“Bir onu bilirəm ki, vicdanla
işləmişəm”
Qüdrət
Həsənquliyev: "Heç kim taleyindən qaça bilməz"
Qabil
Abbasoğlu tapşırığı belə verdi:
- Millət
vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri Qüdrət Həsənquliyevin 50
yaşı tamam olur. Elə müsahibə olsun ki...
- Başa
düşdüm. 50+ müsahibə?
- Daha
özün bildin!
Mən
bildim, oxuculara da izah edim. “50+” o demək idi ki, hər şeydən
danışın, amma siyasətdən yox. Yəni
keçmişdən və gələcəkdən...
***
- Bu
gün şənbədir. Amma siz işdəsiniz. Bu işin
çoxluğundan irəli gəlir, yoxsa...
- Altı
gün işləməyə vərdiş etmişəm. Hesab
edirəm ki, dincəlmək üçün bir gün yetərlidir.
- Şənbə
söhbəti olsa da, işlə bağlı bir sual vermək
istəyirəm. Heç bir partiyanın üzvü deyiləm.
Mətbuatdan izlədiyimdən belə görünür ki, adətən
partiyalarda armudu stəkanlarda çaylar içilir,
görüşlər keçirilir, çox vaxt ölkə
daxilind baş verənlərə toxunulmur, ölkə xaricindəki
məsələlərə bağlı mətbuata uzun-uzun
açıqlamalar verilir və s. Partiyada ayrı nə baş
verir?
- Bu
ictimaiyyət üçün maraqlı olan hissəsidir. Amma
iş çoxdur. Partiya üzvlərinin
yaxınlarının, şəxsi tanışların,
seçicilərin, başqa ictimaiyyət nümayəndələrinin
problemləri var. Mənim aldığım şikayətlərin
80 faizi Ordubad və Culfadan, yəni öz seçicilərimdən
deyil. Bütün bölgələrdən müraciət edirlər.
Çünki mən təkcə bir rayonun millət vəkili
yox, həm də partiya sədriyəm.
-
Görüşə gələrkən həmkarlarım
arasında “Qüdrət Həsənquliyevi necə
tanıyırsınız” deyə kiçik bir sorğu
apardım. Ən çox iki fikir yadımda qaldı. Biri -
dedilər etibarlı adamdır...
-
Etibarlılıq ailədən gəlir. Mən belə tərbiyə
almışam. Uşaq vaxtı çoxlu bədii kitablar
oxuyur, özümü o qəhrəmanlara oxşatmağa
çalışırdım. Doğrudan da dostlarım
üçün hər cür fədakarlığa getməyə
hazıram.
-
İkinci fikir isə belə oldu – özünü mətbuat
üçün əlçatmaz saxlayır. Niyə? Nəinki
hakim, heç müxalifət partiyasının da sədri
deyil.
-
(Gülür) Burada da həqiqət var.
Çalışıram jurnalsitlər mobil telefon nömrəmi
bilməsinlər, mənimlə ünsiyyət bir az çətinləşsin.
Ona görə ki, Azərbaycanda çoxlu sayda mətbu orqan,
jurnalist var. Bəzi deputat yoldaşlarım var, biz söhbət
edəndə görürəm telefonları bir dəqiqə
susmur. Özü də bütün jurnalistlərin
suallarına cavab verirlər. Düşünmürəm ki,
partiya sədri ən kiçik, bir çox hallarda hətta ona
aid olmayan məsələlərə də münasibət
bildirməlidir. Millət vəkilinin siyasətdə, sosial həyatda
və s. baş verənlərə qarşı öz
mövqeyi olmalıdır. Mən ixtisasca
hüquqşünasam. Amma bəzən görürsən bəziləri
təbabətdən danışır və yaxud ağla gəlməyən
mövzuların müzakirələrinə qatılırlar.
Hesab edirəm ki, orda peşəkarların olması daha
yaxşıdır.
- Siz
heç hüquqşünas kimi də mətbuata
açıq deyilsiniz.
- Mən
axı qısa bir müddətdə prokurorluq orqanlarında
çalışmışam. Sonra isə özümü
böyük siyasətə həsr etmişəm. Amma
hüququ məsələlərlə bağlı, xüsusən
də mənim ixtisasım olan cinayət hüququ ilə
bağlı müzakirələrdən heç zaman
qaçmıram. Hətta yeri düşəndə cinayət
hüququ ilə bağlı mütaliə edirəm.
-
Mütaliə demişkən, gələk o bayaq dediyiniz
özünüzü qəhrəmanlarına oxşatmağa
çalışdığınız kitablara. Əsasən nələri
oxuyurdunuz?
- Kəndin
kitabxanasında nə qədər kitab varsa, üç ay yay
tətili ərzində oxuyurduq. Bizim kitab oxumağımız
üçün çox yaxşı imkanlar da var idi.
- Məsələn...
- Elə
vaxt olub ki, iki günə 300 səhifəlik, bəlkə də
daha artıq bir romanı oxuyub bitirmişəm. Surətlə
oxuyurdum. İndi isə çox təəssüf, vaxt yoxdur...
- Amma yenə
də masanızda kitab var...
- Bəli,
indi “Soft Power”i oxuyuram. Artıq ingiliscə mütaliə edirəm.
İstəyirəm dilim inkişaf etsin. Millət vəkili,
xüsusi ilə də NATO Parlament Assambleyasına üzv
seçilındən sonra hiss etdim ki, xarici dilsiz mümkün
deyil. Rəsmi iclaslarda tərcüməçilər var, amma
kluarlarda öz həmkarlarınla söhbət etmək
üçün dili bilməlisən. Bəzən kluarlarda
edilən söhbətlər daha əhəmiyyətlidir.
Çünki iclaslardakı söhbətlərdə çox
vaxt siyasətçilər real həqiqəti söyləmirlər.
Stenoqram yazılır, olur ki, fikirləri ölkələrinin
rəsmi mövqeyi kimi nəzərə alınır və s.
Ümumiyyətlə,
rəqabətə davamlı kadr olmaq lazımdır. Amma dil
bilmək heç də hər şeyi həll etmir. Sən
yaxşı siyasətçi, yaxşı alim olmalı, əlavə
şərt kimi də xarici dil bilməlisən.
- Deməli
ingilis dilini parlamentə gələndən sonra öyrənməyə
başlamısınız...
-
2003-cü ildə, 38 yaşım var idi. Vaxt məhdudiyyətim
var idi, ancaq yenə də çalışırdım
axşamlar evə gələndə məşğul olum. Bu
gün kluarlarda istənilən mövzunu müzakirə edə
bilirəm. Yəqin ki, bundan sonra rəsmi tədbirlərdə
çıxış etməkdən də çəkinməyəcəyəm.
Amma hələ ki, bir az psixoloji baryer var.
Gərgindi,
daha çox siyasətdən danışır. Onu 38
yaşına qaytarmaq üçün xeyli əziyyət
çəkdim. Təxminən bir saata qədər də xaricdə
təhsil alan tələbələr haqda danışandan
sonra, çətinliklə, hətta əzabla gedib
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus
kəndinə çıxırıq.
- Təəssüf,
atamı çox erkən itirmişəm. Onunla olan söhbətlərin
hamısı yadımdadır. Bəlkə də indi sağ
olsa, o söhbətləri unudardım... Biz ona əmi
deyirdik...
- Niyə?
- Bir əmim
müharibədə həlak olub və onun qızını
atam öz övladı kimi böyüdüb. Biz də göz
açanda Gülsümün dili ilə atama əmi demişik.
Anamıza da ana yox, Əminə demişik...
- Yenə
Gülsümün dili ilə?
- Bəli.
Anam bunu çox xoşlayırdı. İndi də
qızımın adı Əminədir...
- Ailəniz
böyük idi?
- On
uşaqlı ailədə böyümüşəm.
Böyük qardaşım, sonra altı bacım, mən və
iki qardaşım. Bizdə böyük uşaqlar özündən
kiçiyin təhsili ilə maraqlanıblar. Bunun da nəticəsidir
ki, ailədə hamı oxuyub.
Bizim ailə
çox mütərəqqi ailə olub. Məsələn,
bizim kənddə öz qızının Bakıda ali təhsil
almasına icazə verən ilk adam mənim atamdır. Söyləyirdi
ki, hiss edirdim bir çox adamlar bunu bəyənmir. Deyirlər,
qız uşağı neynir təhsili? Bacılarım
hamısı həkimdir... Atamsa deyirdi oğlan gedib çətin
sahələrdə işləyə, ailəsini dolandıra
bilər. Qız isə ərə getdi, birdən ailəsinin
başına bir iş gəldi, uşaqlarını necə
saxlayacaq? Qızın ali təhsil alması oğlandan
vacibdir...
Kənd
camaatı boş vaxtlarında çayxananın
qabağına toplaşırdı. Atam onlara deyirdi ki, başa
düşürəm, çoxunuzun ali təhsil almaq imkanı
mümkünsüzdür, amma heç olmasa qəzet-kitab
oxuyun. Beş il gündəlik mətbuatı oxuyan şəxs
ictimai humanitar təhsil alıb, deyirdi...
- Bu fikir
çox xoşuma gəldi. Necə hesab edirsiniz, bu
günkü mətbuatı neçə il oxumaq
lazımdır ki, ali təhsil...
-
(Gülür) Biz Azərbaycan dilində hansısa sözün
yazılışını bilməyəndə dərhal qəzetləri
qabağımıza töküb o sözü axtarır,
düzgün yazılışını öyrənirdik. Ola
bilməzdi ki, qəzetdə bir söz düzgün
yazılmasın.
- İndi
nəinki qəzet, məktəb dərsliklərində səhvlər
var...
- Bəli.
Haqlısınız.
Nahaq bu
günün mətbuatından söz saldım, heç yeri
idi? Oysa Culfanın Əbrəqunus kəndinə böyük məşəqqətlə
gedib çıxmışdıq. Dərsliklərdən
Qurana, Qurandan cahilliyə, cahillikdən dini ekstrimizmə, dini
ekstrimizmdən erkən evliliyə, erkən evlilikdən
mentalitetə, mentalitetdən rüşvətə,
rüşvətdən xəyanətə keçdik və mən
bütün bu mövzuların arasından kəndə yol
axtararkən, o qəfil qayıtdı:
- Mən
kimyadan olimpiada qalibi olmuşam.
-
Kimyaçı hüquqşünas?
- Məktəbdə
heç kim bilmirdi ki, kumya olimpiadasının qalibi
hüquqşünas olmaq istəyir. Bir epizodu
danışım. Məktəbimizin direktoru var idi, Heydər
müəllim. Orta məktəbdə birinci
buraxılış imtahanıdır. Direktor, dərs hissə
müdiri və bir neçə hörmətli müəllimimiz
sinfə girdi. Ayağa qalxdıq, direktor əli ilə işarə
etdi ki, oturun. Dedi, “Həsənquliyev, çıx lövhəyə”.
Düşündüm axı mən heç nə eləməmişəm...
Sən
demə, olimpiada qalibi olmağımla bağlı diplomum
göndərilib məktəbə. Orda mənə diplomu təqdim
etdilər. Mənim üçün yaddan çıxmayan səhnə
idi. Sonra elə oldu ki, orta məktəb imtahanlarını
verdim, qızıl medal verməmək üçün Azərbaycan
dili və ədəbiyyatdan bir dörd yazdılar. Axı
qızıl medal üçün təhsil şöbəsinə
iki min pul verməliydin... Bu rəqəm bizim ailəmiz
üçün fantastik rəqəm idi...
Məktəbi
bitirdim, amma heç sənədlərimi məktəbdən
götürmədim.
- Niyə?
-
Naxçıvandan Bakıya gəlmək xərc idi. Burada
hardasa bir aya qədər yaşamaq lazım idi. Mənim
üçün bütün bunlar problem idi. Bir gün həyətdə
idim, gördüm dərs hissə müdiri ilə direktor
girdilər içəri, özümü itirdim. Mən
axı qonşu kənddə oxumuşam. Məşhur Bənənyar
kəndində...
- Sizin kənddə
məktəb yox idi?
- Bənənyar
kəndindəki məktəb kimya təmayüllü idi.
Bacım da Tibb Universitetinə hazırlaşdığı
üçün atam onu qonşu kəndə göndərirdi.
Mən humanitar fənnlər üzrə hazırlaşsam da,
bacım tək getməsin deyə, ona qoşulurdum.
-
Atanız Naxçıvanın soyuğunda qızını təhsil
üçün qonşu kəndə göndərirdi?
- Bəli.
Təsəvvür edin. Atam o qədər mütərəqqi
insan idi ki, kənddə ona müəlimlər müəllimi
deyirdilər. Həyətimizə çox sayda insanlar gəlir,
ondan məsləhətlər alırdılar. Bu adı
müdrikliyi və xeyirxahlığı ilə
qazanmışdı. Ağıllı məsləhətlərinin
şahidiyəm.
- Bəs
məktəb direktoru Heydər müəllim necə, bir
gün gəldi sizə...
- Hə, onun uşaqları vurmağı da var idi. İndi uşaqların döyülməsini qəbul etmirik. Amma o dövrdə bu var idi və əminliklə sizə deyirəm ki, valideynlər bunu pis qarşılamırdılar. Bilirdilər ki, o uşaqları xəsarət alacaq qədər bərk vurmurdu və ləyaqətini alçaltmırdı. Məsələn, girdi bizim həyətə, özümü itirdim. Axı müəlimlərə allah kimi baxırdıq. Həyətdə dəmir tor var idi. Biz həyətimizdə üzüm yetişdirirdik. Yığıb zavoda təhvil verir, onun hesabına çoxlu pul alır, o bu pulu hissə-hissə xərcləyirdik. O dəmir tora ağacın nazik qanadlarını taxmışdıq ki, cücələr o tərəfə keçib üzümü yeməsin.
Məni çağırdı ki, niyə gəlib attestatını götürmürsən? Dedim qəbula getməyə hazırlaşmıram. Səsini qaldırdı ki, sənin başın xarab olub? Necə yəni hazırlaşmıram... Dedim mən istəyirəm hüquq fakültəsinə gedəm, ora da staj lazımdır. Bu vaxta qədər Heydər müəllim elə bilirdi ki, mən kimyaçı olacağam, əmin idi ki, olimpiada qalibi kimi dərhal qəbul olunacağam. Əlini atıb o cücələr üçün taxdığımız çubuğun birini yerdən çəkdi. Xasiyyətini bilirəm axı, bildim ki, məni döyəcək. İki addım geri atdım, məsafə saxladım ki, çubuq mənə çatmasın. Dedi bura gəl, təzədən iki addım yaxınlaşdım. Çox əsəbi formada dedi: “Bir böyüyün yoxdur səni başa salsın ki, sən hüquqşünas olmamalısan. Kimya üzrə getməlisən, sən orda lazımsan”.
- Siz nə dediniz?
- Nə deməyimdən asılı olmayaraq elə əsəbi idi ki, dediklərimin heç birini qəbul etmirdi. Çubuğu göyə qaldırıb endirəndə döndüm və çubuğun ucu çiynimə dəydi. Çubuğun ucu çiynimə dəysə də, bu gün o insanı məhəbbətlə yad edirəm.
- Çubuq necə, bir işə yaradı?
- Yox, artıq qərarımı vermişdim...
- İndi oğlunuz çiynində çubuq izi ilə evə gəlsə...
- Hmm..
- Əminəm ki, səhər məktəbə müəllimdən tez çatarsınız...
- Açığını deyim ki, mən nəinki uşağın, ümumiyyətlə, şiddətin əleyhinəyəm. Məktəbə gedib mütləq bunun səbəblərini araşdıraram. Amma mütləq baxaram o müəllim kimdir. Əgər çox savadlı və təcrübəli bir müəllimdirsə, cəzalandırılmasına cəhd etmərəm. İnandırmağa çalışaram ki, bunu tək mənim oğluma yox, heç kimin uşağına qarşı etməsin.
- Övladlarınız neçənci sinifdə oxuyurlar?
- İkisi də 8-ci sinifdə oxuyur. Oğlum Orxan imtahan verib bir il qabağa keçib. Bacısı Əminə ilə bir yerdə oxuyurlar. İkisi də çox yaxşı oxuyurlar, ingilis və rus dilini təmiz bilirlər. Biz də onları kitab oxumaları üçün çox təşviq edirik. Mənim vaxtım olmur, amma anaları onları kitab mağazasına aparır və oxuyacaqları kitabları özləri seçirlər. Uşaq ədəbiyyatından təbii ki... Düzdür, vaxtım yoxdur, amma özüm də uşaqlıqda oxuduğum ədəbiyyatı yenidən oxumağa çalışacam. Əminəm ki, indi orda çox şey kəşf edəcəm.
- Oxuyacağınız ilk üç kitab hansılar olacaq?
- Yəqin birinci “Ovod”u oxuyacağam. Sonra Hüseyn Cavidi. İndi deyəcəksiniz naxçıvanlıdır deyə belə deyir, bir də Mirzə Cəlili oxuyacağam. Bizim xalqı, cəmiyyəti başa düşə bilmək üçün Mirzə Cəlil hamının stolüstü kitabı olmalıdır. Uşaqlarıma da məsləhət görürəm ki, siz Sabiri və Mirzə Cəlili oxuyun. “Danabaş kəndinin əhvalatları”nı oxuyanda nə hisslər keçirdiyimi indi deyə bilmərəm. “Ovod”u isə oxuyanda təsadüfən bacım qapını açıb içəri girdi. Gördü ki, kitab əlimdə oturmuşam, gözlərimdən yaş axır. Başladı gülməyə ki, kitab oxuyub ağlayırsan... Çox pərt oldum ki, məni ağlayan yerdə gördü. Tez gözümün yaşını sildim. Dedim sən oxusan, sən də ağlayacaqsan. Xeyli güldü, zarafat elədi...
Sonra “Ovod”u bitirib, bacıma verdim ki, oxu. Hara getsəm də çalışırdım onu izləyəm. Yəni bir gözüm bacımın üstündə idi, nəzarətdə saxlayırdım, pəncərədən baxırdım. Nəhayət ki, ağlayanda tutdum. Sonra da mən başladım ki, sənə deyirdim axı ağlayacaqsan... Təəssüf ki, indi bədii ədəbiyyat oxumağa vaxtım yoxdur. Daha çox siyasi kitablar oxuyuram. Televizor və internet vaxtımı daha çox alır.
- Aktiv internet istifadəçisi deyilsiniz...
- Bir dəfə Facebookda hesab açdım, iki həftə sonra bağladım. Hiss etdim ki, çox zamanımı alır. Twitter hesabım var, orda da bir çox hallarda xarici ölkə rəsmilərinin, dövlət adamlarının müxtəlif hadisələrlə bağlı fikirlərini oxuyuram, amma özüm heç nə yazmıram.
- İzləyirsiniz, amma yazmırsınız. Niyə?
- Lazım biləndə mətbuat xidmətinə açıqlama verirəm. Düşünürəm ki, partiya rəhbəri, ya siyasətçi çalışmalıdır hadisələrin təsiri altında, emosional durumda olanda dərhal münasibət bildirməsin. Sonra peşman ola bilər. Hiss edirəm ki, hər hansı məsələyə bir az emosiyasız münasibət bildirmək daha doğru olar.
- Məsələlərə emosiyasız münasibət bildirmək qarşıdan gələn 50 illik yubileylə bağlıdır?
- (Gülür) Sözsüz. Gəncliyin öz xüsusiyyətləri var. Bir dəfə Kələkidə, Əbülfəz bəyin qohumu Xumar xanımgildəydik. Bəy, çox vaxt görüşlərini onun evində keçirirdi, öz evi çox kiçik idi. Bir dəfə Əli Kərimli ilə Elçibəy stolun ətrafında üz-üzə oturublar. Bəyin yanında da mən oturmuşam. Əli ilə Elçibəyin arasında bir məsələ ilə bağlı fikir ayrılığı oldu və bu polemika bir az xoşagəlməz tonda davam etdi. Belə olan halda Elçibəy əlini atıb “Camel” siqaretinin birini götürdü, yandırmaq istədi, əlləri başladı əsməyə. Həddindən artıq təsirlənmişdi. Ani sakitlik yarandı. Əlləri əsəndə gördü ki, mən də, Əli də baxır. Siqareti yandırmadı. Əlini atıb siqaretin qutusunu da, alışqanı da götürdü. Ayağa qalxıb əlini vurdu stola ki, “Əli, sən artıq mənim üçün dözülməz olmusan!” Otaqdan çıxdı. Mən də dedim “Əli, düz eləmirsən”, bəyin arxasınca çıxdım... Gördüm bəy siqaretini yandırıb, eyvanda çəkir. Dedim “Bəy, Əli gəncdir, çox fikir verməyin”. Onda dedi ki, “Qüdrət, bilirəm ki, siz yaxınsınız, amma bu sözümü həmişəlik yadında saxla. İnsanlar anadangəlmə istedadlı doğula bilər, çox zəhmətkeş olub əziyyətlə oxuyub bilikli ola bilər. Amma bir keyfiyyət var ki, o da insana yaşla gəlir. O da müdriklikdir. Qorxuram ki, bu Əlinin 70 yaşı olsa da, uşaq olaraq qalsın. Mən çox narahatam...”
Bu söhbət o vaxtdan yadımda qalıb. Demək müdriklik yaşla gəlir. Ona görə də deyirəm ki, yaş öz rolunu oynayır...
Yaşa gəlincə, doğrudan da zamanla emosiyaları xeyli cilovlamaq məcburiyyətində qalırsan. Boşuna deyilməyib ki, gəncsən, emosiyan yoxdursa demək ürəyin yoxdur, yaşlısan, emosiyaların çoxdursa demək başın yoxdur. (Gülür)
- Çox ürəkli gənc olmusunuz?
- Sözsüz! Risk etməyi bu gün də bacaran adamam. Hesab edirəm ki, həyatda ağıllı risklər olmalıdır.
- Amma bu ağıllı risklərdir, emosialı yox...
- Bəli. Emosiyalara söykənən risklər deyil. Emosiyanı da normal qəbul edirəm, amma qədərində. Ağıl müəyyən qədər emosiyanı nəzarətdə saxlamalıdır. Amma əlbəttə ki, mən heç özümə də zəmanət verə bilmərəm ki, həmişə belə olacaq. Elə məqam ola bilir ki, o halda artıq son söz qəlbin və hisslərin verdiyi qərar olur.
- Ağıl ikinci dərəcəyə keçir...
- Bəli.
- O hal üçün nə düşünürsünüz?
- Allah qorusun deyirəm. (Gülür)
- Siz o adamlardansınız ki, həm Əbülfəz Eçibəydən, həm də Heydər Əliyevdən nələrsə öyrənə bilmək fürsətiniz olub. Onlardan 50 yaşınıza nə götürüb gətirmisiniz...
- Heydər Əliyev dövlət adamı idi. O Azərbaycan insanını çox gözəl duya bilirdi, istəklərini anlayırdı. Ağır şərtlər altında maksimum nəticələr əldə etməyə can atan, daha çox bu günün reallıqları ilə yaşayan, amma uzaq hədəfləri də yaddan çıxartmayan siyasətçi idi. Onunla bağlı müşahidələrimdən sonra siyasətlə bağlı belə düşünürəm ki, siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir.
Elçibəy isə daha idealist və yenə də böyük hədəflərə çatmaq üçün milləti səfərbər etməyi bacaran, öz idealları uğrunda sona qədər, təmənnasız mübarizə aparan bir mücahid obrazıdır mənim üçün.
Bu yerdə partiyanın siyasi xəttindən söz düşür. Yenə xeyli söhbətdən sonra 80-ci illərin əvvəlinə, Əbrəqunus kəndinə gedirik...
- Naxçıvanda üzümün kollarını şaxta vurmasın deyə qışda torpağın altına basdırırdıq.
- Bu işdə iştirak edirdiniz?
- Əlbəttə!
- Məktəbdən aparıdılar?
- Məktəbdən üzüm yığmağa aparırdılar. Amma orta məktəbi bitirəndən sonra hüquq fakültəsi üçün iki il staj lazım idi, onda fəhlə işləmişəm. Yerə dirəklər basdırır, məftəllər çəkirdik... Məktəb dönəmində isə, o başqa aləm idi...
- Çox romantik idi?
- Çox, filmlərdəki kimi... Amma dərsin vaxtını alırdı. Hardasa bir ay dərsdən ayrılırdıq. Sonradan o dərsi surətlə bizə yükləyirdilər.
- Qızlar üçün çətin deyildi?
- Əlbəttə, çətinlikləri var idi. Bir vedrədə 6-7 kilo üzüm olurdu, oğlanlar maşının kənarında dayanırdı, qızların yığdığı üzümü də oğlanlar gətirirdi, qaldırıb tökürdük maşına.
- Bir az da üzümçülüyün romantikasından danışın...
- Mən bir neçə məqamı deyim, qalanlarını oxucular özü təsəvvür eləsin. Səhər tezdən gəlirdik məktəbə. Əllərimizdə boş vedrələr yük maşınlarının üstündə üzüm yığmağa yollanırdıq. Yol boyu o maşında mahnılar oxunurdu, lətifələr söylənirdi... Çalışırdıq fiziki əməyi mahnılarla, lətifələrlə kompensasiya edək. Kənd həyatının öz ağırlığı və öz üstünlükləri var. Hər halda, maraqlı idi.
- Siz necə üzüm yığan idiniz?
- Heç vaxt xüsusi fərqlənməmişəm. Amma çalışırdım vicdanla işləyim. Bəzən olurdu uşaqlar gözə dəyən üzümləri dərib vedrəyə atır, yerə yatan kolları isə qaldırmırdılar. Mənsə bir onu bilirəm ki, vicdanla işləmişəm. Düzdür, ola bilsin ki, çox yığmırdım. Ancaq mənə ayrılan ərazidə bir gilə də üzüm qoymurdum qalsın. Təmiz yığırdım. Ola bilərdi ki, nəzarətçilər gəlib yoxlasın. İstəmişəmişəm mənə heç kim irad tutsun.
- Qüdrət müəllim, necə dincəlirsiniz?
- Çalışıram ki, ildə bir dəfə ailə ilə hardasa dincəlim. Bu ay altı günlük Dubayda oldum. Keçən yay da Londona getmişdik. “Family program” idi. Uşaqlar ingilis dili kurslarına gedirdilər. Biz də yoldaşımla günün bir hissəsini dil öyrənirdik.
- Belə başa düşdüm ki, ailəlikcə dil öyrənməklə məşğulsunuz?
- Bəli. Ailəlikcə.
- Ailənin danışıq dili hansı dildədir?
- Sözsüz ki, Azərbaycanca. Təəssüf ki, uşaqlarla çox təmasda ola bilmirəm. Hər gün mütləq görüşürəm, amma çox zaman ayıra bilmirəm. Axşamlar iş otağıma girən kimi...
- Evdə də iş otağınızda oturursunuz?
- Bəli. Mən otağa girən kimi uşaqların ikisi də gəlib əhvalımı soruşurlar. Bu artıq bir adət halını alıb. Çox təəssüf ki, hər axşam onlarla şam yeməyini yeyə bilmirəm... Uşaqlar rus dilində təhsil alırlar. Bu da mənim qərarım olub. Dili mükəmməl bilmələri üçün. Əgər mən, ya da yoldaşım rus dilli olsaydıq, onları mütləq Azərbaycan bölməsinə qoyacaqdım. Ailənin danışıq dili Azərbaycan dili olduğundan bu dili mükəmməl bilirlər, ona görə də ikinci dil kimi rus dilini öyrənmələrini istədim.
- Qüdrət müəllim, siz özünüzə, xanımınıza və uşaqlarınıza qarşı haqsızlıq etmirsiniz? Həftənin altı günü bu kabinetdəsiniz, evə gedən kimi də iş otağına. Əminəm ki, elə bazar günü də evdəki kabinetinizdəsiniz... Niyə özünüzə belə qəsd edirsiniz? İnsan oğlu ilə futbol oynayar, yıxılar, qızı ilə filmə baxar...
- Razıyam! Deyim ki, bu barədə evdə də tənqidlər eşidirəm. Təəssüf ki, mən onlara çox vaxt ayıra bilmirəm. Dediyiniz o problemləri görürəm, heyif ki, hələ aradan qaldıra bilmirəm.
- (Zarafatyana da olsa, bu sualı verməyə bilmirəm) Axı mən ailə üçün bu qədər önəmli, həlli isə çox sadə olan bir problemi həll edə bilməyən insana niyə səs verim ki?
- Hmm... (Gülür) Bəlkə də haqlısınız, sizin kimi düşünənlər də var. Hesab edirəm ki, uşaqların da o qədər çox vaxtı yoxdur ki, onu mənimlə keçirsinlər.
- Yükləyin günahı xalqa.
- Yox, yox! (Gülür) Qrafikləri belədir ki, hətta məndən də tez yuxudan oyanıb dərsə gedirlər. Dərsdən sonra da müəyyən ixtisaslar üzrə hazırlaşırlar.
- Və son sualım. Ömrün 50 ilini geridə qoyandan sonra necə düşnürsünüz, bir insan ömrü siyasətə həsr etmək üçün heyif deyilmi?
- (Gülür) Bilirsiniz, bu sualı bütün peşə sahiblərinə də ünvanlamaq olar...
- Xeyr! Hüquqşünas evə gedəndə övladını doyunca qucaqlayıb ona zaman ayıra bilir. Sizsə bütün günü siyasətlə yüklüsünüz və bunu evə də aparırsınız. Hətta mən soruşdum necə dincəlirsiniz, siz xaricə getdiyiniz zamanları dediniz. Anladım ki, siz elə bazar günləri də işləyirsiniz.
- Hə, uşaqların ad günü olsa biz ailəlikcə restorana gedərik. Yoxsa qalan bazar günləri yalnız evdəyik. Amma rayonlara getdiyimiz vaxtlar da olur. Bu ay Şamaxıya gedib uşaqlarla yaxşı qartopu oynadım. Ancaq yenə də bu günlər barmaqla saya biləcəyim qədər az olur...
- Mənim sualım cavabsız qaldı axı, heyifdi, heyif deyil?
- Yox, heyif deyil. Birincisi, heç kim taleyindən qaça bilməz. Mən uşaqlıqdan prokuror olmaq istəyirdim. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq işlədim, sonra tale məni gətirib qoşdu siyasi proseslərə. Peşman deyiləm.
Söhbət yenə siyasətlə davam etdi...
Lent.az-dan: Qüdrət bəy mediaya çox danışmağı, hələ siyasətdənkənar danışmağı heç sevmir. Doğru deyir, o, mediaya bəzi həmkarları qədər ərklə davranmır, daha çox hörmətlə və kənar durmağı xoşlayır. Amma çox qəribə bir tandem var. Media ona ərk edir. O, media nümayəndələrinin dərdini-sərini deyə bildiyi, dost olduğu azsaylı siyasətçilərdəndi. Elə bu müsahibə də o ərkin təcəssümüdü.
Xalq Cəbhəsi.- 2015.- 28 yanvar.- S.3-4