Gətirdin Bakımın, Təbrizimin istisini mənə...

 

Danışdım gecə-gündüz ana dilimdə, ah, şirinlik duydum...

 

Qulamrza Səbri Təbrizinin əsərlərində vətən sevgisi, vətən hissi bəşəri sərvətlərin anlayışı ilə olduqca yetkin zəngindir. Vətənə məhəbbət Səbri Təbrizinin misralarında mücərrəd, patetik hissdən uzaqdır, bu hiss həmişə konkret fərdidir. Vətən şairin lirik qəhrəmanını təsəvvüründə, anlamında doğma, isti, əvəzsiz yurddur, ocaqdır. Buna görə o, harda olsa, fikrən, ruhən doğulduğu, böyüyüb boya-başa çatdığı ocaqdan bir an belə ayrılmazdır.

Şübhəsiz ki, ocağa, doğma yurda bu cür bağlılıq qətiyyən məhdud hiss adlandırıla bilməz. Çünki şairin lirikasında vətən hissinin konkretliyi, milli özünəməxsusluğu aparıcı qüvvədir. Onun lirik qəhrəmanı dünyanın harasında olursa-olsun, xəyalən kəndə, anasının qərar tutduğu ocağa qayıdır. Şairdəbu qayıdışmənəvi qaynaqdan, ocaqdan ayrılmamaq təzahürüdür. Onun lirikasında insan bu qayıdış sayəsində xaraktercə bütövdür. Şairin poetikmən”i hisslərin mübarizəsindən, dramatizmindən mənən zəngin, nikbin şəxsiyyət kimi çıxır.

1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlərin yaradıcılığında folklora qayıdış, xalq adət-ənənələrinə sıx bağlılıq, onların lirik qəhrəmanlarının doğulub boya-başa çatdıqları kəndə olan güclü meylləri, sevgisi ilə bağlıdır. Kimsədə şübhə doğurmur ki, folklor elementlərini, xalq adət-ənənələrini dərindən mənimsəmək, bilmək, öyrənmək üçün kənd misilsiz vasitədir. İnkişaf etmiş şəhərlərdə bir çox unudulanları hökmən kənddə axtarmaq lazımdır bunu da etiraf etmək lazımdır ki, kəndin verdiyi milli qaynaqları şəhər heç zaman verə bilməz. Kənddə nənələrimizin yun didərkən, cəhrə əyirərkən, nehrə çalxalayarkən, palaz toxuyarkən oxuduqları bayatılar, nəğmələr, söylədikləri rəvayətlər, hekayətlər keçmişlərdən süzülüb gələn xalq həyatını gözümüzn önündə gözəl bir şəkildə canlandırır. Hələ nehrə çalxalamağın, pendir tutmağın, cəhrə əyirməyin, xalça-palaz toxumağın folklor nişanələri, xalq adət-ənənələrinin göstəricisi olmasını da bura əlavə etsək, onda folklor ab-havası ilə yaşayan kəndlə şəhər həyatı arasında xeyli fərq görərik. Qulamrza Səbri Təbrizinin bir sıra şeirlərindəki poetikmən”i şəhər qayğılarının əhatəsindədir. Bu şəhər hardadır - Avropadadır, Amerikadadır, fərqi yoxdur, səsli-küylü, gecə-gündüz qaynayan, avtomobillərinin sürəti, insanlarının cürbəcür donlara düşməsi ilə sanki zamanı qabaqlayan, gələcəyə daha tez çatmaq üçün tələsən şəhərdir. Şübhəsiz ki, bütün bunlar şairin poetikmən”ini öz təzyiqi altına alır. Ancaq o, öz fikri, hissi ilə doğulduğu kəndə bağlıdır. Ona görə imkan tapan kimi xəyalən kəndə qayıdır; o kəndə ki, orda onun uşağlıq xatirələri yaşayır. Qulamrza Səbri Təbrizinin qəhrəmanı üçün bu qayıdış-vətəndaşlıq yetkinliyinin əsas səbəblərindən biridir:

 

Ana!

Ay ana!

Ah, kaş olaydım

Bir dərya,

Balıqlar üzəydilər

Sularımda,

Ya bir ovuc torpağa

dönəydim.

Açaydı çiçəklər

Köksümdə.

Göy üzünün günəşi

Saralıb sönərkən,

Kəndimizin sürüləri

Örüşdən dönərkən

Sinəmdən adlayıb

Keçəydi.

Ya heç olmasa,

Bir əsim yel olub

Sarılaydım

Tənha çinarların

yarpaqlarına.

Ya da çiskin yağışa

dönüb,

Səsiz-səmirsiz

Qarşaydım torpaqlarına.

 

Qulamrza Səbri Təbrizinin şeirləri belə bir nəticə üçün əsas verir ki, şair gerçəkliyin aktual ictimai cəhətdən əhəmiyyətli tərəfini əks etdirməklə əsərlərində forma, ifadə vasitələri cəhətdən müəyyən yeni cizgilər mənimsəyir. Gerçəkliyin məzmunu poetik əsərin formasına, emosional-obrazlı vasitələrinə təsirsiz qalmır. Şairin lirikası subyektiv-şəxsi başlanğıca daha çox meyllidir. Biz zamanı, dünyanı lirikada şairinmən”i vasitəsilə qavrayır mənimsəyirik. Şairin lirik qəhrəmanının bir cəhəti öz əslinin, ilkinliyini, milli xarakterini dərk etməyə çalışması da çox mühümdür:

 

Uzaq Britaniyada

Şimal sularında üşüyən adada

Gətirdin Bakımın,

Təbrizimin istisini mənə.

Odunu, ocağını, tüstüsünü mənə.

Danışdım gecə-gündüz ana dilimdə,

Ah, şirinlik duydum dilimdə.

Çıxardım içimdən, varlığımdan

İllərcə yorğun həsrəti.

Unutdum ayrılığı, qürbəti.

Heç bilmədim zaman necə vərəqləndi,

Günlər necə bitdi.

İndi məni tərk edib gedirsən

Dayanıb baxıram lal kimi.

Vətənə döndüyünçün

Səni əyləməyə dilim gəlmir.

Gözlərimin qabağındaca

Çıxıb gedirsən.

Qucaqlaşıb ayrılırıq

ikimiz həyəcanlı,

Səni vətən gözləyir,

Məni vətən həsrəti.

 

Göründüyü kimi, Qulamrza Səbri Təbrizinin yaradıcılığını əsasən vətən həsrətilə, doğma Azərbaycan dili məhəbbətilə, vətənin parçalanması fəryadı ilə yazdığı şeirlər əhatə edir.

Onu da qeyd etmək lazımdır ki, 50-80-ci illər Cənubi Azərbaycan şeirinin siyasi-ideoloji fəthinin qüvvətləndiyi bir dövr idi. 1950-1980-ci illərdə yazıb-yaradan Cənubi Azərbaycan şairlərinin poeziyasında şaha qarşı qarşısıalınmaz bir üsyan vardı. Bu üsyançıların önündə, özü tək poeziyasının dili ilə deyil, fiziki varlığı ilə xalqın azadlığı, milli istiqlalı, hürriyyəti uğrunda hər əzaba qatlaşan, cəmisi 28 yaşında ikən Rza şahın cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Əlirza Nabdil Oxtay da vardı. Əlirza Nabdil Oxtayın heyrətamiz dərəcədə vətənpərvər olmağı çoxlarında heyrət doğururdu. Ortaya belə bir sual çıxırdı: bu gəncin inanılmaz dərəcədə vətəni sevməyinin, xalqının, millətinin, xalqın azadlığının yolunda hər an canını qurban verməyə, şəhid olmağa hazır olmağına səbəb idi?

Bəkir Nəbiyev yazır: “Oxtayın əsərlərində qüvvətli bir xəlqilik hakimdir. Onun xəlqiliyi birinci növbədə müəllifin vətən tarixinin mühüm mərhələlərinə, xalq mənəviyyatının incəliklərinə, Azərbaycan xalqının real əfsanə qəhrəmanlarına yaxından bələd olması ilə şərtlənir. Təsadüfi deyil ki, “Qılınc nağılışeirində təsvir olunan nurani qoca bu dünyadan köçərkən öz övladları üçün var-dövlət, cəvahirat yox, babalardan qalma bir qılıncı irs kimi qoyub gedir. Özü bu qılınc:

 

Domrulun əlində ev quran imiş,

Koroğlu belində xan qovan imiş.

Şah İsmayıl çağı topqıran imiş,

Səttarxandan bəri qalmış qınında”.

 

Tarixin əsl yaradıcısı bərbəzəkli saraylarda eyş-işrətə dalan harın hökmdarlar yox, həmin sarayların daşlarına ikinci həyat vermiş qabarlı əllərin sahibləri, el yolunda canından keçən zəhmət adamlarıdır. Ona görə əzəmətli saraylar yalnız o zaman pak ürəkaçandır ki, onların divarları arasında firon təbiətli dərəbəylər hökmranlıq etmirlər. Soltaniyyə sarayışeirində başqa əsərlərində Ə.Oxtayın xalq tarixinə baxışı belədir.

Bir şair kimi Ə.Oxtayın qəlbində xalq şeirinə, sənətinə, el sözlərinə məhəbbət o qədər güclü idi ki, doğma obaları dolasarkən eşitdiyi folklor nümunələrinə biganə qala bilmir, onları qeydə alır, hətta bəzilərini eynilə özünün gələcəkdə nəşr etdirmək niyyətində olduğunu kitabına salırdı:

 

Qaladan qalaya üç qızıl günbəz,

Hər birin dindirsən, heç biri dinməz.

Bacısı göyçəyin heç üzü gülməz,

Ay gedən yoldaşlar, dayanın gəlim!”

 

Danılmaz bir həqiqət var. Vətəni, torpağı həqiqətən sevən insanlar hökmən vətən, torpaq, xalq üçün lazımlı bir görürlər. Bəziləri isə Əlirza Nabdil Oxtay kimi qanıyla, canıyla, qələmiylə vətənə öz intəhasız sevgisini bildirir. Bu cür insanlar daim xalqın qəlbində yaşayırlar.

 

Vüqar Əhməd

professor

Xalq Cəbhəsi.- 2015.- 21 may.- S.14.