Dərdin neçə üzü varsa, bilirəm

57 illik ömrünün bütün dönəmlərində oxucularının, xüsusilə gənclərin sevimlisinə çevrilən Nüsrət Kəsəmənli həyatı boyunca qarışqa yükü qədər sevinc, dərddən böyük kədər yaşadı... Yaxşıdan çox pisi, xeyirlə şəri qoşa gələn, mərdi ağlayan, namərdi gülən, dost bildiklərini haqqı danan gördüyü bu yalan dünyada suya düşmüş pambıq kimi dərdləri ağırlaşdı yaşaya bilmədi. Qucaq açdığı ölümün qolları illər həsrətlisi tək boynuna dolandı...

Gedək bu dünyadan daha,

Bu dünya o dünya deyil.

Orda şeytan elə şeytandı,

Mələk elə mələkdi...

Burdakı mələklərin

Əsl adı kələkdi...

 

İçində bir sevda ağladı için-için... Bu göz yaşları damla-damla nakam məhəbbətə, vüsalı perik düşmüş sevgilərə həsr olunmuş misralara hopdu. Sevgisinə yetməyənlərin, vüsala qovuşmayanların qəlbində həzin-həzin inlədi bu misralar əksər gənclərin dillərində əzbər oldu... Füzulini Allah sayırdı, Cavidi əlçatmaz... Bir az ağrılı, bir az kövrək, bir az nisgilli, bir az küskün, bir az da yalançı, təzadlı məhəbbəti çox təbii qələmə almaqla gəncliyin təlatümlü qəlbinə yol tapdı

Füzuli dərd əlindən dağa çıxdı, uzaqlara üz tutdu, qovuşdu ruhaniliyə, o isə dərdlə, kədərlə qol-boyun oldu, onunla dostlaşdı, üz-üzə, nəfəs-nəfəsə yaşadı, qəminin könüllü əsirinə çevrildi, hey bu qəmin arxasınca süründü sonda qəmi bütün ömrünə bürüdü:

 

Dərd üstündən dərd göndərən vəfasız,

Sən peşiman oldun, mən olmadım ki...

Qəmin gəlib elə qəmlər gördü ki,

Qəm peşiman oldu, mən olmadım ki...

 

Nisgilli şairin əbədi dərdinin üstünə 20 Yanvar, Qarabağ Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Xocavənd, Araz dərdi gəldi... Əsir torpaqlara, Qarabağımızdan aparılan əsir xalqa, müqəddəs Şəhidlərimizə göz yaşları tökdü. Axan göz yaşları yanğılı, ağrılı ağılara döndü:

 

Xocalı xocam mənim,

Ölümdən ucam mənim.

Bir gün öpəm torpağın,

Daşını qucam sənin.

Atları cidarlı Şuşam,

Ürəyi qubarlı Şuşam.

Yağılar tapdağında

Yolu qubarlı Şuşam...

 

Ana torpaq uğrunda canından keçən şəhidlərə öz balası tək yas tutdu, ağı dedi:

 

Dağ üstə dağım mənim,

Od tutur ağım mənim.

Öldün, dedin yaşasın

Ana torpağım mənim.

 

Torpağım, daşım ağlar,

Bacım, qardaşım ağlar.

Boyuna qurban, oğul,

Yanar göz yaşım, ağlar.

 

Düşünürəm ki, hər bir şair, qələm adamı əsərlərində öz dünyasının sözlə sanki rəsmini çəkir, bu dünyadakı sevgini hayqırır. O da tanrının ona bəxş elədiyi şairlik ömrü boyunca qəlbindəki böyük sevginin rəsmini çəkdi, bu özəl rəsmli şeirləri oxucularına ötürdü...

Yaxşı adamlar... Bu ifadə böyük anlam, böyük məna daşıyırdı onun üçün. Bəlkə elə bu üzdən yaşamı boyunca yaxşıların sorağında oldu özü hər kəsə bacardığı qədər yaxşılıq etməyə çalışdı... Yaxşıları nağıl sandı bu fani dünyada Nüsrət Kəsəmənli... Amma öz ömrü nağıllaşdı Biri vardı, biri yox oldu...

57 illik ömründə, iki 57 il ağrı, dərd yaşayan bu ağrıların, dərdlərin əks-sədası Sevirsənsə (1971), Gözlərimin qarası (1975), Özümə bənzədiyim günlər (1979), Gümüş yuxular (1981), Təklikdə danışaq (1983), Heyf o sevgiyə (2000) s. kitablarında toplanmış şeirlərindən gəldi... Biri vardı, biri yoxdu, oxucuları, onu sevənlər üçün doğmalaşmış, dərd ortağı olmuş bir şair vardı... Lap uşaqlıqdan yetimliyin acı şərbətini dadan, elə bununla da ağrılı-acılı taleyin ilk zərbəsini görən, çox sonralar ürəyində qubar etmiş bu zərbəni kövrək, nisgilli misralara çevirərək:

Olan olub, keçən keçib, bəlkə ,

İndi daha kövrəlməyin yeri yox,

Ömrüm boyu belə gəlib mənimki,

Əvvəlindən biri vardı, biri yox...

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimi dəldi keçdi sazaqlar,

Atalıydı, analıydı uşaqlar,

Bizdə isə biri vardı, biri yox...

 

deyən, hər kəsin qəlbini sızladaraq əlçatmaz uşaqlığına, yaxın uzaq keçmişinə apardı, indisə yoxdu

Ömür-gün yoldaşına, qayğısını çəkən, hər sevincinə, uğuruna ürəkdən sevinən, yolunu qapıda bənövşətək bitərək gözləməkdən usanmayan fədakar qadınına Rəhilə xanıma həsr etdiyi şeirlərdə böyük dəyər verirdi:

 

Üzümdə kədərdən bir iz görəndə,

Şirinim olmusan, acım olmusan.

Qohumdan, tanışdan pis üz görəndə,

Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,

deyim,

Özgədən çox yazıb qələm.

qədər düyünlü günümüz olub,

Düyünlü qaşını görməmişəm mən...

 

Nüsrət Kəsəmənli yeri gələndə xoşbəxt görünməyi, kədərin acığına gülməyi bacarırdı:

 

Dərdin neçə üzü varsa, bilirəm,

Kədərimin acığına gülürəm.

 

Dahi Füzuli ilə Cavidi lap çox sevirdi... Bu sevginin təzahürüydü bəlkə nəvəsini Cavidan adlandırması...

Dərdinə əlac tapmaq, ağrılı ömrünü bir az da uzatmaq, ürəyində yığılıb qalanları misralara çevirmək istəyilə yad ölkəyə deyil, Azərbaycanımızın digər yarısına Təbrizə üz tutdu... Amma ömür vəfa eləmədi. Dərdinin çarəsi itkin düşən şair sağlığına qovuşa bilmədi... Cismən bizlərdən, onu sevənlərdən ayrıldı Nüsrət Kəsəmənli... Ruhən bizimlədir, ona dəyər verib sevənlərin qəlbindədir. Ancaq şairin gözü arxada, Qarabağda, Şuşada, Cıdır düzündə qaldı... Düşünürəm ki, bu müqəddəs torpaqlar azad olunmayınca onun ruhu rahatlıq tapmayacaq:

 

Sel dedim dağlardan qayıtdı sözüm,

Yadlar tapdağında şumlandı düzüm,

Mənim Qarabağda qalıbdı gözüm,

Qaytarın gözümü, qaytarın mənə...

 

Bizlər Ana Vətənin əsir torpaqlarını azad etməliyik, itirdiklərimiz üçün, ən başlıcası nakam şəhidlərimizin, nisgilli şairlərimizin ruhlarının hüzura qovuşması, narahatlıqdan qurtulması üçün...

 

Esmira Fuad

ədəbiyyatşünas

 

Xalq Cəbhəsi.- 2016.- 28 sentyabr.- S.14.