Depressiyalar artır, psixoloji vəziyyət gərginləşir

 

Son illər sevgi travmalarından əziyyət çəkənlərin sayı artıb…

 

Son illər həyəcan Azərbaycan cəmiyyətinin az qala təbii psixoloji durumuna çevrilib. Həyəcan hər yerdə var; küçədə, metroda, avtobusda, işdə, hətta evdə də. Təhlükəsizliyin hər zaman təmin olunmaması, maddi təminatın yarıtmazlığının doğurduğu stress cəmiyyətin psixi sağlamlığının başlıca təhdid mənbəyinə çevrilib. Ölkənin baş psixiatrı Gəray Gəraybəyli bildirir ki, son illərdə bütün dünyada psixiatriyaya aid olan xəstəliklər yox, əhalinin psixi sağlamlığı vacib əhəmiyyət kəsb edir və getdikcə aktuallaşır: “İnkişaf etmiş ölkələrdə son 5-6 ildə psixi sağlamlıq mövzusuna geniş yer verilir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir şüar irəli sürüb: “Psixi sağlamlığı olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz”. Halbuki insanlar daha çox fiziki sağlamlığa diqqət yetirir. Əlbətdə ki, fiziki sağlamlığa can atmaq müsbət haldır. Amma psixi sağlamlıq kölgədə qalmamalıdır. Məhz psixi sağlamlıq durumunda insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. İstər ailədə, istər iş yerində, istər sə də dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. Psixi sağlamlıq dedikdə çoxlarının təsəvvüründə canlandırdığı sırf psixiatrik xəstəliklər nəzərdə tutulmur. Biz əhali arasında sorğu keçirmişdik. Suallara “Psixi sağlamlıq nədir?” sualını da daxil etmişdik. Bir çoxları sorğunu keçirənlərə az qala aqressiya ilə yanaşaraq deyirdilər ki, mən dəli deyiləm.Yəni çox təəssüflər olsun ki, psixi sağlamlıq anlayışı çox vaxt dəliliklə və buna bənzər anlayışlarla əlaqələndirilir. Xalq arasında bu barədə yanlış təsəvvürlər var. İnsanın psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji dürümü, emisional vəziyyəti, əhval ruhiyyəsi, intelektual potensialı hamısı psixi sağlamlıq deməkdir”.

Psixiatrın bildirdiyinə görə son illər insanların psixoliji sağlamlığının pozulması nəticəsində bir çox xəstəliklərin sayı artıb: “Bu xəstəliklər ilk növbədə depressiyalardır, həyəcan, təşviş xarakterli nevrozlardır. Stressdən, xüsusən travmalardan, adaptasiya pozuntular, ailədaxili münaqişələr, bədbəxt hadisələrdən, həyatın digər zərbələrindən sonra yaranan psixi pozuntulardır. Post travmatik stress pozuntuların müxtəlifliyi çox böyükdür. O ki qaldı şizofreniya, epilepsiya və s. klassik psixi xəstəliklərə onların faizi o qədər də artmayıb. Bunlar adətən 1-3 faiz təşkil edir”.

Həkimin bildirdiyinə görə, qərb ölkələrində insanların psixoloji durumu və müalicə təlabatı Azərbaycandan yaxşıdır: “ Lakin Avropadakı psixoloji yardımlar Azərbaycanda olmasa da, bizdə çox böyük qohumluq əlaqələri olub.Yəni bir-birinə qarşı istiqanlılıq, ünsiyyət, bir-birinin dərdinə və sevincinə şərik çıxmaq elə əslində ən gözəl psixoterapiyadır. Qərb ölkələrinin əhalisi özlərinə qapalı insanlardır. Onlar işdən evə, evdən işə gedirlər. Azərbaycanda kimin problemi olsa, qohumlar, dostlar tökülüşüb dəstək olurlar, dərdini bölüşürlər. Elə hansısa qohumun evinə gedib 1 stəkan çay içib dərdini, ürəyini boşaltmaq özü psixoterapevtik seansdır. Bizdə xaricdəki keşişlərin, psixoloqların rolunu qohumluq, dostluq əlaqələri əvəz edirdi. Təəssüf ki, müasir elmi-texniki tərəqqi, kompüterləşmə və sair faktorlar bizə müsbətilə yanaşı mənfi təsirini göstərir. Belə ki,insanlar getdikcə qapalılaşır. Kimdən soruşursan o öz qohumlarını toyda-yasda gördüyünü deyir. İnsanlar ola bilsin maddi qazanca, sosial problemlərə daha çox vaxt ayırırlar. Qohumlarla, köhnə dostlarla ünsiyyətə vaxt tapmırlar. Belə olanda isə depressiyalar artır, psixoloji vəziyyət gərginləşir.

Gəray həkimin bildirdiyinə görə, insan psixologiyasında yaş dövrü ilə bağlı olan 2 böhranlı dövr var. Onların birincisi yeniyetməlik çağında, digəri qocalıqda olur: “Məhz bu yaş dövrlərində müxtəlif psixi pozuntular, xəstəliklərin peyda olmasına rast gəlinir. Bu yaşda olan insanlara çox diqqətlə yanaşmaq lazımdır. Çox vaxt yanıma 20 yaşlarında yeniyetmələri, gəncləri gətirirlər və deyirlər ki, bu uşağı xəstəxanaya qoymaq lazımdır. Çox dözülməz uşaq olub. Mən həmin uşaqla söhbət edəndə isə görürəm ki, bu xəstəlik deyil xasiyyətin formalaşmasında bir böhrandır. Sovet dövründə yeniyetmələrin məktəbdən sonrakı asudə vaxt mərkəzləri, dərnklər, pioner, komsomol təşkilatları vardı. Yeniyetmələrə hansısa bir istiqamət verilirdi. Demirəm ki, ideal cəmiyyət idi. Sadəcə o dövrdə yeniyetmələr evdə də, məktəbdə də, dərsdən sonra da eyni tərbiyəni alırdılar. İndi isə tərbiyədə, yeniyetmələrin örnək göterəcəyi şeylərdə rəngarənglik var. Seçim çoxdur. Bu seçimlər də həmişə yaxşı deyil. Yəni yeniyetməyə evdə ata-anası bir cür tərbiyə edir, internet başqa şey təklif edir, televizorda fərqli şeylər göstərirlər. Dəhşət filmləri və erotikalar ona başqa şey təqdim edir. Bu da formalaşma mərhələsində olan xasiyyət üçün çox çətindir. Cəlbedici şeylərdən boyun qaçırdıb düzgün yolla getmək böhran yaradır. Davranış pozuntusuna, nevrotik pozuntulara səbəb olur. Onların davranışını yaxınları qeyri-adi sayır, xəstəliyə oxşadır. Əslində bu xəstəlik deyil. Psixostress faktorların təsirinə məruz qalırlar. Bunların heç də hamısı psixiatriyalıq deyil. Əksər halda psixoloji məsələdir. Belə gənclərə dərman yox düzgün söhbət fayda verər”.

Psixoloq Ramil Nəcəflinin yazdığına görə, təcrübəsinə əsasən hazırda müraciət edən pasiyentləri üç qrupa ayırır: “Şəxsən mənə bir psixoloq kimi müraciət edənlərin aylıq statistikasında 3 cür şikayətin başlıca yer aldığını görürəm. Hərdən yolunu səhv salıb kənardan səslər eşitdiyini, gözünə görünmələr olduğunu bildirən, ancaq bununla belə, özünün şəxsiyyət kimi əlahiddə bir insan olduğunu iddia edənlər də olur. “İnsanlar məni başa düşmür. Mən seçilmiş insanam”, “Mənə vergi verilib. Müqəddəslərlə ünsiyyətdəyəm”. Belə deyənləri, bu qəbildən olanları biz şizofreniyalı adlandırırıq. Belələri azdır. Son illərdə artan və qeyd etdiyim üç cür pasiyent qrupuna sevgi travmalarından əziyyət çəkənlər liderlik edir. “Vuruldum, sevdim, aldandım, atıldım, çox pisəm, dünyanın mənası yoxdur, heç kimə inanmıram” kimi sözlərlə müşayiət olunan depressiyalar.

Detallara varmadan keçirəm ikinci qrupa. Panik atak deyilən bir psixoloji pozuntu var. Onu həyacan və təşviş pozuntusu kimi də tərcümə edirlər. Ay ərzində 3-4 dəfə tutmalarla müşayiət olunur. Tutma 1 saatadək davam edə bilər. O anda xəstənin sinəsində sıxılma, nəfəs darlığı, ürək ritminin artması baş verir. Dəhşətli infarkt olma və ölüm qorxusu hiss edir. Belələri həmişə istəyir ki, yanında kimsə olsun, tək qalmasın ki, birdən başına bir iş gəlsə, kömə edilsin. Azərbaycanda minlərlə belə psixoloji pozuntusu olan insan var. Panik atak kliniki əlamətlərinə görə ürək-damar xəstəliyini xatırlatsa da, qətiyyən kardioloji problem deyil, psixolojidir və müalicəsi də psixolojidir. Belə insanlar tutma baş verəndə qorxu içərisində ürək həkiminə gedirlər. Lakin kardioloq müayinə edib deyir “sənin ürəyində problem yoxdur, sağlamsan”. Beləliklə də öz dərdindən xəbərsiz olan minlərlə insan gedərək artır”.

Qeyd edək ki, Azərbaycan cəmiyyəti üçün xarakterik olan panik atak özünü psixoloji və somatik olmaqla 2 qrup əlamətlə biruzə verir:

1.           Psixoloji - yayılmış həyəcan pozuntusu xəstəliyi özünü ifrat həyəcanla göstərən bir xəstəlikdir. Belə ki, ən əsas əlaməti səbəbsiz, xəstənin özünə də mənasız gələn həyəcan tutmalarıdır. Bundan başqa xəstələr ən çox valideynlərinin, övladlarının və ya həyat yoldaşlarının başına pis iş gələcəyindən, evə telefon zəngi daxil olduqda bəd xəbər olacağından qorxurlar. Bu fikirlər o qədər güclü olur ki, hətta bəziləri gecə yaxınlarının nəfəs alıb almadıqlarını yoxlaya kontrol edə bilirlər. Diqqət və konsentrasiyalarında azalma, tez-tez və səbəbsiz əsəbləşmək, tez yorulma, ölüm qorxusu, ağlamaq, yuxusuzluq, həvəzsizlik, istəksizlik də həyəcan pozuntusunun psixoloji əlamətləridir.

2. Somatik - burada orqanizmdə özünü göstərən əlamətlər nəzərdə tutulur. Bunlardan ən önəmlisi ürəkdöyünmə və ya çırpınmasıdır. Bunlardan başqa boğulma, tam nəfəs ala bilməmək, boğazda “nəsə ilişib qalıb” hissi, boyun, kürək və başda ağrılar, bədəni istilik basması, tərləmə, ağızda quruluq və sair hisslər hakim kəsilir. Bu hisslər o qədər güclü olur ki, pasientlər tanıdıqları bütün ürək həkimlərini, terapevtləri gəzirlər və əksər hallarda da həkimlərdən eyni cavabı alırlar - “Sənin ürəyində heç nə yoxdur”. Şikayət davam etdiyi üçün bu cavab xəstələri əksər hallarda qane etmir və onlar biz psixiatrların yanına demək olar ki, bütün tibbi müayinələrdən keçmiş və ümidlərini itirmiş vəziyyətdə gəlirlər.

Tibbin müasir inkişaf səviyyəsinə gəlib çatmasına baxmayaraq, təəssüflər olsun ki, həyəcan pozuntusu xəstəliyinin yaranma səbəbləri tam aydın deyildir. Bir neçə elmi nəzəriyyə vardır ki, bunlardan ən önəmlisi “serotenin” nəzəriyyəsidir. Yayılmış həyəcan pozuntusu xəstəliyinin yaranma səbəbi kimi məhz beyində sinirlər arasında informasiyanın ötürülməsini təmin edən “xöşbəxtlik hormonu” adlandırılan serotenin maddəsinin miqdarının azalması göstərilir.

Xəstəliyin müalicəsində dərman və psixoterapiya metodlarından istifadə olunur. Xəstəyə müalicədən əvvəl xüsusi psixoloji testlər tətbiq olunaraq xəstəliyin dərəcəsi müəyyən edilir. Yüngül dərəcəli həyəcan pozuntusu olan xəstələrdə bəzən dərmansız, yalnız psixoterapiya ilə də keçinmək mümkündür. Psixoterapiya metodu olaraq koqnitiv davranış terapiyası seçilməlidir. Xəstəliyi daha şiddətli keçirən xəstələrdə isə dərman və psixoterapiya birlikdə istifadə olunmalıdır. Dərman terapiyası olaraq antidepressantlardan istifadə edərək tam sağalmaya nail olmağa çalışırıq. Bu xəstliklərin uğurlu müalicəsində yeganə maneə xəstələrin daha çox terapevtlərə, nevropatoloqlara və digər ixtisas həkimlərinə müraicət etməsindədir. Önəmli olan isə bir psixiatr müayinəsindən vaxtaşırı keçərək təyin olunan dərmanları mütəmadi qəbul etməkdir.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2015.- 14 yanvar.- S.13.