Qanlı torpağın sehirli
çiçəyi
Zəfəran ədviyyələrin şahı hesab oluna bilər
Yunan əfsanələrindən birində deyilir ki, Merkuri allahının Krokus adlı bir dostu var imiş. Bir dəfə Merkuri disk atarkən təsadüfən Krokusu yaralayır və gənc ölür. Qana boyanmış torpaqdan isə sarı-narıncı rəngli gül bitir; zəfəran gülü .
Azərbaycanın orta əsrlərdə yaşamış məşhur alim, həêim və õəttatlarından biri olan Məhəmməd Yusif Şirvani yazırdı: «Zəfəran insanı gümrahlaşdırır, mədəni möhkəmləndirir, dalaq, qaraciyər xəstəliklərində, bel ağrılarında, soyuqdəymədə xeyirlidir. O, cinsi fəallığı artırır, üzün rəngini yaxşılaşdırır, üzə şəfəq verir, yuxu gətirir, sidikqovucu təsir göstərir». Xalq arasında əsasən ağrıkəsici kimi, qıcolma əleyhinə vasitə kimi tanınır. Zəfəranı balla qarışdırıb qəbul etdikdə böyrəklərdə və sidik kisəsindəki daşları əritmək gücünə malik olduğunu deyirlər. Zəfəran dəmləməsindən qoyulan islatmalar baş ağrılarını və yuxusuzluğu aradan qaldırır, gözlərin, qulaqların iltihabi xəstəlikləri zamanı effektli təsir göstərir.
Deyilənə görə, zəfəran hələ 4000 il bundan əvvəl Asiya ölkələrində məlum olub. VII-VIII əsrlərdə isə ərəblər onu Avropaya aparıblar. Fərziyyələrə görə, Azərbaycana VIII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. XIX əsrin sonlarında zəfəranın Abşeronun 10-dan çox kəndində yetişdirilməsinə baxmayaraq, yalnız Bilgəh kəndi bu sahə ilə daha məhsuldar məşğul olub.
Tarixi mənbələrdə göstərilir ki, Babilistan, Midiya, Fars hökmdarları zəfərandan güclü boyaq kimi paltarlarını boyamaq üçün istifadə edirdilər. Zəfəran qədim zamanlarda da indiki kimi bahalı məhsul hesab olunurdu, ondan yalnız dövlətlilər və israfçılar istifadə etmək imkanına malik idilər. Hətta Roma imperatorlarından birinin zəfəranla ətirlənmiş suda çimməyi xoşlaması haqqında rəvayətlər də var. Təcrübələrdən aydın olmuşdur ki, 1 q zəfəranla 100 litr suyu boyamaq mümkündür. Bu xüsusiyyət dişciklərin tərkibində olan rəngləyici maddə ilə əlaqədardır.
Şərq ölkələrində isə zəfəran dişciklərini bəzi xörəklərə xüsusi dad və ətir verdiyinə görə işlədirdilər. Xüsusilə ərəb ölkələrində soğanla, sarımsaqla, dəfnə yarpaqları ilə yanaşı, zəfərandan da ədviyyat kimi istifadə edirdilər. Romalılar səyahətlər və müharibələr zamanı Şərqin kəskin qoxulu, xoş ətirli, bihuşedici ədviyyatlarını tanıdıqdan sonra onlarsız keçinmirdilər. İranda və Hindistanda isə meyitləri dezinfeksiya etmək və tez çürüməkdən qorumaq üçün onların üzərinə zəfəran səpirdilər. Belə ki, mixək və istiot kimi, zəfəran da bakterisid təsirə malikdir, bakteriyaların artıb-çoxalması və üzvi maddələri parçalayıb-dağıtması proseslərini ləngidir.
Zəfəranın müalicəvi bitki olması haqqında fikirlərə Hippokrat, Dioskorid, İbn Sina, Nizami Gəncəvinın əsərlərində rast gəlmək olar. Zəfəran ərəb mənşəli “zə-fran” sözündən əmələ gəlib və “sarı rəng” mənasını ifadə edir. Bu bənövşəyi çiçəyə yeməyi sarı rəngə boyadığına görə “zə-fran” adı verilib. Zəfəranı ədviyyələrin şahı hesab etmək olar. Zəfəran qadın kimi incə və şıltaqdı. Adətən payız aylarında çiçəkləyən zəfəran üç tünd qırmızı dişicikdən və üç sarı erkəkcikdən ibarətdi. Məhz üç qırmızı dişicik əsl zəfəranı təşkil edir. Zəfəran başqa ədviyyələri sevmir. Yəni istifadə edildiyi yeməkdə o ədviyyat olaraq yeganə olmalıdır. Öz qüvvəsinə görə Çin jenşeninə bərabərdir.
Zəfəranın vətəni barəsdә müəyyən fikir ayrılığı var. Hindistan, Çin, Türkiyə, İran, Suriya kimi ölkələr zəfəranı dünyaya bəxş edən yerlər sayılır. Bəzi mənbələr göstərir ki, ərəb istilaları nəticəsində zəfəran Avropayacan yayılıb. Hazırda daha çox İspaniyada, Fransanın cənubunda, İtaliyada, Krımda, Qafqazda və Azәrbaycanın Bilgəh qəsəbəsində yetişdirilir.
Dünya bazarında ən keyfiyyətli zəfəran İspaniyada bitir. Ümumiyyətlə, zəfəranın növləri çoxdu. Təbii ki, müxtəlif iqlim şəraitində yetişdirilən zəfəranın keyfiyyəti də müxtəlif olur. İrandan Azәrbaycana külli miqdarda aşağı keyfiyyətli mal gətirilir ki, yerli Bilgəh zəfəranı ilə müqayisə edilə bilməz. Orta əsrlərdə belə bir ifadə var idi: “Zəfəran kimi bahalı”. Zəfəran ən çox işlənən qara istiotdan qat-qat baha olub. Hindistan və ərəb ölkələrində zəfərandan nəinki ədviyyə, həm də bahalı dərman kimi də istifadə edilirdi. Orta əsrlərdə zəfəran əsasən krallara, imperatorlara, Roma papalarına verilən ən layiqli hədiyyələrdən sayılırdı. Hətta Almaniyada yalançı zəfərana görə insanları odda yandırırdılar.
Azərbaycanda artıq 9-cu əsrdə zəfəran becərilirdi və digər ölkələrə ixrac olunurdu. Zəfəran quru və isti iqlim şəraitini sevir, amma vaxtı gələndə məhz təbii yağış suyuna ehtiyacı var. Abşeronun hər yeri zəfərana yaramır. Məsələn, Zabratın və ya Lökbatanın gilli torpağında və rütubətli şəraitində tezliklə çürüyür. Məhz buna görə 1927-ci ildə Bilgəh kəndində zəfəran sovxozu yaradılıb. Lakin burda da bol məhsul götürmək çətindi. Mütəxəssislərin fikrincə isə, məhsuldarlığın aşağı düşməsi insan fəaliyyəti ilə bağlıdı. Belə ki, Abşeronun mühitinin dəyişməsi təkcə zərərli maddələrin, zir-zibilin artması və havanın, suyun çirklənməsi ilə əlaqədar deyil. Hansısa nisbətin pozulması da ətraf mühiti dəyişdirir. İnsan övladı Abşeronda suyun səviyyəsini artırıb və bununla da yerli bitkilərin yetişdirilməsinə əngəl törədib. Suyun artıqlığı əncirin, üzümün şirnisinin azalmasına, zeytunun yağlılığının aşağı düşməsinə, zəfəranın çürüməsinə, püstənin yoxa çıxmasına gətirib çıxarır.
Tədqiqatçısı, jurnalist İsmayıl İsmayılov yazır ki, zəfəran soğanaqlı zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik bitkidi. Soğanaqlar həm adi fındıq qədər balaca, həm də alma kimi böyük ola bilir. Torpaq altından çıxarılan soğanaq tünd qəhvəyi rəngdə olur. Üzərindəki qabıqlar soyulduqca aşağıda qalan qabıqların rəngi açıq qəhvəyiyə çevrilir. Deyirlər ki, soğanaqdan çıxan hər qabıq qatı onun neçə il torpaq altında qalmasına dəlalət edir. Hər soğanaq orta hesabla 1 gül verir, amma böyük soğanaqlar 2 gül də verə bilər. Soğanaqlar bölünmə yolu ilə artır. Özündən 2 gül verən soğanaq mütləq həmin il parçalanır, bir növ balalayır. Hər mövsümdə soğanaqları yerdən çıxarıb aralamaq, təmizləmək və qurutmaq gərəkdi. Bu işi iyun-avqust aylarında görmək olar. Həddən artıq balalamış soğanaqlar torpaqda uzun müddət qalanda məhsul vermir və əriyib yoxa çıxır. Həmçinin torpaqdan çıxmış zəfəranın yerinin dəyişdirilməsi məsləhət görülür. Soğanağın aşağı hissəsində dərin çökəklik var. Sentyabr-oktyabr aylarında havada rütubətin artması ilə əlaqədar zəfəran kök atmağa başlayır və yuxarı hissəsindən hündürlüyü 20-25 santimetr olan yaşıl hissə əmələ gəlir. Hərdənbir rütubət artıq olanda yaşıl hissənin ən hündür səviyyəyə, yəni 50-70 santimetrə çatdığı müşahidə olunur. Ola bilər ki, bu halda zəfəran gülü əmələ gəlməsin. Təbiətdə hər şey düz mütənasibdi. Bitkinin yaşıl hissəsi onun kökünə uyğun olmalıdı. Bu halda zəfəran gülü tam dəqiqliyi ilə əmələ gəlir.
Zəfəran müəyyən sıra ilə əkilməlidi ki, aralarında əmələ gələn alaq otlarını təmizləmək mümkün olsun, çünki zəfəran tapdanmağı sevmir. 1 kiloqram quru zəfəranın alınması üçün, müxtəlif mənbələrin göstərdiyinə görə, 100 min, 300 min çiçəyin yığılması tələb olunur. Zəfəranın qurudulması xüsusi məharət tələb edir. Adi şəraitdə dişicikləri qaranlıq və quru yerdə qurutmaq olar. İspaniyada zəfəranı içərisində közərdilmiş kömür olan xüsusi ələklərdə 15-20 dəqiqə saxlamaqla qurudurlar. Qurudulmuş zəfəranı ağzıbağlı şüşə qabda saxlamaq gərəkdi. Quru və qaranlıq yerdə o, təravətini 10-15 il saxlaya bilir.
Əkin sahələri olmayan və bina evlərində yaşayan insanlar öz gözəl gülünə görə zəfəranı bəzən dibçəklərdə yetişdirirlər. Bu zaman bir sıra problemlərlə qarşılaşırlar. Bir-iki il gül verən soğanaq üçüncü il yoxa çıxır, çürüyür. Səbəbi sadədi. Bütün soğanaqları, tərəvəzləri quru qumda uzun müddət saxlamaq olur. Zəfəran soğanağı da təbii şəraitdə özünü gözəl hiss edir. Artıq rütubət ona ziyandı. Dibçəkdə ola bilər ki, insan tərəfindən suvarılan və ya yağış altında qalan soğanaq bütün il boyu rütubətdən əzab çəkir və məhv olub gedir.
Zəfəran dünyanın ən bahalı ədviyyatıdır. Onun bu qədər dəyərli olması səbəbsiz deyil. Bu ədviyyat demək olar ki, bütün dərdlərin dərmanıdır. “Şərqin möcüzəsi” adlandırılan bu ədviyyat iştahanı açır. Təkcə qoxusu bədənin müqavimətini artırmağa qadirdir. Qoxusu həm də əsəbləri sakitləşdirici təsirə malikdir.
Qrip, soyuqdəymə zamanı zəfəran temperaturu salıb, öskürəyi kəsməkdə möcüzəvi təsir göstərir. Həmçinin astma və bronxit xəstələrinə də məsləhət görülür. Qaraciyər, öd, ürək, göz xəstəliklərindən əziyyət çəkənlər zəfərandan dərman kimi istifadə edə bilərlər. Zəfərandan göz xəstəliklərinin müalicəsində, həmçinin diş əti ağrılarını azaldıb, dişləri gücləndirmək üçün də istifadə etmək olar. Zəfəranın dişi və erkək tellərinin faydaları bir-birindən fərqlənir. Belə ki, erkək telləri sonsuzluğa qarşı əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Qurudulmuş dişi telləri isə sarılıq, öd kisəsi və qaraciyər xəstəlikləri zamanı istifadə olunur. Bunun üçün zəfəranı 3-4 dəqiqə qaynadıb sonra adi çay kimi dəmləyib içmək lazımdır. Bu ədviyyatın qurudulmuşunu dilin altına qoymaqla beyin hüceyrələrinin və damarların kirəclənməsinin qarşısını almaq mümkündür.
Bir ədəd almanın baş hissəsini qapaq kimi kəsib, onun içərisinə 10 ədəd qurudulmuş zəfəran teli qoyulur və almanın qapağı örütülür. 24 saat saxlandıqdan sonra almanın qapağını açıb iyləmək lazımdır. Bunu 3 saatdan bir 5-10 dəfə iyləmək lazımdır. Beləliklə yaddaş möhkəmlənəcək, beyin qidalanacaq, baş ağrıları kəsiləcək və əhvali-ruhiyyəniz yaxşılaşacaq. Zəfəranı iyləmək ürək döyüntülərinin normaya düşməsinə də kömək edir. Böyrək daşından xilas olmaq üçün 100 qram bala toz halına salınmış 50 qram zəfəran qarışdırılır. Bu məcundan axşam və ya səhər bir çay qaşığı qəbul etmək lazımdır. Zəfəran çayından təkcə sağlamlıq üçün deyil, həm də arıqlamaq üçün istifadə etmək olar. Bədəndə yığılmış artıq yağları əridən zəfəran çayını adi çay kimi dəmləmək lazımdır. Çayı dadlandırmaq üçün bal da əlavə etmək olar. Qeyd edək ki, bu çayı gündə bir stəkandan artıq içmək olmaz.
Zəfəran xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir. Qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təçhizatını normallaşdırır. Beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir. Sinir sisteminə müsbət təsir göstərir, normal yuxunu təmin edir. Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2015.- 22 yanvar.- S.13.