Milli azlıqların mədəni irsinin
qorunması və inkişafı
Bu yazıda Azərbaycanda milli azlıqların mədəni
irsinin qorunması və inkişafı haqqında
danışılır. Rauf Hacı və Abbasova Aygünün birgə
araşdırmasında vurğulanır, bu gün dünyada
2000-dən 4000-ə qədər xalq, millət və etnik qrup
yaşadığı söylənilir: “Dünyada bu qədər
xalq, millət və etnik qrupun olması planetimizdə bir o qədər
də həyat və davranış tərzinin olmasının
real göstəricisidir. Məhz bu müxtəlifliklərin
öyrənilməsi, azsaylı xalqların milli mədəni
dəyərlərinin geniş təbliği
yaşadığımız müasir və demokratik
dünyada inkişafın başlıca prinsip və göstəricisinə
çevrilib. Hər bir dövlətin demokratik
inkişafının ölçü və göstəricisi
onun ərazisində yaşayan xalqlara olan münasibətdə,
onların dil, din və adət-ənənələrinə
hörmət və inkişafında özünü əks
etdirir. Bu gün dünyada 2,2 milyard xristian
(32%), 1,6 milyard müsəlman (23%), 1 milyard hinduist (15%), 500
milyon buddist yaşayır. Azərbaycan
Respublikasında yaşayan xalqlar dini sitayiş
baxımından bu dinlərin böyük bir qisminin
daşıyıcılarıdır. “Azərbaycanda
yaşayan milli azlıqlar və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, həmçinin dilinin,
dininin və mədəniyyətinin inkişafına dövlət
yardımı” haqqında Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı
milli azlıqlar arasında əlaqələrin
yaxşılaşdırılması və hüquqi dövlətin
yaradılması addımlarına onların cəlb
olunması məqsədi daşıyır. Respublikadaxili
qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan
Respublikasının 1996-cı il 31 may tarixində
qoşulduğu irqi ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması, aparteid siyasətinin
qarşısının alınması və cəzalandırılması,
genosidin qarşısının alınması haqqında BMT
Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları
da tətbiq olunmaqla bu gün respublikamızda azsaylı
xalqlarla bağlı olan 60-a qədər konvensiya Azərbaycan
Respublikasının Milli Məclisində ratifikasiya edilib. Konstitusiyanın “Bərabərlik hüququ”, “Dil
haqqında” 25-ci, 44-cü, 45-ci və 48-ci maddələri bu və
ya digər mənada milli azlıqların
hüquqlarının qorunmasını təmin edir. AR Cinayət Məcəlləsi vətəndaşların
bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti
müəyyən edir. MDB ölkələri
içərisində Azərbaycanın milli azlıqların
hüquqlarının qorunması ilə bağlı
qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik
baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan
BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində
milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin
hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə
və Avropa Şurasının 1995-ci il fevralın 1-də
“Milli azlıqların hüquqlarının qorunması
haqqında” qəbul etdiyi Çərçivə
Konvensiyasını təsdiq etməklə bu qanuna 13 iyun
2000-ci ildə qoşulub.
YUNESKO-nun
2005-ci il oktyabrın 20-də qəbul etdiyi
“Mədəni özünümüdafiə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun
olaraq respublikamızda yaşayan milli azlıqların mədəniyyəti
Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi
qorunur və inkişaf etdirilir. Dövlət səviyyəsində
Azərbaycan Respublikası ərazisində yaşayan
xalqların milli mədəniyyətinin, incəsənətinin,
adət-ənənələrinin və dilinin qorunub
saxlanılması üçün məqsədyönlü
işlər aparılır. Əsrlər
boyu Azərbaycanda 80-dən artıq digər xalqın nümayəndəsi
yerli etnos sayılan Azərbaycan türkləri ilə
yanaşı yaşayıb və bu gün də dinc şəraitdə
yaşayırlar. Azərbaycanda
bütün dinlər bərabər hüquqa malikdir.
Müstəqillik illərindən etibarən 5 gürcü, 5
rus və 1 udin pravoslav kilsəsi fəaliyyət göstərməklə
yanaşı 6 sinaqoq, 5 erməni qriqoriyan icması,
malakanların 14 icması, babtistlərin 6 icması, adventistlərin
4 icması, almanların “Lüteran” kilsəsi və Roma Katolik
Məbədinin fəaliyyəti bərpa olunub”.
Azərbaycan xalqının bütün tarixi
dövrü ərzində torpaqlarımızda sayının
azlıq və ya çoxluğundan asılı olmayaraq bir dəfə
də olsun azlıqda olan xalqlarla dini və etnik ədavət,
ayrı-seçkilik faktları qeydə alınmayıb. Respublikamızda
milli və dini azlıqlara münasibətdə ölkənin
yazılı və elektron kütləvi informasiya vasitələri
də kifayət qədər dözümlülük
nümayiş etdirir. İlk növbədə
bu onunla izah olunmalıdır ki, Azərbaycan Respublikası ərazisində
yaşayan azsaylı xalqların hər birinə eyni dərəcədə
qayğı göstərir. Milli azlıqların kompakt
şəkildə yaşadığı rayonlarda -
Xaçmazda “Xaçmaz TV”, Qubada “Xəyal TV” və “Qütb
TV”, Lənkəranda “Lənkəran TV”, Zaqatalada “Aygün TV”
adlı yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda
isə ləzgi və tat dillərində verilişlər
yayımlanır.
Azərbaycan Respublikası milli azlıqların
hüquqlarının qorunması istiqamətində
yürütdüyü ardıcıl və şəffaf siyasətini
bu gün də inamla davam etdirir. Milli azlıqlar öz
milli mərkəzlərini, assosiasiyalarını və digər
qurumlarını yaratmaq hüquqlarından tam istifadə etməklə
müstəqil respublikamızda azsaylı xalqlara məxsus milli
mədəniyyət mərkəzləri fəaliyyət
göstərir. Onların arasında “Birlik” cəmiyyəti,
Ahıska türklərinin “Vətən” cəmiyyəti,
Ahıska türk qadınlarının “Sona” cəmiyyəti,
Azərbaycan-tatar cəmiyyəti, “Turqan-tel” tatar mədəniyyət
cəmiyyəti, “Yaşlıq” tatar mədəniyyət mərkəzi,
“Krım” Krım Tatarları cəmiyyəti, Azərbaycan-İsrail
icması, Dağ Yəhudilərinin icması, Avropa yəhudiləri
(eşkenazi) icması, Gürcü-yəhudi icması, Yəhudilərin
Qadın Humanitar Assosiasiyası, Slavyan Mədəniyyət Mərkəzi,
Rus İcması, Azərbaycan-slavyan mədəniyyət mərkəzi,
Ukrayna cəmiyyəti, “Ronai” kürd mədəni mərkəzi,
“Samur” ləzgi milli mərkəzi, Tat Mədəniyyət mərkəzi,
Gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin
humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət
mərkəzi, Talış mədəniyyət mərkəzi,
Avar cəmiyyəti, “Karelhaus” alman mədəniyyət
icması, “Polonia” polyak mədəniyyət mərkəzi,
“Mada” Beynəlxalq talış assosiasiyası, “Orain” udi mədəniyyət
mərkəzi, “Buduq” mədəniyyət mərkəzi, Saxur Mədəniyyət
mərkəzlərinin adını qeyd etmək olar.
Milli
azlıqların sıx yaşadığı ərazilərdə
cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar
assosiasiyalar və digər qrupları fəaliyyət göstərir
ki, bunlardan, Qusar rayonundakı ləzgi, Qax rayonunda Gürcü
Dövlət teatrları, Astara və Lənkəran
rayonlarında talış folklor qruplarını və s. qeyd
etmək mümkündür. Müstəqil
dövlətimiz bu qurumları büdcəsini maliyyə
yardımı ilə təmin etməklə bərabər mənşəyindən,
mədəniyyətindən, dinindən və dilindən
asılı olmayaraq, respublikamızda yaşayan azsaylı xalqlar
arasında anlaşma, dözümlülük və
qarşılıqlı hörməti gücləndirməyə
çalışır. İslam, Ortodoks və Yəhudi
dini konfessiyalarını birləşdirən “Üç
qardaş” təşkilatı, Böyük Britaniyanın
“Links” təşkilatının rəhbərliyi altında
milli azlıqların Resurs mərkəzi də respublika ərazisində
sərbəst surətdə fəaliyyət göstərirlər.
Respublikamızda milli azlıqların ana dillində
onlarla qəzet və jurnalı nəşr olunmaqla radio və
televiziya proqramları da yayımlanır. Dövlət
radiosunda-kürd, ləzgi, talış, gürcü və rus
dillərində dövlət büdcəsindən maliyyələşdirilən
verilişlər nümayiş etdirilir. Balakən
rayonunda avar dilində, Xaçmazda ləzgi və tat dillərində,
Qusar və Xaçmaz rayonlarında mütəmadi olaraq ləzgi
dilində verilişlər yayımlanır. Bundan başqa Bakı şəhərində rus,
kürd, ləzgi və talış dillərində qəzetlər
də nəşr edilir.
Bu gün
müstəqil dövlətimiz tərəfindən azsaylı
xalqlarla bağlı atılan məqsədyönlü
addımlar dinindən, cinsindən, irqindən və milliyyətindən
asılı olmayaraq, bütün dövrlərdə
respublikamızda yaşayan millətlərin mehriban ailə,
dost və qardaş olaraq yaşamaq ənənələrini
daha da möhkəmləndirir. Azərbaycan
Respublikası öz taleyini bu torpağa bağlayan bir sıra
azsaylı xalqların doğma və tarixi vətəni
sayılır. Zaqatala-Qax rayonları ərazisində
yaşayan avarlar, ingiloylar, Azərbaycanın Qafqaz dilləri
ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ
rayonunda yaşayan udilər, Quba rayonu ərazisində və
Bakıda yaşayan dağ yəhudiləri, tatlar, kürdlər,
talışlar bu gün Azərbaycan Respublikasının etnik
xəritəsini zənginləşdirməklə bərabər
Azərbaycan mədəniyyəti adlı çox zəngin
musiqi, folklor nümunələri, ədəbiyyat, xüsusən
də poeziyamız mövcuddur. Əgər bir tərəfdən
azsaylı xalqlar öz dillərində ədəbiyyat və
musiqi əsərləri yaradırlarsa, digər tərəfdən
öz kiçik və gözəl mədəniyyət
çalarlarını ümumazərbaycan mədəniyyətinin
tərkib hissəsinə qataraq Azərbaycan mədəniyyətini
daha da zənginləşdirirlər. Azərbaycan
Respublikasında yaşayan milli azlıqların mədəniyyəti
Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi
qorunub inkişaf etdirilməklə, bu xalqların milli mədəniyyətinin,
incəsənətinin, adət-ənənələrinin və
dilinin qorunub saxlanılması üçün məqsədyönlü
işlər aparılır. “Mədəniyyət
haqqında” qanunun 11-ci maddəsində milli mədəniyyətin
inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə
tutulur. Müstəqil Respublikamız Azərbaycanda
yaşayan xalqların milli mədəniyyətinin qorunub
saxlanılmasına və inkişafına təminat verir.
“Təhsil haqqında” qanunun 6-cı maddəsi və
“Dövlət dili” haqqında qanunun 3-cü maddəsinə əsasən
təhsil milli azlıqların dillərində verilə bilər.
Respublikamızın 13 rayonunda yaşayan
xalqların uşaqlarının öz milli adət və ənənələrini,
mədəniyyətini öyrənmələri
üçün dövlət səviyyəsində
bütün lazımi şərait yaradılıb. Quba,
Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ
rayonlarının 126 məktəbində 24670 şagird ləzgi,
Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində
26070 şagird talış, Balakən, Qəbələ,
Xaçmaz, Zaqatala, Quba, Samux rayonunun 32 məktəbində
4748 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq,
kürd dillərini ibtidai siniflərində oxuyarkən öyrənirlər.
Ümumilikdə isə 407 məktəbdə
azsaylı xalqların 55488 nəfər uşağı öz
ana dillərini öyrənir. Bu gün Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil
haqqında” qanunun və Avropa Xartiyasının prinsiplərini
əlində rəhbər tutaraq azsaylı xalqların dil, din,
tarix və mədəniyyətinin öyrənilməsi istiqamətində
qanun çərçivəsində bütün imkanlardan
istifadə edir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 9 noyabr.-
S.13.