Ərzrumun gədiyinə
varanda...
Dədə Kərəm – Məcnun və Fərhadla eyni
səviyyədə dayanan Şərqin məşhur məhəbbət
cəfakeşidir. O, daha çox «Əsli-Kərəm» dastanının qəhrəmanı
kimi şöhrət qazanıb. Tədqiqatlar
göstərir ki, əksər dastanlarımızın qəhrəmanları
kimi Kərəm də ustad aşıqlar tərəfindən
uydurulmuş bədii surət deyil. O, nadir istedadlı saz
və söz sərrafı olub. Kərəmi
real şəxsiyyət kimi təsdiq edən
folklorşünaslar onu daha çox XVI əsrlə
bağlayırlar. Lakin dastanın
özündəki bəzi hadisələr, müşahidə
və dəlillər Kərəmi daha çox XIV əsrə
aparır. Kərəmin qədim
ozan-aşıq məktəbinə daxil olduğunu və xeyli
qədimlərdə yaşadığını söyləməyə
imkan verən dəlillərdən biri də onun başqa dastan
qəhrəmanlarından fərqli olaraq daha çox mifikləşdirilməsidir.
Dədə Qorquddan sonra xalq ədəbiyyatında dədə
titulunu daşıyan (Dədə Yediyar, Dədə Qasım və
b.), hadisələri qabaqcadan xəbər verməyi bacaran, adi
adamların dərk edə bilmədiyi mənbələrdən
agah olan sənətkarlardan və dastan qəhrəmanlarından
ən qüdrətlisi də məhz Dədə Kərəmdir.
XIII-XIV əsrlərdə xalq dilinə olan ögey
münasibət Dədə Kərəm kimi məşhur
ozanların ədəbi irsinin yazıya
köçürülüb yayılmasına imkan verməyib. Lakin Kərəmin
şeirləri dillərdə dolaşıb, yaddaşlarda
qorunub, daha da cilalanıb, onların müxtəlif
variantları yaranıb.
Kərəmin
adı ilə bağlı şeirləri üç qismə
bölmək olar:
«Əsli-Kərəm» dastanında istifadə olunmuş
şeirlər; Kərəm tərəfindən söylənmiş,
lakin dastana daxil edilməmiş şeirlər; Kərəmin xələfləri
– ozanlar və aşıqlar tərəfindən
yaradılıb Kərəmin adı ilə
bağlanmış şeirlər. Dastana daxil edilməmiş
müstəqil şeirlər Orta Asiyada, Türkiyədə və
Qafqazın müxtəlif xalqları arasında o qədər
geniş yayılıb ki, onları Kərəm haqqında
söylənmiş başqa ozanların şeirlərindən
ayırmaq çətindir. Bu münasibətlə M.H.Təhmasib
yazır: «Kərəm Dədə aşıq tərzində
yazan qüdrətli bir aşıq-şair olub. Onun dastandan
başqa yüzlərcə müstəqil qoşması, gəraylısı
var. Kərəm Dədənin yalnız dastan qəhrəmanı
deyil, tarixi bir şəxsiyyət, bir ədəbi sima
olduğunu göstərən şeirlər, bəndlər,
misralar da az deyil:
Başına
döndüyüm ay Dədə Kərəm,
Gözlərim
tor görür, ürəyim vərəm,
Dəryalar
mürəkkəb, meşələr qələm,
Mollalar yazdıqca dərdim var mənim.
Dədə Kərəmin şeirlərindəki dərin
məzmun, yüksək bədii dil və poetik ifadə vasitələri
göstərir ki, onun yaradıcılığı zəngin ədəbi
mühitdə formalaşıb. Onun keşiş Əslini ilk dəfə
qaçırarkən boş qalmış yurda baxıb dediyi
bayatıdakı məcaza diqqət yetirək:
Eləmi
dərdə sərəm,
Bağlanıb dərdə Kərəm.
Qoşaram
qəm kotanın
Sürərəm, dərd əkərəm.
Kərəmin şeirlərində Məcnunun Fərhad,
Vərqa, Qəmbər, Loğman, Mənsur və başqa məhəbbət
cəfakeşlərinin adlarını çəkib öz
taleyini onların taleyi ilə bağlayır. «Bir kamil ustaddan dərsimi
aldım» deyən qüdrətli söz ustadı Azərbaycan
dilinin zənginliyindən istifadə edib təcnisin nadir və
kamil nümunəsini yaradıb:
Öldüm,
öldüm, Əslim, sənin əlindən,
Yandı sinəm, bir də göstər yara üz.
Həmişə
üstündə titrədi canım,
Cəsəd dərdli, könül dərdli, yara üz.
...Dərdli
Kərəm deyər, qurban yar üçün,
Kəs
ciyərim, doğra bağrım, yar için,
Yar odur
ki, yar yolunda yar üçün
Dərd-qəm çəkə, yaş axıda, yara
üz.
Belə
musiqili şeir dilinə malik olan Kərəm həm də
qopuz-saz havalarının nadir növlərini bəstələyib:
Kərəmi, Yanıq Kərəm, Zarıncı Kərəmi,
Kərəm gözəlləməsi, Sallama Kərəmi və
s. Sonralar Kərəm şeirlərinə əlavələr
edildiyi kimi Kərəm havalarına da yeni-yeni havalar əlavə
olunub (Şikəstə Kərəmi, Şirvan Kərəmi)
və muğam havaları ilə
qarışdırılıb.
Kərəmin şeirləri, yaratdığı havalar və
dastanlar vaxtında yazıya alınmadığından ciddi təhriflərə
uğrayıb, özünün adı isə şeirlərinin
son bəndlərində yaşayıb, bir də «Əsli-Kərəm»
dastanının qəhrəmanı kimi əbədiləşib. Dədə Kərəmin
adı ilə bağlı olan «Əsli-Kərəm» dastanı
Azərbaycan dastanları sırasında xüsusi yer tutur.
Dastanın əldə olan iki variantında (Gəncə
və İsfahan) xan oğlu Kərəm müsəlman, sevdiyi
Əsli isə keşiş qızı – ermənidir. Sevgililər
arasında din elə bir Çin səddi çəkir ki, bu səddi
aşmaq məhv olmaq deməkdir. Buna
baxmayaraq bu iki gəncin məhəbbəti o qədər saf, təmiz
və ülvi hisslərdən yoğrulub ki, onlar
ayrı-ayrı dinlərə mənsub olsalar da məhəbbəti
ondan uca tuturlar.
Kərəmin əsil adı olan Mahmudun mənası Ay
ilə bağlıdır. Əsli isə yer,
torpaq, kök, məhvər (güman ki, Asiya qitəsinin
adı ilə bağlıdır) mənasındadır. Dastana astral görüşlərlə yanaşsaq,
onda Əsli (Yer) ilə Kərəmin (Mahmud – Ay) məhəbbəti
Ayla Yerin məcazi eşqi kimi təsəvvür
olunmalıdır. Maraqlıdır ki,
Mahmudun anası Qəmərbanunun adı da Ayla
bağlıdır. Hətta atası Ziyad
xanın adı da işıqla – Günəşlə əlaqəlidir.
Əslinin atası Qara Məlik isə zülmət
mənasındadır. Belə
görünür ki, işıqla zülmət əks
qütblərdə dayanıb barışa bilmədikləri
kimi Əsli ilə Kərəmin eşqi də bir məcraya
sığışıb qovuşa bilmir. Diqqət
edilsə, belə astral-mifik təsəvvürlər
«Əsli-Kərəm» dastanını daha qədimlərə
aparır. Dastanın astral görüşlərlə
bağlılığı, həm də bir sıra qədim
süjetlərlə oxşarlığı onu az
qala İslama keçid dövrünə də
yaxınlaşdırır. Bu cür yaxınlıq «Dədə
Qorqud» boyları ilə «Əsli-Kərəm» dastanı
arasında da var. Məsələn, «Bamsı Beyrək» boyunda
bu yaxınlığın izlərini görürük. Hər iki dastanda atalar övladsızdırlar. Uşaqlar nəzir-niyazla anadan olur və “göbəkkəsmə”
adlandırılırdılar. Hər iki əsərdə
gənclər adaxlı olduqlarına baxmayaraq, ov zamanı
qızın evi yanında görüşürlər (hətta
demək olar ki, bu görüşlərin təfərrüatı
da eynidir). Özünün kim
olduğunu nişan vermək, sonra da üzüyü
qızın barmağına keçirmək və s. hər
iki dastanda təkrar olunur. Yeri gəlmişkən
xatırladaq ki, Kərəm şikayətlərinin birində
hətta «Ağqovaqqız – Beyrək bəyinin dəngi» deyə
Beyrəyin adını da xatırlayır.
«Qazan xanın evinin yağmalanması» boyunda Qazan xan «qurd
üzü mübarək olar» deyib, əsir aparılmış
ailəsini qurddan soruşur. Kərəm də Əslini axtararkən
«Qurdlar, Əslini gördüzmü?» deyə
xəbər alır. Qazan xan ailəsini «Su haqq
didarın görmüşdür, mən bu suyla xəbərləşim»
- deyə ona müraciət edir. Kərəm
də suya müraciət edərkən eyni ifadəni işlədir.
Abi-həyat
kimi daim axarsan,
Haqqın camalına hər dəm baxarsan.
«Kitabi-Dədə Qorqud» boylarında göy matəm rəngi
he¬sab edilir. Yaxın
adamları ölən yaslıların «göy bağlayıb
qara sarınmaq» adətindən
Kərəm
də eyni mənada bəhs edir:
Fələklər
göy geymiş, mələklər qara,
İndən belə əhalıma vay deyim.
Qanturalı İç və Daş oğuz ellərindən
özünəlayiq qız tapa bilmir, Trabzona gedib tərsa qızı
Selcan xatunla evlənir. Kərəm də Gəncədə müsəlmanlığı
qəbul etməmiş Qara Məliyin, yaxud Qara Keşişin
qızı Əsli xanımı sevir...
«Əsli-Kərəm»
dastanının ilk bütöv variantlarında işlənən
onlarca ifadə – nəsnə, say, yey, uğur, üşənmək,
yazı, qarpmaq, duş, ün, çaş, göz,
qırçın, inilti və s. sözlər «Dədə
Qorqud» boylarında da eyni məzmunu daşıyır. «Dədə Qorqud» boyları ilə «Əsli-Kərəm»
dastanının ilk variantı dil və ifadə
baxımından ardıcıl müqayisə edilərsə, hər
iki abidə arasında müəyyən pa¬ralellər görmək
olar. Yalnız onu xatırladaq ki, Dədə Qorqudun hər
bir şeirinin əvvəlində işlətdiyi «hey!» nidasına Kərəmin şeirlərində
də rast gəlinir. Məsələn, «Kitabi-Dədə
Qorqud»da:
Hey
qırx eşim, qırx yoldaşım,
Qurban olsun sizə mənim başım.
«Əsli-Kərəm»
dastanında:
Ərzrumun
gədiyinə varanda,
Onda dedim,
qadir mövləm, aman hey.
Hər tərəfdən
coşğun boran, bad əsər,
Tutmuş hər yanımı çiskin, duman hey.
«Dədə Qorqud» boylarında Oğuz qəbilələrinin əsas məs¬kənlərindən biri Gəncədir. Əsas qəhrəmanlardan biri olan Bəkil oğlu İmran məhz Gəncə tərəflərdə Gürcüstan sərhədində ölkənin keşiyini çəkir. Kərəm də Gəncənin məşhur dədə ozanıdır.
Dədə Kərəm klassik irsə yaxından bələd olub. Bu yaxınlıq yalnız Leyli və Məcnun, Fərhad və Şirin kimi eşq fədailərinin Kərəm qoşmalarında xatırlanmasında və ya onların taleyini öz taleyinə bənzədilməsində daha aydın görünür. «Leyli-Məcnun» dastanı ilə müqayisələr aparsaq, həm dastanların ümumi quruluşunda, həm də surətlərin taleyində, aqibətində oxşar əlamətlər aydın görünür. Hər iki dastanın – «Leyli-Məcnun» və «Əsli-Kərəm»in süjeti və məzmunu çox oxşardır. Leyli və Məcnun bir-birilərini dərin bir məhəbbətlə sevirlər. Lakin Leylinin atası qızını Məcnuna vermir. Hətta qızını bu yoldan uzaqlaşdırmaq üçün İbn Səlama ərə verir. Leyli isə bu izdivaca razı olmayıb vaxtı uzadır... Kərəm də Əslinin atasından aldadıcı cavab alır və qızını bir keşiş oğluna nişanlayır. Əsli də ondan möhlət istəyir. Məcnunun daxili dünyası ilə Kərəmin daxili dünyası arasında yaxınlıq var.
Atası min bəhanə ilə Leylini Məcnuna vermədiyi kimi Qara Məlik də bəhanələr tapıb Əslini Kərəmə vermir. Hüquqsuz Leylinin keçirdiyi iztirabları Qara Keşişin tilsimindən yaxa qurtara bilməyən Əsli də keçirir. Hər iki dastan qəhrəmanlarının taleyi faciə ilə sona yetir. Nizami ərəblərin ağızlarda dolaşan Məcnun təxəllüslü Qeyslə Leylinin sevgisi haqqında yayılmış rəvayətlər əsasında «Leyli və Məcnun» poemasını farsca qələmə alıb, XIV əsrin məşhur ozanı olan Mahmud isə Dədə Kərəm təxəllüsü ilə «Əsli-Kərəm» dastanını doğma dildə yaradıb. Dastan janrının yaradıcılarından bəhs edən M.H.Təhmasib yazır: «Bizcə, bu dastanın «müəllifi», yaradıcısı olan Kərəm Dədə öz zəmanəsinin aşıq tərzində yazıb-yaradan şairləri, dədələri içərisində öz savadı, biliyi, məlumatı ilə də başqalarından fərqlənən bir sima imiş. O, Nizamidən də, ərəb rəvayətlərindən də xəbərdar imiş».
Nizami, Məhsəti, Əbüəla kimi böyük sənətkarlar yetirən Gəncə ədəbi mühiti şübhəsiz, ozan-aşıq sənətinin də beşiyi olub. Oğuz ellərinin əsas mərkəzlərindən sayılan Gəncədə xüsusi ozanlar məhəlləsi indi də qalmaqdadır. Burada hələ XVI əsrdə Qurbani ilə Dədə Yediyar deyişmiş, Qurbani öz şeirlərində dönə-dönə Dədə Kərəmi yada salıb. Nizaminin poeması ilkin mənbə kimi VII əsrin ərəb rəvayətlərindən qidalanmışsa, Ozan Mahmudun (Dədə Kərəmin) yaratdığı dastanın da ilk izləri VII – VIII əsrlərin islama keçid mərhələləri ilə səsləşir. Bu izdivacın ziddiyyəti islam dinini qəbul edənlərlə özgə dinə sığınanlar arasında gedir. Çünki «Əsli-Kərəm» dastanının süjeti ilə səsləşən onlarca rəvayət Qafqazda, eləcə də Şərqdə, o cümlədən Asiyada geniş yayılmışdır. «Qara Məlik dastanı», «Kərim-Süsən», «Kozi Körpəş və Bayan Sulu», «Səlcum Paşa» və s. dastanlar bu sıradandır.
Qara Namazov
professor
Xalq Cəbhəsi.- 2015.- 23 may.-
S.14.