“Ermənilərin dediklərinin
hamısı yalan və böhtandır”
Bu yazıda 1905-ci ilin oktyabrında Bakıda ermənilərin
törətdikləri iğtişaşlar və qırğınlar
haqda danışılır. M.M.Nəvvab “1905-1906-cı illərdə
erməni-müsəlman davası” kitabında yazır:
“Padşahın şadlıq günündə müsəlman
camaatı “Ura” deyə-deyə küçələri
dolanır və türk dilində şüarlar oxuya-oxuya
küçələri dolanırdılar. Ruslar
öz qırmızı bayraqlarını qoyub imperatorun şəkli
ilə öz milli bayraqlarını götürüb
dolanırdılar. Müsəlmanlar da
onlara qarışıq qubernatorla birlikdə Böyük kilsəyə
gəlib dualar oxudular. Bundan sonra isə
qubernator baş keşişlə birlikdə “Qasım bəy”
məscidinə gəldilər. Orada da
dualar oxudular. Bu vaxt bərk
yağış yağdığından camaat
dağıldı. Bir dəstə kilsənin
qabağından keçərkən gördülər ki, bir
rus əlində qırmızı bayraq hündür bir yerə
çıxaraq hökümətə qarşı nitq söyləyir.
Camaat tökülüb onu tutdular və sonra
döyüb öldürdülər. Divan
da buna mane olmadı. Yenə də 20
oktyabrda dövlətin ziddinə gedən camaat cəm olub istədi
ki, həbsxananı açaraq məhbusları azad etsin, rus
qoşunu bunun qarşısını aldı. Toqquşma nəticəsində camaatdan on səkkiz nəfər
yaralandı. Həmin gün Bibi-Heybət yolunda
qırmızı bayraq qaldıranlarla milli bayraq
daşıyanlar arasında bərk vuruşma və
atışma oldu. Nəticədə bir adam
öldü, iki nəfər isə yaralandı.
Oktyabrın 23-də ruslar qubernatorun iqamətgahında məsləhət
toplantısı keçirirdilər. Bu toplantıda ermənilərdən
başqa bütün millətlərin nümayəndələri
iştirak edirdilər. Toplantıya ermənilər
özləri gəlməmişdilər. Məsləhətdən
sonra kazaklar gəlib qubernatordan erməniləri cəzalandırmağa
icazə verməsini xahiş etdilər. Qubernator
onları sakitləşdirdi.
Noyabrın
15-də Şuşa şəhərində
ermənilərin törətdikləri iğtişaşlar
haqqında Nəvvab yazır: “Məsumovlardan olan bir erməni
öldürülmüşdü. Ermənilər
bu ölüm hadisəsinin izini qəsdən gətirib müsəlman
bazarına çıxardılar və onu müsəlmanlarən
öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında
axtarış aparmağa başladı. Müsəlmanlar
bildirdilər ki, biz heç vaxt belə namərdliyə yol
vermərik. Bunu ermənilərin özləri
edib bizim üstümüzə yıxırlar ki, müsəlmanları
müqəssir etsinlər. Xülasə, çox çəkişmələrdən
sonra ermənilərin sakitləşdirilməsindən
ötrü divan bir dəstə atlı
kazak və bir dəstə piyada götürüb qubernatorla
birlikdə müsəlman meydanına gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın
hökmünə əsasən gərək ölən erməninin
meyidini verəsiniz. Əgər onun meyidi
verilməsə, bu Şeytanbazar adlanan dükanlardan gərək
bir neçə yüz manat pul toplayıb o ölən erməninin
külfətinə verəsiniz. Bir
neçə gündən sonra rus qoşunu yenə gəlib o
qərarla müsəlman bazarından keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab
qazı və əyanlarla xoş davranırdı.
Ramazan ayının 18-ci günü qubernator belə məsləhət
gördü ki, müsəlman əhli dükan-bazarı
bağlayıb toy və musiqi çala-çala
padşahın fərmanı oxunacaq böyük bir yerə gəlsinlər. Müsəlmanlar
cavab verdilər ki, bu günlər bizim əziz və təziyə
günlərimizdir. Odur ki, musiqi və toy
çalmaq olmaz. Özümüz isə
toplaşıb oraya gələ bilərik. Danışığa
əsasən müsəlmanlar dükan-bazarı
bağlayıb böyük bir izdihamla, şahın iki şəkli
və on bayraq əllərində bazardan keçərək
divanxananın qabağına gəldilər və əyanlar da
gəlib bağda qərar tutdular. Qubernator
böyük çinovniklərlə müsəlmanların
toplaşdığı yerə gəldilər. Kilsənin ətrafı kiçik olduğundan
qubernator alimlər və əyanlarla birlikdə su
anbarının üstünə gəldilər. Bura həm də hündür idi. Camaat isə əllərində bayraqlar və
padşahın şəkilləri anbarın qabaq tərəfinə
yığışdılar. Hər tərəf
camaatla dolu idi. Camaatın gurultusundan qulaq
tutulurdu. Bir atlı kazak dəstəsi
gəlib bir tərəfdə səf çəkib durmuşdu.
Bu qədər camaatın içində vur-tut beş
nəfər erməni var idi. Onlardan biri
qubernatorun yanında, dörd nəfəri isə kilsənin
qabağında dayanmışdı. Onların
birisinin adı Amrimov Mikit idi. Mən onu yanıma
çağırıb dedim:
- Baron
Mikit! Bu nə fitnə-fəsad, xəsarət və
mərdümazarlıq ki, erməni tayfası dünyaya
salıb? Xalqın
rahatlığını kəsiblər. Onlar
bu qədər tökülən nahaq qanlara, yanan mülklərə
və qarət edilən mallara bais oldular.
Mikit cavab
verdi ki, Allah-təala belə işlərə
bais olan kəslərə və cahil nadanlara qənim olsun. Biz
özümüz də mat qalmışıq, bilmirəm nə
çarə edək. Abrımız
töküldü, etibarımız kəsildi, mal və
mülkümüz isə yandırıldı və talan
edildi.
Qubernator cibindən bir kağız çıxardaraq
bildirdi ki, bu əlahəzrət imperatorun fərmanıdır. Sonra qubernator
həmin fərmanı hündür səslə oxumağa
başladı. Tərcüməçi isə camaatı
başa saldı ki, padşahınız bir neçə
işdə bizə hürriyyət, yəni azadlıq iltifat
edib:
1. Əvvəla,
milli və şəri məsələlər üzrə məsləhətləşmələr
aparmaq üçün yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil.
2. Söz
azadlığı. Yəni, özünə və
millətinə əhəmiyyətli və xeyirli hesab etdiyin məsələləri
danışmağa, yazmağa və çap etdirməyə
icazə verilir.
3. Vicdan
azadlığı. Yəni istədiyin dinə və
məzhəbə qulluq etmək.
4. Mal və
can təhlükəsizliyi. Yəni milyonlarca
malın və mülkün olsa da, bir kəs heç bir haqla
ona toxuna bilməz.
Elə ki, fərman oxunub qurtardı, qubernator əlini
yuxarı qaldırdı. Camaat da onlara baxaraq əllərini və
papaqlarını yuxarı qaldırdılar və sevinclə
“Ura” çəkdilər. Cənab
uçitel Mirhaşım bəy Vəzirzadə nitq etdikdən
sonra cənab axund Hacı molla Hüseyn Qazı hündür səslə
bir dua oxudu. Dua başa çatan kimi Ağa
Mirhaşım bəy hürriyət manifestinin elan edilməsi
münasibəti ilə şəhərin fağır-füqərasına
paylamaq üçün yüz manat pul verdi.
Onun ardınca da əlli manat, cənab qubernator
iltifat etdi. Bir sıra əyanlar da bu xeyriyyə
işinə qoşuldular. Bununla da bu təntənəli
yığıncaq başa çatdı.
Bu yığıncaqdan iki gün sonra müsəlmanlarla
erməniləri barışdırmaq üçün
qubernator müşavirə çağırdı. Müşavirədə
hər iki tərəfdən nümayəndələr
çıxış edərək öz fikirlərini söylədilər
və barışıq elan etdilər. Həmin
günün səhərisi qubernator Gəncə şəhərinə
getməyə hazırlaşırdı. Yüz
nəfərəcən müsəlman cavanlarından
atlılar silahlanmış halda qubernatorun faytonunu evdən
müşayiət edərək qərargaha gəldilər.
Bu zaman bir neçə erməni qərargaha gəlib
müsəlmanlardan şikayət etdilər. Qubernator qəzəblə
onlara baxıb acıqla dedi:
-
Artıq mənə məlum olubdur ki, siz erməni
tayfasının müsəlmanlar haqqında mənə dediklərinizin
hamısı yalan və böhtandır. Bu
şikayətlər bütünlüklə qərəzçilik
və düşmənçilik məqsədi güdür.
Qubernator ermənilərin cavabını verdikdən sonra
müsəlman atlılarının müşayiəti ilə
yola düşdü. Xan bağından bir az o tərəfə
getdikdən sonra faytonu saxlatdırıb müsəlman
atlılarına artıq dərəcədə iltifatla
razılıq edib, onların geri dönməsini məsləhət
bildi. Atlılar qubernatorla xüdahafizləşib
geri döndülər. Atlılar gurultu ilə
şəhərə daxil olarkən ermənilər vəhşətə
düşdülər. Onlar belə xəyal etdilər
ki, bu atlı müsəlman erməni-müsəlman
davasını təzələmək üçün kəndlərdən
cəm olub davaya gəldilər. Mətləb
aydın olandan sonra ermənilər sakitləşdilər.
Fitrə bayramı günü bütün alimlər,
seyidlər və əyanlar məscidə toplaşıb ermənilərlə
davada məzlum və şəhid olanlar üçün təziyə
tutub Quran oxuyurdular. Bu zaman erməni xəlifəsi bir
neçə keşiş və camaatın nümayəndələri
ilə məscidə gəlib müsəlmanların
bayramını təbrik etdilər, sülh və əmin-amanlıq
yaratmaq üçün camaatla görüşüb
qayıtdılar.
Şəvval ayının səkkizinci günü belə
bir xəbər yayıldı ki, Dilicanda yol gələrkən
Qərvənd tərəfdə dörd erməni
öldürülüb. Odur ki, təhqiqat aparmaq üçün
bir neçə müsəlmanı yoldan geri
qaytarmışlar. Bu deyilən əhvalat
baş verən gün ermənilər Yel dəyirmanı deyilən
qayanın üstündən, aşağı yolla odun gətirən
Xəlfəli bir müsəlmanı güllə ilə vurub, ölümcül
yaralamışdılar. Müsəlmanlar
onu gətirib Qalada öz xəstəxanalarına qoyduqdan sonra
divana hadisə ilə bağlı məlumat vermişdilər.
Kərbəlayi Məhəmməd adlı bir
yaxşı papaqçı var idi. O tikdiyi papaqların bir qismini
aparıb erməni bazarında satardı. Ermənilərin
namərdliklərindən yaxşı halı olan adamlar Kərbəlayı
Məhəmmədi erməni bazarına getməkdən çəkindirməyə
çalışırdılar. Mən
özüm (M.M.Həvvab) iki dəfə onun erməni
bazarına papaq apardığını görüb, məzəmmət
etmiş və erməni bazarından əl çəkməsini
ona təkrar-təkrar demişdim. Bu məsləhətləri
qulaqardına vuran Kərbəlayi Məhəmməd həmin
günün axşamı, yəni şəvval ayının
8-ci günü bir neçə papaq götürüb satmaq
üçün yenə erməni bazarına gedir. Ermənilər onu bir hiylə ilə daldaya çəkib
öldürmüş, cəsədini isə gizlətmişdilər.
Yenə həmin gün ermənilərə xəbər
gəldi ki, Turşsuyun yolunda müsəlmanlar iki erməni
öldürüb, başlarını kəsiblər. Bu xəbəri
eşidən kimi, bir dəstə erməni cavanı silahlanaraq
fəryad çəkə-çəkə ermənilər
öldürülən tərəfə yollandı. Bazarda alış-verişlə məşğul olan
ermənilər bu fəryadı eşidən kimi həyəcanlı
şəkildə dükanlarını bağlayıb meydana
yığıldılar. Hər tərəfdən
müxtəlif çağırış və haray səsləri
gəlirdi. Rus tayfasından olan bir nəfər
bu vəziyyəti görən kimi qaçıb divanxananın
qabağına gəldi. Burada o, müsəlmanlara xəbər
verdi ki, nə durmusunuz, ermənilər
davaya hazırlaşırlar, bu saat sizin üzərinizə
hücuma başlayacaqlar. Bu xəbəri müsəlmanlara
çatdırdıqdan sonra həmin rus qoşun hazır olmaq
üçün zəng çaldı.
Bu xəbəri eşidən müsəlmanlar
dükanlarını bağlayıb silahlandıqdan sonra səngərlərə
qaçdılar və davaya hazır vəziyyət aldılar. Ermənilər
də kilsələrin damında, evlərdə və
küçələrdə hazırladıqları səngərlərə
doluşmuşdular. Divan əhli əhvalatdan
xəbərdar olan kimi bir dəstə əsgər
götürüb, musiqi çala-çala erməni məhəlləsindən
keçərək müsəlman məhəlləsindən
bazara gəldilər. Camaat əhvalatdan xəbərdar
olan kimi sakitləşərək hərə öz yerinə
qayıtdı”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 14 may.- S.13.