Qədim Azərbaycanda din və məzhəblərin fəlsəfi mahiyyəti

 

(əvvəli ötən sayımızda)

 

Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrlər özünəməxsus mərhələ olub. Bu dövrdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış, ölkədə fəlsəfənin sonrakı inkişafı xristian və İslam mədəniyyətləri məcrasında davam edib. Eramızın I əsrindən Şimali Azərbaycanda (Albaniyada) mövcud olan xristianlığın artıq IV əsrdə dövlət dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi arealı və bilavasitə Qüdslə bağlanır. Alban fəlsəfəsi haqqında müəyyən məlumatı Musa Kalankatuklunun “Albanların tarixi” əsəri verir. Burada həm də Albaniyada qnostisizm fəlsəfəsi və dualizm təmayüllü çoxsaylı bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin olması, onların Aluenin baş kilsəsi tərəfindən lənətləndirilməsi, Nerses Bakurun və “filosofların şöhrəti” kimi tanınan yepiskop Karin Teodorosun erməni katolikosu Eliya tərəfindən təqibi, Nerses Bakurun zəngin kitabxanasının çayda batırılması və onun xəlifə Əbdülməlikin əmri ilə edama məhkum edilməsi haqqında məlumat verilir.

Həmin mənbədə alban şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ortodoksal xristianlıqdan fərqli, hikməti tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası haqqında məlumat verilir. Bu dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli Petros (VI əsr) və Sünikli Petros (VIII əsr) yaşayıb yaradıb. Sünikli Stepanos Davidin “Fəlsəfənin tərifi” və Porfirinin “Giriş” əsərlərinə yazdığı şərhlərlə tanınır.

Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batırılması, yandırılması) faktı hazırda alban fəlsəfi əsərlərinin Ermənistan, Gürcüstan və Qüdsün monastır kitabxanalarında axtarılmasına əsas verir.

Folklor və Orta əsr yazılı abidələri həmin dövrdə Azərbaycanda türkdilli etnosun bütpərəstliklə yanaşı, şamanlığa və vahid Göy Tanrıya inamı haqqında məlumatlar verir. Qədim və erkən orta əsr Azərbaycan türklərinin sosial-mədəni həyatı və xüsusən dili, dini, əxlaqi norma və dəyərləri haqqında nisbətən geniş, obyektiv təsəvvür yaradan abidə və əsasən Azərbaycan reallığını əks edən türk xalqlarının müştərək eposu “Kitabi-Dədə Qorqud”dur.

VII-X əsrlərdə Azərbaycana İslam dininin gəlməsi və möhkəmlənməsi, və ölkənin İslam mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu dövrdə inkişafının islam dini ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keçdikcə, ölkəyə Quranın zahiri və batini şərhinə əsaslanan İslam mədəni bölgəsinin çoxsaylı ideoloji cərəyanları da daxil olur və burada Azərbaycan mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların nümayəndələri nəzəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu meyil regionda yayılmış mötəzililik, ismaililik, sufilik və s. cərəyanlar üçün səciyyəvi olub. Quranda və çoxsaylı İslam ideoloji cərəyanlarında əsas problem Xaliq (Allah) və məxluq münasibətidir. Bu münasibətin şərhindən asılı olaraq müxtəlif təlimlərin fəlsəfi baxımdan idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü müəyyən edilirdi.

Qeyri-ortodoksal cərəyanlar Allahın Quranda həqiqət kimi təqdimini, onun canlı olması, vəchi haqqında, insanın Allaha qayıtması və onunla görüşməsi, astral hadisələrə, idraka münasibət, İlahi nur, təqdir, cəza, Allah qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri ehtiva edən surələrin ezoterik şərhini verir, bir sıra hallarda məntiq və dövrün elmi və fəlsəfi fikrinə müvafiq, ortodoksal yönümdən fərqli, panteistik vəhdət əl-vücud fəlsəfəsini yayır və nəticədə, Azərbaycanda İslam bölgəsi mənəvi-mədəni məkanının ziddiyyətlərlə dolu ideologiyasını inkişaf etdirirdilər.

VII–VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf etməyə başlayır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu. O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azərbaycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bərdəi, Əbusəid Əhməd Bərdəi və b. idi. Bu dövrdə İslam mədəni bölgəsində Şərq və qədim yunan fəlsəfəsinə, xüsusən neoplatonizmə əsaslanaraq idealizmlə panteizmi özündə birləşdirən özünəməxsus batinilik fəlsəfəsi mövcud idi. Bu fəlsəfi təlimi Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və b. yayırdılar. VIII–X əsrlərdə İslam bölgəsində, o cümlədən Azərbaycanda daxilən ziddiyyətli, lakin əksər hallarda fəlsəfi dünyagörüşündə panteizm, sosial baxışlarında demokratizm, etik görüşlərində humanizm və varlığa dialektik yanaşma ilə fərqlənən mistik ismaililik və sufilik sosiomədəni cərəyanları ilk inkişaf dövrlərini keçirirdilər.

Sufiliyin fəlsəfi dünyagörüşünün əsasında fəlsəfi kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini bu dövrdə Əbü-l Fərəc Əbü-l Vahid Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi. Orta əsr mənbələrində ideya kökləri qədim Şərq və yunan fəlsəfəsinə aparan ismaililiyin İslamı inkar edərək zərdüştiliyin bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda yayılması haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və b. məlumat verirlər. Mənbələrə görə ismaililik fəlsəfəsi təbiət elmlərinin nailiyyətləri və “İxvan əs-Səfa” ensiklopediyasının yaranması ilə bağlıdır. Bu ensiklopediyanın ideoloqu azərbaycanlı alim və filosof Əbü-l-Həsən Əli Harun oğlu Zəncani idi.

VIII–X əsrlərdə ölkənin sosial və mədəni həyatında xristianlığa qarşı yönəlmiş pavlikianlıq bidəti və İslamı tamamilə inkar edən xürrəmi-babəki ideologiyaları mövcud idi. İki dünya dininə və eyni zamanda sosial zülmə qarşı yönəlmiş pavlikianlıq və xürrəmi-babəki ideologiyalarının fəlsəfi və sosial görüşlərinin təməl prinsipləri Azərbaycanın Qədim dövr ideoloji cərəyanları zərvanilik, zərdüştilik, manilik və məzdəkiliyin fəlsəfi və sosial ideyalarından qaynaqlanırdı. Xeyir–Şər, işıq–zülmət başlanğıclarının vəhdət və mübarizəsi, insanın mistik kamilləşməsi yolu və Allahın insanda təcəssümü haqqında ideyalar həmin cərəyanların dualizm səciyyəli dünyagörüşünün əsas prinsiplərini təşkil edirdi. Sonradan pavlikian və xürrəmi-babəki ideologiyalarının özləri də xristian və İslam mənəvi-mədəni ideologiyaları üçün qaynağa çevrildilər.

Şamanizm, zərdüştilik, qədim yunan, xristian və İslam mədəni bölgələrinin fəlsəfi ənənələrini özündə sintezləşdirərək inkişaf etdirən VII-X əsrlər Azərbaycan fəlsəfəsi XI–XIII əsrlərdə həm Azərbaycan mədəniyyətinin İntibahına, həm də bütövlükdə İslam bölgəsi mənəvi mədəniyyətinin, o cümlədən fəlsəfəsinin İntibahına zəmin yaradan qaynaqlardan olmuş və sonrakı dövrlərdə bu mədəniyyətlərin fəal üzvi hissəsi kimi tanınmaqda davam edib. Digər tərəfdən, XI–XII əsrlərdə ölkənin iqtisadi (feodal münasibətlərin inkişafı, pul rentasının yayılması, iqtisadi cəhətdən yüksək inkişaf etmiş iri şəhərlərin mövcudluğu), siyasi (müstəqil Şirvanşahlar, Şəddadilər, Rəvvadilər dövlətlərinin yaranması, Ön Asiya və Şərqin digər bölgələri ilə müxtəlif növ əlaqələr), sosial (daxili və xarici sosial zülmə qarşı arasıkəsilməz mübarizə, Beyləqanda 1110-cu ildə xalq hakimiyyətinin yaranması) və mənəvi-mədəni (ərəb və fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi dil kimi qəbulu) sahələrində vəziyyət və onun unikal mənəvi-mədəni irsi, ölkədaxili potensial imkanlar Azərbaycanda intibahın baş verməsinə şərait yaradırdı.

Azərbaycan və bütövlükdə İslam Şərqi fəlsəfəsində İntibah yerli fəlsəfi irsin qədim yunan fəlsəfi irsi ilə sintezi əsasında inkişaf edərək, sonradan Qərb və Şərq fəlsəfəsinin inkişafı üçün zəmin oldu. Azərbaycan fəlsəfi fikrinin İntibahı təbiətşünaslıq elmlərinin, təhsilin, ədəbiyyat, memarlıq, musiqi, musiqi nəzəriyyəsi və s. mənəvi mədəniyyət sahələrinin yüksəlişi və ölkənin dünya fəlsəfi təlimlərini bəhrələndirən fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi idi.

XI–XII əsrlərdə Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin ənənələrini yunan-Roma fəlsəfi fikri ilə sintezləşdirən və fəlsəfi fikir istiqaməti kimi orijinallığı ilə fərqlənən Şərq peripatetizmi, işraqilik, sufilik və s. cərəyanların fəlsəfi ideyalarını əks etdirən xüsusi risalələrdə, təfsir, teoloji və teosofiya məzmunlu əsərlərdə və fəlsəfi poeziyada əksini tapıb. Sonralar Şərqin klassik irsinə daxil olan bu əsərlərin meydana gəlməsi fəlsəfi fikrin müxtəlif sahələrini təmsil edən mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin geniş diapazonu və dövrün ensiklopedik biliklərinə yiyələnməsi sayəsində mümkün olub.

XI–XII əsrlərdə Azərbaycanda batinilik, ismaililik və sufilik cərəyanlarının yayılması sürətlənir. Həmin cərəyanların fəlsəfi ideyaları ölkədə həm mənəvi mədəniyyətin, həm də sosial həyatın müxtəlif sahələrinə fəal təsir göstərib. Əsasən, XI–XII əsrlərdən başlayaraq adı çəkilən cərəyanların nəzəri təlimləri, Sovet dövrü istisna olmaqla, Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrində geniş yer tutmuşdur. Azərbaycanda əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk növbədə, sufi fəlsəfəsinin nəzəri əsasları haqqında əsərlər yazmış alim-mütəfəkkirlər olublar. Onların əksəriyyəti dünyəvi təhsil almış və fəlsəfi problemlərə əsasən vəhdət əl-vücud adı altında tanınan və dünya fəlsəfi düşüncəsi üçün universal fenomen olan panteizm mövqeyindən yanaşıblar. Onlar Allahın və ilahiləşdirilmiş varlığın sirlərinin irrasional dərkinə üstünlük versələr də, bir çox hallarda varlığın rasional dərkini inkar etməmiş, mədəniyyət tarixində dünyəvi elmlərin dərin bilicisi kimi də tanınıblar.

 

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 28 aprel.- S.13.