Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

 

2-ci yazı

 

Sultan Məhəmməd və oğlu Həmzə Mirzənin 1585-ci ilin yayında Bazar Çay yaylağında istirahət etməsindən istifadə edən Osman paşanın osmanlı ordusu Təbrizi mühasirəyə almış, şəhər əhalisi müqavimət göstərməyin mənasız olduğunu gördükdə, mallarını, canlarını qorumaq naminə tabe olmağı qərara almışdılar. Məhəmməd Yusif Qəzvini yazır ki, təbrizlilər şəhər qazısı Kamran bəy, şeyx ül-islam Mövlanə İnayətin oğlu Mövlanə Məhəmməd Əlini Osman paşanın yanına göndərib tabe olduqlarını və özlərini Ali Osmanın təbələri saydıqlarını bildirdilər. Osman paşa onların təkliflərini qəbul edib, şəhər əhalisinə aman verildiyini bildirsə də, şəhərdə Osmanlılar ciddi təpgi ilə qarşılaşmış, qətl, qarət də baş vermişdi. Osmanlı ordusu şəhəri tam ələ keçirdikdən sonra burada qısa müddətdə iç qala inşa edildi, şəhər və qala Cəfər paşaya tapşırıldı. Təbriz 1586-cı ildən 1603-cü ilə qədər onların hakimiyyəti altında olmuşdu. Osmanlı dövləti Təbrizin idarə olunmasını Cəfər paşaya tapşırmışdı. H. 999 (1590-91)-cu ildə isə o, işdən götürülür və yerinə Xızır Paşa təyin edilir. Bu dövrdə Azərbaycan Osmanlı dövləti qayda-qanunu əsasında idarə olunmuşdu.

Təbriz azad edildikdən sonra h. 1012 (1603)-ci ildə Türkman tayfasından olan Pirbudaq xan Pornak Azərbaycan bəylərbəyi və Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Azərbaycan bəylərbəyi təyin edilir. O, 1625-ci ilə qədər Azərbaycan bəylərbəyi olub (Arada az müddətə Qarçırqay xan Azərbaycan bəylərbəyi seçilir). Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib Azərbaycan bəylərbəyi təyin edir. İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır ki, üç yaşlı uşağın bəylərbəyi təyin edilməsi Şah Abbasın güclü dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçılarının Azərbaycan bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaşdığını göstərir.

Biz işin zahiri formasını nəzərdə tutsaq, İ.P.Petruşevski bu barədə haqlıdır. İlk baxışda burada bir nəsil üçün irsiliyi nəzərə çarpsa da, məsələnin mahiyyətinə vardıqda məlum olur ki, bu qayda bir nəsil üçün yox, bir türk tayfa aristokratiyası üçün ənənəvi olub. Hətta I Şah Abbasın mərkəziləşdirmə siyasəti sahəsində əldə etdiyi uğurlara baxmayaraq Türkman tayfasından olan Şahbəndə xanın üç yaşlı oğlunu Azərbaycan bəylərbəyi təyin etməsi bunu deməyə əsas verir. Vilayətlərdə sakin olan Qızılbaş tayfalarının bir və ya bir neçə obası istisna olmaqla, onun elliklə (Türkman, Əfşar, Qacar, Ustaclı və sairə) yerini dəyişdirmək, yəni başqa əyalətə köçürmək mümkün deyil. Vilayət hakimi öldükdə və ya öldürüldükdə, yaxud tutduğu vəzifədən azad ediləndə onun yerinə oğlunu, qohumunu və onlar olmadıqda isə mənsub olduqları tayfanın etibarlı şəxsiyyətlərindən biri tayfa əmiri seçilir və o həmin vilayətə hakim təyin olunurdu. Şah vilayətlərdə türk tayfalarının irsi idarəçiliklərini qoruyub saxlamaq cəhdləri ilə hesablaşmağa məcbur idi. Bəzən də elə olurdu ki, bir tayfa başçısı öldükdə, onun əvəzinə başqa tayfa əmirlərindən birini həmin tayfaya əmir təyin edirdilər. Ancaq bu elə də müsbət nəticə vermirdi. Tayfa üzvləri digər tayfa içərisindən onlara əmir təyin edilmiş şəxsə ögey münasibət bəsləyirdilər. Məsələn, Şah Səfi (1629-1642) hakimiyyətə keçdikdən

sonra II Pirbudaq xanı yaşının az olmasını bəhanə edib, H.1044 (1634-35)-cü ildə Azərbaycan bəylərbəyliyi və Təbriz hakimi vəzifəsindən azad etmiş və dörd ildən sonra isə Dəştistana hakim göndərmişdi. H.1044 (1634-1635) -cü ildə onun yerinə qulam əsilzadələrindən Rüstəm xan Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin olunmuşdu. H.1045-ci ildə Osmanlı ordusu Təbrizə hücum edərkən Rüstəm xan Təbriz əhalisini müvəqqəti olaraq başqa yerə köçürtdü. Lakin Rüstəm xanın Azərbaycanda arxası, dayağı olmadığı üçün bəylərbəyi vəzifəsində çox qala bilmədi. 1643-cü ildə II Şah Abbas Şahbəndə xanın oğlu Pirbudaq xanı yenidən Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin edir. Məhəmməd Yusif Qəzvini yazır ki, Pirbudaq xan Pornak Türkmanın ata-babaları da həmişə bu yüksək vəzifədə olmuşdular.

H.1060-cı il rəbiüləvvəl ayında isə (mart 1650) Pirbudaq xan Azərbaycan bəylərbəyi və Təbriz hakimi vəzifəsindən götürülüb yerinə sipahsalar Rüstəm xanın qardaşı - Kəlat qalasında həbsdə olan Əliqulu xan Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin olunur. Lakin soyca Qızılbaş olmayan Əliqulu xan vəzifəsindən sui-istifadə edərək yerli əhalini incitdiyinə, onlara qarşı haqsızlığa yol verdiyinə görə Azərbaycan, xüsusilə də Təbriz əhalisi ondan və onun mülazimlərindən Şaha şikayət edirlər. Bu hadisəni Məhəmməd Yusif Qəzvini belə təsvir edir:

«Azərbaycan və Xorasan rəiyyəti və acizləri (yoxsulları - Z.B.) zalımların zülmünə məruz qalmışdılar. Onlar ədalət astanasına gedib öz vəziyyətləri və sipəhsalar Əliqulu xan, onun əlaltılarının zülmündən Şaha şikayət etdilər. Şah fikirləşir ki, ola bilər ki, onların şikayətləri yersiz olsun. Odur ki, məsələni dərindən yoxlatdırmaq qərarına gəlir. Təbriz və Xorasan əyanları adından hökm verir.

Həmin bölgələrdə vəziyyəti yoxlamaq üçün Əlixan bəy Təbrizə, İbrahim bəy isə Xorasana göndərilir. Onlar vəziyyəti yoxlayıb rəiyyətin şikayətlərinin düzgünlüyü aydınlaşdırıldıqdan sonra Əliqulu xan, onun naibi və qardaşı oğlu Bicəndə işdən götürülüb, Ələmut qalasına həbsə atılırlar. Şah əmr edir ki, aciz və yoxsullardan

zor ilə aldıqları varidat dəqiq araşdırıldıqdan sonra öz sahiblərinə qaytarılsın». Əliqulu xanın 1655-ci ildə Həmədan ətrafındakı tiyulları müsadirə edilib xassə əmlakın tərkibinə daxil edilir, Azərbaycana bəylərbəyi isə qızılbaşlardan həm qorçubaşı, həm də Şah Səfi məzarının mütəvəllisi olan Murtuzaqulu xan Qacar göndərilir. Ancaq sipəhsalar vəzifəsi ona deyil, qullarağası və əmir şikarbaşı Kuhgiluyə hakimi Allahverdi xana verilir. 1068 (m. 1657)-ci ildə qorçubaşı Murtuzaqulu xan Qacarın Azərbaycanda yenə bəylərbəyi olduğunu görürük.

Azərbaycan əyalətinin Urmiya mahalında məskun olan Əfşar tayfası h. 1063-1064 (m. 1653-1654)-cü ildə burada hakim olan Gəncəli xan Əfşardan şikayət etdiyi üçün Şah onu tutduğu vəzifədən azad edib, yerinə əmisi Məhəmməd xan Əfşarı göndərir. 1065 (m.1655)-ci ildə Məhəmmədəli xan Əfşar vəzifəsindən istifadə edərək bir çox adamın əmlakını ələ keçirdiyinə görə onun cinayətlərinə ədalət divanında baxılmış və tutduğu vəzifədən azad edilib cəzalandırılmışdı.

H. 1054 (m.1643-1644)-cü ildə Türküstan hakimi Nəzər Məhəmməd xanın Səfəvi sarayına göndərdiyi elçi Tahir Məhəmməd geri qayıtdıqda II Şah Abbas onunla birlikdə Oğuz boylarından olub, XVII yüzildə Hələb Türkmən elinin Bəydili obasından Sarı sultanın oğlu Səfiqulu sultan adlı elçisini Türküstana göndərmişdi. Bu zaman Azərbaycanın Sultaniyyə və Zəncan mahallarında Səfiqulu sultanın atası Sarı Sultan Bəydilinin hakim olduğunu görürük. Sarı sultandan sonra mahalın hakimi oğlu Səfiqulu sultan olmuşdu.

II Şah Abbas h.1058 (m.1648)-ci ildə Qəndəhar və Zəmindavəri tutub geri döndükdə hind qoşunu Ourəngzeyb Mirzənin başçılığı altında qeyd olunan vilayətə hücum edir. Şahın bu zaman Qəndəharı qorumaq üçün ora göndərdiyi əmirlər arasında Ərdəbil hakimi Əli xanın da adı çəkilir. Onun Ərdəbildə həm hakim, həm də mütəvəlli olduğu qeyd edilib. H.1065 (m.1655)-ci ildə Ərdəbil hakimi və mütəvəllisi Nəzərəli xandan yerli əhali şikayət etdiyinə görə o vəzifədən azad edilib həbs olunur və əmlakı da müsadirə edilir. 1656-cı ildə Ərdəbilə hakim Mir Camal Sultanın oğlu Məhəmmədhüseyn bəy təyin edilir. Qeyd olunduğu kimi, Azərbaycan vilayətinin bəylərbəyi sipəhsalar hərbi rütbəsi ilə dövlətin silahlı qüvvəsinin baş komandanı da olurdu. Məsələn, Rüstəm xan, II Pirbudaq xan, Əliqulu xan Azərbaycanda bəylərbəyi olduqda, yeni müharibələr baş verib ki, bu zaman sipəhsalar hərbi vəzifəsi də onlara verilib. Şarden yazır ki, Səfəvilər dövlətində Azərbaycan əyalətinin hakimi ən yüksək vəzifə sahibi sayılırdı. O, eyni zamanda ölkənin bütün qoşunun baş komandiri hesab olunurdu. Lakin nədənsə bu ənənə II Şah Abbasın hakimiyyətinin sonlarında müvəqqəti olaraq pozuldu. Məsələn, 1655-ci ildə Murtuzaqulu xan Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin edildikdə, sipəhsalarlıq vəzifəsi Allahverdi xana tapşırılmışdı.

Dövrün mənbələrini diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan bəylərbəyi və Təbriz hakimi adətən Qızılbaş əyanlarından olurdu. O da maraqlıdır ki, XVII əsrdə Qızılbaşlar sırasına keçmiş və müsəlmanlığı qəbul edən bir neçə nəfər yeni hərbi əsilzadənin də Azərbaycanda hakimiyyətdə olması Türkman tayfası və onun əmirlərinin Azərbaycanda mövqeyini zəiflədə bilməmişdi. Çuxur-Səd bəylərbəyi və ona tabe olan mahal və ulkalardan «Təzkirət əl-müluk»da Naxçıvan tüməni, Maku, Zəruzbil, Sədərək, Bəyazid qalası, Şadili eli ulkası, Dünbülü eli ulkası, Mağazberdin adları göstərilib.

Çuxur-Səd coğrafi istilahı türk Sədlı oymağının adı ilə bağlıdır. Sədli oymağı isə daşıdığı bu adı Qaraqoyunlu boy bəyindən alıb. XV yüzillikdən Naxçıvan və Sürməli bu oymağın yurdu olub, Arpa çayının Arazla birləşdiyi yerdən başlayaraq iki çay arasındakı çuxur isə Sədli oymağının qışlağı idi. Ona görə buraya Sədli çuxuru deyilib və sonralar bu Çuxur-Səd istilahı şəklində işlənib. XVI-XVIII yüzilliklərdə Azərbaycanın mərkəzi İrəvan olan Şimal-Qərb vilayəti dövrün qaynaqlarında Çuxur-Səd adı ilə yazıya alınıb. V.Minorski İsgəndər bəy Münşinin «Tarix-i alamara-yi Abbasi» adlı əsərinə istinad edərək yazır ki, Qars Çuxur-Sədlə Ərzurum arasında yerləşir və bu vilayət digər tərəfdən Axıska ilə həmsərhəddir.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru, professor

 

 

Xalq Cəbhəsi.- 2016.- 19 noyabr.- S.14.