Dilim türki,
sözüm sadə...
M.Ə.Möcüzün,
S.Ə.Gilaninin, N.Səlmasinin, F.Təbrizinin,
M.C.Bağçabanın yaradıcılığı
haqqında
XX
yüzilliyin əvvəllərində Azərbaycanda
oyanış, intibah, milli özünüdərk sayəsində
istər Quzey, istərsə də Güney Azərbaycanın
ictimai-siyasi həyatında bir sıra yeniliklər meydana
çıxdı. Azərbaycanın hər iki tayında
azadlıq hərəkatı geniş vüsət aldı, ən
əsası yeni ideyaların rəvac tapmasına,
yayılmasına imkan və şərait yarandı. Siyasi həyatda
baş verən yeniliklər, təbii olaraq ədəbi aləmdə
də əksini tapdı, milli şüur və
düşüncədə bir canlanma hiss edilməyə
başlandı. Özündən əvvəlki ədəbiyyatla
müqayisədə daha inqilabi-demokratik və eyni zamanda milli dəyərlərə
söykənən bir ədəbiyyatın yaranmasına tarixi
zəmin yarandı ki, bunların hamısı zamanın tələbi,
Rusiyada və İranda baş verən hadisələrin ədəbi
mühitdə yaratdığı təbəddülatların
labüd nəticəsi idi. Ədəbiyyatın mövzu və
mündəricəsində baş verən dəyişmələr
onu xalqa daha çox yaxınlaşmağa, xalq ruhunun tərcümanı
olmağa vadar etdi.
Quzey Azərbaycanda
nəşr olunan “Həyat”, “Molla Nəsrəddin”,
“Füyuzat”, “Tərəqq”, “İrşad”, “İttifaq”,
“Açıq söz”, Güney Azərbaycanda çıxan “Azərbaycan”,
“Mədəniyyət”, “Fəryad”, “Səhənd”, “Təcəddüd”
və s. bu kimi mətbuat orqanlarında dərc olunan
yazıların əksəriyyətində ikili taleyi ilə
barışmaq istəməyən Azərbaycanın
acı-ağrıları, camaatın zehniyyətində yuva
qurmuş elmsizlik, xalqın düçar olduğu səfalət
başlıca müzakirə obyektinə çevrildi. C.Məmmədquluzadə,
Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli, N.Nərimanov,
H.Vəzirov, Ə.Səfərov, S.Səlmasi, S.Ə.Gilani,
S.M.Qənizadə və bir çox başqa müəlliflərin
əsərlərində Azərbaycan xalqının
düçar olduğu müsibətlər, bu müsibətlərdən
qurtulmağın yolları barədə düşüncələr
geniş şəkildə təbliğ olunmağa
başladı. Həmin illər Quzey Azərbaycandakı ədəbi
mühit ədəbiyyatşünaslıqda kifayət qədər
araşdırıldığından biz əsasən Güney
Azərbaycan yazarlarının əsərlərinə
müraciət etməklə kifayətlənəcəyik.
Bu
dövrün ədəbiyyatında özünü göstərən
ən ümdə keyfiyyətlərdən biri qələm
sahiblərinin bir çoxunun eyni zamanda əldə silah daxili və
xarici irticaya qarşı döyüş meydanına
atılması ilə müşahidə olunurdu ki, bu da ədəbiyyata
döyüşkən ruh, mübarizə əzmi gətirir, bədii
sözün kəsərini daha da artırırdı. Zəmanəyə
meydan oxumaq, azadlıq eşqi, gələcəyə inam tədricən
ədəbiyyatın, xüsusilə poeziyanın baş
mövzusuna çevrilirdi. Müəyyən ədəbi təcrübəsi
olanların da, yenicə ədəbiyyat cəbhəsinə
atılanların da əsərlərində vətən, xalq,
millət və onun dili, şərəfli tarixi keçmiş
və hazırkı əzici mühit tərənnüm və
təsvir olunur, bir sözlə, ədəbiyyat zamanla nəfəs
alırdı.
XX əsrin
əvvəllərində yazıb-yaradan Güney Azərbaycan
yazarlarının əksəriyyəti əsərlərini əsasən
fars dilində yazsalar da, ruh etibarı ilə onların
yaradıcılığı tamamilə milli idi və
azadlıq məfkurəsinə söykənmişdi.
S.Ə.Gilaninin “Zəfər təranəsi”, “Ey vay, Vətən
vay”, “Laylay”, “Təsnif”, C.Xamneinin “Vətən”, “Ümid fəlsəfəsi”,
F.Təbrizinin “Marş” şeirlərində əsas ideya
şübhəsiz ki, hüquqları tapdanılan Azərbaycan
xalqının gələcəyə ümid dolu arzu və diləklərini
vəsf etməkdən ibarət idi.
Həmin
illərdə ədəbi fəaliyyətə başlayan M.Qənizadə
həm publisistik, həm də poetik əsərlərində
azadlıq carçısı kimi çıxış edir,
insanları əzab, işgəncə və s. bu kimi
qeyri-insani üsullarla əzən quruluşa qarşı etiraz
səsini açıq şəkildə bildirməkdən
çəkinmirdi. Şeirlərinin kiçik bir qismi əldə
olan Nimtac xanım Səlmasinin “Qadınların kişilərə
xitabı”, “Tehrana xitab” adlı şeirləri həmin illərin
əhvali-ruhiyyəsini öyrənmək baxımından
xarakterikdir. İkinci şeiri qeydsiz-şərtsiz əyalətlərin
mərkəzi hökumətə protesti də adlandırmaq
olar. Bu dövr ədəbiyyatını Mirzə Əli
Mözüzsüz təsəvvür etmək çətindir.
Əsərlərini doğma Azərbaycan türkcəsində
yazan, “mən xalqımı Sabir kimi oyadacağam”-deyən
M.Ə.Möcüz Yaxın Şərq və Azərbaycan ədəbiyyatının
mütərəqqi ənənələri zəminində
yetişən və onu tamamilə yeni ədəbi-estetik
keyfiyyətlərlə zənginləşdirilən novator
şairdir. Onun satira estetikası Güney Azərbaycan ədəbiyyatında
orijinal mərhələ təşkil edir.
Güney
Azərbaycanda Sabir ədəbi üslubunu məharətlə,
özünəməxsus tərzdə davam etdirən və
ölümündən sonra bir məktəb yaradan
Möcüz poeziyasında iki istiqamət özünü
göstərməkdədir: ciddi, qismən də lirikadan ibarət
olan şeirlər və satirik-yumorist şeirlər. Mövzu və
forma müxtəlifliyinə baxmayaraq, Möcüz şeirlərinin
demək olar, hamısında maarifi, mədəniyyəti və
azadlıq ideyalarını təbliğ edir, elmsizlik, cəhalət
və insanı əzən zəmanədən, onun dövlət
sistemi və qanunlarından acı-acı şikayətlənirdi.
Böyük lirik və satirik olan Möcüz gerilikdən və
əsarətdən qurtulmağın çarələri
sırasında elmə, maarifə yiyələnməyi ən
ümdə vəzifələrdən biri hesab edərək məşhur
“Vətən” rədifli şeirində yazırdı:
Nə
yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl,
Satır
axır vətəni düşmənə əyani-vətən!
Əcnəbi
mülkü dolub bisərü pa millətlə,
Niyə,
ya rəb, belə xar oldu əzizani-vətən!
Düşmən
elm ilə bizi eylədi həmmal özünə,
Kim zəlil
etdi bizi? Cəhl! A müsəlmani-vətən!
Verəlim
əl-ələ, təhsilü kəmal eyləyəlim,
Xabi-qəflətdən
ayılsın gərək ixvani-vətən!
Sözün,
qələmin qüdrətinə dərin inam bəsləyən
Möcüz qarşısına belə bir müqəddəs
vəzifə qoymuşdu: xalqı cəhalət yuxusundan
oyatmaq! “Dilim türki, sözüm sadə, özüm səhbayə
dildadə”-deyən Möcüz poeziyasının baş, əbədi
və əzəli mövzusu vətən və millətin
taleyi məsələsidir. Qalan bütün şairanə hiss
və həyəcanlar, ricətlər bu mövzu ətrafında
cərəyan edir. Möcüzə görə xalqın rəzalətə
düçar olmasının səbəbi mütiliyin törətdiyi
istibdad, qayğısızlıq və bundan doğan səfalətdir.
Şairin qənaətinə görə, “Əyani-vətən”in
xəyanəti ucbatından vətən düşmən
tapdağına çevrilib demokratik idarəçilik prinsiplərinin
yoxluğu, şah və məmurlarının hər cür nəzarətdən
kənarda qalıb hakimi-mütləq olmaları ölkəni
inkişafdan saxlayıb, geniş xalq kütləsi
aclığa, üzücü əzab-əziyyətə məhkum
edilib. “Molla Nəsrəddin” ədəbi məktəbinin
tanınmış simalarından olan, bəzi mənbələrə
görə M.Ə.Sabirin təklifi ilə, bəzilərinə
görə Bakıda hamballıq etməsi ilə bağlı
özünə “Hammal” təxəllüsü seçən
Bayraməli Abbaszadə şeirlərinin baş qəhrəmanı
ehtiyac qurbanı olan və bu səbəbdən də elindən,
yurd-yuvasından didərgin düşən güneyli azərbaycanlılardır
ki, şair çox vaxt bunları iranlı kimi qələmə
verir.
Şeirlərini
“Molla Nəsrəddin” və onun təsiri ilə çıxan
satirik jurnallarında çap etdirən B.Abbaszadə əsasən,
Quzey Azərbaycanda yaşayıb-yaratsa da,
yaradıcılığında Güney və İran
mövzusu mühüm yer tutur ki, bu da səbəbsiz deyil.
Çünki o, Güney Azərbaycan milli-azadlıq hərəkatının
bilavasitə iştirakçısı olmuş, xalqın səadəti
uğrunda şəhid olmağı özünün idealı
elan etmişdi. Vətən, yurd həsrəti, güneylilərin
acınacaqlı taleyini düşünmək, onların
tapdanmış hüquqlarını cəsarətlə
müdafiə etmək B.Abbaszadə şeirinin baş,
aparıcı xəttini təşkil edir. Şairin “Məşrutə”,
“İranlıların naləsi”, “İranlı olmasaydı”,
“Keçər gedər”, “Gözün aydın”, “Hər yana
baxıram” və s. bu kimi əsərlərində xalqın,
ölkənin ümumi mədəni-siyasi vəziyyəti real
şəkildə satirik və yumoristik boyalarla əks etdirilir.
Vətən, ailə-uşaq həsrəti ilə qəlbi
alışıb-yanan, diyarbədiyar gəzib hamballıq, əkinçilik,
biçinçilik, çobanlıq, fəhləlik edən
Güney zəhmətkeşinin arzu və istəkləri,
acı fəryadları B.Abbaszadə satirasının
başlıca mövzuları sırasında özünə
yer alır. B.Abbaszadə poeziyasında bədii ümumiləşdirmə,
adi əhvalatlarda böyük həqiqətləri göstərmə
və həyati problemə toxunmaq meyli çox
güclüdür.
B.Abbaszadə
satiraları ilə vətənin, millətin halına
ağlasa da, onda gələcəyə, xalqının
mübarizə əzminə böyük inam var. O, əmindir
ki, Səttarxan və Bağırxanın varisləri
azadlıq uğrunda mübarizədə son məqsədə
çatmaq üçün yenə silaha sarılacaq, istismar
dünyasının daşını daş üstə
qoymayacaqlar. Şərqin əzilən kütlələrini
mübarizəyə çağıran, təsirli şeirləri
ilə onların azadlıq eşqini alovlandırmağa
çalışan şair əsərlərində bunları
qeyd edirdi. İlk satirik əsərlərini məşhur “Molla
Nəsrəddin” məcmuəsində dərc etdirən
M.C.Əsgərzadə Bağçaban həm
tanınmış maarif xadimi, həm də qələm sahibi
kimi xalqına xidmət edib.
Yalançı,
xalqı aldadıb, gözlərini yaşardıb ciblərini
soymağı özlərinə peşə etmiş
mollaların tənqidi M.Ə.Bağçaban satirasının
baş mövzularındandır. Şairin “Təfaxir”, “Bir
şeyxin naləsi”, “Mazaq”, “Molla və hörümçək”,
“Kişmiş və molla”, “Təbriknamə”, “Qismət
qazanır”, “Turşulu aş” sərlövhəli şerlərində
bu hiss çox güclüdür.
C.Ə.Bağçabanın satirik ruhlu şeirlərində
ev-eşik qayğısı çəkməyən, ailəsindən
kənarda gününü xoş keçirməyi özlərinə
adət etmiş kişilərin ("Başı batmış
kişi"), “Çünki Əzrail ilə dostluq qatıb,
qardaş olub, Qəbzi-ruh etməkdə Əzrailə fürsət
verməyən” həkimlərin (“Şıllax”), “Öz bəbəyindəki
tiri qılca görməyən, başqasının
gözündəki qıldan dirək düzəldən” qəzetçilərin
(“Çıxır”), milləti maarifdən, sənayedən
uzaqlaşdıran, onları məscidə sürükləyən,
cənnət xülyası ilə yaşamağa sövq edənlərin
(“İsfahanlı oğlu deyir”), bir-birinin qanına
susamış müsəlman qardaşların (“Qan eyləyir”),
tiryək düşkünlərinin (“Tiryakilərə sər
səlaməti”) parlaq bədii obrazları yaradılıb.
İranda
“ədəbi təcəddüd”, “ədəbi-inqilab” prosesinə
ciddi təsir edən, demokratik ədəbiyyatda yeni şeirin
(şere-nov) əsasını qoyanlardan biri olan Tağı Rüfət
Təbrizi Ş.M.Xiyabaninin redaktorluğu ilə çıxan
“Təcəddüd” qəzeti ilə əməkdaşlıq
edir, sonra isə qəzetin baş katibi vəzifəsində
çalışır. Xiyabani hərəkatı zamanı
onun köməkçisi və həmkarı olan Tağı
Rüfət “Təcəddüd”lə yanaşı, “Azadistan”
jurnalında da açıq imzası və ya “Femina” təxəllüsü
ilə çıxış edir, yeniliyi qəbul etməyən
mühafizəkarlara, xüsusən Məhəmməd
Tağı Baharın redaktoru olduğu “Daneşkədə” məcmuəsinin
liberal mövqeyinə qarşı kəskin mübarizə
aparır. İstər şeir, istərsə də məqalələrində
yeniləşmə tərəfdarı olan müəllif Təbrizdə
farsca çap etdirdiyi “Azadistan” jurnalının 1920-ci il
nömrələrindən birində yazırdı: “Bu,
açıq və aydın bir həqiqətdir ki, yeni fikir və
yeni hisslər ədəbiyyatda da yeniləşmə tələb
edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür
və bəyan tərzində yeniləşmə fikirlərin
və hisslərin yeniliyini göstərən yeganə
sübutdur”.
İslam Qəribli,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2015.- 30 yanvar.- S.14.