Novruz bayramı və milli dövlətçilik ənənələri

 

III yazı

 

Aida İmanquliyevanın adlandırdığı kimi «Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə qarşılanan Yeni il – Novruz bayramının” tarixinə nəzər salınarsa, onun milli dövlətçilik ənənələri ilə sıx bağlı olduğu üzə çıxar. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmayıb, dövlət səviyyəsində qeyd olunub, xalqımızın həyatını bütöv şəkildə əhatə edib. Varlılar da, kasıblar da Novruzu qeyd edib, xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlib, bayramı birgə qeyd edib, bayram sevinci ümummilli dəyər halına gəlib. Bu da öz növbəsində xalqımızı birləşdirib, bütövləşdirib, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib.

Novruz ənənələri dedikdə göz önünə ilk növbədə bu bayramla bağlı ailə-məişət, mərasim ənənələri gəlir. Bunun səbəbi onunla bağlıdır ki, XX əsrdə sovet hökumətinin Novruz bayramını rəsmi bayram olmaqdan çıxarması, onu təqib etməsi, ayin və mərasimlərinin geniş meydanlarda ümumi xalq kütlələri tərəfindən böyük coşqu ilə qeyd olunmasına qadağa qoyması onu məişət hadisəsinə çevirdi. Bu zaman Novruzun evlərdə, ailə-məişət içərisində icra olunan ənənələri yaşamaqda davam etsə də, dövlət tərəfindən rəsmi səviyyədə icra olunan mərasim ənənələri aradan qalxdı. İnsanlar tədriclə Novruz bayramının rəsmi mərasimi ənənələrini unutdular.

Hazırda Azərbaycan müstəqillik eldə edib, Novruz yenidən dövlət tərəfindən qeyd olunan ümumxalq bayramına çevrilib. Əlbəttə, Novruzun tarixi çox qədimdir. Tədqiqatçılar bu tarixi nə qədər dərinə aparırlarsa, Novruz bayramının tarixi sanki tükənmir. Çünki bu, bir ilbaşı bayramıdır. İnsanlar ilin dəyişməsini ibtidai icma dövründən qeyd edib, soyuq, ərzaq qıtlığı, səfalətlə dolu qışdan sonra yazın gəlişini böyük bir sevinc hissilə qarşılayıb və bunu müxtəlif mərasimlərlə qeyd ediblər. İctimai-iqtisadi formasiyalar dəyişdikcə təqvim düşüncəsi daha da inkişaf edib, bu əsasda Novruz bayramı xalqların və onların dövlətlərinin həyatında öz yerini daha da möhkəmlədib, yeni-yeni adət və ənənələrlə zənginləşib, məzmun və formaca əlvanlaşıb. Bu tarixi-mədəni prosesdə Novruz hər bir xalqın öz milli həyat tərzinə, milli dünyagörüşünə, adət-ənənələrinə uyğun şəkillər alıb. Elə bu səbəbdən də orta əsrlər tarixi mənbələrində Novruz bayramı hər xalqın öz milli ənənələri, o cümlədən hər xalqın öz dövlətçilik ənənəsi ilə bağlı bayram kimi təqdim edilməkdədir. Məsələnin bu tərəfinə hələ 1927-ci ildə «Maarif və mədəniyyət» jurnalında çap etdirdiyi «Azərbaycanda Zərdüşti adətləri» adlanan məqaləsində diqqət verən Yusif Vəzir Çəmənzəminli yazırdı ki, bu günə qədər adət və ayinlərimiz tədqiq sahəsindən uzaqda qalıb. Az-çox Novruz haqqında fikir yürüdülübsə də, tarix nəzərə alınmayıb və məsələ mücərrəd mülahizələr şəklində qalıb. Şərq müəlliflərinin bu barədə verdiyi məlumat qarışıqdır və çox zaman məsələyə sami etiqadları qarışdırdıqlarından tarixi həqiqət ortada itib gedir. Məsələn, «Bürhani-qate»nin: «Cənab haq aləmi və Adəmi ol gündə (Novruz günü) xəlq elədi» deməsi bizə Tövratı andırır. Halbuki qədim Azərbaycan və İran Tövrat fəlsəfəsinə yabançıdır.

Bu fikirdən məlum olur ki, Şərq müəlliflərinin Novruz bayramı haqqında verdiyi məlumatlar qarışıq və ziddiyyətlidir. Yəni bir-birinə düz gəlmir, tarixlər, müxtəlif dünyagörüşləri bir-birinə qarışdırılıb. Müəllifə görə, Novruz bayramının tarixi, mənşəyi ilə bağlı məlumatlar sami xalqlarının inanclarına, xüsusilə yəhudilərini müqəddəs kitabı «Tövrat»dakı məlumatlara qarışıb.

Y.V.Çəmənzəminlinin «Bürhani-qate» adlanan fars mənbəyinə əsasən verdiyi başqa bir məlumat bilavasitə Azərbaycanla bağlıdır. Müəllif yazır: «Bürhani-qate» ikinci bir rəvayətdə nağıl eləyir: «Cəmşid şah ki ərəblər Mətuşələh deyirlər, səlatini-Pişdadiyandan bir padşahi-məşhurdur, nami-əslisi Cəmdir, əqtabi-ərzi geşt eləyərək Azərbaycan vilayətinə gəlib, ol mövzeyi estehsan etməklə əmr elədi. Bir mürtəfe məhəldə Şərq canibinə doğru bir mürəssə təxti-ali qurdular, kəndisi dəxi əlbisəyi-şahanə geyib və başında mücövhər və müşşə tac ol təxt üzrə mülukanə keçib qərar elədi. Vəqta ki, günəş tülu edib, şəşəəsi ol tac-təxtə toxunduqda bütün ol həvalini qərğeyi-nur və ziya etməklə hər kəs bu keyfiyyəti təyəmmün və istisad edib, ziyadəsilə fərəhnak oldular və bu gün də bir yovmi-mümtazdır deyə o günə «Novruz» ilə təsmiyə elədilər və pəhləvi lisanında şüa – pörtövə «şid» itlaq olunmaqla cəm ləfzinə izafə ilə ol padşaha Cəmşid dedilər və ol gün cəşni-əzim edib ondan sonra və hər sənə rəsmi-mərqumu icra elədilər».

Müəllifin fikrindən məlum olur ki, Pişdadiyan (pişdadilər) sülaləsindən olan məşhur Cəmşid şah «əqtabi-ərzi» (dünyanın qütbləri arasındakı əraziləri) gəzib Azərbaycana gəlir. Burada hündür bir yerdə şah taxtı qurdurur, əyninə şahlara məxsus geyim geyir, başına şah tacı qoyaraq həmin taxtda əyləşir. Sübh tezdən günəş qalxır və onun şüaları şahın tacına və taxtına düşərək ətrafı parlaq işığa qərq edir. Hamı sevinir və həmin gün bir «yovmi-mümtaz», yəni «seçilmiş, fərqli, məşhur bir gün» olduğuna görə onu Novruz adlandırıb, bundan sonra hər il böyük bayram, rəsmi dövlət bayramı kimi qeyd etməyə başlayırlar.

Bu təsvirdə, əslində, biri-biri ilə qovuşmuş iki mərasimin təsviri var: birincisi, Cəmşidin taxta çıxması (tacqoyma) mərasimi. İkincisi, Novruz mərasimi. Təsvirdən aydın olur ki, yeni şahın taxta çıxması mərasimi sübh tezdən icra olunurmuş. Əgər günəş çıxıb öz şüalarını taxt-tacın üzərinə salarmışsa, bunu xoş əlamət kimi qəbul edərmişlər. Yəni insanlar sübh tezdən günəşin çıxmasını gözləyərmişlər. Əgər günəş doğarmışsa, onda onlar bunu yeni şahın göylər tərəfindən razılıqla qarşılanması kimi qəbul edərmişlər. Yox, əgər günəş doğmayıb, buludların arxasında gizlənərmişsə, onda insanlar bunu göylərin taxta oturmaq istəyən şaha etirazı kimi başa düşərmişlər.

Digər tərəfdən, Cəmşidin taxta oturması gününün Novruz bayramı kimi qəbul olunmasına gəlincə, bu da yeni ilin başlanmağı ilə yeni şahlığın başlanmağının üst-üstə düşməsi deməkdir. Bunu nəzərə almaq lazımdır ki, Novruz bayramı əsasında qışın yazla əvəzlənməsi duran mövsüm bayramıdır. O, dövri-qədimdən həmişə qışın sonunda – yazın başlanğıcında qeyd olunub. Yəni insanlar Novruz bayramı ilə qışı (köhnə ili) yola salıb, yazı (təzə ili) qarşılayıblar. Demək, belə güman etmək olar ki, Cəmşidin taxta çıxması mərasimi də məhz bu zamanda – qışın sonu ilə yazın başlanğıcının bir-birinə qovuşduğu vaxtda icra olunub.

Ümumiyyətlə, tacqoyma mərasimi ilə yeni ilin üst-üstə düşməsi, daha doğrusu, tacqoyma mərasiminin yeni ilin ilk günündə icra olunması qədim tarixi ənənədir və dünyanın əksər xalqlarında buna dair çoxlu nümunələr var. Belə tarixi-etnoqrafik nümunələri nəzərdən keçirmiş Mirça Eliade yazır: «Çox asanlıqla başa düşmək olar ki, nəyə görə tacqoyma mərasimi kosmoqoniyanı (dünyanın yaradılışını – S.Q.) təkrarlayır, yaxud Yeni ildə bayram edilir. Belə hesab edilir ki, şah bütün kosmosu (dünyanı – S.Q.) təzələyir. Təzələnmə, əsasən, yeni mövsüm dövrəsinin gəlməsi ilə Yeni ildə həyata keçirilir. Lakin bu zaman ritualla həyata keçirilən yenilənmə, mahiyyətcə, dünyanın yaradılışının təkrarıdır. O, hər yeni ildə təkrarlanır».

Bu ümumiləşdirmədən o nəticəni çıxarmaq olar ki, Cəmşidin tacqoyma mərasiminin yeni ildə keçirilməsi təsadüf deyil. Yeni ildə hər şey təzələnməli, yenidən doğulmalı, o cümlədən hakimiyyət də təzələnməlidir. Ona görə də belə güman etmək olar ki, yeni ildə Cəmşidin ya ilk dəfə tacqoyma mərasimi keçirilir, ya da bu, Cəmşidin hakimiyyətinin hər il Novruzda təkrarlanan yenilənmə, təzələnmə mərasimidir.

Bu mərasimdə iki cəhəti mühüm hesab edirik. Bunun birincisi Novruz bayramının dövlətçilik ənənəsi ilə, ikincisi isə Azərbaycanla bağlanmasıdır. «Bürhani-qate»dəki rəvayətdə Novruz bayramının Cəmşidin taxta çıxması ilə bağlanması bu bayramın bilavasitə dövlətçilik bayramı olduğunun sübutudur. Yada salmaq olar ki, müxtəlif rəvayətlərdə Novruz bayramı dördüncü islam xəlifəsi Həzrət Əlinin də taxta çıxması ilə əlaqələndirilib. Tədqiqatçı Ramin Allahverdiyev yazır ki: «Bayramın keçdiyi mürəkkəb tarix yolu göstərir ki, müəyyən dövrlərdə Novruz mərasimi ilə müqəddəs sayılan şəxslərin əlaqələndirilməsi meylləri olub. Bu cür vəziyyətlərdə tarixdə böyük hörmət və ehtiram qazanmış şəxsiyyətlərin real tarixi simaları tədricən rəvayətləşdirilmiş (əfsanələşdirilmiş) cizgilərlə əvəzlənilmiş olur. Sonrakı dönəmdə İslamın təsiri ilə Novruz mərasiminin müsəlmanların müqəddəs şəxslərindən sayılan Həzrət Əlinin taxta çıxarılması, həmçinin, xəlifələrin taxta çıxarılması ilə əlaqələndirilməsi də bu cür əfsanələşdirilmənin nəticəsi kimi izah edilməlidir». Cəlal Qasımov da yazır ki, bir çox mənbələrdə «Novruz»un «Adəmin yaradıldığı gün», «Nuhun gəmisinin torpağa oturduğu gün», «Türklərin Ergenekondan çıxdıqları gün», «Dünyada ilk hökmdar hesab edilən Kəyumərsin adı ilə bağlı gün», «Cəmşidin Azərbaycana səyahəti ilə bağlı gün», «Atəşpərəstiklikdən qalan bir bayram», «Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün», «Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün», «İmam Əlinin xilafətə gəldiyi gün», «İmam Əlinin doğum günü», «Küsülülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram», «İmam Əli ilə Fatimatü-Zəhranın evləndikləri gün» və sair göstərilir.

İkinci mühüm cəhət budur ki, Cəmşidlə bağlı əfsanənin bir mifoloji rəvayət olmasına baxmayaraq, biz yenə də onun taxta çıxmasının məhz Azərbaycanla bağlanmasını təsadüf hesab etmirik. Güman edirik ki, burada məsələnin kökləri dərindədir və Azərbaycanla bağlanma təsadüfi deyil. Əvvəlcə bu məsələyə Y.V.Çəmənzəminlinin öz münasibətini öyrənək. O yazır ki, «Bürhane-qate» və bütün İran müəlliflərinin «Novruz»u Cəmşidə mənsub elədikləri tarixi həqiqətdən uzaq görünür. Bir kərə Cəm və mənsub olduğu Pişdadiyan sülaləsi və Firdovsinin qeyd etdiyi əksər adlar tarixi adlar gərək olmasınlar: Yunani-qədim müvərrixlərində başqa-başqa adlar göstərilir və İran abidə və kitabələrinin son tədqiqi yunanların haqlı olduqlarını meydana çıxartdı. Ola bilər ki, sasanilər təşviq etdiyi kimi, onlardan əvvəlki sülalələrdən bir padşah «Novruz»a artıq əhəmiyyət verirmiş, lakin bu adətin bir şəxsə isnad edilməsi, məncə, doğru deyil. Lakin «Novruz»un Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. Buna zatən «Bürhane-qate» də işarə eləyir. İran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaradıb və Midiya səltənəti münqəriz olduqda bu mədəniyyət Zərdüştiliklə bərabər İrana keçib və əsrlərcə pars səltənəti ilə yan-yana azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləmişlər. «Novruz» və başqa adətlərimiz də o zamanlardan qalıb.

 

 

S.Qasımova

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 2 mart.- S.14.