Pişəvərinin “Ajir”i oyanış və mübarizə carçısı idi

 

II yazı

 

XX əsrin 40-cı illərində İranda şahlıq üsul-idarəsinə, istibdada qarşı azadlıq mücadiləsində S.C.Pişəvərinin “Ajir” (“həyəcan”, “haray”, “səs”) qəzetinin xüsusi rolu və yeri var. Ömrü çox da uzun olmayan bu qəzet öz səhifələrindəki yazılarda mövcud rejimin xalqa etdiyi zülm və zorakılığı, cəmiyyətdəki eybəcərlikləri, azadlığın və insan haqlarının boğulduğunu ifşa etməklə önəmli rol oynayıb. Buna görə də “Ajir” çap olunduğu gündən dövlətin ilk hədəfində olmuş mətbuat orqanı idi. “Ajir” S.C.Pişəvərinin zindandan çıxdıqdan sonra çalışdığı şirkətdən aldığı əmək haqqının bir hissəsini toplamaq, köhnə borcluların qaytardıqları borc və Məsumə xanımın dərzilikdən əldə etdiyi puldan yığımın hesabına, eləcə də dostların və xeyirxah insanların maddi yardımı ilə nəşrə başlamışdı. Ümumiyyətlə, S.C.Pişəvərinin siyasi fəaliyyətini mətbuatdan kənar təsəvvür etmək çətindir. Cəmiyyəti istiqamətləndirməkdə və onu başlıca hədəfə yönəltməkdə mətbuatın rolunu S.C.Pişəvəri hələ gənc yaşlarından anlamışdı.

Zindana düşənədək (dekabr 1929) o, bir çox qəzetlərin – “Açıq söz”, “Azərbaycan cüze layənfək İran”, “Sosyal-demokrat” “Hürriyyət”, “Yeni fikir”, “Kəndçi”, “Cəngəl”, “Həqiqət”, “Yeni yol” və s. qəzetlərin əməkdaşı və çoxunun da baş redaktoru olmuşdu. Mətbuat S.C.Pişəvərinin mübarizəsində ömrünün sonunadək onun söz silahı, qələm silahı olmuşdu. S.C.Pişəvərinin keçdiyi mübarizə yolunu və həyatını izləyən hər bir kəs onun mətbuata sıx bağlılığını görə bilər. Bu mənada mətbuat, o cümlədən “Ajir” qəzeti S.C.Pişəvəri həyatının və mübarizəsinin bir parçası olmuşdu desək, yanılmarıq.

“Ajir” adlı müstəqil qəzetin nəşrinə icazə almaq haqda S.C.Pişəvəri 1322-ci il Fərvərdinin 16-da (1943-cü il aprelin 7-də) mətbuat üzrə dövlət komissiyasına ərizə ilə müraciət edir. Dövlət komissiyası müəyyən qeyd-şərtlərlə qəzetin nəşrinə icazə verir. Qəzetin nəşri üçün S.C.Pişəvəri Tehranın Laləzar xiyabanında “Passaj Bahar” adlanan və doktor Ərsəncabı adlı Ģəxsə məxsus binada iki otağı kirayə edir. “Ajir”in ilk nömrəsi 2 xordad 1322-ci ildə (23 may 1943-cü il) çapdan çıxır. Qəzetin təsisçisi və baş redaktoru S.C.Pişəvəri olsa da Kərim Kəşavərz (Rəşti) onun yaxın köməkçisi olur. Firudin İbrahimi (sonra Milli hökumətdə başprokuror) və iki nəfər ali məktəb tələbəsi nəşriyyat işində köməkçi olurlar. “Ajir” (bir neçə məqalə nəzərə alınmazsa) fars dilində çap edilmişdi (Qəzetin bir çox nömrələri İranın Milli kitabxanası fondunda və bacısı Suğra xanımın saxlancığında var – Ə.R.).

Qəzet bir neçə ay hər gün, sonralar maddi vəziyyət və çap kağızı çətinliyi ilə əlaqədar həftədə 3 dəfə çap edilmişdi. “Ajir”in elə bir nömrəsi yoxdur ki, orada S.C.Pişəvərinin məqaləsi olmasın. Baş məqalələr və gün üçün aktual mövzuda olan yazıların demək olar ki, hamısı S.C.Pişəvəri qələminin məhsullarıdır. 1943-cü ilin mayından (dövlətin məcburi qadağaları nəzərə alınmasa) 1945-ci ilin fevralınadək çap olmuş “Ajir”də S.C.Pişəvərinin yüzlərlə siyasi, elmi, pedaqoji və s. mövzularda yazdığı məqalələrlə yanaşı onun “Ədalət firqəsinin tarixi”, “Zindan dəftərindən xatirələr”, çoxlu felyeton, hekyə, şeir, ədəbi-bədii və s. yazıları az müddətdə geniş oxucu dairəsini “Ajir”ə cəlb edə bilmişdi. “Ajir” Tehranda və əyalət şəhərlərində çox oxunan qəzet olmuşdu.

S.C.Pişəvəri ilə “Ajir”də həmkarlıq etmiş K.Kəşavərz yazırdı: “S.C.Pişəvərini yaxından tanıyanlar və onunla birgə çalışanlar etiraf edərlər ki, bu rəhmətlik tünd hərəkəti, radikallığı, yekəxanalığı, özündən deməyi sevməyən adam idi”. Onun nəşr etdiyi “Ajir” də bu cəhətdən başqa qəzetlərdən fərqli idi. O öz səhifəsində mötədil, həqiqətdən danışan, nə “sağa”, nə “sola” təmayül göstərməyən qəzet idi. O iş görmək, hədəfə doğru irəliləmək tərəfdarı idi. Buna görə bəziləri “Ajir”i «nağıl zəka” qəzeti hesab etməkdən çəkinmirdilər”.

S.C.Pişəvəri qəzetin nəşrinin bir illiyi münasibətilə yazdığı məqalədə qeyd edir ki, “Biz imkan daxilində oxucuya çox şeyi anlatmaq istəyirdik. Ehtiyacımız çox idi... Bizimlə müxalifət edirdilər... Bizim kiçik kollektivimizə böyük eyiblər tutmağa çalışırdılar. Biz isə müstəqil olmağa çalışırdıq... Çox əlləşirdik. Sınıq masa üzərində yazıb-pozurduq, ağ səhifədə çox söz deyib oxucunu mətləbdən ətraflı halı etməkdən ötrü xırda hürufatlardan istifadə edirdik”.

“Ajir”in baş redaktoru olan Pişəvəri öz oxucuları və onu tamyanlar arasında sadə, səmimi, insanlarla tez ünsiyyətə girməyi və qarşı tərəfin diqqətini cəlb etməyi bacaran adam olmuşdu”. K.Kəşavərzin “S.C.Pişəvəri haqqında xatirələrim” başlıqlı yazısında oxuyuruq: “O, illərlə mübarizə aparmış, zindanlarda yatmışdı. Ehtiyac və yoxsulluq içərisində yaşamışdı. Ömrünün sonuna qədər onun heç nəyi (var-dövlət, sərvət nəzərdə tutulur Ə.R) olmamışdı. Tehranda Vəliəsr meydanının cənubi-şərqindəki kiçik evi xanımı Pişəvəri zindanda olarkən onun xanımı dərzilikdən topladığı pula almışdı”.

S.C.Pişəvəri “Ajir”də fəaliyyət göstərdiyi dövrdə ölkədəki demokratik azadlıqlar tələb edən digər qəzetlərin vahid cəbhəsini yaratmaq məsələsi ortaya gəldi. Bu iş böyük zəhmət və cəsarət tələb edirdi. S.C.Pişəvəri ilə həmfikir naşirlərin səyi nəticəsində 1322-ci ilin Mordad ayında (1943-cü il iyul) belə adlanan “Azadlıq cəbhəsi” (“Cəbheye azadi”) adlı mətbuat birliyi yaradıldı. “Azadlıq cəbhəsi” ilk mərhələdə “Ajir”lə birlikdə 15 qəzet və dərgini əhatə etsə də sonralar onların sayı 40-a çatmışdı. Bundan əlavə “Azadlıq cəbhəsi”nin əyalət mərkəzlərində və Ģəhərlərdə Ģöbələri fəaliyyət göstərməyə başlamışdı. “Azadlıq cəbhəsi” faşizmə qarşı çıxış etdiyindən dövlət orqanları müttəfiqlərdən (SSRİ, ABŞ və İngiltərə) çəkinərək onun fəaliyyətinə mane ola bilməmişdi. “Cəbhə” isə irticaya qarşı mübarizədə öz işini görürdü. S.C.Pişəvəri “Azadlıq cəbhəsi”nin Azərbaycanda özəklərini yaratmaq məqsədi ilə Azərbaycana gəlmiş, Təbriz, Xoy, Urmiya, Ərdəbil və s. Azərbaycan məntəqəsindəki rayon və kəndləri gəzmiş, xalqla söhbətlər aparmışdı. Buradakı siyasi-iqtisadi durumla yaxından tanış olmuş, xalqın ruhiyyəsini, istək və tələblərini öyrənmişdi.

S.C.Pişəvəri xalq hərəkatının sonrakı mərhələsi üçün bu səfərin əhəmiyyətindən danışarkən yazmışdı: “...Azərbaycanda böyük konfranslar verdikdən sonra cəbhənin heyətini intixab etməklə (seçməklə), Azərbaycanın siyasət adamları ilə yaxından tanış və dost olmuşdum. Ona görə Firqəmizin təşkilinə başladığımız vaxt “Cəbheye Azadi” təşkilatı bizə hazır və amadə (tam hazır) bir vəsilə olub, hər yerdə firqənin şöbəsini onların vasitəsi ilə qurmağa müvəffəq ola bildik”. Pişəvərinin bu yazısından anlamaq olur ki, o, Azərbaycanda xalqın istək və arzusunu həyata keçirməyə çalışan milli bir firqənin yaradılması üçün bünövrəçi qüvvələri hələ o zamandan müəyyənləşdirməyə çalışırmış. Bu məsələyə biz doktor Salamullanın xatirələrində də rast gəlirik. D.S.Cavid yazır ki, “O, həm zindanda, həm də sonralar deyirdi ki, “Azərbaycanın öz dərdləri var, ona ancaq millət özü əlac etməlidir... Ümumiyyətlə, onu deyə bilərəm ki, biz Azərbaycana dönənə qədər (1945-ci il nəzərdə tutulur - Ə.R) burada görəcəyimiz işlərin bərnaməsi (proqramı), siyasi hərəkət xətti rəhmətlik Pişəvəri tərəfindən ətrarlı və ağlabatan səviyyədə müəyyənləşdirilmişdi”.

Beləliklə həm “Ajir”də, həm də “Azadlıq Cəbhəsi”ndə S.C.Pişəvərinin fəaliyyətində Azərbaycana qayıdış və burada xalqın mübarizəsini düz istiqamətə döndərmək məsələsi onu həmişə düşündürən və narahat edən məsələlərdən olmuşdu. 1322-ci ilin Mordad ayında (1943-cü il iyul) S.C.Pişəvərinin təşəbbüsü ilə “Azadlıq Cəbhəsi”nə daxil olan redaktorların birgə toplantısı keçirilmişdi. Toplantı iştirakçılarının qəbul etdikləri qətnamədə ölkədə diktatorluq rejiminin aradan qaldırılması, demokratiya prinsiplərinin bərpası, azad mətbuata qarşı polis basqınlarına və qadağalara son qoyulması, qarşıda gələn 14-cü çağırış Şura Məclisinə seçkilərin demokratik əsaslarda, azad, maneəsiz keçirilməsi, dövlət idarələrinin rüşvətxor məmurlardan təmizlənməsi və s. tələb olunurdu. Bu tələblər hökumətə təqdim olunmaqla yanaşı “Azadlıq Cəbhəsi”nə daxil olan bütün qəzetlərdə çap edilmişdi. Bu sənəd o zaman milli oyanışda, antirejim cəbhəsinə daxil olan qüvvələrin uğurlu addımı hesab olunurdu.

“Azadlıq Cəbhəsi”nin fəallaşması və onun şüarlarının geniş xalq kütləsi tərəfindən hərarətlə qarşılanması Tehran rejimini qorxutdu və onu cəbhə daxilində pozucu tədbirlərə əl atmağa sövq etdi. Cəbhəyə daxil olan qəzetlər İrandakı müttəfiq qoşunlarına və bu dövlətlərə münasibətdə parçalandılar. Bu parçalanma və fikir ayrılığı 1323-cü ilin sonunda (1945) dövlət orqanlarının təzyiqinə tab gətirməyib “Baxtər” qəzeti redaksiyasında təşkil edilmiş müşavirədə üzə çıxdı. “Xurşid”, “Baxtər”, “İran”, “Mühit”, “Təcədöd”, “Sədaye İran”, “Dəmavənd” və s.

“Azadlıq Cəbhəsi”ndən çıxdıqlarını bildirdilər. Buna baxmayaraq “Azadlıq Cəbhəsi”nin 40-cı illərin əvvəllərində göstərdiyi fəaliyyət milləti oyatmaq və mövcud rejimi laxlatmaq baxımından çox önəmi olmuşdur. “Ajir” Məhəmmədrza şahın hakimiyyətdə olduğu və irticanın azadlıq istəyən qüvvələrə qarşı ardıcıl basqınlar etdiyi zamanda belə Rza şah diktaturasının İran üçün gətirdiyi zülm, əzab və özbaşınalıqlarından yazmaqdan çəkinməmişdi. Qeyd etmək lazımdır ki, “Ajir” qəzeti müxtəlif yönlü siyasi, iqtisad və mədəni olayları əks etdirən, təbliğat və təşviqat orqanından əlavə, həm də xalqın mübarizəsinə istiqamət verən, onu təşkilatlandıran bir mətbuat orqanı olmuşdu. “Ajir”in gördüyü mühüm işlərdən biri də Tehranda azərbaycanlı ziyalıları və fəalları öz ətrafına toplamaqdan və onları Azərbaycanın gələcək taleyi haqqında düşünüb, yollar axtarmaqdan ibarət olmuşdu. Kərim Kəşavərz, İsmayıl Şəms, Firudin İbrahimi Əli Fitrət, Məmi Nüvəkəranı (Dehqan), Doktor Mirzəağa Vəlizadə (Behbud) və s. onlarca bu cür insanlar doktor Salamulla Cavidin dediyi kimi “Ajir” məktəbinin yetirmələri olmuĢlar. Bunların hər biri “21 Azər” hərəkatında fəal iştirak etmiş və S.C.Pişəvərinin yaxın silahdaşları olublar.

Doktor Salamulla Cavid yazır: “Ağaye Pişəvəri Azərbaycana həmişəlik siyasi işə getdiyindən “Ajir”i idarə etməyi dostlarına tapşırdı”. Azərbaycandakı hadisələri müntəzəm işıqlandırmaqda “Ajir”in tayı-bərabəri yox idi. “Ajir”dəki son görüşdə firqənin adı, məram və məqsədi, hədəfi, hansı qüvvələrə istinad edəcəyi, siyasəti, bir sözlə hər şey müzakirə edildi. Az sonra ağaye Pişəvəri bir neçə yoldaşla Azərbaycana yollandı”.

 

Əkrəm Rəhimli

Tarixçi

 

Xalq Cəbhəsi.- 2016.- 17 noyabr.- S.14.