Milli-mənəvi dəyərlər və müasirlik

 

Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, “mədəni dünya” özündə təcəssüm etdirir. Zahirən bəzəkli görünən bu dünya, öz acımasız qanunları ilə maraqlar iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olur. Müasirlik əslində bəşəri tərəqqinin sənə bəxş etdiyi yenilikləri əxz etməklə inkişaf demək olduğu halda, aparıcı güclərin mədəni ekspansiyası anlamını getdikcə daha artıq şəkildə ifadə etməkdədir. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər. Bu gün dəyərlər sisteminin savaşının getdiyi bir dövrdə yaşayırıq. Nəzəriyyələr yenidən işlənir, onlara yeni çalarlar əlavə edilir, hədəflər təkrar nəzərdən keçirilir. Təbii ki, milli-mənəvi dəyərlərin qorunmasının ən başlıca yolu məhz maarifləndirmə işinin aparılmasıdır. İnsan psixologiyası belədir ki, insan özününkü saydığına daha çox sahiblənmək istəyər. Təəssüf ki, bu gün bir çoxları hansı dəyərlərin onlara məxsus olmasından xəbərsizdirlər. Bu gün Avropa yerinə ABŞ liderliyində qurulmağa çalışılan qlobal toplum ya zamanda hər şey bir-birinə bənzədilməkdə məhkumiyyət dərəcəsində müəyyən mərkəzlərdən asılı olmaqdadır. Dünyadakı hər paytaxt şəhəri getdikcə digərinə oxşamaqda, haradasa hamısı, McLuhanın təsvir etdiyiQlobal kənd”ə çevrilməkdədir. Hakim tərz isə, qərbi təlqin etmək, qərbli olmaqdır. Dünyanın gedərək birrəng olması, geniş fərqliliklər coğrafiyasının daralması yerli motivlərlə bəzənmiş modellərin getdikcə ortadan qalxması narahatlıq yaradır. Fikrimi Giddensin, qloballaşmanın qismən qərbləşdirmək mənasına gəldiyini ifadə edən fikri ilə tamamlamaq istərdim: “Qloballaşma, əlbəttə tərəfsiz bir şəkildə getmir nəticələri baxımından xeyirli bir hadisə deyil. Avropa Şimali Amerikanın xaricində yaşayan bir çox insanın gözündə narahatçılıq yaradacaq bir şəkildə qərbləşdirmə (amerikanlaşdırma) damğasını daşımaqdadır”.

Biz, konkret olaraq milli mənəvi dəyərlərimizin bir parçası olan İslam dininin müasirliyə münasibətini araşdırmağa çalışacağıq. İslam dininin müasirləşməyə yanaşması necədir?

Araşdırmaçı Vüqar Zifəroğlu hesab edir ki, İslam islahatçı bir dindir: “Bu dinin başlıca ana qaynağı olan Quran – “Oxu!” əmri ilə başlayır. İslam hər zaman elmə maariflənməyə böyük önəm vermiş bir din olub. Məhz bu səbəbdəndir ki, orta əsrlərin qızıl dövrü məhz İslam dünyasına, Şərq ölkələrinə xarakterikdir. Bu həmin dönəmdir ki, Avropanı başdan başa inkvizasiya tonqalları bürüyürdü. Qadınları sadəcə bədənlərində olan xala görə iblislə təmasda ittiham edərək tonqalda diri-diri yandırırdılar. Diqqət edin: bu gün həmin mövhumat, radikalizm Şərqdədir. Ümumiyyətlə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində qərbin Şərqi özünə tabe edə bilməsi üçün onu dərindən öyrənməsi, Şərqşünaslığın bir elm olaraq formalaşması ilə nəticələndi. Qərb Şərqi öyrəndi. Bu gün Şərqdə yaşananlar, Qərbin onun üçün təqdim etdiklərindən ibarətdir”.

Öncədən qeyd etmək zəruridir ki, “müasirlikanlamının özünün təqdimatında, bilərəkdən ya bilməyərəkdən, situasiyalardan asılı olaraq, motivlər fərqli ola bilir, müəyyən təhriflərə, yanlışlıqlara yol verilir. Müasirlik, təbii ki, pozğunluq, nihilistlik, laqeydlik, eqosentrizm, əxlaqi-mənəvi kateqoriyaların aşınması, öz adət-ənənəsinə, tarixinə, köklərinə sayğısızlıq demək deyil. Əlbəttə ki, insan hər nəyəsə tərif verdikdə, burada onun hisslərinin tərbiyəsi, dünyagörüşü önəmli rol oynayır. Sözsüz ki, müasirlik anlamının kökündə heç bir mənfi yük mövcud deyil. Burada deqradasiyanı, tənəzzülü şərtləndirən amillər yoxdur. Onu mənfiləşdirmək cəhdləri isə fərdlərin işidir. Müasirliyi pis mənada başa düşənlərin də problemi, məhz onların dünyagörüşlərində olan deformasiyalardır.

İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu deyir ki, müasirlik - bizim müqəddəs dinimizin özündədir. Onun fikrincə, müasirlik dinimizin batinindən irəli gəlir: “İslam - həmişəyaşar dindir, nəinki indiki dönəm üçün, qat-qat sonrakı dövrlər üçün də təravətli və aktual olan bir İlahi təlimdir. Hər bir əsr üçün müasirdən müasirdir İslam dini. Nədən belə?

Bizim mübarək dinimizin kökündə İlahi mərifət durur, Rəbbə iman durur. Dinimizin əsası Əziz Allaha söykəndiyindən, dinimiz də qalarlı və baqidir. İnsana şah damarından yaxın olan, onu hamıdan çox sevən Allah, hər an insana vücud verir, həyat verir, ona əql, seçim azadlığı verir, şüur və iradə verir, yaxşını pisdən seçmək mərifəti verir. Allah Təala insanı, insanın özündən də yaxşı tanıdığından, ona elə bir müəyyən bir yaşam tərzini, həyat mövqeyini tövsiyə edir ki, kamilliyə yetişmək üçün ən qısa yol qət etmək mümkün olsun. Bu tövsiyələri Uca Allah öz elçisi vasitəsilə göndərib, öz müqəddəs kitabında əks etdirib.

Rəbbimiz öz kitabında insanın münasibətlərinə böyük yer ayırıb. İnsanın Allahla necə münasibət qurması, insanlarla necə münasibət qurması, özü ilə, ətrafı ilə hansı münasibətlərdə bulunmalı olduğu Qurani-Kərimdə öz əksini tapıb”. İlahiyyatçı əlavə edib ki, insanla onun Yaradanı arasında münasibət necə köhnələ bilər? Onun fikrincə, zaman keçdikcə, insanlar bunu daha çox anlamağa başlayırlar: “...Din - zatən müasirdir. Hər zaman insan öz ən mühüm problemlərinin həllini burada tapır. İnsanın gerçək istedadlarının açılması, insanın kamalı nədir, gerçək çata biləcək ünvanlar hansıdır, insanın kamilliyə apara biləcək yol haradadır - bunlar dində göstərilir. İctimai bir təlim olaraq, din yalnız insanın özü ilə, Yaradanı ilə münasibətlərini tənzimləmir. Eyni zamanda, din insanın digər yaranmışlarla, ətraf mühitlə, toplumun üzvləri ilə münasibətlərinin keyfiyyətini müəyyən edir, həyatın bu və ya digər məqamında necə hərəkət etməyi insana göstərir. Özünə rəva bildiyini digərlərə qıymağı, vicdanla, qayğı ilə yaşamağı, ədalətsizlikdən çəkinməyi, zülmü qəbul etməməyi öyrədir insana din. Bunlar hər zaman ən müasir, ən aktual problemlər deyil?! Bunlara görə deyilmi bəşərin bütün axtarışları?! Din insana gerçək realizmi, gerçək praqmatizmi öyrədir, ən az zərərli və ən çox xeyirli yolla getməyi öyrədir”.

Onun sözlərinə görə, müasirlik - İslamın daxilində, mahiyyətindədir: “İslam qeyri-müasir ola bilməz, çünki, belə olan halda, insanın vücudi sualları cavabsız qalar və İlahi təlimin təyinatı itər. Bu isə Allah Təalanın hikmətinə ziddir, mahiyyətcə mümkünsüz bir məsələdir.

“Elm Çində də olsa, ardınca gedin”, - deyə buyurub Rəsuli-Əkrəm . Axır 50 il ərzində bəşəriyyət iki önəmli inqiab yaşayıb: elmi-texniki inqilab və kommunikasiya inqilabı. İndi dünyanın istənilən yerində olan insan bir göz qırpımında min kilometrlərlə uzaqda olan istənilən şəxslə rabitə qura bilir. Saniyənin yüzdə bir hissəsi ərzində istənilən məlumatı əldə edə bilir, birbaşa efirdə min kilometrlərlə uzaqda olan görüntüləri görə bilir. Konsepsiyalar dəyişir, yanaşmalar, dərketmə metodologiyası təkmilləşdirilir və mübarək dinimiz bu axtarışları, canatmaları stimullaşdırır...”.

Onu da əlavə edək ki, müasirliyin əsas şərtlətindən biri də dözümlülük, multikulturalizm anlayışıdır. Dini dözümlülük, multikulturalizm, əsasən, xalqın psixoloji durumundan, insanların psixoloji portretindən asılı olmaqla, böyük tarixi inkişaf prosesinin təsiri nəticəsində formalaşıb. Bu gün dünyanın ən demokratik ölkələrində belə, dini dözümlülük istənilən səviyyədə deyil. Psixoanalitiklər bununla bağlı qeyd edirlər ki, insanlar yaşadığı, böyüdüyü coğrafi şəraitə, sosial mühitə, torpağa xüsusi bağlıdırlar və bunu “coğrafi determinizm” də adlandırırlar. Bu gün tam səmimiyyətlə demək olar ki , Azərbaycanda yüksək səviyyəli dini tolerantlıq, multikulturalizm var. Bunu bir sıra amillərlə bağlamaq olar. İlk öncə Azərbaycanda vahid xalqın, millətin formalaşması prosesində daim qonşularla yaxşı münasibəti, mədəni mübadiləni, həmçinin, “sığınacaq” funksiyasını, adaptiv cəmiyyəti misal göstərmək olar. Azərbaycanda qədim tarixi dinlərin birgə mövcudluğunun qorunduğu, mehriban olduğu danılmaz bir həqiqətdir. Azərbaycanda dinlərin mehriban, sülh şəraitində mövcud olması, insanların artıq dini amilləri deyil, insanlığı, qardaşlığı üstün tutması xalqın psixoloji portretini formalaşdırıb. Uzun bir tarixi dövr ərzində əldə olunmuş bu keyfiyyətlər hal-hazırda, günümüzdə də öz mahiyyətini qoruyub saxlayıb. Azərbaycan dövləti günümüzdə də dini tolerantlığın nümunəvi modelidir. Azərbaycanın din tarixinə qısaca nəzər salınsa və hazırkı dini durum təhlil edilsə, bu qədim torpaqda tarixən şamanlıq, atəşpərəstlik, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı, islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlərin də yanaşı mövcüd olduğunu və bu dinlərin Azərbaycan xalqının tolerantlıq keyfiyyətinin formalaşmasında kifayət qədər təsiri olduğunu görməmək mümkün deyil.

Bu gün Azərbaycan Respublikasında din – dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 7-ci maddəsində göstərilir: “Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Konstitusiyanın 18-ci maddəsi bildirir ki: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Konstitusiyanın 48-ci maddəsi vicdan azdlığı prinsipini şərh edir: “Hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir . Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”.

Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşıb, insanlar əmin-amanlıq şəraitində yaşayıb, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olub...

 

Əli Zülfüqaroğlu

Xalq Cəbhəsi.- 2015.- 27 may.- S.7.