“Qeyri-şüurlu qurulan ailələr boşanmaya meyillidir”

 

Mehriban Zeynalova: “İqtisadi cəhətdən asılı gənclərin ailəsində həmişə problemlər olur”

 

Hər valideynin arzusu övladını ailəli görməkdir, hər xanımın arzusu uğurlu ailə qurmaqdır. Lakin, son zamanların statistikası göstərir ki, arzular puç olur. Səbəbini isə axtaran və onu aradan qaldıran yoxdur. Son zamanlar sosial şəbəkələrdə istehza obyektinə çevrilən azərbaycanlı qızlar, öldürülən qadınlar, mənəvi zədə alan və kimsəsiz qalan uşaqlar var, bir də Azərbaycanın dağılmış ailə institutu. Niyə belə oldu? Həmsöhbətimiz “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovadır

 

- Azərbaycan ailələrini boşanmaya aparan yollar, səbəblər hansılardır?

- Boşanmadan danışarkən ilk əvvəl evlilikdən başlamaq lazımdır ki, o necə baş verib. Əvvəl ənənəvi olaraq valideynlərin israrı və ya sevgi ilə ailə quran şəxslər ailənin təməlində gələcək həyatlarının müəyyən perspektivlərini görürdülər. Bu gün valideyn tərəfindən məcburi nikahlar azalsa da, ailə quran şəxslərin əksəriyyəi şüurlu surətdə ailə qurur. İnsanlar ailəni nə məqsədlə qurduğunu bilir; evləndiyi insan sevdiyi şəxsdir, ailə uşaq dünyaya gətirmək üçündür, hansısa maddi marağı güdür və ya ənənəvi olaraq hamının etdiyini təkrarlayır. Qeyri-şüurlu olaraq qurulan ailələr isə boşanmaya meyillidirlər. Çünki bu ailənin təməlində sabitlik, dayanıqlıqlıq, ailə ilə bağlı gələcək perspektivlər, eyni düşüncə tərzi yoxdur. Boşanmaların kökündə bir çox səbəblər var. Məsələn, qısa müddətli aşiqlik, kifayət qədər bir-birini öyrənməmək, sonradan yaranan fikir ayrılığı buna gətirib çıxarır. Ola bilər ailə qurmuş tərəflərdən biri daha intellektualdır. Burda intellektlərin uyğunlaşmaması da ailənin dağılmasına təsir edən amillərdəndir. Və yaxud tərəflər arasında qarşılıqlı anlaşma yoxdur. Ailə quran insanlar bir-birinə nüfuz olaraq baxmalı, eyni zamanda bir-birinə qarşı olan hörməti sərgiləməlidirlər. Bu hörmət hissinin ailə çərçivəsində yoxa çıxması bir çox hallarda boşanma ilə nəticələnir. Qarşı tərəflər bir-birinə kifayət qədər hörmət etmirlər. Bu həm də ideallaşdırmadan dairəli gələ bilər. Ola bilər evlilik dönəmində cütlüklər bir-birini ideallaşdırırlar, sonrakı prosesdə o təsəvvür dağılır və fərq ortaya çıxır. Özünü fərqli təqdimetmə, mesajları fərqli vermə həqiqətlə tərs mütənasib olur ki, sonuc heç də ürəkaçan alınmır. Tərəflərin qohumlarının ailənin həyatına müdaxiləsi də boşanmaya aparan yollardan sayıla bilər. Yəni valideynlər ailəyə pozitiv təsir əvəzinə, neqativ, dağıdıcı təsir göstərirlər.

- Həmişə barışdırıcı tərəf kimi çıxış etmiş valideynin bu gün dağıdıcı funksiyanı yerinə yetirməsi nədən qaynaqlanır?

- Qəribə bir psixoloji hal yaranıb; hökmranlıq hissi… Mən idarə etməliyəm! Hamı mənə tabe olmalıdır! Bu cür formada hökmranlıq əvvəl də olub. Məsələn, ailənin maliyyə vəsaitinin idarə olunması əsasən ananın əlində idi və bu norma kimi hamı tərəfindən qəbul olunurdu. Ailə də kifayət qədər normal idarə olunurdu. İndi bunu daha çox zorakılıq formasında edirlər. Söhbət ondan gedir ki, köhnələr köhnə qayda ilə idarə etmək istəyir, yenilər isə köhnə qayda ilə idarə olunmaq istəmirlər, yeni davranış modeli sərgiləyirlər. Çox az valideynlər özlərini yeni davranış formalarına adaptasiya edir və ailənin də sərbəst yaşamasına etiraz etmirlər. Amma əhəmiyyətli qism insan var ki, yenə köhnə idarə üsulunu daha doğru sayır və ona üstünlük verirlər. Onların fikrincə, bu daha doğrudur, çünki onu da illərlə belə idarə ediblər, o özünü doğruldub, indi idarəçi kimi özünü təsdiqləmək istəyir. Gənclər isə təbii ki fərqli düşünürlər. Burda ərə getmiş qız tərəfinin də iddialarını nəzərə almaq lazımdır. Nədənsə gənclərin sərbəst yaşaması deyil, kiməsə sığınması, kimdənsə iqtisadi asılılığı valideynə daha çox sərf edir. Bu gün valideyn gənc ailəyə göstərdiyi iqtisadi dəstəyi şantaj kimi istifadə edir. Yəni mən kömək edirəmsə, mənim dediyim də qanun olmalıdır. Gənc ailənin düşüncələri, maraq və istəkləri önəmli sayılmır. Valideynin “mən idarə etməliyəm, çünki pulu mən xərcləyirəm, nə istəyirəmsə, onu da edəcəksiniz!” eqosu əsas götürülür. İqtisadi asılı gənclərin ailəsində həmişə problemlər olur. Ənənələrə əsasən də biz öz övladımızı həmişə iqtisadi asılı öyrədirik.

- Bəlkə problem ondan qaynaqlanır ki, klassik Azərbaycan ailələrində uşağın arzu, istəyi və düşüncələri kimsəni maraqlandırmır?

- Bu çox ciddi problemdir. Yaxınlarda bir tədbirdə uşaqlar və valideynlərlə görüşdə iştirak etmişdim. Hardasa 10 yaşında olan bu uşaqlarla söhbətim zamanı məlum oldu ki, valideyni onların düşüncələri və qərarı maraqlandırmır. Hətta bir uşaq dedi ki “atamla çox danışmaq istəyirəm, amma mənə vaxtı yoxdur”. Soruşdum ki, bəs atan evdə nə edir? Cavab verdi ki, “işdən yorğun gəlir, evdə televizora baxır, amma mən çox istəyirəm ki, atam mənimlə danışsın”… Yəni elementar olaraq uşağı dinləmək lazımdır. İndi fərqli dünyadır. Uşaqlar əvvəlki kimi itaətkar böyümürlər. Onlara gələn və kifayət qədər çox olan informasiya axınını kiminləsə bölüşməlidirlər. Əgər valideyn evdə onu bölüşmürsə, deməli uşaq kənarda kimisə axtarmalıdır. Sizə deyim ki, valideyin hətta kifayət qədər yetkin oğlanın rəyini soruşmur. Məsələn, mən evdə kifayət qədər hər kəsin rəyini soruşduğum halda bəzən yenə etirazlar olur. Nəzərə alaq ki, klassik ailə metodunda bu qəti yoxdur. Odur ki, böyüklər artıq yeni ailədaxili davranışlara alışmalı, övlad ilə hesablaşmalıdırlar. Bu tabe olmaq deyil, qərarların birgə qəbulu deməkdir. Bizdə valideynlər ailə qərarlarının birgə qəbuluna hazır deyillər.

- Sosial forumlarda qızlar və xanımlar münasibət qurmaq istəyən gənclərin sonradan ciddi deyil, əyləncə məqsədi ilə onlara yaxınlaşdıqlarını aşkarladıqlarını bildirirlər.

- Hesab edirəm ki, kiminsə saf duyğuları ilə oynayan insan cinayətkardır. İnanıram ki, nə vaxtsa buna görə cinayət məsuliyyəti də olacaq. Bu günün tələbidir. Duyğuları, hissi istismar edilmiş insanın kompensasiyasını heç nə ilə ödəmək olmur. Bu çox ciddi zədədir. Bu insanın sonrakı həyat və yaşam tərzində özünü göstərir. Bu baxımdan ciddi cinayət olsa da, bizdə bu cinayət kimi qeydiyyata alınmır. Bu cür kişilərin özünü realizə etmək problem var. Onlar hər dəfə yeni qəlbi əldə etdikdə özlərini güclü hesab edirlər. Həmin şəxslərin bir daxili hesabat və öhdəlik hissi yoxdur, qarşısındakına hörmət hissi təmamilə ölüb.

- Bu qanunla da tənzimlənmir.

- Yox təbii ki. Həm də ona görə ki, belə iddialar qaldırılmır. Bununla bağlı hər hansı ictimai qışqırıq yoxdur. SOS siqnalı verən yoxdur. Amma bu cür yanaşmaların nəticəsidir ki, insanlar arasında kifayət qədər ciddi inamsızlıq hissini formalaşıb. Son nəticə depressiyadır. Belə münasibətlər stimullaşdırmanı öldürür. Bu insanın yaradıcı və intellektinin inkişafını əngəlləyir. Yəni bir hadisə, olay insan həyatına nə qədər böyük zərbələr vurur. Hesab edirəm ki, bu sahədə araşdırmalara ehtiyac var. İndiki halda qanunvericilk bununla bağlı heç nə nəzərdə tutmur. Amma yeni qanun qəbuluna ehtiyac var. Bunun üçün də qanunvericilik orqanlarında oturanların məsələyə münasibəti dəyişməlidir. Əgər 20 il əvvəl namus məsələsinə görə hüquq orqanlarında oturan adam subyektiv olaraq kəskin reaksiya verirdisə, bu gün o məsələdə onlar da sosial şəbəkədə oturanlar kimi düşünürlər. Problem sevgiyə inanmaqda deyil, problem qarşı tərəfin əlçatan olmasındadır. Şüuraltında qadın haqqında çox neqativ fikirlər toplanıb. Dəxlisi yoxdur bu qadın onun yaxın qohumudur, yoxsa yaddır. Bütün dəyərlər sistemi laxlayıb. Adi deyil, incəliklə düşünülmüş məsələdir. Əgər bir ölkənin gücünü almaq istəyirsənsə, onun qadınını yıx, onun qadına olan münasibətini pisləşdir. Sovet dönəmində aparılan araşdırmalarda Azərbaycan ailə dəyərlərinə görə birinci yerdə idi.

- Azərbaycan ailəsinin ən böyük dayağı qadın olub.

- Çünki qadın təmkini, səbri, dünyagörüşü ailənin qorunub saxlanmasının öhdəsindən gəlib.

- Amma Azərbaycan qadını bu gün sadalanan bütün məziyyətləri ilə birgə istehza mənbəyidir. Sosial şəbəkələrdə rus və ukrayna xanımları yüksək qiymətləndirilir.

- Qeyri millətdən olan qadınlar münasibətlərdə daha sərbəstdirlər. Bizim qadınlar isə çək-çeviri bir az uzadandırlar. Ona görə qeyri-millətlər daha əlçatandır. Amma qeyri-millətin qadınları öz istək və arzularını açıq şəkildə ifadə edib tələb etmək bacarığı var. İstədikləri vaxt münasibətləri yarıda kəsə bilərlər. Ailə münasibətlərində daha çox öz istəklərini əsas götürürlər, nəinki qarşı tərəfi. Bizim qadınlar isə əksinə, daha çox qarşı tərəfin istək və arzularını ön plana çəkir, özlərini ikinci plana salırlar. Əslində böyük qəhrəmanlıqdır, kişini kifayət qədər yüksəyə qaldırır. Amma görünür artıq kişilər yuxarıda olmaq istəmirlər. Artıq qadın öz mənafeyini irəli çəkməlidir. Əslində qarışıq nikahlar hər zaman hər hansı maraq əsasıda qurulur, heç zaman həmin nikahda sevgi əsas faktor olmur. Belə nikahlar şüuraltı hansısa vasitə olub; xarici ölkədə yaşama, streotiplərdən azad olma, iqtisadi imkan əldə etmə və s. Xarici vətəndaşlarla o qızlar ailə qururlar ki, onların intellektual səviyyələrinə uyğun burda adam tapa bilmirlər. Və yaxud birinci ailəsi uğursuz alınmış xanımlar qarışıq nigahlara üstünlük verirlər. Mən həmişə demişəm ki, bizim qadınların fikri birdir; necə olur, olsun - ailə qursun.

- Azərbaycan qızlarını körpəlikdən ailə məsuliyyəti aşılanıb, amma nədənsə eyni məsuliyyət oğlanlara şamil edilməyib.

- Bu ailəyə yanaşmadan asılıdır. Həmişə deyilib ki, “kişi küçədə olar, kişi gəzə bilər, kişi xəyanət edə bilər, kişi bağışlanandı, qadın yox”. Ona görə də qıza daşıyacağı məsuliyyət haqda hər gün mühazirələr oxunub. Amma kişidən axı heç nə tələb olunmur. Kişi ov ovlayıb, quş quşlayıb, gəlib evə, vəssalam. Bununla da missiyası bitmiş hesab olunub. Sovet dövründə də kişi qazandığı pulu evə verməklə missiyasını bitmiş hesab edib. Bu gün bir kişi düşünmür ki, bəlkə bu gün mən həyat yoldaşıma xoş sözlər deyim? Bəlkə onu əzizləyim və ya qapıdan içəri daxil olanda əhvalını soruşum? Axı o da yorğundur. Yox.. bunların hamısı qadından tələb olunur; kişi evə gələndə sən mütləq gülümsəməlisən, sən onu anlamalısan. Sual verirəm; bəs kişi qadını anlayırmı?? Bəlkə bu gün qadının əhvalı yaxşı deyil, həyat yoldaşının bir xoş sözünə möhtacdır? Bilrsinizmi, hətta bir xoş sözü belə qadına qıymırlar. Kənardakı tanımadıqları insanlara sosial şəbəkələrdə kifayət qədər xoş sözlər işlədirlər. Amma ailədə xanımın könlünü almağı özünə əskiklik bilirlər.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2015.- 28 yanvar.- S.13.