Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

1-ci yazı

 

Azərbaycan Səfəvi imperatorluğu Fəratdan Qəndəhara, Qafqazdan Hind okeanına qədər 2.800.000 kv. km geniş bir ərazini əhatə edirdi. Bu geniş ərazi təbii sərhədləri ilə bir-birindən ayrılan vilayətlərə bölünürdü. Mirzə Səmia Təzkirət əl-müluk adlı əsərində imperatorluğun Ərəbistan, Luristan, Gürcüstan, Kürdüstandan ibarət dörd valiliyə və on üç bəylərbəyiliyə bölündüyünü qeyd edib. O yazır ki, Ərəbistan valisi şəxsi şücaəti və elinin nüfuzuna görə şan-şöhrətli, həm də yüksək rütbə sahibi idi. Luristan valisi isə müsəlman olub, dövlət qarşısında xidmətinə görə Gürcüstan valisi ilə müqayisədə daha etibarlı hesab edilir və ikinci yerdə dururdu. Nüfuzuna görə üçüncü yeri tutan Gürcüstan valisindən sonra dördüncü yerdə Kürdüstan valisi dayanırdı. Bəylərbəyiliklərdən isə birinci Qəndəhar, ikinci Şirvan, üçüncü Herat, dördüncü Azərbaycan, beşinci Çuxur-Səd, altıncı Qarabağ və Gəncə, yeddinci Astrabad, səkkizinci Kuhgiluyə (Fars), doqquzuncu Kirman, onuncu Mərvi Şahicahan, on birinci Qələmrov-I Əlişəkər ölkəsi (Həmədan), on ikinci Məşhəd-i müqəddəs-i müəlla, on üçüncü Darüssəltəney-i (paytaxt) Qəzvindir.

Müəllifin Qəzvinin həm paytaxt və həm də on üçüncü bəylərbəyilik olduğunu qeyd etməsi, bu inzibati bölgünün I Şah Abbasdan əvvəlki dövrə aid olduğunu göstərir. Ona görə ki, XVII yüzillikdə Təbriz, Qəzvin və Herat şəhəri də darüssəltənə ünvanına malik idi. Sultanın iqamətgahının yerləşdiyi şəhər, yəni İsfahan isə məğərərüssəltənə adlanırdı. Digər tərəfdən isə XVII yüzilliyin 80-ci illərində Qəzvin xassə olduğuna görə, birbaşa mərkəzə tabe olub, Sansonun yazdığı kimi, darğa tərəfindən idarə edilir, yəni buradakı darğa əslində hakim statusuna malik idi.

Engelbert Kempferin yazdığına görə, Səfəvi imperiyası I Şah Abbas tərəfindən Fars, Xorasan, Azərbaycan, Gilan və Mazandaran, İraqi-Əcəmdən ibarət beş əsas əyalətə bölünmüşdü. Fars əyaləti İran körfəzinə qədər uzanır. İyirmi mahala bölünür ki, onlardan ən böyüyü əyalətin mərkəzi Şiraz şəhəri idi. Xorasan Hindistana qədər geniş ərazini əhatə edir, qırx mahala bölünür, mərkəzi Məşhəd olub, eyni adlı mahaldan başqa üç digər mahal da ona tabedir. Səfəvi imperiyasının metropoliyası olan Azərbaycanın Şimal-Qərbdən Osmanlı sərhədinə qədər əhatə etdiyi və İrəvanın da onun tərkibinə daxil olduğunu qeyd edən E.Kempfer bu əyalətin əlli beş mahala bölündüyünü, mühüm ticarət şəhəri Təbrizin onun mərkəzi olduğunu, eyni adlı mahaldan başqa doqquz digər mahalın da ona tabe olduğunu qeyd edir. O, Gilan və Mazandaranın iyirmi bir mahala bölündüyünü, əyalətin mərkəzinin Astrabad olub, eyniadlı mahalla yanaşı, iki digər mahalın da Astrabada aid olduğunu, İraqi-Əcəm əyalətindəki İsfahan şəhərini imperiyanın mərkəzi olub, eyniadlı mahal və dörd digər mahalın da ona tabe olduğunu yazır.

Fars əyalətində Luristan, Xuzistan, Kürdüstan və Sistan; Xorasanda Məşhəd, Herat, Xorasan, Qəndəhar; Xəzər sahilində Astrabad; Azərbaycanda Təbriz, İrəvan, Dağıstan, Azərbaycan, Qarabağ, Gürcüstan və Şirvan; İraqi-Əcəmdə Kuhgiluyə və Həmədan bəylərbəyilik idi. Müəllifin yazdığına görə bəylərbəyilik arasında bir neçəsi nüfuzu və qədimliyi baxımından digərlərindən üstün olub, onların hakiminə vali deyə müraciət edilirdi. Gürcüstan, Xuzistan, Luristan, Dağıstan valiləri əsilzadə olub, Səfəvilərdən əvvəl adları çəkilən nahiyələrə başçılıq etmiş hakimlərin nəslindən idilər.

Sansona görə, bu ölkədə valilər tərəfindən idarə olunan on nahiyə vardı ki, onlar Gürcüstan, Luristan, Həvize (Ərəbistan), Bəxtiyari, Zeytun-Ərdalan (Kürdüstan), Mazandaran, Çərkəz, Herat, Qəndahar, Kirmandan ibarət idi. Sanson sonralar valilərin sayının Şah tərəfindən azaldıldığını və onların yerinə bəylərbəyi təyin edildiyini yazmışdır. Səyyaha görə əvvəl vali tərəfindən idarə olunan Kirmana, Luristana bəylərbəyi təyin olunmuşdu. Sanson qeyd edir ki, valilər tərəfindən idarə olunan nahiyələrdən başqa on iki bəylərbəyilik də vardı ki, onlar Təbriz, Kərəc (Çors), Ərdəbil, Lar, Məşhəd, Astrabad, Kirmanşah, Həmədan, Şüştər, Gəncə, Şamaxı, İrəvan vilayətlərindən ibarət olub, hakimləri bəylərbəyi statusuna malikdir. Ancaq Azərbaycan Səfəvi dövlətinin inzibati və ərazi bölgüsü haqqında istər E.Kempfer və Sansonun, istərsə də dövrün başqa avropalı müəlliflərinin məlumatları ilə müqayisədə Təzkirət əl-mülukun verdiyi məlumatlar daha mükəmməl olub, tarixi gerçəklikləri özündə əks etdirir. Mirzə Səmianın Təzkirət əl-müluk adlı əsərinin sonunda, ikinci məqalədə vilayət və onların tərkibindəki mahallar, ulkalar haqqında müfəssəl məlumat verilib.

Qaynaqda Astara, Marağa və Müqəddəm eli ulkası (Marağada), Əfşar eli ulkası (Urmiyada), Qaracadağ, Çors, Kavərd, Qapanat, Vərgəhan, Gərmrud, Adərba eli ulkası, Həştrud və Tabtaba, Mədək, Lahican, Dünbülü eli ulkası (Xoyda), Ucarud, Abdallı eli ulkası, Sərab, Şəqqaqi eli ulkası, Zunuz və Qarnıyarıq, Meşkin, Muğanın əkin yerləri (çaylar) ulkası, Peşək qalası, Salmas Lək sultanlığı, Qaraağac (Talışda), Şahsevən İnallı ulkası, Sultaniyyə və Zəncanın Azərbaycan vilayətinin tərkibinə daxil olduğu qeyd edilib. Azərbaycan şəhərlərindən Qəzvin 1555-ci ildən xassə əmlakı olub, Şah tərəfindən təyin olunan hakim statusuna malik darğa tərəfindən idarə edildiyi və şəhərin hakimi Azərbaycan bəylərbəyinə deyil, birbaşa Şaha tabe olduğu üçün qaynaqda bura darussəltəney-i Qəzvin adı ilə ayrıca inzibati vahid kimi göstərilib. Ancaq Qəzvin Azərbaycan şəhəri idi və bu barədə Pyetro della Valle də yazır Qəzvin böyük şəhər olub, Azərbaycan vilayətinin bir hissəsinin mərkəzidir. 1618-ci ildə ispaniyalı elçi Don Qarsiya de Silva İsfahan şəhərini tərk edib Qəzvin istiqamətində beş gün ərzində hər gün 2-3 fərsəh yol qət edərək Azərbaycan vilayətinin sərhəddindəki kiçik dağlara çatıb, yazır: Nə bir ağacı, nə də kolu olmayan bu dağlar Farsı Azərbaycandan ayırır.

Müəllifə görə, Kaşan şəhəri Azərbaycanla Fars vilayəti arasında sərhəddə yerləşir və Azərbaycan şəhəridir. Ən azı Kaşan Azərbaycan şəhəri deyil, Azərbaycanla Fars arasında sərhəd şəhəri olsa belə, onda onun Şimal-Qərbindəki Qəzvinin və bu bölgədəki digər şəhərlərin, kəndlərin Azərbaycana aid olması heç bir şübhəyə səbəb olmamalıdır. Azərbaycan bəylərbəyiliyi əsasən indiki Güney Azərbaycanın ərazisini əhatə etməklə Zəncan, Sultaniyyə, Muğan, Talış və Qapan mahalı da ona tabe idi. Mahmud Nətənzi Azərbaycan vilayətinin ərazisi haqqında yazır ki, Sultan Məhəmməd (1578-1587) dövründə Əmir xan Əbhər və Sultaniyyə sərhəddindən tutmuş Aran vilayətinin sərhəddinə qədər bütün Azərbaycanın hakimi idi. 1683-1685-ci illərdə İran və Azərbaycanda olmuş Engelbert Kempfer isə yazırdı: Azərbaycan Səfəvi imperiyasının şimal-qərbi, Şimali Midiya və ondan Şimal-Qərbdə yerləşən torpaqların bir qismini əhatə edir. Bu vilayət 55 inzibati vahidə bölünüb. Ən mühüm ticarət mərkəzi olan Təbriz onun mərkəzi şəhəridir. Doqquz digər inzibati vahid də ona tabedir.

Azərbaycan bəylərbəyliyi Səfəvi dövlətinin ən böyük vilayətlərindən biri olub, əsasən Güney Azərbaycan torpaqlarını əhatə edirdi. Şah İsmayıl 1501-ci ildə hakimiyyətə keçdikdən bir qədər sonra Azərbaycanın idarəçiliyi Xan Məhəmməd Ustaclıya tapşırılır. Çox keçmir ki, onu Əhməd xan Şamlı əvəz edir. H. 935 (1528-29)-cu ildə isə Ulamə Sultan Təkəli Azərbaycan və Təbriz hakimi təyin edilir. O, Şah İsmayıl dövrünün sabiq yasavullarından olub, sonralar bacarığı sayəsində əmir rütbəsinə layiq görülmüş və Cövhə sultan vəkil olduğu vaxtlarda Azərbaycanın əmir ül-ümərası vəzifəsinə yüksələ bilmişdi. Cövhə Sultan öldürüldükdən sonra isə onun yerinə vəkil olmaq istəyirdi. Lakin məqsədinə nail ola bilmədikdə Şaha qarşı çıxır. 1530-cu ildə Təbrizə gələn Ulamə bəy burada Şahın və ona yaxın adamların əmlakına yiyələnir. Ancaq Şah qoşunu ilə döyüşdə məğlub olan Ulamə Təkəli 1531-ci ildə Osmanlı dövlətinə qaçır və onun yerinə Musa bəy (sultan) ibn İsa bəy Mosullu Azərbaycana əmir əl-üməra təyin edilir və darüssəltənə Təbrizdə qüvvətli hökumət yaradılır.

Fəzli İsfahani yazır ki, Şah İsmayıl Azərbaycanın bütün ixtiyaratını ona tapşırmışdı. Müəllif Musa Sultanı bir yerdə Təbriz, digər yerdə isə Azərbaycan bəylərbəyi kimi qeyd edir. Azərbaycan bəylərbəyi təyin edilmiş hər bir əmirə sultan və ya xan titulu da verilir və o həm də Təbriz hakimi hesab olunurdu. Qeyd edək ki, bu qayda təkcə Azərbaycana aid deyildi. Qarabağ bəylərbəyi Gəncə, Şirvan bəylərbəyi Şamaxı, Çuxur-Səd bəylərbəyi isə İrəvan hakimi idi. Qaynaqların verdiyi məlumata görə h. 940-941 (1534-1535)-ci ildən h. 985 (1577)-ci ilə qədər Təbriz xassə əmlakı olmuş və bu zaman kəsiyində vilayət bəylərbəyi deyil, Şah tərəfindən hakim statusu ilə təyin olunan darğa tərəfindən idarə edilirdi.

H.985 (1577)-ci ildə Təbriz yenidən divan ərazisi tərkibinə daxil edilir və vilayətə elə həmin ildə I Şah Təhmasibin qızı Fatma Soltan bəyimin əri, Mosullu əsilzadələrindən Əmir xan Türkman bin Gülabi bəy bin Əmir bəy Mosullu bəylərbəyi vəzifəsinə təyin olunur. O, bu vəzifəyə təyin olunana qədər on iki il Həmədan, sonra isə Simnan hakimi olmuşdu. Əmir xan 1577-ci ildə Simnandan Qəzvinə gəldikdə, sarayda Azərbaycana bəylərbəyi təyin olunması ilə bağlı müzakirə gedirdi. Baş vəzir Mirzə Salman bu vəzifəyə Pirə Məhəmməd xanın namizədliyini irəli sürmüş, ancaq o, Azərbaycana bəylərbəyi vəzifəsinə getməkdən imtina etmişdi. Bu hadisədən sonra Mirzə Salmanın köməyi ilə Azərbaycana bəylərbəyi vəzifəsinə Əmir xan göndərilir. İsgəndər bəy Münşi yazır ki, Sultan Məhəmməd 1577-ci ildə məmaliki məhrusənin Qızılbaş tayfalarının böyük əmirləri arasında bölünməsini buyurur. Bu buyruğa əsasən Əmir xan Mosulluya darossəltəne-ye Təbriz verildi. Əmir xanın məsləhəti və razılığına görə oğlu Murad xana, qardaşları İsmayıl sultana, Şahqulu sultana və İbrahim sultan Piyada Türkmana Azərbaycanda ulkalar verilir və onlar əmirlik rütbəsi ilə təltif olunur. Beləliklə, Əmir xanın qardaşları, oğulları, qohumları da əmir rütbəsi alıb, vəzifə sahibi olurlar. Onun Türkman və digər oymaqlardan 12 min nəfərlik qoşunu var idi. Ancaq Əmir xan tutduğu vəzifədən istifadə edib, Təbriz əhalisini çox incitdiyinə, onlardan əlavə vergilər aldığına görə, əhali dəfələrlə ondan Şaha şikayət ərizəsi yazıb göndərmişdi. Nəhayət, 1585-ci ildə Həmzə Mirzənin göstərişi ilə Əmir xan Qəhqəhə həbsxanasına salındı və elə həmin il orada edam olundu. Əmir xanı əvəz edən Ədhəm xandan sonra Əliqulu sultan xan rütbəsi alıb, Azərbaycan bəylərbəyi və Təbriz hakimi oldu. Sultan Məhəmməd ona qardaş, yoldaş deyə müraciət edirdi. Sultan Məhəmməd 1585-ci ildə isə Məhəmməd xan Toxmaq Ustaclını Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin edərək ona tapşırır ki, Təbriz əhalisi ilə ədalətlə rəftar etsin.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru,

professor

 

Xalq Cəbhəsi.- 2016.- 18 noyabr.- S.14.