Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

 

7-ci yazı

 

Yerli sülalə üzvləri arasında hakimiyyət uğrunda gedən mübarizənin kəskinləşməsi Şirvanşahları zəiflətməklə Səfəvi dövlətindən asılılığını daha da gücləndirirdi. Əslində Fərrux Yasarın ölümündən (1500) sonra Şirvan öz müstəqilliyini itirərək Səfəvi dövlətinə tabe olmuşdu. Azərbaycanın şimal sərhədlərinin təhlükəsizliyi və eyni zamanda Şirvan vasitəsilə Avropa dövlətləri ilə iqtisadi-siyasi əlaqələrin saxlanmasının əhəmiyyəti nəzərə alınaraq tənzimlənsə də, bir müddət yerli sülalənin daxili müstəqilliyi bir növ saxlanılsa da, əslində Şirvanın hakimləri üzərinə ciddi nəzarət qoyulmuşdu. Belə ki, I İsmayıl tərbiyəçisi və yaxın tərəfdarı Hüseyn bəy lələ Şamlını bura canişin təyin etmişdi. Hüseyn bəy lələ isə Şirvanı tərk edən zaman yerinə xidmətçisi Şahgəldi ağanı qoyurdu. Şeyxşah Şirvanda hakimiyyəti ələ keçirdikdən sonra İsmayıla hədiyyələr göndərərək vergi ödəyəcəyini və sədaqətli olacağını bildirmişdi. Lakin Şeyxşah İbrahim sonrakı illərdə, xüsusilə Şah İsmayılın Xorasan səfərinə hazırlaşdığı vaxt xərac verməkdən imtina etdi. Elə buna görə də, 1509-cu ilin sonunda I Şah İsmayılın qoşunu Şirvana daxil oldu və Şeyxşah müqavimət göstərə bilməyib, Biğurd qalasında gizlənməyə məcbur oldu. Şah İsmayıl ikinci dəfə Şirvanı ələ keçirir və yenə də Hüseyn bəy lələni bura canişin təyin edir. Şah Şirvanın qalalarından yalnız Dərbənddə müqavimətlə qarşılaşmış, ancaq qala qısa vaxtda tutulmuş, qalanın kutvalları Yar Əhməd Ağa və Məhəmməd bəy də əsir götürülmüşdü. Dərbəndə Mənsur bəy Əfşar hakim təyin edilmiş, digər ulkalar isə Hüseyn bəy lələ Şamlıya verilmişdi. Çox maraqlıdır ki, h. 923-də (1517) bütün günahlarına baxmayaraq Fərrux Yasarın oğlu Şeyxşah yenidən hakimiyyətdə saxlanılır. Şah İsmayılın göstərişi ilə həmin ildə Mir Cəmaləddin Məhəmməd (sədr) və Mirzə Şah Hüseyn Şirvana gəlib bundan sonra sədaqətli qalacağı barədə Şeyxşaha and içdirirlər.

Şeyxşah böyük oğlu Sultan Xəlili girov olaraq Təbrizə göndərir. Şah İsmayıl qızlarından Pərixan xanımı ona ərə verir. Şeyxşah özü isə 1521-ci ildə Marağaya gəlib Şahla görüşür və ona sədaqətlə xidmət edəcəyinə bir daha and içir. Göründüyü kimi, I Şah İsmayıl nə birinci, nə də ikinci yürüş zamanı Şirvanşahların öz mülklərində irsi idarəetmə hüquqlarını ləğv etməmişdi. Lakin o, Şirvanşahların fəaliyyətini nəzarət altında saxlayırdı. İkinci səfərdən sonra Səfəvilərin Şirvan şahlığı üzərində nəzarəti möhkəmləndirməsindən bəhs edən Abbasqulu ağa Bakıxanov yazır: «Şah İsmayıl hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İranda yaşayan Bayat türklərindən bir hissəsini siyahı üzrə köçürüb Qərvənd və Şabranda yerləşdirdi». 1524-cü ildə Şeyxşah II İbrahim vəfat edir. Sultan Xəlil (II Xəlilullah) Şirvan hökmdarı olur. Sultan Xəlil 1535-ci ildə vəfat etdikdən sonra isə onun qardaşı oğlu Şahrux Şirvana hakim təyin edilir. Bu barədə Şah Təhmasibin verdiyi yazılı fərman və xələt Şahqulu sultan Ustaclının oğlu Çuxur-Səd hakimi Məhəmməd bəy vasitəsilə Şirvana göndərilir. Şahruxun kiçik yaşlı olmasından istifadə edən Şirvan əmirlərinin

mərkəzdənqaçma meyilləri daha da güclənir və Səfəvilər dövlətinə tabe olan Şirvan Şahlığı gündən-günə zəifləyir, nəzarəti altında olan bölgədə ixtişaşlar getdikcə artırdı. Həsən bəy Rumlunun məlumatına görə 1537-ci ildə Salyanda peyda olan qələndər özünü Sultan Məhəmməd ibn Şeyxşah adlandırmış və Şamaxını tutmuşdu. Qələndərdən ehtiyat edən Şahruh Biğurd qalasına sığınmış, qiyamçılar Şamaxını tərk etdikdən sonra qaladan çıxıb onları təqib edərək məğlub edə bilmişdi. Şahruhun adi bir qələndər qarşısında aciz qalıb qalaya sığınması, artıq Şirvanşahlar sülaləsinin hələ də özlərində saxladıqları şahlığın formal ünvan mahiyyəti kəsb etməklə mərkəzi hakimiyyət tərəfindən onlara verilmiş yeni statusu da yerinə yetirə bilmədiklərindən xəbər verirdi. Elə buna görə də Şah Təhmasib öz qardaşı Əlqas Mirzəni, Məntəşa sultan Ustaclı, qorçubaşı Sevindik bəy və Qacar əmirlərini Qarabağ qoşunlarından ibarət 20 min nəfərlik qüvvə ilə 1538-ci ildə Şirvana göndərir. Qızılbaşlar Şamaxı, Surxab, Qəbələ, Gülüstan qalasını ələ keçirirlər. Beləliklə, Şahrux və Şirvan əyanları yenidən Qızılbaşlara təslim olurlar. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi yazır: «Bütün Şirvana yenilməz dövlətin rəhbəri (Şah Təhmasib) yiyələndi».

Qalalar və xəzinənin açarları Əlqas Mirzəyə tapşırılır. Şirvan əyanlarından bir çoxu, o cümlədən də Şahruxun vəkili Hüseyn bəy edam edilir. Şahlıq ləğv olunur. Əlqas Mirzə Şirvan bəylərbəyi və Şamaxı hakimi təyin edilir. Onun lələsi əvvəl Bədr xan Ustaclı (1538-1554) və ondan sonra Qazı xan Təkəli olmuşdu.

1538-ci ildə Şirvanşahların hakimiyyətinə son qoyularaq oranın vilayət elan edilməsi Azərbaycanın sonrakı iqtisadi-ictimai, siyasi və mədəni inkişafında böyük rol oynayır.

Əlqas Mirzə 1546-cı ildə Şaha qarşı çıxdı. Ancaq güclü Azərbaycan Səfəvi dövləti qarşısında tab gətirə bilmədiyini duyub iltimas üçün anası Xanbikə xanımı və böyük oğlu Sultan Əhmədi Şah Təhmasibin yanına göndərib, ildə 1000 tümən nəğd pul və 1000 nəfər süvari qoşun verəcəyini də vəd edir. 1546-cı ildə eşikağası Seyid Mənsur ibn Seyid Məhəmməd Kəmunə, divan əmiri Bədr xan Ustaclı, möhürdar Şahqulu xəlifə Zülqədər, qorçubaşı Sevindik bəy Əfşar, Şeyx Səfi astanasının mütəvəllisi Məsum bəy Səfəvi, qoşun qazısı Əmir Feyzulla Bağdadi də Xanbikə xanımla Şirvana göndərildilər. Onlar Cavadda Əlqas Mirzəyə itaətkar olacağına, dövlətə sədaqətlə xidmət edəcəyinə and içdirdilər. Sonralar vədinə yenidən xilaf çıxdığı üçün Qızılbaş ordusu Şirvana girəndə Əlqas Mirzə Osmanlı dövlətinə qaçır.

Şah Təhmasib 1547-ci ildə 10 yaşlı oğlu Əbumənsur İsmayıl Mirzəni Şirvana bəylərbəyi göndərir. Kiçik yaşlı olduğuna görə Gögcə Sultan Qacar Şahzadəyə lələ və naib təyin olunur. Onların tabeliyində Şirvana Qızızbaş-Türk əmirləri də göndərilir və orada onlara ulkalar verilir. Şah Təhmasibin fərmanı ilə Şirvandan ildə alınan min tümən də onlara «bağışlanılır». H.956 (1549)-cı ildə İsmayıl Mirzə Şirvan bəylərbəyiliyindən çıxarılıb geri çağırılır və yerinə Şah İsmayılın bacısı oğlu Abdulla xan Ustaclı bəylərbəyi göndərilir. Abdulla xan Xan Məhəmməd Ustaclının qardaşı Qara xanın oğlu idi.

Şirvana şahzadələrdən və yaxud Şahın yaxın qohumlarından bəylərbəyi təyin edilməsinin səbəbləri var idi. Şirvan strateji əhəmiyyətinə görə digər vilayətlərdən fərqlənirdi. Şimaldan Krım tatarları və Dağıstan ilə həmsərhəd idi. Keçmiş Şirvanşahların yenidən Şirvan şahlığını bərpa edib Səfəvi dövlətindən ayrılmaq təhlükəsi qalırdı. Şirvan əsas ticarət yolu üzərində yerləşdiyindən buranın ipəyi ölkənin iqtisadi həyatında mühüm rol oynayırdı. Məhz buna görə də, Səfəvi şahları həmişə Şirvanı «möhkəm əl» vasitəsi ilə idarə etməyə çalışırdı.

Abdulla xan Ustaclının Şirvana bəylərbəyi təyin edilməsi də daha çox burada baş verə biləcək mərkəzdənqaçma meyilləri ilə əlaqədar idi. Fəzli İsfahani yazır ki, Şirvanşahlar nəslindən olan Bürhan sultan Şirvana gəlib, Şirvanşahlar sülaləsini və hakimiyyətini bərpa etmək üçün Qızılbaş qoşunları ilə vuruşdu və məğlub oldu. Vəziyyəti belə görən Şah Təhmasib H.956-cı (1549) ildə öz bibisi oğlu Abdulla xan Ustaclını Şirvana bəylərbəyi təyin edir.

Həsən bəy Rumlunun məlumatına görə Abdulla xan Şirvana çatdıqda Bürhan vəfat etmişdi. Qiyamçılar onun cəsədini gizlətmişdilər. Abdulla xanın göstərişi ilə Bürhanın cəsədi aşkar edilir və başı kəsdirilir. Qorxudan Xəzər dənizi sahilində adaya çəkilən qiyamçılar Abdulla xanın barış təklifini qəbul etmədiklərinə görə dənizə sıxışdırılıb məhv edilirlər. Abdulla xan Ustaclı tayfasının bir hissəsini Şirvana köçürüb öz hakimiyyətini möhkəmləndirdi. O, H.974-cü (1566) ildə vəfat etdikdən sonra yerinə Araz sultan Rumlu (Rey əyalətinin hakimi) Şirvana bəylərbəyi təyin olunur və 1578-ci ilə qədər fasilələrlə Şirvanda hökmranlıq edir. Fəzli İsfahani isə qeyd edir ki, Abdulla xan Ustaclı vəfat etdikdən sonra oğlu Sultanəli bəy (Şah Təhmasibin kürəkəni) Şirvana bəylərbəyi təyin edilir. H.978-ci (1570-71) ildə isə Sultanəli bəy Şirvan bəylərbəyiliyindən götürülüb, yerinə I Şah Təhmasibin oğlu Sultan Mahmud Mirzə göndərilir. Ancaq şahzadə kiçik yaşlı olduğuna görə Şirvanı onun lələsi Araz xan Rumlu əmir əl-üməra rütbəsi ilə idarə edirdi. II Şah İsmayıl hakimiyyətə keçdikdən sonra Araz sultan Rumlu Şirvan hakimliyindən götürülüb Herata göndərilir.

Qazi Əhməd Qumi h. 985 (1577-78)-ci il hadisələrindən bəhs edərkən yazır ki, Bürhan Mirzənin bacısı oğlu Tavus Mirzə Şirvanda özünü Şah elan etmiş, ancaq bu vaxt Herata getməyə hazırlaşan Araz sultan Rumlu 600 nəfər mülazimi ilə Şabranın 2 fərsəhliyində (12 km) Tavus Mirzənin dəstəsini məğlubiyyətə uğradır.

İsgəndər Münşinin verdiyi məlumatda II Şah İsmayılın hakimiyyəti dövründə Əbu Turab sultanın da qısa müddət ərzində Şirvanda hakimiyyətdə olduğu göstərilir. Sultan Məhəmməd (1578-1587) hakimiyyətə keçdikdən sonra isə Araz sultan Rumlu yenidən Şirvana qaytarılır. Şirvanın Ərəş mahalının idarəsi isə II Şah İsmayıl dövründə həbsə alınmış Ərdoğdu xəlifə Təkəliyə, Şəki əyaləti isə İsa xana tapşırılmışdı. Rumlu əmirlərindən bir neçə nəfərinə də Şirvanda ulkalar verilir. Araz Sultan Rumlu Şirvana yenidən öz vəzifəsinə qaytarıldıqda, Əbubəkr Mirzənin başçılığı ilə qiyam baş vermiş və Osmanlı ordusu Şirvana hücum (1578) edib, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı tutur. Şirvan bəylərbəyi Araz xan Rumlu müqavimət göstərməyin mənasız olduğunu bilərək Kür çayına doğru geri çəkilir. Hadisələrin sonrakı gedişi haqqında İsgəndər bəy Münşi yazır: «Rumlu tayfası neçə il Şirvanda tam rahat yaşayıb çoxlu mal-dövlət topladılar. Amma ruzigarın onlara gözü dəydi. Əksər yüksək rütbəli şəxsiyyətləri qətlə yetirildi, malları talan edildi. Araz xan Rumlu Şirvan döyüşlərində düşmən tərəfindən əsir alındı».

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru,

professor

 

Xalq Cəbhəsi.- 2016.- 26 noyabr.- S.14.