Aşıq gördüyünü dastan eyləyər...

 

Hecaqoşma ayrılmaz poetik vahidlərdir

 

 

Azərbaycan şeirinin xalq poeziyası ilə əlaqəsinin öz ənə¬nəsi və inkişaf xüsusiyyətləri var. Poeziyamız bütün inkişaf tarixi ərzində xalq bədii və poetik təfəkkürü ilə qırılmaz əlaqədə ol¬ub. Ədəbi dilimizin müəyyən tarixi amillər nəticəsində ərəb və fars dillərinin təsirinə məruz qaldığı dövrlərdə belə klassik poeziyamızın Nəsimi, Füzuli, Xətayi kimi böyük simalarının xalq şeiri üslub və poetikasına yaxınlığını görmək mümkündür.

XVIII əsrdə Vaqif, Vidadi, XIX əsrdə Qasım bəy Zakir xalq şeiri poetikasını klassik şeirə gətirməklə bu ənənəni davam etdiriblər. Onların xalq poeziyası formasında yazdıqları qoşma, gəraylı və bayatılar realist şeir üslubunun təşəkkülündə əhəmiyyətli rol oynayıb. Böyük satirik M.Ə.Sabirin yaradıcılığında da klassik poeziya xalq şeirinin üslubi ünsürləri üzvi şəkildə birləşərək tənqidi realist poeziyanı yaratdı və bu poeziya xalq həyatının ən canlı məsələlərini sadə və inandırıcı şəkildə ifadə etdi. Müasir Azərbaycan şeirinin folklora, xalq şeirinə bağlılığının qiymətli ənənələri var. Müasir Azərbaycan poeziyası məhz milli şeirin ənənələrini dərindən mənimsəməklə, bu ənənələrə yaradıcı, cəsarətli münasibət bəsləməklə boy atıb möhkəm poetik ənənələr üzərində inkişaf etməyə başlamışdı.

Çoxəsrlik tarixi olan şifahi ədəbiyyatımızın ən güclü qollarından birini aşıq poeziyası təşkil edir. Aşıq poeziyası isə həm janr, həm də forma cəhətdən çox zəngin və əlvandır. Xalq danışıq dili ifadələrindən geniş şəkildə istifadə olunması bu şeirin dilini daha da xəlqiləşdirib, onun milli koloritini qüvvətləndirib. Dilin inkişaf mərhələlərini tədqiq edən alimlərin daha çox şifahi xalq ədəbiyyatına, xalq poeziyasına müraciət etmələri bu baxımdan qanuni və təbii haldır.

Şair H.Arif yazır: “Biz ana dilimizin, mili təfəkkürümüzün yad təsirlərindən qorunması üçün saza borcluyuq”. Saz deyəndə şair şübhəsiz, xalqımızın həyatını, milli təfəkkürünü, yaşayış tərzini, adət və ənənəsini özündə əks etdirən, qoşma, gəraylı, təcnis, müxəmməs kimi şeir formalarını özündə yaşadan, şifahi xalq poeziyasının bir qolu olan aşıq poeziyasını nəzərdə tutur. Aşıq poeziyası sintetik bədii sənətdir: musiqi, poeziya və ifaçılıq bu sənəti təşkil edən əsas komponentlərdir. Azərbaycan şeiri bir çox xəlqilik xüsusiyyətləri üçün aşıq şeirinin ənə¬nələrinə borcludur.

Azərbaycan poeziyasında çox işlənən şeir formalarından biri gəraylıdır. Özünəməxsus qafiyələnmə prinsipi olan, hecaların sayı 8-dən artıq olmayan gəraylıların yaranma tarixi qədimlərə gedib çıxır. Prof. V.Vəliyev yazır: “Azərbaycan xalq poeziyasında səkkizhecalı şeirin tarixi eramızdan əvvəlki dövrlə səsləşir”.

Xəstə Qasımın, A.Tufarqanlının nəsildən-nəslə keçən gəraylıları da bu şeir şəklinin şifahi poeziyamızda çox işlək bir forma olduğunu göstərir. Yüksək, təmiz bəşəri hissləri ifadə edən gəraylı yazılı poeziyamızda da mövcuddur. Azərbaycan şeirinin janr sistemində bu lirik xalq şeiri forması yaşamaqdadır. Lakonik, yığcam lirik şeir forması olan gəraylılarda artıq kəlmə işlətmək, mətləbsiz olaraq şeiri uzatmaq hallarına az təsadüf edilir. Bu yığcamlıq S.Vurğunun “Gülə-gülə”, “Dağlar”, S.Rüstəmin “Gəlin gəlsin”, “Bahar ürəyimdədir”, B.Vahabzadənin “Bir gül ilə yaz açılmaz”, “Bu gecə”, “Neçin?”, Dodaqda gəz”, B.Azəroğlunun “Kimdən öyrədin”, M.GülgününYora bilməz yollar məni”, H.Arifinİnsan”, “Tələsirəm”, “Yetişməmiş”, “Könül deyir yaşa hələ”, F.Mehdinin “Səni gözləyirəm”, M.Aslanın “Ürəyimdə”, “Ürəyim yar yanında” kimi gəraylılarına xas olan məziyyətlərdəndir.

Azərbaycan şairlərinin tez-tez müraciət etdikləri digər şeir forması isə dördlükdən ibarətdir. Dördlüyün çox vaxt rübainin təsiri ilə yaranan şeir şəkli olduğu iddia edilir. Prof. Ə.Cəfər “Sabir şeirində kiçik şəkillər” məqaləsində “müəyyən vəzn və şəklə malik dörd misradan ibarət xüsusi şeir növüolduğuna və “dörd misrada onun mövzu və ideyası ifadə edildiyinə” görə rübaibizim bayatılara çox bənzəyir” qənaətinə gəlir. Başqa bir məqaləsində Ə.Cəfər yazır: “Şeirin rübai şəklinin vəzni mənşə etibarilə əruz vəzni sisteminə daxil deyil”.

Prof. A.Axundov isə “Şeir sənəti və dil” tədqiqatında belə hesab edir: “a-b-a bənd növünün, Şərq poetikası termini ilə desək, rübainin mənşəyi, müəyyən mənada mübahisəlidir”. A.Axundov Polşa şərqşünası Tadeuş Kovalskinin bu haqdakı fikrini də xatırlayır: “Bu vaxtadək orijinal fars yaradıcılıq məhsulu sayılan rübainin mənşəyi barəsində mötəbər bir şey yoxdur. O, ədəbiyyata başqa formalarla (qəsidə, qəzəl) bir zamanda IX əsrdə kifayət qədər gözlənilmədən, özündən əvvəlki ədəbiyyatda nə ərəb, nə də ki fars ədəbiyyatında heç bir bənzəri olmadan gəlib. Güman ki, ərəb ədəbiyyatında ilk mənbələrin məhz bu yoxluğu belə ehtimala yol verir ki, rübai farslarda özünəməxsus bir hadisədir. Ərəb təsirindən başqa digər təsirlər də göstərilirdi. Ancaqüçün türk dördlükləri ilə fars rübailərinin qarşılıqlı əlaqələri məsələsi qoyulmasın?”. Bu fikirdən sonra prof. A.Axundov fikrini belə tamamlayır: A-a-b-a bənd növünün istər Azərbaycan, istərsə də digər türk xalqlarının şifahi ədəbiyyatında geniş yayılması və dərin izlər buraxması onun türk xalqlarına məxsus orijinal bir formaşeir növü olduğunu göstərir”.

Ancaq bu fikirlərlə yanaşı ehtimal etmək olar ki, həm klas¬sik, həm də xalq poeziyasında istifadə edilən a-a-b-a bənd növü xalq poeziyasının geniş yayılan janrı olan bayatı formalı dördlüklərlə də bağlıdır. Həmin dördlüklərin bayatıdan fərqli cəhəti ancaq hecaların sayından ibarətdir. Bayatılarda hecaların sayı 7, dördlüklərdə isə 8-11 olur. Qafiyələnmə tərzinə görə də çox vaxt dördlüklər bayatılardan bir o qədər fərqlənmir. Məsələn, xalq şairi M.Rahimin dördlüklərində vəziyyət belədir:

 

Aşıq gördüyünü dastan eyləyər,

Gəzər əlində saz, cövlan eylər.

Səadət yurdudur bizim yurdumuz,

Qocanı döndərib cavan eyləyər.

 

Müasir poeziyada bu cür şeirlər bir qayda olaraq rübai sayılır. Ancaq bu rübailərdə bayatı təsiri də yox deyil. Başqa sözlə, bu dördlüklər bəlkə də şifahi poeziyamızın bayatı ovqatından doğub. Belə ki, müasir şeirimizdə bu dördlüklər rübailərlə bayatıların qəribə sintezini xatırladır. Şeirin ruhundakı həzinlik bayatını, hecaların sayı isə klassik poeziyadakı rübaini yada salır. Prof. A.Axundov M.Rahimin dördlükləri haqqında yazır: “M.Rahim öz rübailərini dördləmələr adlandırıb və bununla onların milli zəmin ilə bağlılığını göstərmək istəyib”.

Poeziyamızda qafiyələnmə şəklinə görə dördlüyün müxtəlif şəkilləri var. Prof. A.Axundov Azərbaycan şeirində dördlüyün səkkiz növünü göstərir. O, belə nəticəyə gəlir ki, “dördlüyün a-a-b-a növü bilavasitə xalq şeiri ilə bağlıdır. A-a-a-b qafiyə sistemli bənd aşıq poeziyasında qoşma, gəraylı, təcnis kimi şeir şəkillərinin strofik vahidini təşkil edir”.

Müəllif həmçinin yarımçarpaz dördlüyün də (a-b-b-a) el ədəbiyyatı ənənəsi olduğunu, qoşma şeir şəklinin birinci bəndinin daha çox yarımçarpaz dördlük növündə olduğunu göstərir. Azərbaycan şeirinin lirik janrlar sistemində xalq lirikası janrları mühüm yer tutur. Şairlər bu janrlardan istifadə etmək yolu ilə yeni məzmunu məharətlə ifadə etməyə nail olublar. Bu nöqteyi-nəzərdən qoşma xüsusilə şairlərimizin yaradıcılığında maraqlı, zəngin bir inkişaf mərhələsi keçib. Azərbaycan şairləri qoşma vasitəsi ilə ən müasir, canlı məsələləri ifadə etməyi bacarıblar. Buna görə də qoşmanı Azərbaycan şerinin əsas formalarından biri hesab edə bilərik. Şifahi poeziyamızda qoşma aparıcı və əsas janrdır. Prof. V.Vəliyev “Qaynar söz çeşməsi” kitabında bu məsələni çox gözəl incələyib, qoşayarpaq (daxili qafiyəli) qoşma, təkrar misralı qoşma (varsağı), ayaqlı qoşma, dodaqdəyməz qoşma haqqında ətraflı söhbət açıb. Demək, qoşma daxili zənginliyə malik poetik formadır.

Qoşma heca vəznində yaranır. Hecaqoşma ayrılmaz poetik vahidlərdir.

Azərbaycan poeziyasında heca vəzninin bu formasında daha çox əsərlər yaranıb. S.Vurğun, S.Rüstəm, O.Sarıvəlli, R.Rza, M.Rahim və Ə.Cəmilin əsərlrində bu formaya tez-tez müraciət edilib, B.Vahabzadə, N.Xəzri, M.Araz, H.Arif, C.Novruz, N.Həsənzadə, M.Gülgün, F.Mehdi, M.Aslan və başqalarının yaradıcılığında bu lirik janr uğurla inkişaf edib. Ümumiyyətlə, qoşma formasına müraciət etməyən müasir şairə az rast gəlmək olur.

Aşıq poeziyasında qoşma fikir və məzmunca əlvan lirik janrdır. Bu formadan istifadə etmək yolu ilə məhəbbət və məişət hisslərini ifadə edən qoşmalar yazmaq mümkün olduğu kimi, ictimai-siyasi, fəlsəfi və qəhrəmanlıq motivləri ifadə edən qoşmalar da yazmaq mümkündür. Vaqif, Zakir, Ələsgər kimi şairlərin qoşmaları bu nöqteyi-nəzərdən diqqətəlayiqdir. Şairlərimiz qoşmadan istifadə edərkən lirik janrın bu ənənəsini qoruyub saxlayıb, onu yeni məzmun hesabına daha da qüvvətləndiriblər. S.Vurğun klassik qoşmanı təkrar etmədən onun böyük, qiymətli ənənələri ruhunda lirik, ictimai-siyasi və fəlsəfi qoşmaların misilsiz nümunələrini yaradıb.

Qoşma S.Rüstəmin də yaradıcılığında ən çox istifadə olunan lirik janrlardandır. Hətta deyə bilərik ki, qoşma S.Rüstəm lirikasında bir növ sabitləşmiş formadır. S.Rüstəm qoşmaya yeni məzmun, yeni ideya keyfiyyəti aşılayıb, onu siyasi lirik şeir janrı səviyyəsinə qaldırıb. Vətənpərvərlik, qəhrəmanlıq motivləri S.Rüstəm qoşmalarının xüsusiyyətidir. Buna uyğun olaraq şairin qoşmaları üslubintonasiya cəhətdən də yeni və təravətlidir. Lirik-publisist intonasiya, coşğun siyasiemosional təfəkkür bu qoşmaların aydın, bariz üslubi məziyyətidir. Qoşmanın bu poetik özünəməxsusluğunu biz S.Rüstəmin məşhur Cənub şeirlərində, o cümlədən “Deyilmi?”, “Gəlir”, “Ağladı”, “Vüsal həsrəti”, “Dinlə” kimi qoşmalarında görə bilərik.

Şairlərimizin qoşmalarına xas sadəlik və səmimiyyət onları klassik aşıq qoşmalarına yaxınlaşdırır. Məsələn, M.Arazın “Əlvida, dağlarşeiri təkcə formaca deyil, səmimiliyinə görə də klassik qoşmaların bir çox məziyyətlərini özündə daşıyır. Burada vəznlə yanaşı şeirin kökləndiyi ritmin özü folklordan yoğrulub:

 

 

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal.

 

 

 

 

Maarifə Hacıyeva

professor

Xalq Cəbhəsi.- 2015.- 22 sentyabr.- S.14.