Türk Qızılbaş əmirliyinin
inzibati idarə sistemində yeri
9-cu yazı
İsgəndər bəy Münşinin «səriştəli
və ağıllı türk» adlandırdığı Abbas
Mirzənin lələsi Ustaclı Yeqan Şahqulu bu zaman Herat
hakimi idi. O, Qəzvində
baş vermiş hadisələr barədə məlumat əldə
etdikdə, dərhal silah götürməyi, hərbi
yürüşləri qadağan edib, intizarla Qəzvindən
gələcək buyruqları gözləməyi qərara
alır. Elə bu zaman Herat bəylərbəyinə
tabe olan Fərah hakimi Hüseyn sultan Əfşar Herata
hücum etdi və baş verən savaşda Ustaclı Yeqan
Şahqulu öldürüldü. Sağ qalan
Ustaclılar Heratı tərk etdilər. Onlardan
bir çoxu Yeqan Şahqulu sultanın Sərəxs valisi olan
oğlu İbrahim sultanın yanına qaçdı. II Şah İsmayıl bu hadisədən sonra
Durmuş xanın nəvəsi Sultan Hüseyn bəy
Şamlının oğlu Əliqulu bəyə xan titulu verib,
onu Herat hakimi və Xorasan əmir əl-ümərası təyin
etdi.
Burada əmir əl-üməra inzibati-hərbi səciyyə
daşıyır. Əliqulu bəy ona verilmiş rütbəyə
müvafiq olaraq əmir-ibozorg (böyük əmir) statusu ilə
Xorasanın bəylərbəyi olub, vilayətin bütün
hakimlərindən yüksəkdə dayanır, onların
qoşunlarının da baş komandanı olub, fəaliyyətlərinə
də nəzarət etməli idi.
Şah Sultan Məhəmmədin (1577-1587) hakimiyyəti
dövründə də Herata Şamlı elindən Abbas Mirzənin
lələsi Əliqulu xan bəylərbəyi təyin
olunmuşdu. Bu zaman Şamlı əmirlərinin çoxu onun məiyyətində
olub, onlara Herat vilayətində ulkalar verilmişdi. «Tarix-i alamara-yi Abbasi»də Xəvaf ulkasının
isə Ustaclılardan Vəli xana aid olduğu qeyd edilib. Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı
titulunu qəbul edib, Abbas Mirzəni «şah» elan etmişdi və
Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında
birləşmişdilər. Bu zaman Məşhədin,
yəni Xorasanın yarısının bəylərbəyi
olan Murtuzaqulu xan Pornak Türkman Əliqulu xanla
hesablaşmırdı. Halbuki, o
bütün Xorasanın valisi Abbas Mirzəyə, həm də
onun lələsi və Herat əmir əl-ümərası
Əliqulu xana tabe olmalı idi. Onların
arasındakı narazılıqlar əvvəl qeyd olunduğu
kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və
1582-1583-cü illərdə Ustaclı və Şamlılarla
Türkman, Təkəlilər arasında savaşa səbəb
olmuşdu. Bu çəkişmələrə
son qoymağa çalışan Məhəmməd Xudabəndə
də Herata gəlmiş və nahayət çəkişmələrə
son qoyulmuş və Əliqulu xan Şaha itaət etdiyini bildirmişdi.
Əliqulu xanın xahişinə görə Abdulla xan
Ustaclının nəvəsi Salman xan Məşhədə
hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada
göndərilmiş, Damğan, Bistam, Hezarcərib də ona
verilmişdi.
Xorasanda Cam hakimi Şahqulu sultan Qarınca
oğlu Ustaclı da Salman xana tabe idi. 1587-ci
ildə Abbas Mirzə taxta oturduqda Əliqulu xan Şamlı hələ
Herat hakimi idi. Bu zaman Özbək Abdullah
xan Xorasana hücum edib Herat və Məşhədi zəbt
etdi. Əliqulu xan təslm olsa da, o
başda olmaqla Şamlılardan bir çoxu öldürüldü.
«Tarix-i alamara-yi Abbasi» də 1588-ci ildə Herata
tabe olan Tunda Ustaclılardan Şahəli Mirzənin oğlu
Salman Mirzənin hakim olduğu haqqında məlumata təsadüf
edilir.
1598-ci ildə I Şah Abbas Din Məhəmməd xana
savaşlarda qalib gəlib Heratı geri aldıqdan sonra Qum
hakimi Hüseyn bəy Şamlıya xan titulu verib Herata hakim və
bütün Xorasana əmir əlüməra təyin edir. Ustaclılardan
Bektaş sultana da əmir rütbəsi verilib Maruçaq və
Murğaba göndərildi. Tezliklə Bala
Muğab da özbəklərdən geri alındı. Özbəklərdən geri alınan Xorasanın
qalaları bərpa edilib, vilayət və mahallarına əmirlər
təyin edilir. 1603-cü ildə Qacarlardan
Mehrab xan Xəvaf və Baxərz, Şamlı elindən Nəcəfqulu
xan da Qainə hakim təyin olunmuşdu.
1602-1603-cü ildə Əfşar İsmayıl xan
Alplı Fərah hakimi idi. I Şah Abbasın
hakimiyyətinin son illərində də Fərah hakimi
Əfşarın Alplı obasından Ərdoğdu xan
olmuşdu. Ərdoğdu xandan sonra Fərah
hakiminin Qacar elindən Xəndanqulu xanın olduğunu
görürük. II Şah Abbas zamanı
Heratın Cam mahalında da hakimlər əsasən Qızılbaş-Türk
əsilzadələrindən ibarət olmuşdu.
1663-cü ildə Cam hakimi Həsən xan Təkəli vəfat
etmiş, onun yerinə Cam hakim Qələndər sultanın
oğlu Abdal sultan Təkəli təyin edilmişdi. İsgəndər bəy
Münşinin yazdığına görə Hüseyn xan
Şamlı iyirmi il darossəltəne-ye
Heratın valisi və Xorasanın bəylərbəyi vəzifəsində
ləyaqətlə xidmət etmişdi. O, öz əcəli
ilə 1618-ci ildə vəfat edir. Onun vəfatından
sonra oğlu Həsən xan Herat hakimi və Xorasan əmir əl-ümərası
olmuşdu. Şahın buyruğu ilə
Hüseyn xan Şamlının qoşun və ulkası da
oğlu Həsən xana verilmişdi. 1641-ci
ildə Həsən xan vəfat edir. Yerinə
oğlu Abbasqulu bəy erat hakimi olur. Molla
Kamal 1653-cü ildə Xorasanda bbasqulu bəyin bəylərbəyi
olduğunu qeyd edir. İskəndər bəyin
yazdığına görə 1627(28) ci ildə müqəddəs
saraya yaxın əmirlərdən Təhmasibqulu xan Tərxan
Türkman Herata akim təyin edilir, ancaq xəstələnir və
növbəti il vəfat edir.
Möhürdar Əmir xan Söklən (oba) Zülqədər
Herat hakimi olur.
Onu da qeyd etmək lazımdır ki, I Şah
Abbasın zamanında Şamlıların böyük bir qismi
əskidə olduğu kimi Xorasanda yaşayırdı. Xorasanda çox hallarda Şamlı obalarının
yurdları onların bəylərinin hakim olduğu yerləri
təşkil edirdi. Seyid Hüseyn bin Murtuza Hüseyni
Astrabadi yazır ki, I Şah Səfinin hakimiyyətinin ilk ilində
Din Məhəmməd xanın oğlu Bəlx valisi Nəzər
Məhəmməd Badqis istsqamətində hücum etmiş,
Maruçaq qalasının ətrafında hərbi düşərgə
salıb on iki gün Qızılbaşlarla
savaşmış, ancaq ciddi müqavimətə rast gəlib
geri dönmüşdü.
Belə bir vaxtda Heratda da qiyam baş
qaldırmışdı. Müəllif bu hadisələrdən
bəhs edərkən Həsən xan Şamlının Xorasan
bəylərbəyi və sipahsaları olduğunu yazır.
O Heratda baş vermiş qiyamı
yatırdıb, başçılarını da ələ
keçirib mərkəzə göndərmişdi. Müəllif sözünə davam edərək
yazır ki Xorasan bəylərbəyi Həsən xan
Şamlı Maruçağda özbəklər üzərində
qələbə çalıb, Heratda da qanun-qayda yaratdı.
Müəllif
1634-cü il hadisələrindən bəhs
edərkən Həsən xanın hələ Xorasan bəylərbəyi
olduğunu qeyd edir. 1653- cü ildə
Xorasanda Abbasqulu xan bəylərbəyi olmuşdu. «Təzkirət
əl-müluk» da Məşhəd-i müqəddəsə
tabe olan mahal və ulkalardan Sərəxs, Nişapur, Turşiz,
Abiverd, Azadvar, Nisə, Səbzəvar, Əsfərayin, Horuz,
Yesaku (?), Dərun, Türbət, Bəzavendəkin adları
çəkilir.
II Şah İsmayıl hakimiyyətə keçdikdən
sonra Məşhədə Türkman əmirlərindən
Murtuzqulu xanı hakim təyin etmişdi. O, Türkman elinin Pornak
obasından idi. II Şah İsmayıl
dövründə yüksələn ellərdən biri də
Türkmanlar olmuşdu. II Şah
İsmayılın anası Türkman elinin Mosullu obasından
İsa bəyin qızı olduğuna görə Türkmanlar
I Şah Təhmasib vəfat etdikdə (1576) İsmayıl Mirzənin
tərəfində çıxış etmişlər.
II Şah İsmayılın zamanında
Türkmanlar Əcəm İraqında Qum, Kaşan, Savə və
Azərbaycanda yaşayırdılar. Onların
əmirlərinə bu bölgələrlə yanaşı
Mazandaran və Astrabadda da ulkalar verilmiş və onlardan bir
çoxu ölkənin müxtəlif yerlərində vəzifələrə
təyin olunmuşdular. İskəndər bəy
Münşi özbək Din Məhəmməd xanın
oğlu Cəlal xanın 1577-ci ildə Xorasana hücumu,
buradakı qətl-qarəti, onun məğlubiyyəti və
Əmət bəy Ustaclı tərəfindən əsir
götürülməsini geniş şəkildə təsvir
etmiş, Türkman Mürtəzaqulu xan Pornakın Məşhəd-i
Müqəddəsin bəylərbəyi olduğunu, onun
özbəklərə qarşı müharibədə
Qızılbaş ordusuna başçılıq etdiyini
yazıb.
Xorasanda Türkmanlarla yanaşı, Şamlı və
Ustaclı obaları da məskun olub, Rumlulardan da bir
bölüyü Nişapur mahalında yaşayırdı. Sultan Məhəmmədin
1578-ci ildə buyuruğu əsasında Ustaclı əmirlərindən
Mürşüdqulu xana Xorasanda Bahərz, onun qardaşı
İbrahim sultana Əsfərayin, Məhəmməd xan Sofi
oğluna isə Tursiz ulka verilmişdi. 1581-ci
ildə Xorasanda Qızılbaş əmirləri arasında
baş vermiş çəkişmələri sakitləşdirmək
mümkün olmadıqda Mürtəzaqulu xan tutduğu vəzifədən
azad edilib, Astrabada göndərilmiş və Məşhədə
Ustaclı Salman xan hakim təyin edimişdi. Bu zaman Səbzəvara Təkəli Əhməd
sultan göndərilmişdi. Məhəmməd
Xudabəndə Xorasanı tərk etdikdən bir qədər
sonra Mürşüdqulu xandan ehtiyat edən Salman xan da Məşhədi
tərk edib Qəzvinə qayıdır.
Mürşüdqulu xan Salman xanın tərəfdarlarının
öldürdüyü
(1581) əmisi Şahverdi Yeqan Ustaclının intiqamını
almaq istəyi ilə Camı tutub, Xorasan hüdudlarında
ulkaları olan Qara-Bayat və bir çox Cığatay
oymaqlarını da özünə tabe edir. O, Ustaclı Əliqulu xanla
savaşda Abbas Mirzəni də ələ keçirib Məşhəddə
mövqeyini daha da möhkəmləndirir. 1587-ci
ildə özbək Abdulla xanın Heratı mühasirəyə
aldığını eşitsə də, Abbas Mirzəni
hakimiyyətə gətirmək onun üçün daha
önəmli olduğuna görə Qəzvinə yola
düşür. Bu zaman Astrabad hakimi Murtuzaqulu xan Pornak
Türkman, qardaşı Bistam ağa, Məhəmməd xan
Türkmanın oğlu Bektaş bəy Məşhədə
gəlib Mürşüdqulu xana onunla eyni mövqedə
olduqlarını bildirdilər. Fars, Yəzd və Kirmanda da bir
çox əmirlər Məşhədə gəlib
Mürşüdqulu xanla birləşdilər, ancaq
Mürşüdqulu xan Türkmanlarla Ustaclılar
arasındakı münasibətləri bildiyinə görə
Murtuzaqulu xan Pornak Türkmandan ehtiyat edirdi. Ancaq
Murtuzaqulu xanın vəfatı (1587) bu narahatlığa son
qoydu.
Mürşüdqulu xan nəhayət, 1587-ci ildə
siyasi vəziyyətə hakimlik edərək Abbas Mirzəni
taxta oturtdu.
I Şah Abbasın hakimiyyətinin (1587-1629) ilk illərində
Xorasan uğrunda özbəklərlə müharibə
zamanı Ustaclı elinin Qarasarlı obasından Əmət
xan Köşək oğlunun Məşhəd hakimi olduğu
göstərilir. O, 1589-cu ildə Məşhədə hakim təyin
edilmişdi. Bu zaman I Şah Abbasın buyruğu
ilə Mürşüdqulu xan və qardaşı İbrahim
xanın alayları da Məşhədə
köçürülmüş və onların hər ikisi
öz qoşunları ilə Məşhəd hakiminin
qulluğuna verilmişdi. İskəndər
bəy Münşi 1589-cu ildə məşhur Ustaclı əmiri
Mürşüdqulu xanın
öldürüldüyünü və Məşhəd hakim
olan qardaşı İbrahim xanın isə vəzifədən
azad edilib cəzalandırıldığını yazır.
Elə həmin il Səbzəvar da Qubad xan
Qacarın oğlu İmamqulu xandan alınıb Ustaclı Məhəmməd
xan Çavuşluya verilmişdi.
1588-ci ildə Nişapur hakimi Ustaclı Məhəmməd
xan Sofi oğlu tutduğu vəzifədən azad edilir. I Şah Abbas Nişapura
Ustaclı əmirlərindən Köşək oğlu
Şahnəzər sultanı hakim təyin edir. Ustaclı qazilərindən bir çoxu da
Nişapura gəlib yerləşdilər. Ancaq
bu bölgə yenə özbəklər tərəfindən
tutulur. I Şah Abbas 1593-cü ildə
Nişapuru özbəklərdən geri alıb, ora mahalın əski
hakimlərindən Dərviş Məhəmməd xan Rumlunu
hakim təyin edib, şəhərdə tüfəngçilər
də yerləşdirir. 1594-cü ildə özbəklərin
Nişapura növbəti hücumu zamanı Dərviş Məhəmməd
xan Rumlu onlarla savaşmış, ancaq döyüşü
davam etdirməyin mənasız olduğunu gördükdə, onlarla
razılaşaraq qoşunu ilə şəhəri tərk etməyə
məcbur olmuşdu.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 30 noyabr.-
S.14.