Bu sözü mən deyirəm, heç
kim inanmır yenə də…
Həddad düzü düz, əyrini
əyri yazırdı…
Mirzə Ələkbər Sabir Azərbaycan poeziyasında
yeni bir məktəb, yeni bir yol yaradıb. Sabirin
açdığı bu olduqca işıqlı
cığır istər-istəməz qələm
götürüb şeir yazmağa başlayan insanları
inamla addımlamağa sövq edib. Sabir məktəbinin
şagirdləri istər Şimali Azərbaycanda, istərsə
də Cənubi Azərbaycanda kifayət qədər olub, indi də
var. Lakin onu da etiraf etmək lazımdır ki, Cənubi Azərbaycanda
Sabir məktəbinin “əlaçı” şagirdləri
Şimaldakından da çox olub. Həmin
şagirdlər Sabirin misilsiz yaradıcılığından
bəhrələnərək eynilə Sabir kimi öz əsərlərində
mənalı, səciyyəli və kiçik ştrixlərlə
böyük tiplər yaradıblar. Lakin
Sabirin bir məziyyəti də onların
yaradıcılığına sirayət edib ki, bu da dahi
şairin tələb olunan anda şeirlərində atalar
sözlərindən, zərbi-məsəllərdən, hikmətli
kəlamlardan mahiranə bir şəkildə istifadə etməsidir.
Bu da öz növbəsində şairin
bütün bədii irsinin xalq həyatının, xalq adət-ənənələrinin
içində ehtiva olunmasıdır. Sabirin
bir misrası, bir ifadəsi belə xalq həyatından
ayrı olmayıb ki, məhz bu cür keyfiyyətlər dahi
şairi xalqa hədsiz dərəcədə sevdirib. Sabir əsərlərini oxucusuna elə bil şəkildə
təqdim edib ki, sanki onlardakı tiplərin əlvan boyalarla rəsmini
çəkib. Elə məhz bundan
ötrü də Sabir oxucusu üçün
anlaşılmayan heç nə qalmayıb. Dahi şair əsərlərindəki şəxslərin
mənəvi aləmi haqqında elə təsəvvür
yaradıb ki, hətta oxumağı təzə öyrənən
azyaşlı məktəbli belə onları çox
asanlıqla qavrayıb mənimsəyə bilir. Yuxarıda qeyd olunduğu kimi bütün bu keyfiyyətlər
Sabir ənənəsini davam etdirən şairlərin çətin
işini xeyli asanlaşdırıb, onlar Sabir üslubunun, Sabir
ənənəsinin işığı altında mükəmməl
əsərlər yaratmağa qadir olublar. Həddad da məhz
belələrindəndir:
Xoşa o
günlərə saqi ki, bərbəriyyət idi,
O bərbəriyyət
qurban olum ki, nemət idi.
Nə
yaxşı günlər idi, saqiya, keçən günlər,
Hamı inanmış idi, pakdil cəmaət idi.
Nə
varlı-yoxsul arasında dükgüdük var idi,
Kasıb nəcib idi, dövlətdi badəyanət idi.
Nə
yoxsulun ürəyi qan olurdu baxdıqca,
Nə əqniyalarımız böylə bimürüvvət
idi.
Nə
iddia var idi, nə təkəbbürü hiylə,
Şikəstnəfslik onda bu xəlqə adət idi.
Biri
geyirdi qədək don, biri də şal güləcə,
Və leyk, bir-birinə işləri məhəbbət
idi.
Nə
mersi-çersi qanardıq, beistilahi-cədid,
Nə xəlqi-zahiri xoş, batini xəbasət idi.
Nə
fırlı baş var idi bizdə, nə matıxlı dodaq,
O vaxt ziynətimiz
qeyrətü-şərafət idi.
Nə
banuvani-vətən onda bihicab idilər,
Nə mərdumani zaman vərşikəsti-qeyrət idi.
Nə
onda qız kimi ziynət edərdi oğlanlar,
Nə onda millətimiz böylə əhli-ziynət idi.
Amerika eynəyi,
poz dəsmalı, fokul-kravat
Kaput, matik yox idi, misli-bədvi xilqət idi.
Cibinə
ayna-daraq qoymaz idi oğlanlar,
O vaxt
ayna-daraq çünki mali-övrət idi.
Kişi
çörək qazanıb nəvadə saxlardı,
Qızına, oğluna, arvadına müsəllət
idi.
Ona itaət
edir hər nə əmri olsa idi,
Evində
hər kişi bir müxtədir hökumət
idi.
Elə kişi, elə arvad elə oğul var idi,
Biri-birinə vəfadaru basədaqət idi.
İti
qılıncımız var idi, qəvi qolumuz,
Tamam millətə qalib olan bu millət idi.
Bu şeirdə Həddadın “saqi”yə müraciəti,
bir çox klassik şairlərimizin
yaradıcılığında izlədiyimiz kimi
özü-özünə müraciətidir. Məlumdur ki,
“saqi” obrazı klassik şairlərimizin günahsız bir aləmdə,
“piri-xərabati”də yaratdıqları obrazdır. Bu “saqi” behiştdəki saqiyə bənzəyir və
şairlərə qıcqırmış üzümdən
deyil, Haqqın şərbətindən hazırlanmış
şərab paylayır. Şair burda “saqi”
deyəndə özünü nəzərdə tutur və onu
acıdan, ağrıdan məsələləri
özü-özünə danışır.
Xalq
öz sənətkarlarının həqiqətdə kim olduğunu kitablardan, informasiya vasitələrindən,
qəzetlərdən, jurnallardan, televiziya kanallarından, internet
saytlarından öyrənməyə başladı. Həddad isə bizdən çox uzaqda deyildi. Əlimizi məcazi mənada ona toxundura bilirdik.
O, bir çox müasirləri kimi Leninə, kommunist
partiyasına, komsomola şeirlər ithaf eləmirdi, əksinə,
sözaltı mənalarla Lenini, Stalini qırmanclayırdı.
Göründüyü kimi Həddad ustadı Sabir
demişkən düzü düz, əyrini əyri
yazırdı və əsərlərində irfani rəmzlərdən
istifadə eləyirdi. Yuxarıda qeyd olunduğu kimi klassiklərimizin, Nizami Gəncəvidən
tutmuş üzü bu yana öz əsərlərini Minacatla,
tövhidlə, nətlə, eyni zamanda “saqinamə” ilə
başladığı da hamıya məlumdur. Həddad
da bu gözəl ənənəni davam etdirib və “Budur təməddün
əgər” şeirini “saqi”yə müraciətlə
başlayıb.
Həddad
bu şeirdə Sabiranə tərzdə inkişafı,
müasirliyi yalnız üz-gözünü boyamaqda, cibində
ayna-daraq gəzdirməkdə, “mersi” söyləməkdə,
qız kimi ziynət etməkdə, böyüyə ağ
olmaqda, valideyni saymamaqda, Amerikadan, Avropadan axıb gələn
iyrənc görüntülərin təsiri altında şəhvət
əsiri olmaqda, həyatın mənasını seksdə
görməkdə qavrayanları öldürücü satira
atəşinə tutmaqla, ifşa etməklə yanaşı,
xalq adət-ənənələri içərisində cilvələnən
milli dəyərlərimizi və bu dəyərlərin nə
qədər nəcib işlər olduğunu bütün təfərrüatı,
mənalı poetik ifadələrlə, olduqca aydın bir
şəkildə gözümüzün önündə
canlandırır. Şair Amerikaya, Avropaya baxıb
yaxşını deyil, yalnız pisi götürən səfeh
cavanları satira qamçısı ilə döyəcləməklə
yanaşı, yeddi arxa-dönənimizin, əcdadımızın,
nənələrimizin, babalarımızın kim olduğunu, nə
qədər yüksək mənəvi keyfiyyətlərə,
nəcib sifətlərə malik olduğunu bizə gözəl
bir şəkildə xatırtladır, bu da şairin
böyük bir istedad malik olmasından, eyni zamanda
xalqını, millətini keçmişlərdə olduğu
kimi pak, təmiz, saf, yüksək əxlaqlı, əməlisaleh
görmək istəməsindən irəli gəlir.
Həddad
bu şeirdə xalq həyatının rəsmini çəkir
və gözümüz önündə qeyrəti, namusu,
düzgünlüyü, mərdliyi, halallığı
özünə həyat şüarı seçmiş
xalqın yüksək mənəvi keyfiyyətlərini, nəcib
sifətlərini nəhəng bir tablo kimi təqdim edir:
“Şikəstnəfslik xalqa adət idi?!”- deyərkən
xalqın nəfsinin sahibi olmasının, nəfsini iradəsinə
tabe etməsinin adət şəklini almasını bəyan
edir ki, biz burda xalqın tək şikəstnəfsliyini deyil,
saleh əməlləri adət eləməsini bütün
varlığımızla duyuruq.
Yuxarıda
qeyd olunduğu kimi Həddad mənəviyyatları çirklənmiş
və möhürlənmiş, şeytana uymuş, Qərbin
şirindən şirin görünən, əslində
acıdan da acı zəhərilə ruhən zəhərlənmiş
və bu zəhərin təsirilə uçurumun kənarında
asılıb qalanları qırmanclayarkən elə müxtəlif
bədii üsullardan istifadə edir ki, onun qələmi altında
rənglər parlaq, eyni zamanda bir-birinə bənzəməyən
bir şəkildə dəyişir:
Xabi-qəflətdə
yatan millət oyanmır yenə də,
Uca yerdən yıxılıb, sanki durammır yenə də.
Yatır
şəbpərətək gündüzü axşama kimi,
Gecələr ovci-səadətdə uçanmır yenə
də.
Nə ümid ilə yaşar dəhrdə insan görəsən?
Rahi ümmidi tapanmır bular indi yenə də.
“Qərni-bistumdi”
deyir, bomba atomdan danışır,
Öz mədarın itirib, yaxşı dolanmır yenə
də.
Hamı zənciri-əsarətdən
özün etdi xilas,
Bu yazıq millət o zənciri açammır yenə də.
Bu
tilsimati-cəhalətdə hələ qalmalıyıq,
Sahiri-əsr bu cadunu pozanmır yenə də.
Başının
börkünə möhtacdı biganələrə,
Niyə balidələnir, bircə usanmır yenə də.
Sapı
yox, iynəsi yox, ta tikə öz şalvarını,
Gör nə biçarədir, öz halına yanmır
yenə də.
İstilahın
dəyişib “çox sağ ola” “mersi”
deyir,
Sanki biganəpərsdi özü danmır yenə də.
Bizə əsbabi-tərəqqi
olub eynək, kravat,
Bu
sözü mən deyirəm, heç kim
inanmır yenə də.
Qarğa
istir yeriyə qaz kimi, amma ki, yazıq,
Yeriyənmir, atılır, yaxşı qaçanmır
yenə də.
Gündə
bir mod dəyişir, özgəyə təqlid eləyir,
İstir
almanlı ola, leyk olanmır yenə də.
Fikri
lazımdı dəyişmək, nə libası, nə dili,
Kəc gedir qafiləniz, yolda dayanmır yenə də.
Qərin-bistumdu
gərək qız kimi oğlan bəzənə,
Uş ki, yoxdur, cibi pulsuzdu, qazanmır yenə də.
Adkalon,
podr, ətir, ayna, darağ indi gərək,
İşi bir təhrə salır, ya ki, salanmır yenə də.
Göründüyü kimi Həddadın satirası sanki od qoyub onun təbiricə desək, qaz yerişi yerimək istəyən qarğaları yandırır. İfadə məşhur; “Ördək istədi qaz yerişi yerisin, öz yerişini də itirdi” zərbi-məsəlindən götürülüb. Lakin şair burda satira qılıncını bir az da itiləmək üçün “ördəyi”, “qarğa” ilə əvəz edir. Çünki ördəyin az da olsa qaza bənzərliyi var, qarğa isə tamamilə qaza bənzəmir və onun özünü qaza bənzətmək istəməsi nə qədər gülünc alına bilər. Burda şair necə deyərlər, baltanı dibindən vu¬rur. Çünki indiki zamanda özünü fransızlara, hollandiyalılara, danimarkalılara bənzətmək istəyən cavanların necə gülünc vəziyyətə düşdüklərini gözlərimizlə görürük və Həddadın nə qədər haqlı olduğuna hər gün bir az da əmin oluruq.
Lakin kor-koranə Qərbə axıb gedən bir sıra cavanların eyiblərini ifşa edən tək qarğanın özünü qaza oxşatmaq istəməsi misrasıyla səciyyələnmir. Sabir məktəbinin ən fəal davamçılarından olan Həddadın hər misrası bizə çox şeyləri xatırladır, oxucusunu məcbur edir ki, dərin düşünsün və xalqın bəzi zümrələrinin iradəsizlik burulğanında boğulmağının qarşısını almaq üçün bütün imkanların daxilində əlindən gələni əsirgəməsin.
Bu şeir də əslində şairin o biri əsərləri kimi ürəyindən qopan fəryaddır ki, şair onu əzən problemləri öz oxucusuna daha əlvan boyalarla çatdırmaq üçün daha məqsədəuyğun hesab etdiyi satira janrını seçərək təqdim edib. Şairin bütün əsərlərində bədii fikir və ideyaların genişliyi, emosional duyğunun vüsəti və gücü, bədii ifadə vasitələrinin koloriti, inandırıcılığı onu xalqa sevdirib. Lakin bunun səbəbi təkcə bu keyfiyyətlərdə deyil, Həddadın əsərlərindən göründüyü kimi xalq həyatını doğru, olduğu kimi əks edən, xalqı ağrıdan məsələləri nəhəng bir güzgü kimi göz önündə canlandıran və hər cəhətdən xalqın zövqünü oxşayan sənətkardır. Bütün bunlardan başqa Həddad yuxarıda qeyd olunduğu kimi xalq adət-ənənələrinə sıx tellərlə bağlı bir sənətkardır ki, xalq adət-ənənələrinin içində bir ləl kimi işıq saçan atalar sözlərinə, zərbi- məsəllərə heç bir əsərində biganə qalmayıb.
Həddad da Sabir kimi mənən irfani bir şair olduğu üçün bu şeirdə də bir çox əsərləri kimi cinayətsiz, xəyanətsiz, xainsiz, rüşvətsiz, yalnız müqəddəs hisslərlə cövlan eləyən “xərabat” qurur. Bütün irfan şairlərinin xəyali aləmində billur duyğular olduğu kimi Həddaddan da bu yan keçməyib.
Vüqar Əhməd,
Professor
Xalq Cəbhəsi.- 2015.- 14 may.-
S.14.