Uşaqlara qarşı cinsi zorakılıq problemi

 

Bu məsələ inkişaf etmiş ölkələri də narahat edir

 

Ölkə mətbuatında verilən xəbərlərdən, məhkəmələrdə bir-birini əvəz edən proseslərdən görmək olar ki, təcavüz hallarının sayı artıb. Dəhşətlisi odur ki, təcavüzlər çox zaman yeniyetmə zərərçəkmişə doğma olan insanlar tərəfindən həyata keçirilir və hədə-qorxu ilə ört-basdır edilir. Qeyd edək ki, dövlət Statistika Komitəsi zorlamazorlamaya cəhdə dair statistikanı açıqlayır. Komitənin məlumatına görə, 2014-cü ilin birinci yarısında 18 belə fakt aşkarlanıb: "Zorlamazorlamaya edilən cəhdlə bağlı 18 hadisə qeydə alınıb. Bu hadisələr zamanı cinayəti törədən 18 nəfər məsuliyyətə cəlb edilib”.

Ekspertlərin qənaətincə, insanların bu qədər yırtıcı olması bir sıra problemlərdən qaynaqlana bilər. "Təmiz Dünyaİctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, qadınların, uşaq və yeniyetmələrin cinsi zorakılığa məruz qalması ilə bağlı qanun qəbul olunmalıdır: "Əksər Avropa ölkələrində cinsi zorakılıqla bağlı qanun qəbul olunub. Ancaq təəssüflər olsun ki, Azərbaycanda belə bir qanun yoxdur. Cinsi zorakılıqla bağlı qanun qəbul olunarsa, bu cür xoşagəlməz faktların qarşısı da alınar”.

Ekspertin sözlərinə görə, cinsi zorakılığa məruz qalan qadın dərhal polisə müraciət etməlidir: "Əksər hallarda qadınlar nədənsə qorxduğu üçün polisə müraciət etməkdən çəkinir. Qadınlar onu da bilməlidir ki, zorakılığa məruz qalan hər bir qadının kimliyi anonim saxlanır”. M.Zeynalova bildirib ki, qadınlara cinsi zorakılıq tətbiq edən şəxsə qarşı cəza tətbiqi sərtləşdirilməlidir: "Bəzən elə hal olur ki, cinsi zorakılıq edən şəxs məhkəmə zalından azadlığa çıxır”.

Psixoloq Azad İsazadə isə deyib ki, ideal cəmiyyət heç vaxt qurulmayıb, zorakılıq isə həmişə olub. Onun sözlərinə görə, güclü cəmiyyətlər zorakılıq qarşısında aciz qalmır: “Deyim ki, inkişaf etmiş ölkələrdə də ailə zorakılığı mövcuddur. Amma həmin ölkələrdə birmənalı olaraq cəmiyyət də, dövlət də bununla mübarizə aparır. Bizdə zorakılıqla bağlı bir çox qanunların icrasında problemlər var. İkincisi, cəmiyyətin özü də zorakılığa qarşı real addımlar atmır. Düzdür, hamı üzdə deyir ki, zorakılıq pisdir, amma reallıqda təcavüzə məruz qalan qadını da günahkar sayırlar. Bununla da zorakılığın həyata keçirilməsinə bəri başdan bəraət qazandırırlar”.

 

Azad İsazadənin fikrincə, cinsi zorakılıq anormal psixoloji davranışdır: "Hətta hər şeyi kənara qoysaq, cəmiyyətin qınağını, qanunların hökmünü hesablamasaq, yazılmamış qanunları nəzərə almasaq, hətta kriminal dünyanın sakinləri belə, bu hadisələrə çox mənfi yanaşırlar. Həbsxanalarda yatan bu cür cinayətkarlara çox pis münasibət göstərirlər. Bu davranış patoloji düşüncənin nəticəsidir”.

Ümumiyyətlə ekspertlərin fikrincə, cəmiyyətdəki mövcud təcavüz hallarının qarşısının alınması ilk növbədə Cinayət Məcəlləsinə dəyişikliklər etməkdən keçir. Belə ki, doğma qızını zorlayan ataya əvvəlcə 10 il həbs cəzası verən məhkəmənin qərarını digər məhkəmənin ləğv edərək cəzanı yüngülləşdirməyə çalışması kimi faktlar mövcuddur.

Məsələn, belə bir biabırçı hadisə Saatlı rayon məhkəməsində baş verib. 14 yaşlı oğlanı zorlamaqda ittiham olunan Saatlı rayon sakininin cinayət işi üzrə məhkəmə başa çatıb. Manyak kişi 14 yaşlı oğlanı hədələyərək onunla dəfələrlə cinsi əlaqədə olub və cinayətin üstü açılıb. Saatlı rayon Məhkəməsində hakim Şahin Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əməlli-başlı müdafiə olunub. Hakimin qərarı ilə təqsirləndirilən şəxs cəmi 3 il azadlıqdan məhrum edilib. Azyaşlı oğlanı hədələyərək onu zorlayan, şərəfsizliyə və şəxsiyyətsizliyə əl atan, insanı alçaldan hərəkətlər edən bu manyaka cəmi 3 il cəza. Bəlkə də, Azərbaycanın məhkəmə tarixində hələ belə biabırçı qərar olmamışdı. Kim deyə bilər ki, həmin manyak həbsxananı daha tez tərk etməyəcək. Və ya azadlığa çıxandan sonra eyni təcavüzü törətməyəcəyinə kim zəmanət verə bilər? Belə nəticə hasil olur ki, təcavüz hallarının artmasına şərait yaradan səbəblərdən biri də Azərbaycan məhkəmələrinin verdiyi yüngül cəzalardır.

Ekspertlər bildirir ki, statistikaya görə, cinsi təcavüzə məruz qalanların 50 faizi yeniyetmə, 50 faizi isə 25-30 yaşlı xanımlardır. Lakin rəsmi statistikadakı rəqəmlər reallığı bir çox halda əks etdirmir. Çünki, təcavüz halları adətən müxtəlif səbəblərdən gizlədilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2011-ci ildə zorlamazorlamaya edilən cəhdlərlə bağlı 28 fakt qeydə alınıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətləri törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ancaq bəzi ekspertlər belə cinayət hadisələrini törədənlərə qarşı cəzanın daha də sərtləşdirilməsini təklif edirlər. Cəmiyyətdə bu cür insanlara qarşı birmənalı olaraq, nifrət hisslərini daha da sərtləşdirmək və insanları bu əməldən çəkindirmək məqsədilə zorlama törədən cinayətkarların cəza müddətinin 20 ilə qədər uzadılması, hətta həmin cinayəti törədənlərin əməliyyat yolu ilə axtalanması təklif olunur.

Yeri gəlmişkən, onu da deyək ki, zorlama hadisələri dünyanın bir çox ölkələri üçün aktual problemdir. Bəzi ölkələrdə insaniyyətə xələl gətirən bu cür hallara qarşı qanunlar daha sərtdir. Məsələn, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır.

İsraildə isə bu cür insanlara qarşı “dekapeptil“ adlı preparatlardan istifadə edilir. Kimyəvi maddələr cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır. Rusiyada isə hesab edirlər ki, pedofiliya ilə məşğul olanların bu vərdişi sağalmaz olduğu üçün onlar cəza vaxtını başa vurduqdan sonra yenidən öz hərəkətlərini təkrarlaya bilərlər. Ona görə də bu cür xəstə və təhlükəli insanlara qarşı ciddi tədbirlər görülür.

Almaniyada uşaqlara qarşı cinsi zorakılıq hallarının sayı dözülməz həddə çatıb. Almaniya cinayət polisinin rəisi Yörq Tsirke öz hesabatında qeyd edib ki, ölkədə hər gün 11 uşaq zorakılığa, eyni zamanda, 39 uşaq cinsi təcavüzə məruz qalır. Bildirilir ki, polis bəzi faktları intiqam almaq qorxusundan ictimaiyyətə açıqlamayıb. Hesabatda göstərilir ki, Almaniyada zorakılıq və cinsi təcavüz səbəbindən hər həftə 3 uşaq ölür. Ümumilikdə isə 2011-ci ildə polis tərəfindən yuxarıda qeyd olunan səbəblərdən 146 uşaq ölümü hadisəsi aşkarlanıb ki, bu da 2010-cu illə müqayisədə 64 ölüm faktı artıqdır. Qatil zorakılığına məruz qalan hər 5 uşaqdan 4-ü 6 yaşdan kiçik olub. Bundan əlavə 72 uşaq son anda ölümün pəncəsindən qurtula bilib. Hesabata görə, 2011-ci ildə Almaniyada uşaqlara qarşı cinsi zorakılıq göstəricisi 4.8 faiz artıb. Ölkə polisi uşaqlara qarşı 12 min 444 cinsi təcavüz faktı qeydə alıb. Cinayəti törədənlərin 50 faizi ailəyə yaxın olan kəslər tərəfindən törədilib. Əgər 14 yaşlı yeniyetmə qurbanları da bu siyahıya daxil etsək, o zaman cinayət hallarının sayı 15 min 212-yə çatır. Artıq ölkə polisi bu cür halların qarşısını almaq üçün həyəcan təbili çalıb.

Ekspertlərin bildirdiyinə görə, təcavüz hallarının yayılmasının bir səbəbi də bu haqda KİV-də geniş bilgilərin verilməsi, azyaşlıların zorlanması, ailədaxili zorlama hadisələrinin baş verməsi, kişinin kişi tərəfindən cinsi təcavüzə məruz qalması haqda cinayət işlərindəki detalların açıqlanmasıdır. Psixoloqsosioloqlar hesab edir ki, seksual xarakterli cinayətlərin, ümumiyyətlə bu yöndə baş verən hadisələrin mediada geniş təbliğatının zərərli nəticələri çox ola bilər. İstənilən halda, təcavüz, zorlama kimi halların qəbuledilməz olduğunu deyən mütəxəssislər hesab edir ki, bu yöndə baş verən hadisələrin yerli-yataqlı işıqlandırılması, olayın tam açılması yaxşı əlamət deyil. Psixoloqlar düşünür ki, bu cür informasiyalar yeniyetmələrin psixikasına ciddi təsir göstərir. İnternet mediasında bu xəbərlərin daha çox oxunduğunu deyən psixoloqların qənaətinə görə, oxucular sırasında yetkinlik yaşına çatmayanlar da var.

Psixoloq Nərgiz Allahverdiyevanın fikrincə, bunun maarifləndirici təsirindən çox mənfi təsiri var: "İstənilən halda təcavüz hadisəsi pislənməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətdə də, başqa cəmiyyətlərdə də belə hallar baş verir. Seksual xarakterli cinayətlərin tərkibinə baxanda burada çox tükürpədici məqamların şahidi olursan... Bu, sağlam insanın həyata keçirdiyi işlər deyil. Psixikasında problem olan, əxlaqı qüsurlu insanlar belə naqis görür. Təəssüflənirəm ki, bu kimi hallar bəzən əxlaqımızın, mənəviyyatımızın, ailə dəyərlərimizin, qürurumuzun ünvanı olan kəndlərimizdə, rayonlarımızda da baş verir... Əslində, bunun çox ciddi mənəvi-psixoloji səbəbləri var. Bu, bəzi insanlarda gedən mənəvi-psixoloji deqradasiya ilə bağlıdır. Müəyyən insanlar var ki, onların şüuraltında oturuşan neqativ enerji özünü başqasına təcavüz formasında büruzə verir... Təəssüflər olsun ki, belə halların miqyası kiçilmək əvəzinə daha da genişlənir. Mən bir psixoloq kimi bu kimi hadisələrin KİV-lərdə yayılmasının tərəfdarı deyiləm. KİV-lərdə bu cür məlumatların hər gün yayılması yeniyetmələrə, gənclərə pis təsir edir. Belə insanların cinayət tarixçəsi reklam olunur, məhkəmələrindən səhifə-səhifə reportajlar yazılır. Media bu cür xəbərlərə geniş yer verməli deyil. Belə təbliğatın mənfi nəticələri çoxdur. Əvvəla bu, yeniyetmələrin psixikasını zədələyir. Onların bu kimi xəbərlərə reaksiyası çox ağrılı olur. Hətta elə yeniyetmələr olur ki, bu tipli informasiyadan sonra daim xof içində yaşayır, belə bir hadisənin onun da başına gələcəyindən qorxur. Bu da çox vaxt onların psixi travma, zədə almasına gətirib çıxarır".

Bir çox ekspertlər isə hesab edir ki, belə xəbərlər həm də öyrədici funksiya daşıyır. Yəni bir təcavüz və zorakılıq hadisəsinin işıqlandırılması digərinin baş verməsinə yandırılmış yaşıl işıq ola bilər.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2015.- 13 yanvar.- S.13.