Qanlı illərin dəyərli abidəsi

M.Nəvvabın əsərində xalqımıza qarşı baş vermiş qırğınlar qələmə alınıb

 

Keçmiş Sovet İttifaqının süqutu ərəfəsində ortaya atılmış süni Dağlıq Qarabağ probleminin öyrənilməsi, onu ortaya atmış erməni millətçiləri və onların havadarlarının niyyətlərinin ifşa etmək baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın (1833-1918) son dövrlərədək elm aləminə məlum olmayan Təvarixi-rəzm və şurişi tayifeyi-əraməniyeyi-Qafqaz ba firqeyi müsəlmanan (Qafqaz erməni tayfası ilə müsəlmanların vuruşiğtişaş tarixləri) əsəri son dərəcə əhəmiyyətlidir. M.Nəvvab yaşadığı dövrdə baş verən hadisələrdən kənarda qalmayıb, tariximizin ən faciəli, qanlı səhifələrindən birini təşkil edən 1905-1906-cı illərdə rus imperiyasının fitnə-fəsadı və onun qəsbkar ordusu ilə ermənilərin xalqımızın üzərinə qaldırılması nəticəsində baş vermiş qırğınları qələmə alıb.

Əsərdə 1905-1906-cı illərdə Şuşada və Qarabağın başqa kəndlərində, eləcə də yurdumuzun digər bölgələrində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Müəllifin yazdıqlarından aydın olur ki, o vaxt da bu iki millətə qarşı münasibət fərqli olub. M.M.Nəvvab qeyd edir ki, çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. Bundan istifadə edən silahlı erməni dəstələri silahsız azərbaycanlıları asanlıqla tutmağamin cür əzabla öldürməyə müyəssər olurdular. Onlar fürsət düşən kimi istər azərbaycanlı, istərsə də Osmanlı türklərinə hər cür maddi, mənəvi və fiziki zərbələr endirməyə çalışıblar. Əsərdə deyildiyi kimi, hətta 1877-ci il Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusunun tərkibində Qars şəhərinə daxil olan ermənilər orada əllərinə keçən əlyazma kitablarını və Quranı amancızcasına yandırıblar.

M.M.Nəvvab yazır ki, erməni millətçiləri əvvəl Osmanlı dövlətində, sonra isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar (müasir saqqallı erməni quldurlarının əcdadlarını türklərə qarşı birləşdirmiş mərkəzlər) yaradıblar. Ora ziyalılar, cavanlar, sənətkarlar və erməni icmasının başqa nümayəndələri cəlb olunurmuş. Osmanlı və Azərbaycan türklərinə qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də silahlı toqquşmalarda istifadə etmək üçün lazımi sursat, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplamaq qımdatların əsas vəzifələrindən biri idi.

İstər qımdatlara, istərsə də başqa erməni millətçi dəstələrinə xeyir-dua verən, onları xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olublar. Onlara isə rəhbərliyi Eçmiədzin (Üç müəzzin) edib.

Kilsənin toxunulmaz Tanrı məbədi olduğunu nəzərə alaraq keşişlər onu 1905-1906-cı illərdə xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbbəxanasına çevirmişdilər. 1906-cı ildə Şuşada erməni millətçilərinin törətdiyi ardı-arası kəsilməyən qırğınlardan cana doymuş bir neçə erməni Şuşa kilsəsinin yeraltı qatlarında məxfi hərbi sursat anbarları olması haqqında gizlicə şəhər üsul-idarəsinin başçısı olan rus generalına xəbər verərək, həmin anbarların ləğv edilməsini tələb edirlər. Yoxlanış zamanı iki kilsənin yeraltı qatından çoxlu miqdarda tüfəng, güllə, top, bomba, dinamit, evlərin yandırılmasında istifadə etmək üçün müxtəlif maddələrlə doldurulmuş silah anbarları açkar edilir. Kilsənin əsas fəaliyyəti ilə daban-dabana zidd olan bu əməllərinə görə Ter-Ovanesyan, Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər sadəcə olaraq Şuşadan uzaqlaşdırılırlar.

Erməni kilsəsinin bu fəaliyyəti son dövrlər Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar müharibədə də müşahidə olunub. Həyat qəzetinin 31 may 1991-ci il tarixli sayında dərc olunmuş Kilsədə... silah anbarı başlıqlı Dağlıq Qarabağdan bəhs edən məqalədə deyilir: Altı minaatan, elektrik detonatorları ilə birlikdə 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası və qumbaraatanlar üçün seriya ilə buraxılmış yeddi qumbara, radiostansiya üçün iki güclü enerji bloku-erməni yaraqlılarının bütün bu silahdöyüş sursatı cəbbəxanası... mayın 29-da respublika Dövlət Təhlükəsizliyi Komitəsi əməliyyat qrupunun və SSRİ Daxili İşlər Nazirliyi əməliyyat istintaq qrupunun hərbi qulluqçularla birlikdə apardıqları axtarış əməliyyat zamanı Əsgəran rayonundakı Qılıçbaq erməni kəndinin (Xanabad kənd sovetliyindədir) kilsəsində tapılıb.

Bəzilərinə təəcüblü görünər ki, insanlığı mənəvi paklığa çağıran, onlara pislikdən ədavətdən, zalımlıqdan əl çəkməyi tövsiyə edən, adamları ədalətə, xeyirxahlığa haqq yoluna dəvət edən Tanrı məbədinə ölüm, qan qoxusu verən və kilsə qanunlarına təmamilə daban-dabana zidd olan silahların orada toplanması, saxlanması və quldur dəstələrini silahlandırıb, başqa xalqaonun torpağına qarşı təcavüzə yönəltmək mümkün olan şeydirmi?

Əgər biz XX yüzilliyin lap əvvəllərindən başlayaraq bugünümüzədək erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən aşkargizli qırğınlara, torpağımıza şərik və sahib olmaq məqsədilə aparılan təbliğatlara və silahlı vuruşmalara dair Çar Rusiyasında və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə yazılmış onlarla məxəzləri izləmiş olsaq, görərik ki, bu iki millət arasında ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafına toplanmış erməni ziyalıları olublar.

İki millət arasında davam edən iğtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazır: Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti Allah kəlamını çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir.

Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olub. Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, səmimi olmalıyam. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı.

Erməni kilsəsinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı məxəzlərdən çoxlu nümunələr gətirmək olar. Son dövrlərdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olub.

Mir Möhsün Nəvvabın haqqında danışdığımız əsəri hal-hazırda istər Dağlıq Qarabağda, istərsə də başqa bölgələrdə gedən müharibənin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin aşkarlanmasında dəyərli məlumatlar verəcək.

 

Kamandar Şərifli,

filologiya elmləri doktoru

Xalq Cəbhəsi.- 2015.- 8 yanvar.- S.14.