Müxtəlif xalqların rəqs mədəniyyəti

 

Bu yazıda dairəvi rəqslərdə mədəni müxtəlifliyin ifadəsi haqqında danışılır. Fazilə Nəbiyevanın araşdırmasında bildirilir ki, dairəvi ayinlər və mərasimlər ümumbəşəri hadisə olaraq bütün dövrlərdə olduğu kimi indiöz əhəmiyyətini saxlamaqdadır. Ümumdünya mədəniyyətinin başlanğıcı sayılan və müasir dairəvi rəqs sənətində şəkli dəyişmiş formada təzahür edən dairəvi ayinlərin və mərasimlərin tarixən çox qədim köklərə malik olduğunu qeyd etmək lazımdır. Bunu dünyanın fərqli coğrafi bölgələrində yaşayan xalqların rəqs mədəniyyətində mövcud olan nümunələr təsdiq edə bilər: “Dünyanın əksər xalqlarının mədəniyyətində kök salmış dairəvi rəqslərin müqayisəli təhlili ümumbəşəri mədəniyyətin özülü hesab olunan ilkin mədəni əlaqələrin hərtərəfli tədqiqi üçün münbit şərait yaratması barədə bizə mülahizə etməyə imkan verir. Hazırda müxtəlif etnosların incəsənətində geniş yayılmış dairəvi rəqslər üzərində tədqiqatlar apararkən onları eyni ağacın müxtəlif istiqamətlərə şaxələnmiş çoxsaylı budaqlarına bənzədirik. Bununla da ümumbəşəri mədəniyyətin parçalanmış hissələrini özündə birləşdirən bütöv və zəngin mənzərənin ortaya çıxdığını görmək mümkün olar. Müxtəlif xalqların dairəvi rəqs mədəniyyətini nəhəng bir ağacın zəngin mənəvi bəhrəsinə bənzətsək də bəşər sivilizasiyasının ayrılmaz parçası hesab olunduğu fikrindəyik. Bu gün dünyada baş verən etnik proseslər, mədəniyyətlərarası dialoq müxtəlif coğrafi bölgələrdə yenidən zənginləşməni şərtləndirir, daha böyük inkişafa təkan verir. Bu isə son nəticədə dünya mədəniyyətinin daha da inkişaf etdirilməsinə gətirib çıxarır. Müxtəlif dövrlərdə etnik proseslərdə əmələ gələn millətçi ideyaların ümummilli dəyərlərin üfüqlərini aşdıqda daxili ziddiyyətlərə, hətta bəzi hallarda parçalanmaya gətirib çıxarması tarixdən bizə məlumdur. Həmin prosesləri tənzimləyən ən münasib yol vasitəsinin mədəniyyət amilinin qorunub saxlanılmasından və inkişaf etdirilməsindən ibarət olduğu fikrindəyik. Bu baxımdan multikulturalizim – cəmiyyətdə ortaq dəyərlərin və baxışların tarazlı səviyyədə yaşadılmasına, ziddiyyətlərin aradan qaldırılmasına şərait yaradan mühüm faktordur. Buna görə də müasir dairəvi rəqslər mədəniyyət amili kimi milli-mənəvi dəyərlərlə ümumbəşəri dəyərlər arasında qırılmaz əlaqə funksiyasını yerinə yetirir.

Multikulturalizm bəşəriyyətə xas olan təfəkkür forması kimi özünü incəsənətin müxtəlif janrlarında göstərir. Fikrimizcə, dairəvi rəqslər onun fundamental qaynaqlarından hesab oluna bilər. Belə rəqslərin müxtəlif xalqların mədəniyyətlərinin kəsişdiyi təmas nöqtəsi olduğunu düşünürük. Buna görə də həmin rəqsləri multikultural dünyanın vəhdəti kimi qəbul etmək olar. Geniş musiqi materialının tədqiqindən belə nəticəyə gəlirik ki, dairəvi formada ifa edilən rəqslər fərqli dil qrupunu təmsil edən xalqların dünyaya açılan ortaq çıxış qapısıdır. Bu nöqteyi-nəzərdən Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyətində mövcud olan dairəvi rəqs nümunələri buna örnəkdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ərazisində azərbaycanlılardan başqa ölkənin müxtəlif guşələrində kompakt şəkildə 80-a yaxın azsaylı xalq yaşayır. Onların arasında Altay dil ailəsinin, Hind-Avropa, Qafqaz, Slavyan dil qruplarının təmsilçiləri vardır. Biz, təqdim olunan məqalənin həcmini nəzərə alaraq onlardan bəzilərinin dairəvi rəqs nümunələrinə nəzər yetirmişik”.

Araşdırmaçı hesab edir ki, türk dillərinin Oğuz qrupuna daxil olan azərbaycanlıların “yallı” rəqsi kütləvi şəkildə ifa edilərək birlik və vəhdəti əks etdirir: “Təkcə Naxçıvan MR-nın ərazisində bu rəqsin 100-ə qədər növü qeydə alınıb. “Yallı”nın Masallı, Lənkəran, Şəki, Qazaxda da ifa edildiyi bəllidir. Rəqsin ifası zamanı ifaçıların sayı 10-15-dən 100 nəfərədək olur. “Yallı” rəqsi zamanı kişi və qadınlardan ibarət dəstə düzəldilir. Sıranın başında duran rəqqas, yəni “yallıbaşı” əlində yaylıq və yaxud çubuq tutur, axırdakı rəqqas isə “ayaqçı” adlanır. “Yallı” ağır tempdə başlayır, getdikcə sürətlənir. İfaçılar ritmik hərəkətlə dövrə vuraraq rəqs edirlər.

“Yallı” rəqsləri müxtəlif dövrlərdə Məmməd Ələkbərov, Bayram Hüseynli, Əhməd İsazadə, Nəriman Məmmədov, eləcə də Əqidə Ələkbərova kimi görkəmli alimlərimiz tərəfindən tədqiqata cəlb olunub. “Yallı” sözünün etimologiyası ilə bağlı mülahizələr mövcuddur. Bu barədə müxtəlif mənbələrdə məlumatlara rast gəlmək olar. Cabbar Cəlil Bəydillinin fikrincə, “yallı” sözünün mifoloji-semantik mənası yellənmək, cuşa gəlmək anlamlarını verir. Xatirə Ağayeva isə qeyd edir ki, onun kökünü türk dillərində alay “yığın” (adam toplusu) sözü təşkil edir. Tədqiqatçıların bildirdiyinə görə “yallı” Azərbaycanın müxtəlif rayonlarında fərqli adlarla səslənib. Bəzi mənbələrdə qeyd olunur ki, bu adlar ilk əvvəl “yollu”, sonradan “yelli” və nəhayət “yallı” adlandırılıb.

“Tənzərə” yallısı kişilər və qadınlar tərəfindən ifa olunur. İştirakçılar bir-birlərinin çeçələ barmaqlarından tutaraq saat əqrəbinin əksi istiqamətində fırlanırlar. İfa zamanı onların “haylama”, “hey” kimi nida səslərini eşitmək mümkündür. Bu rəqs iki hissədən ibarətdir. Birinci hissədə iştirakçılar yarım dairə formasında düzülərək aramlı addımlarla hərəkət edirlər. İkinci hissədə isə temp itiləşir. “Tənzərə” yallısının iştirakçıları dairə formasını alırlar. Onlar musiqiçilərin ətrafında saat əqrəbinin əksi istiqamətində şıdırğı tempdə fırlanmağa başlayırlar. Daha sonra dairə formasını pozaraq sıra şəklində düzülürlər. Rəqs bu qaydada sona çatır. “Tənzərə” yallısı zurnakos musiqi alətlərinin müşayiəti ilə ifa olunur. Onun musiqi ölçüsü 2/4-dir.

Türk dillərinin qıpçaq qrupuna aid olan tatarlar “Tüqərək uen” (Dairəvi oyun), “Çıra yandıru” (Çıranı yandırmaq), “Şa”, “Lısva sıu buyları” (Lısva çayının sahilində), “Yıldızım” (Ulduz), “Çılbır” (Zəncir) kimi dairəvi oyun rəqslərini ifa edirlər. “Əylən-Bəylən uen” (“Timpaira-Tiratur”) mahnı ilə olan xorovod-oyun rəqsidir. 2/4 ölçülüiki hissədən ibarət olan bu rəqs ağır tempdə ifa olunur. Həqarət isə canlı tempdədir. Tatarların bu rəqsində iştirakçıların sayına məhdudiyyət qoyulmur. Hamı ümumi dairədə dayanır, əl-ələ verir, mahnı oxuyursaat əqrəbinin əksi istiqamətində hərəkət edir. Dairənin mərkəzində oyun iştirakçılarından bir nəfər aparıcı dayanır. O, mahnının nəqarət hissəsində öz istəyinə görə iştirakçıların birinin əlindən tutur. Daha sonra rəqs edənlərin hər biri dairəyə gələrək əl-ələ verirsaat əqrəbi istiqamətində hərəkət edirlər. Aparıcı birinci ümumi dairədə dayanır, digər iştirakçılardan biri dairənin mərkəzində aparıcının yerini tutur. Oyun bu qayda üzrə davam edir”.

Rus xalq rəqslərinin də qədim kökləri var: “Oyunlarxorovodlar bu xalqın mədəniyyətində çox geniş yayılmış formadır. Onlar qədim tarixə malik olan kütləvi şəkildə dairəvi formada ifa edilən xalq rəqsləridir. “Xorovod” xalq yaradıcılığının sinkretik növüdür. “Xorovod” oyunlarında - qapıların açılması, günəşin dairəvi hərəkəti kimi bəzi qədim simvollar əks olunur. Belə rəqslərdə dəstə başçısı mühüm funksiyanı yerinə yetirir. Xüsusiyyətinə görə rus xorovod rəqsləri 4 qrupa, janrına görə isə 3 növə bölünür. “Veysya, veysya kapustka” rəqsində qadın və kişi iştirakçılar əl-ələ tutaraq saat əqrəbi istiqamətində fırlanırlar. Dəstə üzvləri ikili dairə əmələ gətirirlər. Onlar saat əqrəbi istiqamətində dövrə vururlar. Sonra həm daxili, həm də xarici dairə iştirakçıları saat əqrəbinin əksinə fırlanırlar.

Daxili dairədəki iştirakçılar dayanırlar. Xarici dairədəkilər isə hərəkəti saat əqrəbinin əksinə davam etdirirlər. Daha sonra hər iki dairə iştirakçıları birləşərək saat əqrəbinin hərəkəti istiqamətində fırlanmanı yerinə yetirirlər. Bu rəqsi ifa edərkən iştirakçıların sayına məhdudiyyət qoyulmur. İfa zamanı onların qışqırıqlarını eşitmək olar. “Veysya, veysya kapustka” rəqsi qadınların mahnı oxuması və zərb alətləri ilə müşayiət edilir. Rəqs canlı tempdə olub, şən xüsusiyyəti ilə diqqəti cəlb edir. Onun musiqi ölçüsü 4/4-dür. “Perepyoloçka”, “İz pod duba, iz pod vyaza (korzinka)”, “Tı zaryamaya zorenka”, “Timonya”, “Çijik”, “Meteliça”, “İqumen”, “Petelka”, “İz-za lesiku, da lesu tyomnava”, “Vdal po moroyu” rus xorovod rəqsləri sırasına daxildir.

Ukraynalılar da Azərbaycanda yaşayan xalqlardandır. Onlar Hind-Avropa dil ailəsinin Şərqi Slavyan qrupuna aiddirlər. Xorovodlar ukraynalıların xoreoqrafiyasında əsas janrdır. Qədimdə əmələ gələn xorovodlar bu xalqda “bahar nəğməsi”, “qaivka”, “qaqilka”, Sumskoy, Çerniqovskoy vilayətlərində isə “karaqod” adlanır. Ukraynalıların dairəvi rəqsləri xorovod oyunlara, mahnı ilə olan xorovod rəqslərə bölünür. “Erkən bahar”, “Oh, İvançiku, bidolançiku” xorovod oyunların adlarıdır. “Çəlləkçi”, “Dəmirçi”, “Qarabaşaq”, “Len” s. mahnı ilə olan xorovod rəqslər sırasına daxildir.

“Meteliça” ukraynalıların canlı tempə malik olan kütləvi xalq rəqsidir. Bu rəqs əvvəlcə saat əqrəbinin əksi, sonra isə saat əqrəbinin hərəkəti istiqamətində ifa olunur. Rəqsin əvvəlki variantlarında üzü mərkəzə tərəf dayananların əlində silah olurdu. “Meteliça” xorun müşayiəti ilə lirik yumoristik səciyyəli oxuma ilə ifa edilən rəqslərdən olub. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq onun mahnı ilə bandura alətinin müşayiəti ilə ifa olunmasına başlanıldı. Rəqsin müasir variantında iştirakçıların sayına məhdudiyyət qoyulmur. Onlar dairəvi formada düzülürlər. Aparıcı cütlər əvvəlcədən seçilirlər. Çıxışçılar növbə ilə dairənin ortasına gəlir rəqs edirlər. Digər iştirakçılar isə yerlərində dayanaraq əl çalırlar. Daha sonra iki nəfərin əlinin altından keçməyə başlayırlar. Onlar dairədə əl-ələ verib saat əqrəbinin əksi istiqamətində fırlanırlar. Cütlər yenidən dairənin mərkəzinə çıxaraq ifalarını təqdim edirlər. Digərləri isə əl çalırlar. Rəqs bu qaydada sona kimi davam olunur çıxış edənlərin əl çalmaları ilə tamamlanır. “Meteliça” rəqsi 2/4 ölçüdədir, qaçış templidir. Onu da bildirək ki, ukrayna xorovodları üçün cəld, alovlu ritm xüsusi hərəkətlilik səciyyəvidir.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2016.- 8 noyabr.- S.13.