M.Ə.Rəsulzadənin siyasi-ədəbi
irsi Güney Azərbaycan üçün örnək olub
Onun
ömrünün hər anı mübarizəydi:
yazıları ilə, təşkilatçılığıyla.
O, Azərbaycan-Türk dövlətçiliyinin
sarsıdıldığı bir çağda özündə
tarixin verdiyi şansı gerçəkləşdirmək
gücü tapdı, bu işin ideyavericisi, qurucusu oldu. Azərbaycan
Xalq Cümhuriyyəti M.Ə.Rəsulzadənin ölməz əsəridir.
Bunu tarixdən üstün hadisə saymaq olar. O,
çağının ictimai-siyasi gedişatını hər
yöndən təhlil edə, dəyərləndirə
bilirdi.
M.Ə.Rəsulzadənin
Azərbaycan sevgisi düşüncələrindəki Azərbaycan
amalından gəlirdi. Ona görə də Azərbaycan
üçün rahatlığından keçdi,
canını bu yolda fəda etdi, zamanın mükafatına,
şöhrətinə uymadı, aldanmadı. O, ulusal sevgisində
insaniliyi yaşadırdı. Onun onillər boyunca
haysız-küysüz, nümayişsiz, ardıcıl fəaliyəti
fədakarlığa, umacaqsızlığa əsaslanırdı.
Ona görə də Azərbaycanın azadlığına
inamında heç sarsılmadı.
Azərbaycan
Xalq Cümhuriyyəti misilsiz əzab, canından keçən
insanlar bahasına quruldu. Bölgədə üstünlük
uğrunda Qərblə Rusiya arasında hər mənada
savaş gedirdi. Cümhuriyyət qurucuları Qərblə
münasibətlər qurmağa üstünlük verdilər,
ancaq Rusiya təhlükəsini tam anlaya, onu mümkün qədər
önləyə bilmədilər…
Rəsulzadənin
Cümhuriyyətin çöküşündən sonrakı
onillərdə dönməz Azərbaycan sevdalısı
olması onun ərdəmliyi idi. Stalinlə ilıq münasibətlərinə
baxmayaraq zamanın şirnisinə aldanmadı, ləyaqətini
qorudu, sona kimi Azərbaycanı əsarətə salan sovetizmlə,
rusçuluqla döyüşdü. Bu gün də yüz il
öncə bizi təhdid edən təhlükələr yenə
qalır.
Professor
Şirməmməd Hüseynov hesab edir ki, M.Ə.Rəsulzadənin
çoxcəhətli fəaliyyətini, zəngin ədəbi-siyasi
irsini, elmi-nəzəri görüşlərini dərindən,
obyektiv və sistemli şəkildə öyrənmədən
Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə
Rusiyada üç inqilab (1905-1907, 1917-ci il fevral və oktyabr)
dövrü və milli, müstəqil Azərbaycan dövlət
quruluşunun yaradılması və fəaliyyəti
dövrü tarixini tədqiq etmək, işıqlandırmaq
mümkün olmaz: “Geniş dünyagörüşünə,
hərtərəfli biliyə və qüdrətli qələmə
sahib olan M.Ə.Rəsulzadənin mətbu irsinin
coğrafiyası çox genişdir. Əlbəttə, Azərbaycan
burada həlledicidir. Ancaq Zaqafqaziya və Rusiya, İran və
Türkiyə, Qərbi Avropa və Amerikada baş verən
hadisələr, ümumiyyətlə, planetimizin mənzərəsi,
demokratiya və tərəqqi, azadlıq və milli istiqlaliyyət
uğrunda mübarizə məsələləri, hadisələr
onun diqqətini cəlb edib. Bu xüsusiyyət onun Azərbaycan
mətbuatı səhifələrində dərc olunmuş
yazılarında açıqca görünməkdədir”.
Tarixçi-alim
Əkrəm Rəhimli M.Ə.Rəsulzadənin adının,
fəaliyyətinin təkcə Azərbaycanın Quzeyi
üçün deyil, habelə Güneyi üçün də
tarixən qürur və milli bəhrələnmə
qaynağından biri olduğunu bildirir: “Onun
yaradıcılığı bu gün də Güney Azərbaycanda
gedən azadlıq mübarizəsinin əsas istiqamətverici qüvvəsindən
biridir. M.Ə.Rəsulzadənin hüquqi dövlət
yönündəki ideyaları Güney Azərbaycandakı
azadlıq hərəkatlarında ayrıca təsirə malik
olub”.
Əkrəm
Rəhimli bildirir ki, hüquqi dövlət məsələsinə
gəldikdə Rəsulzadənin siyasi-ədəbi irsi həmişə
Güney Azərbaycan üçün örnək olub: “Rəsulzadə
ideyalarının təsirini Xiyabani, habelə Pişəvəri
hərəkatında görürük. Rəsulzadə
dünyəvi dövlətin tərəfdarı olub, bu
ideyanın dindən kənarda olmasını müdafiə
edirdi. Bilirdi ki, başqa cür mümkün deyil”.
M.Ə.Rəsulzadənin
sadiq silahdaşlarından Mirzə Bala Məmmədzadə
yazır: “M.Ə.Rəsulzadə qırmızı istiladan
sonra başda mütərəqqi gənclik olmaq üzrə
millətin göstərdiyi şiddətli müqaviməti və
verdiyi saysız qurbanları görərək milli
bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu,
hər kəsin bu bayrağı ruhunda, qəlbində və
bağrında mühafizə etməkdə olduğuna
inandığını bildirirdi”.
Ş.Hüseynov
ayrıca olaraq vurğulayır ki, Azərbaycanın
dünyanın və tarixin inkişaf meyllərini və
perspektivlərini dərk edən görkəmli siyasət və
dövlət xadimləri 1918-1920-ci illərdə milli
istiqlalımızı yenidən bərpa edərkən
parlamentli, çoxpartiyalı demokratik respublika dövlət
formasını seçmişdilər: “Nəinki Rusiyada, o
zaman bütün islam Şərqində belə bir dövlət,
hakimiyyət forması, üsuli-idarəsi yox idi. Mütləqiyyət
və totalitar rejimlərin əhatəsində yaşayan,
siyasi mədəniyyət və mübarizə meydanında ilk
müstəqil addımlar atan, uzun əsrlər boyu öz
dövlət istiqlalını itirmiş bir xalqın və məmləkətin
parlamenti, çoxpartiyalı, demokratik dövlət
formasını seçməsi tariximizin böyük nailiyyəti
və hadisəsi idi. Tarixçilər haqlı olaraq
yazırlar ki, Azərbaycan siyasi tarixinin qədərini əllərində
tutanlar tam zamanında çox hazırlıqlı dövlət
xadimləri olduqlarını göstərərək, istiqlal hərəkatını
yerində və zamanında qiymətləndirə bilmişdilər”.
Cəmi
23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin
taleyinin faciəli şəkildə başa
çatmasının bir səbəbi də o çağlar
Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil
olunan soydaşlarımız arasında mövcud olan ciddi fikir
ayrılıqları idi. Azərbaycanda hakimiyyəti
bolşeviklərə təslim edib-etməməsilə
bağlı parlamentdə aparılan gərgin
dartışmalar zamanı Səmədağa
Ağamalıoğlu heç nə olmayıbmış kimi
"O olmasın, bu olsun" demişdi. Moskva o zaman
içimizdəki qüvvələri bir-birinə qarşı
qoymaqla məqsədinə çatdı. 23 ay ərzində
Cümhuriyyətin daxilində müxtəlif qüvvələr
tərəfindən çoxlu iğtişaşlar törədildi.
Təbiidir ki, bu, hökumətin qüvvəsinin
parçalanmasına, bir neçə tərəfli mübarizə
aparmasına səbəb olurdu. Ölkədə bolşevizm təhlükəsi
gündən-günə artırdı. Bolşeviklərin
uydurduğu ehtişamlı ideyalar fəhlə və kəndliləri
şirnikləndirirdi. “Fabrik-zavod fəhlələrə, torpaq
kəndlilərə” şüarı cəlbedici səsləndiyi
dərəcədə milli dövlətimizi yıxacaq bir təhlükəli
güc halına gəlirdi. Azərbaycanın daxilindəki
müxtəlif əqidəli bəzi şəxslər son məqamda
satqınlıq etdilər. Birinci Dünya müharibəsindən
məğlubiyyətlə çıxan, ötən
yüzilin əvvəllərindən bəri dəfələrlə
inqilab edərək əldən düşən, vətəndaş
müharibəsinin birtəhər səngiməyə
başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə,
Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə
yiyələnməyin gərəkliyini gözəl başa
düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda
ötən illər ərzində tərəfdarlarını
yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab
havasının təsiri ilə fanatlıq dərəcəsinə
gəlmişdilər.
M.Ə.Rəsulzadənin
1953-cü il mayın 28-də “Amerikanın səsi” radiosu ilə
Azərbaycan xalqına müraciəti diqqətçəkəndir.
M.Ə.Rəsulzadəni qayğılandıran isə belə
bir məqamda xalqın daxilən köklənməsi,
ayılması istəyi idi. Bu mənada o, Cümhuriyyətin
qurulmasının elan edildiyi 28 mayda xalqa müraciət edərək
onun tarixi qəhrəmanlıqlarla dolu keçmişini
xatırladır. Qeyd edir ki, yüz il sürən çar əsarətindən
sonra (1918-ci ildə-red.) Azərbaycan Milli Şurası Azərbaycan
Cümhuriyyətinin istiqlalını bütün dünyaya
elan etdi. O, “istiqlal uğrunda yapılan tarixi savaşların ən
qanlısının” 19-cu əsrin əvvəllərində
Rusiya imperiyasına qarşı aparıldığını
bildirir: “Cavad xanın 1804-cü ildə Gəncədəki
şanlı qəzası dillərdə dastandır. “Ölmək
var, dönmək yoxdur”. Bu, həqiqi vətənpərvərlərin
tətbiq etdikləri ən müqəddəs bir
şüardır. İstiqlal elanından keçən az bir
vaxtda Milli Azərbaycan hökuməti məmləkətdə
çox işlər gördü. Yüz ildən bəri hərbi
xidmətdən məhrum edilən Azərbaycanda bir ordu,
çarlıq zamanında dövlət idarələrinə
yaxın buraxılmayan azərbaycanlılardan zabit və ictimai
asayiş qüvvələri yaratdı. Sosial sahədə əsaslı
islahata girişdi. Kəndlilərə torpaq vermək
üçün qanunlar hazırladı. Fəhlələrin
hüquqlarını qorumaq üçün tədbirlər
gördü. Xalq az zamanda oxumağa başladı. Türk dili
dövlətin rəsmi dili elan edildi. Orta və ali məktəblər
açıldı”.
M.Ə.Rəsulzadə
soydaşlarımıza müraciətində daha sonra bir məqamı
xatırladır ki, Stalin dönəmindən fərqli olaraq
Cümhuriyyət dövründə Azərbaycanda tam bir
azadlıq var idi: “O zaman indi Sovet zamanında olduğu kimi
terror deyilən şeydən heç bir əsər yox idi. Hər
yerdə əmin-amanlıq vardı. Vətənin
qapıları indi olduğu kimi bütün dünyaya
qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara
istərsə gedərdi. Az vaxtda bir çox böyük
dövlətlər istiqlalımızı tanıdılar.
1920-ci ilin 12 yanvarı cümhuriyyətin dövlətlər tərəfindən
tanınması günü idi. Bu günü Azərbaycan
xalqı candan bayram etdi. Çünki bu gündən etibarən
Azərbaycan davası Rusiyanın bir iç məsələsi
olmaqdan çıxmış, millətlərarası bir məsələ
olmuşdu. Yüz ildən bəri üstümüzə
çökən istibdad və istila xəyalı artıq bizdən
uzaqlaşdı. Heyhat, tale imtahanları tamam deyilmiş.
Qanlı çar istibdadının yerini bu dəfə daha
qanlı bolşevik istibdadı tutdu. Müqavimət edən məmləkətdə
qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl
28 apreldə sovet təbliğatçıları bu qanlı
istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi
kimi göstərdilər”.
O, sovet
quruluşunu “qəddar”, “ən yalançı bir istibdad rejim”
adlandırır: “Müqayisə etmək imkanında
olsaydınız, bunun nə qədər doğru olduğunu
gözünüzlə görərdiniz. Qorxmurlarsa, dəmir pərdəni
qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər,
çünki ağla qara meydana çıxar. Onlar yarasa
kimidirlər, günəşdən qaçarlar”.
O, qeyd
edir ki, SSRİ-dəki kommunist rejimində yaşayan millətlərin
hər cür hüquqdan məhrum şəkildə
yaşamasını dünyaya anlatmaq çox çətin
olmayıb: “Azadlıq cahanşümul bir fikirdir. Rusiyadan
ayrılmanın bir irtica, başqalarından ayrılmanın
bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin
ölmüşdür. Amma onun ikiüzlü sistemi olan
stalinizm hələ ayaqdadır. Şübhəsiz ki, bir
gün həqiqət parlayacaq. Bu qalibiyyət günəşi
qızıl istibdad zülmü altında inləyən əziz
vətənimizdə yenidən doğacaq. Buna qətiyyən
şübhə etməyin”.
M.Ə.Rəsulzadə
deyirdi: “Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi"ni
elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan
millətinin varlığını təsbit edib”.
Araşdırmaçı
Yadigar Türkel: “Məhəmməd Əmin gənc
yaşlarından tükənməz bir sevgi ilə “Azərbaycan
davası”na qalxmış və son nəfəsinədək
andına bağlı qalmışdı. O, deyirdi: “Rusiya idarəsindəki
müsəlmanlara “türk” dedirtmək qazanılmış bir
davadır. Yalnız türk kəlməsi yox, Azərbaycan
adı da qazanılıb”.
M.Ə.Rəsulzadənin
"Milli əxlaq" məqaləsi onun mahiyyətcə
dünyəviliyinin sübutudur: "Hər şey millət
uğruna - bax, həqiqi millətsevərlərin yeganə
şüarı bu olmalıdır. Millətin birliyini və
bütünlüyünü qorumaq milli əxlaqın
başlıca ümdəsidir. Türklük və milli istiqlal
prinsiplərinə mütləq sədaqət milli əxlaqın
ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və
zəruri şərti olaraq düşmən və
işğalçı hər hankı bir qüvvətlə
milli istiqlal bəhsində açıq və ya qapalı
heç bir bazarlıq edə bilməz. Verilən sözə
və yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın
üçüncü ümdəsidir. Haqqı, hürriyyəti,
sülhü, demokratiyanı qoruma və savunma, zülmə və
təcavüzə qarşı aydın bir cəbhə alma
milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni
daim yüksək tutma, gerilik və cəhalətdən savunma
milli əxlaqın beşinci ümdəsidir".
Uğur
Xalq Cəbhəsi.-
2015.- 29 yanvar.- S.13.