Əgər yoxdursa yanacaq, uzaq Bakı torpağından...

 

Bakı neftin 73 faizini, benzinin 90 faizini, müxtəlif təyinatlı sürtgü yağlarının çox hissəsini vermişdi

 

Ötən əsrin 30-cu illərində Almaniyada hakimiyyət başına gətirilmiş Hitler və onun ətrafı diplomatik hədə-qorxu, hərbi yollarla tədricən Avropanın Çexoslovakiya, Yuqoslaviya, Avstriya, Polşa, Fransa, habelə digər ölkələrini və zəbt etdiyi geniş ərazilərin potensial imkanlarına arxalanan faşist Almaniyası, “ildırım sürəti” müharibə strategiyası ideyasının ifadəsi olan “Barbaross planı” əsasında - 1941-ci il iyun ayının 22-də, tarixin keşməkeşli gedişləri nəticəsində Azərbaycan Respublikasının da tərkibinə qatılmış Sovet İttifaqına qarşı qəfil müharibəyə başladı. Almaniyanın Avropadan baslayaraq Rusiya, Şimali və Cənubi Azərbaycan, İran körfəzi, Orta Asiya, Əfqanıstan, Hindistan, Çinə qədər uzanan böyük bir ərazidə “ali irq”dən asılı bir imperiya yaratmaq kimi sərsəm dünya ağalığı planlarında, strateji mövqeyə malik Qafqazın zəngin təbii yeraltı-yerüstü sərvətləri, xüsuilə də “neft səltənəti” sayılan Bakı mühüm yer tutmuşdu. Hərbi strateglər və mütəxəssislər obrazlı desək, həmişə bu yerlərə “giriş qapısı” kimi səciyyələndirdikləri Azərbaycanı Qafqazın üzüyü, Bakını isə onun ən qiyməyli daş-qaşı hesab etmişlər...

Almaniyanin geniş əhatəli işğalçılıq planlarında, elə müharibənin ilk mərhələsində Bakı neft rayonunu ələ keçirmək, sonralar bütün Şərqdə reallaşdırılmalı olan hərbi əməliyyatların mühüm yanacaq bazası kimi düşünülmüşdü. Təsadüfü deyil ki, hazırlanmış “Qafqazın idarə olunması planı” və “Kontinental neft cəmiyyəti” təşkili haqqında sənəd, habelə xüsusi göstərişlərdə, işğal olunacaq Bakı neftinin hasilatı, emalı, daşınması, satışı ilə bağlı məsələlərin inzibati-hüquqi cəhətləri əsl alman dəqiqliyi ilə hesablanıb müəyyənləşdirilmişdi.

Eyni zamanda qonşu İran dövlətinin ərazisindən istifade etmək və Rza şah rejiminə müəyyən ərazi vədləri vermək yolu ilə Bakının neft mədənlərini ələ keçirmək xətti, alman komandanlığının strateji planlarında mühüm yer tutmuşdu. Lakin elə müharibənin ilk aylarında müttəfiq qoşunların beynəlxalq müqavilə maddələrinə uyğun olaraq, müxtəlif istiqamətlərindən İran ərazisinə daxil olmaları, Almaniyanın cənubdan Bakını tutmaq planlarını pozdu.

Sonralar da neft Bakısının dağıntı və yanğınlara yol vermədən ələ keçirilməsi məsələsi, alman hərbiçilərinin həmişe diqqət mərkəzində olmuşdu. Doğrudur, bu məqsədin aşkar-gizli taktiki üsulları, yaranmış konkret hərbi vəziyyətə, qüvvələr nisbətinə müvafiq olaraq dəyişsə də, strateji mahiyyəti dəyişməz qalmışdı. Belə bir fakt məlumdur ki, 1942-ci ildə alman ordusunun qərargahında Qafqazın neft ehtiyatlarını, xüsusilə Bakı rayonunu ələ keçirməyin “Edelveys” adı xüsusi hücum əməliyyatı planı hazırlanmışdı. O zaman Hitler əsəbiliklə qeyd etmişdi ki, tezliklə Qafqaz nefti ələ keçirilməsə, alman ordusu müharibəni davam etdirə bilməyəcək.

Düşmənin sənədli kinoxranika materiallarında belə bir tarixi səhnə əks olunub: “Edelveys” planı müzakirə edilərkən, qərargaha şirniyyat ustalarının məharətlə hazırladıqları və quruluşu Qafqazın relyefini təsvir edən iri tort gətirirlər. Generalllardan biri fürerin çoxdankı niyyətinə rəğmən, həmin tortdan bir hissə kəsib ona verir. Bu tort parçası -üzərində neft Bakısı ulduzla bəzədilmiş Abşeron yarımadası olmuşdu...

Döyüşən şəhər hərbi rejimində yaşayıb-işləyən və basılmaz qalaya çevrilmiş Bakı, mühüm bir cəbhəxana kimi həm ön, həm də arxa cəbhəni təkcə neft, yanacaq, benzin, sürtkü yağları deyil, eyni zamanda müxtəlif təyinatlı silah-sursatla, yüngül və yeyinti sənayesi məhsulları ilə, dərman preparatları, zəruri ehtiyat hissələri ilə təmin etmişdi. Bakıda təşkil olunmuş hərbi xəstəxana həkimləri, tanınmış cərrah M.Topçubaşovun işləyib hazırladığı orijinal üsullarla on minlərlə əsgər-zabiti müalicə edib, həyata qaytarıblar.

Müharibədə illərində cəbhənin mühüm sifarişlərini yerinə yetirmək məqsədilə Bakıda təkrar neftayırıcı qurğular işə salınmış, təyyarə yağı alınmasının yüeni texnologiyaya əsaslanan prosesi işlənilib hazırlanaraq, istehsalatda tətbiq olunmuş, xüsusi təyinatlı və şaxtaya davamlı sürtgü yağları buraxılışı xeyli genişləndirilmişdi. Hərbi tapşırıq və sifarişləri dəqiq yerinə yetirən Bakı neftçiləri, müharibə illərində yüksək keyfiyyətli benzin, habelə xüsusi təyinatlı sürtgü yağları istehsalını daxili imkanlar, dəqiq təşkilatçılıq, qeyrət səyləri nəticəsində 3-4 dəfə artırmağa nail olmuşdular.

Mürəkkəb və çətin bir şəraitdə çalışan Bakı neftçiləri müharibə dövründə hasil edilmiş 110 milyon ton neftin 80 milyon tonunu, yaxud 73 faizini, benzinin 90 faizini, müxtəlif təyinatlı sürtgü yağlarının isə əksər hissəsini vermişdi. Cəbhənin fasiləsiz və yüksək keyfiyyətli neft-yanacaq məhsulları ilə təmin olunmasında ən böyük təşkilatçılıq bacarığı göstərmiş S.Vəzirovun, geoloq B.Babazadənin, buruq ustası R.Rüstəmovun, məşhur kimyaçı alim Y.Məmmədəliyevin başçılıq etdiyi mütəxəssislər komandasının üzvləri xüsusilə fərqləniblər.

Təsadüfi deyil ki, Bakı sənaye və digər xalq təsərrüfatı sahələrinin, burada gecə-gündüz hər cür zəhmətə, məhrumiyyətlərə sinə gərərək, “Hər şey cəbhə üçün” amalı ilə çalışan insanların əmək fədakarlığını layiqincə qiymətləndirən mərkəzi, habelə yerli mətbuat orqanları yazmışdı: “Neft Bakısı heç vaxt Vətən üçün təhlükəli olan bu günlərdəki kimi yüksək əmək coşğunluğu görməyib. Mühəndislər, geoloqlar, texniklər, alimlər günlərcə öz laboratoriyalarını, buruqlarını, zavod sexlərini tərk etmirlər. Yüksək keyfiyyətli benzin, liqorin, sürtgü yağları və nələr, arasıkəsilməz bir axınla cəbhəyə gedir”.

Tanınmış iqtisadçı və siyası xadim, sonralar haqsız repressiyaların qurbanı olmuş N.Voznesenski özünün hərbi iqtisadiyyatının təşkili, habelə fəaliyyətinə həsr olunmuş kitabında, “motorlar müharibəsi” kimi səciyyələndirilən II Dünya, onun tərkib hissəsi sayılan Böyük Vətən müharibəsində Bakının mühüm hərbi cəbhəxana kimi rolunu obyektiv meyarlarla təhlil edərək belə qiymətləndirmişdi: “Bakı cəbhəni və xalq təsərrüfatını fasiləsiz neft məhsulları ilə təchiz etmiş, yerdə və səmada yüz minlərlə müxtəlif texnikanı, motorları hərəkətə gətirib”.

Müharibə illərinin adlı-sanlı döyüş sərkərdələri G.K.Jukov, R.G.Malinovski, K.K.Rokosovski, F.İ.Tolbuxin Azərbaycan neftçilərinin və Bakının cəbhə qarşısındakı misilsiz xidmətlərini öz xatirələrində dəfələrlə yüksək qiymətləndiriblər. Marşal G.K.Jukov yazmışdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazımsa, o qədər də yanacaq vermişlər”.

Bütün təbii sərvətlərini və intellektual imkanlarını cəbhənin xidmətinə yönəltmiş Bakının fədakar qəhrəmanlığının şair S.Mixalkov belə dəyərləndirib:

 

Tərpənməz heç bir maşın da,

Zəhmli tank alayından.

Əgər yoxdursa yanacaq,

Uzaq Bakı torpağından.

 

Neftçilərimiz fədakar əmək qəhrəmanlıqlarına baş əyən yazıçı L.Sobolyev iftixar hissi ilə dolu bir heyranlıqla yazırdı: “ Bakı yanacağı ilə tanklarımız Prussiyaya daxil olub, Bakı benzini ilə qəhrəman təyyarəçilərimiz müharibə səmasına yiyələnib, Bakı yanacağı ilə Dnepr donanmasının gəmiləri Şpreye şayı vasitəsilə Berlin məhəllələrinə desant çıxarıblar. Qəhrəmanların ümidlərini doğruldan Bakı neftçilərinə təşəkkür edirik”.

Həmin məşəqqətli illərdə göstərilmiş xidmət və təchizata görə rəsmi dövlət dairələri, istər döyüşən ordu hissələri, istərsə də arxa cəbhə adamları bütün Azərbaycana, onun əhalisinə, xüsusilə də dillər əzbəri olmuş neft Bakısına öz minnətdarlıqlarını, razılıqlarını, təşəkkürlərini müxtəlif formalarda çatdırıblar. Faşizm üzərində qələbədən neçə illər sonra 1990-cı ilin 20 Yanvarında kommunizm ideyaları ruhunda tərbiyə olunmuş sovet ordusunun haqq-ədaləti tapdalayaraq, duz-çörəyi itirərək, Azərbaycana və Bakıya qarşı amansız qəfil hücum əməliyyatı, bütün dünyaya sübut etdi ki, əslində faşizmlə-kommunizm arasında sözün əsl mənasında mahiyyətcə fərq yoxdur.

Çünki həm faşizm, həm də kommunizm insan şəxsiyyəti, onun azad düşüncə tərzi, xüsusi mülkiyyət hüququ, sərbəst iqtisadi fəaliyyət üzərində hakimiyyətin mütləq ağalıq prinsiplərinə əsaslanaraq, təkcə bir ölkədə deyil, tədricən gələcəkdə bütün dünyada vahid ali irqçilik, yaxud şovinist-kommunuzim ideyaların hökmən bərqərar olacağı zəruriliyi kimi sərsəm siyasi-ictimai baxışlar sisteminə, habelə çürük fəlsəfi-əxlaqi konsepsiyalarına söykəniblər. Qələbənin 70 illiyinin qeyd olunduğu bu günlərdə, əvvəllər də aşkar-gizli şəkildə rəsmi və elmi dairələrdə müzakirə olunmuş, müharibə dövründəki misilsiz xidmətlərinə görə Bakıya “Qəhrəman Şəhər” adı verilməməsi, təbii ki, müəyyən suallar doğurur.

Bu məsələ ilə bağlı xatırlamağı borc bilirik ki, 1985-ci ildə müharibənin başa çatmasının 40 illiyi münasibətiylə, Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun kollektivi tərəfindən “Azərbaycan xalq təsərrüfatı Böyük Vətən müharibəsi illərində” adlı monoqrafiya nəşr olunmuşdu. Həmin monoqrafiya müəlliflərinin, qələbənin təmin edilməsində mühüm rol oynamış Bakıya Qəhrəman Şəhər adı verilməsi haqqında müvafiq səviyyədə məsələ qaldırılması təşəbbüsü göstərilməsi təklifinə, o vaxtkı respublika rəhbərliyi təəssüf ki, lazımi diqqət yetirmədi... Bəlkə də o zaman respublika rəhbərliyində düşünürdülər ki, danılmaz tarixi xidmətlərinə görə, əsl cəbhəxanaya çevrilməsinə, ön və arxa cəbhələri neft-yanacaq, silah-sursat, ərzaq-dərmanla fasiləsiz təchiz etməsinə baxmayaraq, Şərqin astanasında yerləşən bir müsəlman-islam inanclı respublikanın paytaxtına Qəhrəman Şəhər kimi ad verilməsinə Moskva, Kreml heç vaxt razı ola bilməzdi...

Yadımdadır, o dövrdə yol səfəri vaxtı rəsmi şəxslərdən biri ilə söhbət əsnasında bu məsələnin respubluka üçün ictimai-mənəvi əhəmiyyətini xatırlatdıqda, qaşlarını çataraq bir an susdu və sonra yarı ciddi, yarı zarafatla məsləhət gördü ki, Elmlər Akademiyası və onun əməkdaşları öz işləri ilə məşgul olsunlar, çünki onların bu xarakterli məsələlərə qarışması “yuxarılarda” yaxşı qarşılanmır... Elmi tədqiqatın hərtərəfli obyektiv nəticələrindən doğan bir həqiqətin müdafiə olunmasına qətiyyən cəsarəti, qeyrət damarı çatmayan o zamankı rəhbərliyin biganəlik mövqeyi, onlarla sözdə yox, işdə ümumxalq mənafeyi arasında necə dərin uçurum olduğunu təsdiq edir. Ən çətin sınaq anlarında, tarix və xalq qarşısında öz üzərinə düşmüş məsuliyyətli mühüm cəbhəxana vəzifəsini şərəflə yerinə yetirmiş Bakı-Qəhrəman Şəhər, onun fasiləsiz istehsal-xidmət dairəsinin fəaliyyətini təmin etmiş insanlar isə doğrudan da qəhrəmanlardır. Əsl qəhrəman adı, qəhrəmanlıq nümunələri zəhmət-qeyrət meyarı ilə qazanılır, lakin heç vaxt unudulmur, təsdiqi xahiş olunmur. Mübarizələrimizin, azadlıq hərəkatımızın rəmzi sayılan Bakı dünən də, bu gün də, sabah da öz Qəhrəman Şəhər adı şöhrətinin ucalığına layiq və sadiqdir.

 

Qüdrət Əbdülsəlimzadə,

iqtisad elmləri doktoru, professor

Xalq Cəbhəsi.- 2015.- 9 may.- S.15.