Yalan gəlməz dilimizə...
Qədim
oğuz eposlarının ilkini sayılan «Oğuz Kağan»
dastanı oğuzların təkamül yolunu və
böyük dövlət quruluşunu yaşatdığı
kimi, «Dədə Qorqud» boyları da onun motivləri zəminində
Oğuz tayfa birliklərinin son mərhələsini və
parçalanma prosesini, bu parçalanmanın səbəblərini
özündə əks etdirir. Əlbəttə,
«Dədə Qorqud» boylarının zəngin mündəricəsi
yalnız təkcə «Oğuz Kağan» dastanından bəhrələnməyib,
hətta ən qədim «Bilqamıs» eposundan, eləcə də
digər türk dastanlarından yararlanıb. Şübhəsiz, «Kitabi-Dədə Qorqud» kimi əzəmətli
bir epos özündən sonra yaranmış dastanlara da təsirsiz
qaymaya bilməzdi. Bəzi tarixi və tipoloji müqayisələr
və paralellər göstərir ki, «Dədə Qorqud»
boylarının xələfləri olan «Koroğlu»,
«Aşıq Qərib», «Novruz-Qəndab», «Əsli-Kərəm»,
«Bəhram şah» və bu qəbildən olan orta əsr
dastanları «Dədə Qorqud» boylarının motivləri əsasında
yaranmış və ya ondan bəhrələniblər. Bu bəhrələnmə ayrı-ayrı boyların
süjetində, qəhrəmanların mübarizəsində,
həm də tarixi məqamlarda və mifik görüşlərdə
aydın nəzərə çarpır.
Ulularımıza
hörmət və ehtiram əlaməti olaraq,
soy-kökümüzdə işlənən, ağsaqqal
sözünü özündə ifadə edən «dədə»
sözü ilkin olaraq Qorqud Ataya nəsib olub, Dədə
Qorquddan sonra bu adı Kərəm qazanıb. Dədə Kərəmdən
sonra çox az sənətkar – Dədə Yediyar, Dədə
Qasım, Dədə Ələsgər, divan ədəbiyyatından
isə dahi Dədə Füzuli bu adı qazanıblar.
Çoxmənalı «dədə» sözü həm də
xalq arasında öz sənəti ilə daha çox
şöhrət qazanan, sevilən, saysız-hesabsız
şagirdlər yetişdirən, sənətdə silinməz
izlər qoyan sənətkarlara xalqın verdiyi ən ali tituldur. Dədə Qorqud da bu
titulu özündə daşıyan, keçmişdən və
gələcəkdən xəbər verən, qaibdən
dürlü xəbərlər söyləyən, haqdan könlünə
ilham gələn imam fövqünə yüksəlmiş bir
şəxsiyyətdir.
Qaibdən xəbər vermək, gizli mətləbləri
oxumaq və haqq vergisi Dədə Kərəmə də nəsib
olub. Kərəmin haqq aşığı
olub-olmadığını yoxlamaq üçün onu bir
neçə dəfə sınaqdan keçirirlər. Hətta bir nəfəri kəfənə
büküb ölü adı ilə qəbiristana aparırlar
və Kərəmdən ölü namazı
qılmasını xahiş edirlər. Kərəm hələ
uzaqdan bu mərasimin yalandan düzəldildiyini duyub Sofi lələsinə
bildirir:
Sofi gedək
yolumuza,
Yalan gəlməz
dilimizə,
Bir cənazə
önümüzə
Gətirirlər gülə-gülə.
Kərəmin
oxuduğunu görən paşa acıqlanıb deyir: -
Aşıq, biz sənə dedik namaz qıl, demədik oxu. Kərəm
soruşur: Ölü namazı, ya diri namazı?
Paşa Kərəmin
məsələni başa düşdüyünü
görüb deyir:
- Sağ
ol, aşıq. Sən doğrudan da haqq
aşığısan. Düzdür, o,
ölü deyil, diridir.
Kərəm
isə bir ah çəkib deyir:
- Yox,
paşa, mən bayaq deyəndə diri idi. Amma
indi öldü.
Kəfəni açıb görürlər ki,
doğrudan da kişinin bağrı çatlayıb
ölüb.
Dədə Kərəm haqqında belə rəvayətlər
çoxdur. Dədə Kərəm hansı obaya, elə,
hansı şəhərə ayaq qoyursa, öz dərdinə,
kədərli ərzi-halına dair dərin hüznlü
sözlər oxuyur, onu hər yerdə haqq aşığı
kimi tanıyırlar.
Əslinin
sorağını alan Kərəmlə
Sofi bir şəhərə yaxınlaşırlar. Birdən Kərəm dayanır. Sofi
soruşur ki, niyə dayanmısan? Kərəm
deyir ki, Əsli burada yoxdur. Sofi şəhərə
gedib öyrənir ki, doğrudan da keşiş Əslini
buradan da qaçırıb. Başqa epizodlarda isə
Əslinin düşdükləri şəhərdə
olmasını Kərəm hiss edir. Hər
şey ona əyan olur. Yaxud Kərəmin
haqq aşığı olduğunu sınamaq üçün
gözlərini bağlayıb altı qızı onun
önündən keçirirlər. Kərəm
onların altısının da adlarını bir-bir deyir.
Kərəm ayaq basdığı bütün
el-obada, şəhərdə, kənddə,
düşdüyü məclislərdə haqq
aşığı olduğuna adamları inandıra bilir.
Boylarda
deyildiyi kimi, Dədə Qorqud öz zamanının qüdrətli
ozanı, mahir söz düzüb qoşanı olub, dastanın
müqəddiməsindəki Dədə Qorqud söyləmələri
də, boylardakı şeirlər də Qorqud Dədənin
dilindən deyilib.
Kərəm də Əslinin ardınca getdiyi yerlərdə
qoşduğu sözlərdəki şikayətlər,
ömür haqqında mühakimələr, həyatın fəlsəfi
məqamları, insanın daxili hissləri, duyğuları, məclislərdə
geniş yayılıb, zərb-məsələ çevrilib. Sanki Dədə
Qorqud qüdrəti ruhən Dədə Kərəmə
keçib. Dastanlarımız arasında ən çox
yayılan, səsi-sorağı Çin səddindən
Bolqarıstana, Macarıstana gedib çıxan bütün
Şərqdə adı «Leyli və Məcnun»la bərabər
xatırlanan Dədə Kərəmin faciəli həyat
yolundan bəhs edən «Əsli-Kərəm» dastanıdır. Dədə Qorqudla Dədə Kərəmin müxtəsər
müqayisəsindən sonra boylardakı hadisələrlə
«Əsli-Kərəm» dastanındakı bəzi məqamlara
diqqət edək.
Oğuz qəhrəmanlarından Baybura ilə Baybecan
sonsuzdurlar. Onların övladları yoxdur. Məsləhətləşib
yoxsullara əl tuturlar, dövlətlərindən şülən
verirlər və əhd-peyman bağlayırlar. Kimin oğlu, kimin qızı olsa, uşaqları
göbəkkəsmə etsinlər. Zaman
yetişir. Bayburanın oğlu,
Baybecanın qızı olur. Uşaqlar
bir-birini görmədən böyüyürlər. Oğlan 15 yaşına çatanda qəhrəmanlıq
göstərdiyinə görə Dədə Qorqud ona Bamsı
Beyrək adı verir. Beyrək ov zamanı
ceyranı qovur və bir çəmənlikdə qurulmuş
çadırın yanında onu vurur. Qızların
xahişi ilə ovu onlara pay verir. Məlum olur
ki, çadır Banıçiçəyindir. Beyrək Banıçiçəklə
nişanlı olsalar da, ilk dəfə burada
görüşür, bir-birilərini sınaqdan keçirirlər.
Sınaqlarda Beyrək üstün gəlib
barmağındakı üzüyü Banıçiçəyin
barmağına taxır, onu öpüb əhd-peymanla
ayrılır.
Eyni hadisələr olduğu kimi «Əsli-Kərəm»
dastanının əvvəlində də baş verir. Kərəmlə Əslinin
də atalarının sonsuz olmaları, nəzir-niyaz vermələri,
əhd-peyman bağlamaları, Kərəmlə Əslinin
dünyaya gəlmələri, ov zamanı Kərəmin tərlanı
və ceyranı ilə bağda Əsliyə rast olması, Kərəmin
Əsli ilə ilk görüşü, barmağındakı
üzüyü çıxarıb Əslinin barmağına
taxması və əhd-peyman bağlamaları «Dədə
Qorqud»dakı adı çəkilən boyla oxşar süjet
təşkil edir.
Bəllidir ki, «Dədə Qorqud» boyları müxtəlif
zaman kəsimlərində yaransa da, boyların bir çoxu
islamın Şərqdə geniş yayıldığı
dövrlərlə daha çox səsləşir. Boylarda qəhrəmanlar
qələbə çaldıqdan sonra kilsəni uçurub
yerində məscid tikirlər. Əlbəttə, dastan
yazıya alınarkən islam kultu
ayrı-ayrı epizodlarda daha aydın hiss olunur. «Əsli-Kərəm»
dastanındakı müxtəlif dinlərə məxsus gənclərin
sevişməsi motivi islamın təşəkkül
tapdığı dövrlərlə səsləşir.
Dastan orta əsrlərdə ibtidaidən mürəkkəbliyə
doğru təkamül yolu keçsə də, onu qədim
dövrlərlə bağlayan bir çox rəvayətlər
var. Türk variantlarının bəzilərində Kərəm
(İsfahan variantında) Harun ər-Rəşidin oğludur.
Şübhəsiz, bu variant orta əsrlərdə
yaşamış bir ozan təxəyyülünün məhsulu
olsa da, Harun ər-Rəşidin türk qadını Zübeydə
xatunun, onun oğlu Eminin faciəli ölümünü yada
salır.
Kərəm və Kərəm faciəsini islamın
ilkin yayıldığı dövrlərə çəkib
aparan belə əfsanə və rəvayətlər
çoxdur. Kərəm tərsa qızı Əslini sevib onun
arxasınca diyar-diyar gəzir, gedib Qeysəriyəyə və
Hələbə çıxır, orada Qara Məliyin tilsiminə
düşür. Qanlı Qoca oğlu
Qanturalı da Trabzona gedib təkur qızı Selcan xatunun
şirləri və buğaları ilə döyüşməli
olur. Göründüyü kimi, islamı
qəbul etmiş hər iki qəhrəman – Kərəm də,
Qanturalı da başqa dinlərə mənsub olan
qızları sevirlər. Bir çox
dastanlarda olduğu kimi, burada da məhəbbət bütün
maneələri yarıb ya cismən, ya da mənən qalib gəlir.
«Qazan
xanın evinin yağmalanması» boyunda Qazan xan evini talayıb
anasını, arvadı Burla xatunu, oğlu Uruzu aparan kafirin
yurduna doğru yola düşür, yolda önünə
çıxan sudan soraq alır.
- Su haqq
didarın görmüşdür. Mən bu suyla xəbərləşib
dedi:
Çığnam-çığnam
qayalardan axan su!
... Ordumun
xəbərin bilirmisən degil mana!
Qara
başım qurban olsun, suyum sana!
Qazan sudan keçib qurdla rastlaşır. «Qurd
üzü mübarəkdir, qurdnan bir xəbərləşəyim»
deyir:
Qaranqu
axşam olanda günü doğan!
Qar ilə
yağmur yağanda ər kimi duran!
Qaraqoç
atları kişnəşdirən!
Qızıl
dəvə gördüyündə bozlaşdıran!
Ağca
qoyun gördüyündə quyruq çırpıb
qamçılayan!
Arxasını
urub bərk ağılın ardın sökən! Qanlı
quyruq üzüb çap-çap udan!
Avazı
qaba köpəklərə qovğa salan!
Ordumun xəbərin
bilirmisən, degil mana!
Qara
başım qurban olsun, qurdum sana!
«Əsli-Kərəm»
dastanında Qara Məlik də Əslini qaçırarkən
Kərəm yollarda:
Əslinin
keçdiyi yurdlar,
Kərəmin
çəkdiyi dərdlər,
Qoyunları
yeyən qurdlar
Qurdlar, Əslini gördüzmü?
- deyə qurdlarla xəbərləşir, Qazan
xan kimi çaydan yarını xəbər alır:
Abi-həyat
kimi daim axarsan,
Haqqın
camalına hərdəm baxarsan,
Dolana-dolana
evlər yıxarsan
Mənim Əslim buralardan keçdimi?
Belə bir bədii sualın cavabına Kərəmin qəbiristanlıqda
kəllə ilə, viranə şəhərlə söhbəti
aydınlıq gətirir. Kərəm lələsi
ilə gedərkən bir qəbiristanlıqdan keçməli
olurlar. Kərəm görür ki, uçulub dağılmış
qəbirin üstündə bir quru kəllə var. Kərəm
əyilib kəlləni götürür, tozunu silib təmizləyir,
o tərəf, bu tərəfinə baxıb deyir:
- Sofi lələ,
bu quru kəlləni görürsənmi? Bir
zaman bu da bizim kimi insan imiş. Bir zaman
olacaq biz də belə olacayıq. Qoy bu kəllədən
bir neçə söz xəbər alım.
Dədə Kərəmin sualına dil açıb cavab
verən kəllə bildirir ki, mən baxçalarda gül
kimi açılmış, bütün elmlərə yiyələnən
Loğman idim.
Ömrün altmışını
ötürüb yüzə ayaq qoymuşdum, mal-dövlətimin
sayını bilməzdim. Axirət ağlıma
gəlmədi. Ölən vaxt tamam
ixtiyarlanmışdım. İndi yüz on
ildir burada yaşayıram.
Kərəmlə Sofi yolda bir şəhər
xarabalığına rast gəlirlər. Kərəm dayanıb Sofi lələsinə
deyir:
- Sofi lələ,
bir zaman varmış ki, bu şəhərdə adamlar
dövran sürmüş. Dayan soruşum,
görüm bu şəhər niyə xaraba qalıb? Adamları necə olub?
Səyyah
olub bu aləmi gəzərkən,
Rast gəlmişəm bu viranın daşına.
Söylə
viran, viran zamannan bəri sən
Nə gəlmişdi, nə gələcək
başına?
Kərəmin
sözünə viran dilə gəlib dedi:
Həzrəti
Nuhun zamanından bəri,
Əmr-haqla nələr gəldi başıma.
Başıma
gələni söylədim sənə
Gör nə zəhər qatılıbdı
aşıma.
Üç
yüz altmış çeşmələrim axırdı,
Gözəllərim
seyrangaha çıxardı,
Xanımlarım
ləli-gövhər taxardı
Baxmazmısan xan yerində daşıma.
Çoxlu
iyidlərim vardı burada,
Kimi saz çalardı, gəzib orada.
İndi
viran olub qaldım arada
Viranam, onları çəkdim döşümə.
Deməli, «Dədə Qorqud» boylarının sonunda
«Hanı gördüyün bəy ərənlər, dünya
mənim deyənlər» bədii sualına Dədə Kərəmlə
kəllənin deyişməsində cavab tapırıq. Sanki Dədə
Kərəm Dədə Qorqud dünyasının Oğuz bəylərini
tamamlayır. Deyişmədə Kərəmlə
kəllənin ifadələri də Dədə Qorqudun dilinə
xeyli yaxındır.
«Dədə Qorqud» boylarında Oğuz tayfa birliyinin
dağılması «Əsli-Kərəm»də
xatırladığımız hadisələrlə
yaxından səsləşir. Sanki Dədə Kərəm
ulu Dədə Qorqudun xələfi olaraq Oğuz
tayfalarının son faciələrini «Əsli-Kərəm»
dastanında yaşatmaq istəyib. Bütün
bunlar Dədə Kərəmin ulu Dədə Qorqudun xələfi,
onun davamçısı olması qənaətini doğurur.
Qara Namazov
professor
Xalq Cəbhəsi.-
2015.- 16 may.- S.14.