TÜRKSOY - Azərbaycan kitab-albomunun təqdimatı keçirildi

 

Bakıdakı Atatürk Mərkəzində TÜRKSOY - Azərbaycan adlı kitab-albomun təqdimatı keçirildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş nəşr TÜRKSOY təşkilatı tərəfindən hazırlanıb.

Mərasimdə çıxış edən mərkəzin rəhbəri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov TÜRKSOY-un fəaliyyətindən söz açdı. Bildirdi ki, təşkilat fəaliyyətə başladığı dövrdən türk xalqları arasında mədəni əlaqələrin güclənməsinə öz töhfəsini verir.

Qeyd olundu ki, türk xalqları arasında əməkdaşlığın inkişafının başlıca yolu mədəni münasibətlərin gücləndirilməsidir. TÜRKSOY da bu tarixi missiyanın öhdəsindən gəlməyi bacarır. Bu istiqamətdə atılan mühüm addımlardan biriTürk dünyasının mədəniyyət paytaxtı layihəsidir ki, 2016-cı ildə bu layihə üzrə Şəki şəhəri paytaxt elan olunub. Nizami Cəfərov yeni nəşri ölkəmizin müstəqillik tarixinə layiqli töhfə kimi dəyərləndirdi.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, qurum tərəfindən bu il müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistana həsr olunmuş 5 kitab nəşr olunub. Kitabda TÜRKSOY-la Azərbaycanın birgə həyata keçirdikləri tədbirlər, yubileylər, təqdimatlar yer alıb. Nəşrdəki materiallar 2008-2016-cı illəri əhatə edir. Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinin genişləndirilməsində önəmli rol oynadığını diqqətə çatdırdı.

Kitabın müəllifi, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək nəşrin əhəmiyyətindən söz açdı, ölkəmizin təşkilatla əməkdaşlığını yüksək qiymətləndirdi.

Qeyd olundu ki, dahi qırğız şair və mütəfəkkiri, dövlət xadimi Yusif Has Hacib Balasaqunlunun anadan olmasının 1000 illiyi münasibətilə TÜRKSOY tərəfindən 2016-cı il Yusif Balasaqunlu ili elan olunub. Bu çərçivədə Azərbaycanda, Türkiyə, Qazaxıstan və Qırğızıstanda müxtəlif tədbirlər keçirilib.

Daha sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, professor Şirməmməd Hüseynov, millət vəkili Nizami Cəfərov, türkoloq Ramiz Əsgər, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və KATV1 kanalının rəhbəri Samir Qurbanovun TÜRKSOY-un Yusif Balasaqunlu medalına layiq görüldüyü elan olundu.

Həmçinin Azərbaycanın və digər türkdilli ölkələrin mədəniyyət xadimlərinə Şəki türk dünyasının mədəniyyət paytaxtı - 2016 layihəsinin simvolları təqdim edildi.

 

Xalq cəbhəsi.- 2016.-7 dekabr.- S.16.