Saib Təbrizinin hikmət
boğçasından
Saib Təbrizi XVII əsr Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndəsidir. 1601-ci ildə
Təbriz şəhərində doğulub, ibtidai təhsilini
də burada alıb. Atası Mirzə
Əbdürrəhim tacir idi, məşhur təzkirəçi
Nəsrabadinin yazdığına görə, dərin etibar
qazanmışdı. Ata babası Şəms
əd-Din Məhəmməd Təbrizi bütün Şərq
dünyasında "Qələmi şirin" adı ilə
tanınmış mahir xəttat olub. XVI əsrin
axırlarında I Şah Təhmasibin zamanında Təbriz
osmanlılar tərəfindən işğal olunur. Şəhər azad edildikdən sonra I Şah Abbas təbrizlilərin
çoxunu İsfahana köçürür. Saibin atası da köçürülənlərin
arasında olur. Təhsilini və poetik fəaliyyətini
İsfahanda davam etdirən Saib dövrünün görkəmli
alimləri Kaşi və Şəfaidən dərs alır.
O, təhsilini səyahətlərdə davam etdirir. Məkkə
və Mədinə ziyarətində olur, buradan da Osmanlıya
gedir, ölkənin tanınmış şair və alimləri
ilə tanış olur. Yenidən
İsfahana qayıdan Saib burada soyuq qarşılanır, 1625-ci
ildə Hindistana gedir. Kabulda olarkən oranın
hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü
ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz
bir dost kimi qarşılayır, sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə
birlikdə moğol hökmdarı Şahcahanın sarayına
aparır. (Şahcahan sonralar bütün
dünyada arvadının şərəfinə tikdirdiyi Tac
Mahal məqbərəsi ilə tanınıb.) Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan
türkcəsində yazılmış məşhur "Vərqa
və Gülşa" poemasının müəllifi Məsihi
ilə rastlaşır. Məsihi burada
şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini
Saibin tələbəsi hesab etmələrinə baxmayaraq
onların dostluğu hər iki şairin
yaradıcılığına müsbət təsir edir və
uzun müddətli olur. Saib Məsihinin
yaradıcılığını yüksək qiymətləndirir
və onun ölümündən sonra dostunun
"Divan"ının ilk tərtibçilərindən
olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin
yazdığına görə, Saibin evində Məsihinin on
"Divan"ı varmış.
Saibin atası onun dalınca Hindistana gəlir, İsfahana
aparmaq üçün icazə istəyir. 1633-cü ildə
artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin
vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair
İsfahanda çox duruş gətirə bilmir, yenə səyahətə
yollanır.
Məşhəd,
Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini
gəzərək yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642-1666) şairi
ehtiramla qarşılayır və sarayına dəvət edir.
Saib sarayda məlik-üş-şüəra
(“şairlərin başçısı”) olur. Burada lirik qəzəllər və qəsidələr
yaradır.
Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən
sonra sarayda Saibə münasibət pisləşir, o, sarayı
tərk edir. Ömrünün son on ilini öz əsərlərinin
sistemləşdirilməsinə və qaydaya salınmasına
həsr edir. O, öz şeirlərini mövzular üzrə
ayıraraq, "Miratül-camal", "Arayişe-nigar" və
"Vacibül-hifz" adlı toplular təşkil edir.
Tədqiqatçılar hesab edirlər ki, onun irsi təqribən
300 min beyt təşkil edib. Məhəmmədəli
Tərbiyət “Azərbaycanın görkəmli adamları”
kitabında yazır ki, Saibin 120 min beytlik
"Divan"ını (poemaları daxil olmadan) gözü ilə
görüb. S.Təbrizi 1677-ci ildə
İsfahan şəhərində vəfat edib, orada da dəfn
edilib.
S.Təbrizinin
yaradıcılığında təsəvvüfü bədii
özünüifadə vasitəsi kimi tədqiq edən
araşdırmaçı S.Qocayeva bildirir ki, o,
dövrünün fikri axınlarına yaxından bələd
olub, sufiliyin mənəvi kamilliklə bağlı müddəalarından
bədii özünüifadə vasitəsi kimi bəhrələnərək
yaradıcılığında bəşəri ideyaları əks
etdirib: “Saib Təbrizi “hind üslubu”nda yazıb-yaradıb. İnsanın daim olub-keçənlərdən, təbiətdə
baş verənlərdən ibrət almasının vacibliyi
Saib yaradıcılığında xüsusi vurğulanıb,
şair şeirdə mənaya dəyər verib. Güclü müşahidə qabiliyyətinə
sahib olan ustad təbiəti sevməklə yanaşı, təbiətdə
baş verən hadisələri diqqətdən
qaçırmayıb, düşüncələrini oxucusuna
daha aydın çatdırmaq üçün təbiət
hadisələrinə müraciət edib. Lirik
parçalarından birində baharın gözəlliklərindən
vəcdə gələrək düşüncələrə
dalan şair təbiətdə baş verənlər fonunda həyat
həqiqətlərini görməyə səsləyir:
“Gül tufanına, baharın coşğunluğuna baxın. Baxın ki, günəş nə qədər fəaliyyətlə
doludur. Gözləri qamaşdıran bu
aynalar hansı ayinədarın əlindədir. Görün, gül, yaşıllıq axar su pərdəsi
ardında oturub. Bu yaşıl qumaşda
Ayı görün. Baxın, o
düzgün boylu ilə qucaq-qucağa olmaq şövqündən
güllər ətrafa qucaq açıb. Xəttatın
xəttini oxumaqla kifayətlənməyin, yarın xəttinin
arxasında gizlənən gözəlliyi də görün.
Cahanın mahiyyətində bu bir rayihədir,
qoxlayın. Cahandakı bu gözəlliyi
görün. Kirpiklərinizi açıb,
dilinizi bağlayın. Üfüqlərin
yarın cilvəsilə dolu olduğunu görün. Atəşi görəcək gözünüz
yoxsa, barı baharın mahiyyətindəki qaynaşmanı
görün”.
Süfilər nəfsin cisimlə ruh arasında vasitə
olduğunu yaxşı bilir və onun tamamilə məhvinin
qeyri-mümkün olduğunu anlayırdılar. Saib Təbrizi
elə buna görə də nəfsi saflaşdırmaqla (tərbiyə
etməklə) maddiliklə bağlı nəfsani arzulardan
xilas olmağı təqdir edir. Çünki
insanı haqq yoldan sapdıran nəfsin maddiliklə
bağlı arzularıdır.
“Nəfsin sənin əlində əsir və aciz ikən
ona mərhəmət edib də arzularını gerçəkləşdirməyə
çalışma! Zira sən ona nə qədər
yaxşılıq etsən də o, daima səni təhlükəli
yollara sövq edər. Sən onu tərbiyə
edərək öldürməyə çalış!”
- deyə bəşərə müraciət
edən Saib Təbrizi öz fikrini məntiqi baxımdan da
isbatlamaq məqsədilə məşhur atalar
sözünü xatırladır: “Sahibinin və
tanıdıqlarının ayağını dişləyən
köpək öldürülməyə layiqdir”.
Əzəli və əbədi olan ruh pak olsa da, bədənin
maddi və fiziki tələbatları onu korlayır,
“çirkli dünya işlərinə bulaşdırır”. Ruh ilk yaradılış
bağçasındakı günlərini yada salaraq öz əslinə
qayıtmağı arzulayır: “Ah o günlər ki, təcrid
iqlimində və ələst bağçasında öz
başımın sultanı idim. Bilmirəm nə
etdim, nə günahım vardı ki, bu bədən
zindanına düşüb də çirkli dünya işlərinə
bulaşdım”.
Saibə görə, kamil insan o şəxsdir ki,
qarışıq torpaqda da həqiqət cövhərini və
mərifətini görə bilsin. Şair yenə də
təbiətə müraciət edərək bildirir ki,
Ayın suyun üzərindəki əksini uşaqlar belə
çətinlik çəkmədən görə bilirlər”.
Araşdırmaçı
daha sonra vurğulayır ki, Saib Təbrizi ölümdən
qorxmurdu, çünki bütün ömrünü
insanlığa xidmətə sərf etmiş, öz ideyalar
silsiləsilə bədii təfəkkürü zənginləşdirmişdi:
“İnsanlarla xoş davranmış, ürək
sındırmamışdı. Saibə görə,
“Həşr sabahından ən çox qorxanlar xarakter və
vicdanlarından, əməllərindən şübhəsi
olanlardır. Çünki hesabı təmiz
olanlar hesab günündən qorxmaz. Necə ki,
çirkin olanlar aynaya baxdıqları zaman üzülər və
utanar”...
Təsəvvüfdə mürşid-piri muğan salikə
mənəvi yol göstərəndir ki, onun köməyilə
insan qəlbinə ilahi feyz və nur nazil olur. Əgər
Şah İsmayıl Xətayi “Mürşidsiz, rəhbərsiz
yollar açılmaz” deyirsə, Saib dirilik suyu ilə
bağlı rəvayətə eyham edərək, həqiqətə
yetmək istəyən insanın son məqsədə
çatmasını qismətə və həmin şəxsin
mətinliyinə, iradəsinə, mənəvi
saflığına, bir sözlə, öz cəhdinə və
səyinə bağlayır. Saib Təbrizinin
böyük sələfi Ş.Sührəvərdi tərki-dünyalığa
meyl etməyib, bu fikirdə olub ki, “Allaha qovuşmaq, əbədiyyətə
çatmaq yalnız öldükdən sonra
mümkündür. Bunun üçün
isə heç də həyatın nemətlərindən əl
çəkib tərki-dünyalığa qapılmaq lazım
deyil”.
Saib də bu dünyanın şan-şöhrətinə,
sərvətə aludə olmamağa çağırmaqla
yanaşı tərki-dünyalığı təqdir etməyib. Həqiqi
dostlarla ünsiyyətdə olmağı daim tənha bir
küncə çəkilərək dua və ibadətlə
məşğul olmaqdan üstün tutub. Saibə
görə, insan fəal olmalı, durmadan bəşərə
xidmət göstərməlidir. Həmcinslərin
mənəviyyatına təsir göstərərək
onları haqq yola dəvət etmək, cəmiyyət
üçün faydalı bir işlə məşğul
olmaq, bilik və bacarığı xeyirxah əməllərə
yönəltmək tərki-dünyalıqdan dəyərlidir.
Kamilliyə çatmaq üçün heç
də tərki-dünyalıq əsas deyil. Bu da M.Məhəmmədinin belə bir fikrinə haqq
qazandırmağa əsas verir ki, “sufizm bir çox başqa sənətkarlardan
fərqli olaraq, Saibi həyatdan uzaqlaşdırmır, əksinə,
gerçəkliyə aydın və kəskin münasibətin
formalaşmasına kömək edir”. Saib
bu baxımdan qəlbin həqiqətlərini duymada birinciliyi
“eşq”ə verir. Ağıl xilqət və
yaradılandır. Saib də sələfi
Füzuli kimi, Allahı əqli dərk etməni qəbul etməsə
də duyğular vasitəsilə belə bir səviyyəyə
yüksəlmənin mümkünlüyünə inanır.
Biz dünyanı ağıl vasitəsilə
öyrənirik. Təsəvvüfdə
birinci mərhələ elmdir ki, ağıl elmin
başlanğıcı sayılır. Saib hikmətlərindən
birinə nəzər salaq: “Ağıl ilə bir küçə
boyu məsafəyə qədər yol yoldaşı oldum. Dəli tikanlarından ətəyim
parça-parça oldu”.
Təsəvvüfdəki ağıl-qəlb
qarşılaşması Saib yaradıcılığında
da özünə yer alıb. Sufilər qəlb
dedikdə heç də insan bədəninin ən vacib orqanı
sayılan ürəyi nəzərdə tutmurlar. Ürək cismlə, yəni maddiliklə
bağlıdırsa, qəlb düşüncə,
şüur, idrak və mənəvi aləmimizin mərkəzi
sayılır ki, insanın axtardığı həqiqət
burada əks olunub. Türk alimlərinin
fikrincə, qəlblə ürək arasında cismlə ruhun
bir-birinə münasibətinə bənzər sirli bir
münasibət vardır ki, elm bunu açıqlamaqda acizdir.
Sufilərə görə, məhz eşqin yüksəlişi
ilə nəfsi paklaşdırmaq, həqiqətə - son məqsədə
gedən yolda maneələri yox etmək mümkündür. İnsanın
öz “mən”ini dəf etməsində eşq əsas vasitədir”.
Araşdırmaçının
fikrincə, Saib yaradıcılığında ağıl –
eşq qarşılaşması onun sufizmə dərindən
bələd olduğundan xəbər verir: “Sufilərə
görə, qəlb inamına əsaslanmayan ağıl hiylə
alətinə çevrilir. Saib yazır: “Hiyləgər
ağlın tədbiri eşqin nəyinə gərəkdir? Aslan tülkü quyruğundan yapılmış əsadan
istifadə edərmi heç?”
Göründüyü kimi, şair birinci misradakı
mülahizəsinə oxucusunu inandırmaq məqsədilə
ikinci misrada maraqlı bənzətmələr təqdim edir. “Eşq”
türklərdə müqəddəs sayılan, güc rəmzi
olan aslana, hiylə və mərk alətinə
çevrilmiş ağılsa, hiyləgərliyi ilə məşhur
olan tülkünün quyruğundan hazırlanmış əsaya
bənzədilir. M.C.Rumi
yaradıcılığına diqqət yetirək. Rumi
bu fikirdə idi ki, “Haqqın camal sifətlərini bəsirət
gözü ilə görməyən adam
kordur, onun üçün əsa çıraqdan
üstündür”. Saib də ağılı
yarasaya, eşqi günəşə bənzədir. O,
ağıl əhli ilə eşqdən
danışmağı mənasız sayaraq bəyan edir ki,
sağlamlıq və gözəllik üçün əhəmiyyətli
olan sürməni kor gözə çəkmək olmaz. Saibin bu fikirlərində təsəvvüfün və
Mövlananın təsiri aydın duyulur. Öz hikmətləri
ilə Saib insanları qəflət yuxusundan ayıltmağa
can atır”.
Uğur
Xalq cəbhəsi.-13 avqust.-S.13.