Beş gün Noğay
elində
Türk xalqlarından hər birinin böyük
dünyadakı xalqlar arasında öz ətri, rəngi, təravəti
ilə seçilib bütöv çələng yaradan əvəsiz
inci olduğu çoxdan məlumdur. Biz bu çələngin
özünəməxsus rənglərini 2016-cı ilin 10-14
oktyabrında Rusiya Federasiyasının Qaraçay-Çərkəz
Respublikasında “Noğaylar – XXI əsrdə. Tarix, Dil, Mədəniyyət: Keçmişdən Gələcəyə”
mövzusunda bu respublikanın paytaxtında II Beynəlxalq
konfransın işində iştirak etdikdə daha dərindən
duyub hiss etdik. Konfransda dünyanın
müxtəlif ölkələrindən 120-dən artıq
alimlər – tarixçilər, etnoqraflar, etnoloqlar, kulturoloqlar,
eposşünaslar, folklorşünaslar, ədəbiyyatşünaslar,
dilşünaslar, incəsənət xadimləri, jıraular, akınlar,
musiqi mədəniyyəti nümayəndələri
iştirak edirdilər.
Noğay xalqının çeşidli problemlərinə
belə möhtəşəm maraq olacağını
düşünmürdük. Eyni zamanda burada
iştirak edən alimlərin nəzər nöqtələri,
bu xalqın çeşidli problemlərinə fərqli
mövqedən yanaşıb dünyanın müxtəlif
regionlarına səpələnmiş etnosun həyatına həssaslıqla
yanaşmaq istəyi bizi hədsiz sevindirdi. Konfransdakı məruzələrdən məlum oldu
ki, noğayların dünyada yayılma coğrafiyası kifayət
qədər genişdir. Onlar Çindən, Monqolustandan,
Sibirdən, Qazaxıstandan, Volqaboyundan, Astraxandan,
Başqurdıstandan, Tatarıstandan, Rusiyadan, Ukraynadan,
Belarusdan, Pribaltikadan, Qaqauziyadan, Krımdan, Dağıstandan,
Orta Asiyadan, Rumıniyadan, Macarıstandan,Türkiyədən
tutmuş dünyanın müxtəlif ərazilərində
yaşamaqdadırlar.
Konfransın
təşkilatçıları Rusiya Federasiyasında
yaşayan noğayların Milli-Mədəni “Noğay-El” Muxtar
Qurumu, U.D.Əliyev adına Qaraçay-Çərkəz
Dövlət Universiteti və Qaraçay-Çərkəz
Respublikası hökümətinin nəzdində fəaliyyət
göstərən Qaraçay-Çərkəz Humanitar Tədqiqatlar
İnstitutu və xalqın övladlarından olan
könüllülər idilər. Konfransın
açılışı Çerkessk şəhərinin Mədəniyyət
Evində baş tutdu. Təntənəli
açılış QÇR-sı Höküməti sədrinin
müavini Cambek Suyunovun qonaqlara müraciəti ilə
başladı. Bundan sonra RF Federal Milli-Mədəni
Muxtariyyatının sədri, Dağıstan Respublikası
Noğay rayonunun başçısı Kazmaqomed Jambulatov,
U.D.Əliyev adına Qaraçay-Çərkəz Dövlət
Universitetinin rektoru Taysoltan Uzdenov konfrans
iştirakçılarını salamladılar. Konfransda iştirak
edən nümayəndələrdən bir neçəsi ¬-
Mustafa Altıntaş (Türkiyə), Xuanq Çyosyanq
(Çin), V.Trepavlov (Moskva), Y.Seleznyov (Voronej), Q.Mişkinene
(Vilnüs), M.Xayruddinov (Simferepol), V.Qribovski (Kiyev), R.Valeyev
(Kazan), F.Xisamitdinova (Ufa), B.Nurdövlətova (Aktau), K.Güləliyeva
(Bişkek) iştirakçılar və qonaqlar
qarşısında çıxışlar etdilər.
Azərbaycandan
konfransın işində çıxış edən
Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Türk
Xalqları Ədəbiyyatı şöbəsinin baş elmi
işçisi Nizami Tağısoy da təntənəli
açılışda çıxış etməklə
iştirakçılara Azərbaycan elm ictimaiyyətinin və
universitet işçilərinin salamını yetirməklə,
ölkəmizdə türk xalqlarının mədəniyyətinin,
folklorunun, tarixinin, ədəbiyyatının, dilinin öyrənilməsinə
böyük maraqdan danışdı, konfransın işinə
uğurlar arzuladı.
Konfransın
təntənəli açılışı günü 12
oktyabrda “Noğayların xalq sözü xəzinəsi”
seriyası ilə Moskvadakı “Nauka” nəşriyyatında
“Noğay epik poeması “Ediqe”nin (2016) ilk dəfə noğay
dilində nəşrinin təqdimatı keçirildi. Bununla belə onu da qeyd edək ki, adı çəkilən
eposun tatar variantı “İdegey” Tatarıstanda dəfələrlə
öyrənilib və nəşr olunub. Bu baxımdan
“İdeqey”in 1990-cı ildə “Tatkniqizdat” nəşriyyatında
əksər türk ədəbiyyatları, o cümlədən
Azərbaycan klassik və XX əsr ədəbiyyatının
tanınmış təbliğatçı Semyon Lipkinin rus tərcüməsində
işıq üzü gördüyünü də qeyd etmək
ədalətli olardı. Bu, bir daha sübut edir
ki, türk xalqlarının əksəriyyətinin folklor, o,
cümlədən epos yaradıcılığı kifayət
qədər oxşar nöqtələrə malikdir. “Edige” dastanı da belədir. “Edige”
noğayların möhtəşəm şifahi abidəsi
olduğu kimi, bu əsər qırğız, qazax, qaraqalpaq,
tatar, başqurd və digərlərinin də yenilməz
örnəyi kimi tanınmasına ehtiyac var.
13 oktyabrda Şimali-Qafqaz Dövlət Humanitar-Texnoloji
Akademiyasının akt zalında Konfrans Plenar iclasda işini
davam etdirdi. Konfransın moderatoru və kuratoru filologiya elmləri
doktoru Nəsibxan Suyunova noğaylarla bağlı təşkil
olunmuş bu böyük elmi müzakirələrin əhəmiyyətindən
danışdı. Plenar iclasdan sonra konfrans
işini bölmələr üzrə davam etdirdi. Məruzələr noğayların həyat və fəaliyyətinin
kifayət qədər geniş spektrini əhatə edirdi.
Burada müxtəlif bölmələrdə
“Folklorşünaslıq” (24), “Ədəbiyyatşünaslıq”
(12), “Tarix” (19), “Etnologiya” (17), “Dilçilik” (21), “Sənətşünaslıq”
(10), “Noğay dili və ədəbiyyat təliminin nəzəriyyəsi
və metodikası” (11) cəmi 115-ə yaxın məruzə
dinlənildi və “Müasir dövrdə noğayların
etnomədəni baxımdan yenilənməsi” mövzusunda dəyirmi
masa arxasında müzakirələr aparıldı. Konfrasdakı məruzələrin əksəriyyəti
maraqlı mövzulara həsr olunmuşdu. Bununla belə
Vilnüs Universitetindən prof. Q.Mişkinene, Maxaçqaladan
prof. D.Kidirniyazov, Qazandan prof. A.Burxanov, prof. R.Valeyev, Moskvadan
prof. V.Trepavlov, Kiyevdən V.Qribovski və Çerkesskdən
B.Korqanbekovun məruzələri daha çox
orijinallığı və material yeniliyi ilə diqqəti cəlb
edirdi. Bizim məruzəmiz (“Kozı-Korpeş və
Bayan Slu” liro-epik poemasının noğay və qazax
variantları”) noğay dastanlarının qədimliyinəvə
müştərəkliyinə həsr olunmuşdu. Burada
biz dastanların noğaylı silsiləsinə daxil olub
türk xalqlarının analoji mövzuda başqurd, tatar,
barabin, qaraqalpaqlarda yer aldığını və onların
digərlərinin şifahi sənət nümunələrinə
yetərincə təsir etdiyini, noğay və qazax
variantlarındakı oxşar və fərqli məqamlara diqqət
yetirməklə Azərbaycan
folklorşünaslığında və ədəbiyyatşünaslığında
noğayların şifahi-bədii
yaradıcılığına diqqətin gücləndiyini nəzərə
çarpdırdıq.
Konfransın
işinin yadda qalan ən mühüm məqamlarından biri
“Noğaylar” və “Noğay ensiklopediyası” elmi nəşrlərinin
hazırlanması ilə qərarın müzakirəsi və
qəbulu oldu. Qeyd olunanlarla yanaşı, bu sətirlərin
müəllifi - Nizami Tağısoy “Noğaylar...” İkinci Beynəlxalq Konfransına başqa bir
sovqatla da getmişdi. Belə ki, müəllifin konfrans
işi başlamazdan əvvəl Bakıdakı “Elm və təhsil”
nəşriyyatında Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Nizami adına
Ədəbiyyat İnstitutunun direktoru akad. İsa
Həbibbəylinin elmi redaktəsi və ön sözü ilə
yenicə çapdan çıxmış, uzun illərin bəhrəsi
olan “Qaraçay ədəbiyyatı” kitabı da konfrans
iştirakçılarında böyük maraq doğurdu.
13 oktyabrda Qaraçay-Çərkəz Dövlət
Universitetinin rektoru prof. Taysoltan Uzdenovun təklifi ilə
adı çəkilən bu ali məktəbdə
Nizami Tağısoyun “Qaraçay ədəbiyyatı”
kitabının geniş təqdimat mərasimi keçirilib,
universitetin rektoru, prorektorlar, fakültə dekanları, kafedra
müdirləri, professor-müəllim heyəti və tələbələr
“Qaraçay ədəbiyyatı”nın Azərbaycanda nəşr
olunmasının gözlənilməyən ədəbi-elmi
hadisə olduğunu vurğulamaqla, kitabın KÇR-dan kənarda
nəşrini maraqlı fakt kimi təqdir etdilər.
Kitab müəllifinə çoxsaylı sualları
verildi, müzakirələr aparıldı. Universitet rəhbərliyi
Qaraçay-Azərbaycan ədəbi-mədəni əlaqələrinin
öyrənilməsi, qarşılıqlı elmi mübadilə
məsələlərinə bundan sonra xüsusi diqqət
yetiriləcəyini vəd etdi. Konfransın mədəni
proqramı çərçivəsində
iştirakçılar “Arxız” Dağ Sanatoriya kompleksini
ziyarət etdikdən sonra 14 oktyabrda Qaraçay-Çərkəz
Respublikasında doqquz il bundan əvvəl yaradılmış
Noğay rayonunun qonağı olmuş, rayonun sakinləri və
rəhbərliyi ilə görüşmüşdü. Bütün bunlar noğayların bu regionda
qazandıqları uğurlar konfrans
iştirakçılarının, qonaqların
yaddaşında kifayət qədər maraqlı iz qoydu.
Bizim konfransdan əldə etdiyimiz başlıca nəticə
ilk növbədə ondan ibarət oldu ki, doğrudan da
dünyada “kiçik xalq”, “kiçik mədəniyyət”
anlayışı nisbidir. Çünki
noğaylarla bağlı keçirilmiş bu forum bir zamanlar
yer üzünün böyük bir hissəsini öz təsiri
altında saxlamış noğayların doğrudan da zəngin
etnik mədəniyyət, tarix, folklor, psixologiya, həyat fəlsəfəsi,
ədəbi örnək daşıyıcıları
olduğunu yenidən sübut etdi. Eyni
zamanda bu forum həm də dünyada yaşayan müxtəlif
türk xalqlarının konsolidasiyasının möhkəmləndirilməsinin
nə qədər zəruri olduğunu təsdiqlədi.
Yeri gəlmişkən
qeyd edək ki, forumun beş günlük zəngin proqramı
çərçivəsində biz həm də vaxt tapıb
Qaraçay-Çərkəz Respublikasında
noğayların kompakt yaşadıqları Noğay
rayonundakı bir sıra aullara, qəsəbələrə
baş çəkdik, noğayların kənd həyat tərzi
ilə tanış olduq. Aul məktəbləri, uşaq
bağçaları, mədəniyyət evləri, özfəaliyyət
kollektivləri, noğay xalqının qədim adət-ənənələrini
(oyma, tikmə, yun darama, kir-kirə daşında taxıl
üyütmə, rəqs və musiqi örnəkləri ilə
tanışlığı biz Pekin Akademiyasından gəlmiş
çinli professor Xuanq Çjosyanqla birlikdə həyata
keçirirdik) qoruyub günümüzə
çatdıranlarla həmsöhbət olduq.
İkon Xalq aul Mədəniyyət evində Noğay
Rayon Mədəniyyət İdarəsinin rəisi Zöhrə
Asanbiyevna Bulqaravanın rəhbərliyi ilə keçrilən
bədii özfəaliyyət kollektivinin konsert proqramlarına,
ifalarına baxdıq. Onun xalq yaradıcılığı incilərini
necə göz-bəbəyi kimi qorumağa
çalışdığının şahidi olduq. Noğay dili və ədəbiyyatı müəllimi
işləmiş Hasan Cemaqulovun və məktəb şagirdlərinin
noğay milli geyimində xalq rəqslərini necə ifa etdiklərini
seyr etdik. Noğay aullarındakı insanlarla
tanışlıq zamanı xalq incilərini, noğay
folklorunu, atalar sözü, zərbi məsəllərini,
qanadlı ifadələri, lirik poeziya nümunələrini,
dastanları, noğay nəğmələrini göz-bəbəyi
kimi qoruyub saxlayan Gəldixan Türkmənovanın fəaliyyəti
bizi yaxşı mənada təəccübləndirdi.
Noğay
rayonunu İkon Xalq aulunda kənd sakinlərindən 86
yaşlı Yusif Hacı Xangereyeviç Cemaqulovla
görüşdən aldığımız təəssürat
yəqin uzun müddət yaddaşımdan silinməyəcək.
Qaraçay-Çərkəz Respublikasında nəşr
olunan “Noğay davısı” (“Noğayların səsi”) qəzetinin
redaktoru Xayırbəy və noğay uşaq şairi
Asanın köməyi ilə
görüşdüyümüz bu noğay
ağsaqqalının yaddaşında çoxlu xalq
dastanları yaşamaqda, o, onları bugün də
böyük şövq və sevgi ilə ifa etməkdədir.
Yusuf baba bizə söylədi ki, noğay
batırlarının süçaətini əks etdirən
“Edige”, “Şora-batır”, “Er-Sayın”, “Koblanlı- batır” və
s. kimi dastanları o, vaxtı ilə öz atasından əxz
etməklə özü bu dastanları bacarıqla ifa etdiyini
və bu işin öhdəsindən necə yüksək
professionallıqla gəldiyini bizim üçün
“Şora-batır” dastanını ifa edərkən
nümayiş etdirdi.
Noğay rayonunda biz Toxtamış (noğayca Toxtamıs)
aulunda olduq. Vaxtı ilə (1380-ci ildə) Cuci xanın nəslindən
olan Qızıl Orda xanı Toxtamışın
qışladığı kəndi görmək bizə qismət
oldu. Özünəməxsus
landşaftı, səyahətçini, seyrçini
özünə cəlb edən bir məskəndə olmaq,
Toxtamışın ayaq basdığı yerlərə
güzar etmək bizimçün olduqca maraqlı və ekzotik
idi. Konfransın işində bütün
təşkilatçılar əzmlə
çalışırdılar. Bununla belə,
Qaraçay-Çərkəz Humanitar Tədqiqatlar
İnstitutunun aparıcı elmi işçisi, dəfələrlə
ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq
simpoziumların iştirakçısı olmuş Şahidət
Suyunova bizim bütün qayğılarımıza həssaslıqla
yanaşır, noğaylarla bağlı çeşidli
informasiya almağımızda bizə yardımçı
olurdu. Bu forum zamanı noğayların öz mədəni
tarixi-ənənələrinə vurğunluqla yanaşma
faktı da bizi olduqca heyrətləndirdi. Elə
buna görə də bütün bunlar noğayları
müxtəlif rakurslardan öyrənmək üçün
bizim elmi-nəzəri planlarımıza yeni impuls verəcəyi
də bizdə şübhə doğurmur.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2016.- 24 noyabr.-
S.15.