məni xalqa tanıtdı və sevdirdi. Amma elə bilmə ki, bu yol asan olub. İstedadıma görə mənə o qədər əzab veriblər, o qədər paxıllığımı çəkiblər ki...

 

- Şöhrətiniz işinizə yarayır? Yəni kiməsə işiniz düşəndə, xahiş etmək lazım olanda eşidirlər?

 

- Eşidirlər, niyə eşitmirlər. Mən xeyirxah adamam. Biri gəlir, təqaüdümü gecikdirirlər, adımdan, nüfuzumdan istifadə edib, onun işini düzəldirəm. Birinin pasportu itir, maşına oturdub aparıram, təzə pasport alıram. Nəyi bacarıramsa, çalışıram xeyirxahlıq edim.

Bir də görürsən, bir məclisdə oturmuşam, kimsə diqqətlə mənə baxır. Gəlib soruşur ki, siz kimsiniz? Zarafatla deyirəm, adamam da, neynirsiniz, oturmuşam burda. Sonra tanıyırlar, məclisə səs düşür. Məni dindirdin, danışacağam, dindirmədin, elə sakit oturacağam yerimdə.

 

- Kamil müəllim, əvvəllər də sənət adamları arasında bu qədər intriqa olurdu?

 

- İstedadsız adamlar həmişə paxıl, xain olurlar. Sənət adamları arasında söz-söhbət həmişə olub. Eşitdiyimə görə Qara Qarayevlə Fikrət Əmirov yola getməyiblər. Bəlkə onların dünyadan tez köçməsinin səbəbi də bu olub. Amma bir tərəfdən də belə şeylər yaxşıdır. Rəqabət hissini yaradır, inkişafa aparır. Bəlkə Niyazi görüb ki, Fikrət Əmirov Şur simfonik muğamını yazdı, o da Rast kimi əzəmətli əsər yaratdı. Bir dəfə Şövkət xanımgildə məni çəkirdilər, rejissora dedi, Sara Qədimova məndən inciyib, ona deyin, mən heç kimin paxıllığını çəkmirəm.

 

- Dolanışıq necədir?

 

- Prezident təqaüdü alıram. Lap cavanlıqda nadir hallarda toylara gedərdim, 30 ildir ümumiyyətlə, getmirəm. Sənəti toya satan adam deyiləm. Cavan vaxtı evdə məşq edirdim, qapı döyüldü, yoldaşım dedi, səni istəyirlər. Qapıya çıxmadım, tapşırdım desin ki, çıxa bilmirəm. Həmin adamın da bir oğlu varmış, rayondan gəlib ki, Kamil Cəlilov oğlumun toyunda iştirak eləsin. Elə havada, məqamda idim, çıxsaydım, məşqim yarımçıq qalacaqdı, sonradan melodiya yadıma düşməyəcəkdi. Həmin adam telefon nömrəsini qoymuşdu, demişdi, nə qədər pul istəsə, verəcəyəm. İki gün sonra yenə zəng vurdu, dedim, narahat olma, pul lazım deyil, gələcəyəm. Məşq elə şeydir ki, evdə qonaq olsa da, onu tək qoyub, o biri otağa keçirəm, başlayıram məşqimi etməyə. Eləsi var, inciyib çıxır gedir, eləsi var, başa düşdür. Bəziləri elə bilir, qaboy tütəkdir, əlimə götürdüm, çalacağam. Qaboyda o qədər qəliz sirlər var, onu ancaq Allahın qüdrəti ilə tapmaq olar.

 

- Matəm günlərində sizin musiqilər ifa olunur. İstərdim bundan danışaq. Necə oldu ki, məhz sizin ifanızı seçdilər?

 

- Zəmin-xarəni, Segahı mən çoxdan ifa etmişəm. Musiqi redaksiyasında redaktorlar məsləhətləşiblər ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o musiqilər olsa, yaxşı olar. Ona görə 20 Yanvarda, Xocalı günlərində radiolarda, telekanallarda, Şəhidlər Xiyabanında mənim musiqilərim səslənir. Zəmin-xarəmə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. 20 Yanvar günlərində mənə o qədər zənglər olurdu ki... İnsanlar öz razılığını bildirirdilər. Deyirdilər, qaboy şəhid analarının ürəyinə su səpir. Şəhidlərin harayını, şikayətini qaboy vasitəsi ilə bütün dünyaya çatdırmışam...

 

Xalq Cəbhəsi.- 2015.- 30 iyun.- S.15.