Repressiya qurbanı olmuş Əmin Abid

 

1-ci yazı

 

Bu yazı tənqidçi, ədəbiyyatşünas, şair, 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abid haqqındadır. Qorqudşünas, folklorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi olan alimin çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsəri, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, "Kitabi Dədə Qorqud"la bağlı məqalələri, türkçənin təkamülü və folklorla bağlı digər araşdırmaları var. Professor Bədirxan Əhmədov və Əli Şamilin Ə.Abidlə bağlı araşdırmasında bildirilir ki, kommunizm ideologiyası ilə insanları xoşbəxt gələcəyə aparacaqlarını vəd edən bolşeviklər silah gücünə hakimiyyəti ələ aldılar. Onların idarəetmə təcrübəsi olmadığı kimi, yeni qurluşda ailə, əxlaq, mədəniyyət, idarəetmə necə olacağı haqqında aydın təsəvvürlərləri də yox idi: “Odur ki, müxtəlif xalqların, millətlərin yüzillər boyu formalaşmış adət-ənənəsini, həyat tərzini, mədəniyyətini, əxlaqını və s. qəbul etməyərək yenisini yaradacaqlarını vəd etdilər. Hakimiyyəti ələ alanlar arasında yeni yaradacaqları proletar ailəsi, proletar mədəniyyəti, proletar adət-ənənəsi, proletar ədəbiyyatı haqqında fikir birliyi yox idi .Var olanı burjua-mülkədar mədəniyyəti sayaraq qəbul etmək istəməyənlər dayaqsız, özülsüz yenisini yarada bilmirdilər. Yazılı ədəbiyyatı saray ədəbiyyatı, burjua-mülkədar ədəbiyyatı adlandırdıqlarında ona qarşı inkarçı mövqedə dururdular. Folkloru isə özlərinə dayaq nöqtəsi hesab edir, orada "zəhmətkeşlərin", "əməkçi xalqın" fikirlərinin toplandığı tezisini irəli sürdülər. Halbuki şifahi xalq ədəbiyyatı bir sinfin, bir qrupun deyil, xalqın butün təbəqələrinin dünyagörüşünü özündə əks etdirirdi. Bolşeviklərin şifahi xalq ədəbiyyatına daha çox diqqət yetirdiyini, yeni quracaqları mədəniyyəti folklora bağlamaq istədiklərini görən bəzi Azərbaycan ziyalıları da bundan istifadə edərək öz milli-mənəvi sərvətlərini öyrənmək və təbliğ etmək yolunu tutdular. Hətta rəhbər partiya-sovet işçiləri belə yeni yaradılacaq proletar mədəniyyətində folklorun rolundan bəhs edən məqalələr yazmağa başladılar.

Vəli Xuluflu xalqın haqsızlığa, zülmə boyun əyməyən, döyüşlərdən həmişə qalib kimi çıxan qəhrəmanı “Koroğlu” haqqında dastandan qollar toplayaraq çap etdirdi, Hənəfi Zeynallı nağılları, tapmacaları öyrəndi, Hümbət Əlizadə aşıq şeirlərini və “Koroğlu” dastanının qollarını toplayırdı, Salman Mümtaz əlyazmaları toplayaraq, onların bir çoxunun əsasında hazırladığı kitabları ərəb və kiril əlifbasıyla çap etdirirdi. Onlarıın araşdırmaları və nəşr etdirdiklərii kitablar maraqla qarşılanırdı. Sovet hakimiyyətinn ilk illərində Əmin Abid də heca vəzninin, bayatıların keçdiyi tarixi yoldan, eləcə də “Kitab-i Dədə Qorqud”dan bəhs edən olduqca dəyərli araşdırmalarını nəşr etdirirdi. Xalqımız üçün olduqca dəyərli işlər görən, adını çəkdiyimiz və çəkmədiyimiz əksər araşdırmaçılarımız kimi Əmin Abid də çox gənc idi. Onlar elmi axtarışlara yeni başlasalar da yüksək peşəkarlıqları, vətənsevərlikləri, millətpərvərlikləri ilə seçilir və elmi araşdırmalarında Avropa metodlarına üstünlük verirdilər. Əmin Abidin böyük qardaşı və yolgöstərəni Əliabbas Müznib haqqında dəyərli araşdırmaların müəllifi, prof. İslam Ağayevə bu ailənin soykökü haqqında maraqlı bilgilər verib. O, AMEA Əlyazmalar İnstititu arxivinin 23-cü fondunda olan 9/146-cı qovluqdakı Əliabbas Müznibin özkeçmişindən bir parçanı kitabına daxil edib. Əliabbas Müznib Gəncənin müsəlman əhalisinə qəddarlıqla divan tutmuş rus generalı Sisyanovun baş Bakının Qoşa qala qapısı yaxınlığında qılıncla vurulandan sonra baş verən hadisələrdən söz açarkən yazır: “...Hüseynqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrabasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilib. Həbs, sürgün, edam edilməkdən müzayiqə olunmayıb... Qətliam şəhərdə həftələrlə davam edib. Colum-cocuqlar qılıncdan keçirilib. “Yeddi ev bir küvəcə möhtac oldu”- zərbül-məsəli bu tarıcı hadisənin şahidi idi”. Əliabbas Müznibin arxivi ilə yaxından tanış olan professor İslam Ağayev yazır: “Bu faciəli hadisələr dövründə Ə.Müznibin bütü nəsli çar qoşunları tərəfinfən şiddətli cəzalara düçar olur. Bütün nəsil qırılır. Təkcə altı aylıq Novruz babası sağ qalır”.

Xan soyundan olmasına baxmayaraq çox kasıb bir həyat yaşayırlar. Ataları Mütəllib daşyonan işləməklə, anaları Reyhan da evdə yasdıq və başmaq üzlərinə tikmə vurmaqla, uşaqlara və qadınlara Qurani-Kərimi oxumağı öyrətməklə ailəni dolandırıblar”. Araşdırmada daha sonra vurğulanır: “Doğulanda Zeynalabdin adı verilən, sonralar Əmin Abid kimi tanınan şair və araşdırıcı 1898-ci ildə Bakıda anadan olub. Anasının evdə açdığı kursda ilk biliklərə yiyələndikdən sonra Bakıdakı III Aleksandr Oğlan giminaziyasını bitirib. Təhsilini İstanbulda davam etdirmək istəyən Əmin Abid Birinci Dünya Savaşı başladığına görə Rusiyanın müharibə apardığı ölkənin paytaxtına təhsil almağa gedə bilmir. Qardaşı şair, naşir, tərcüməçi, araşdırıcı Əliabbas Müznibin yanında “Babai-Əmir” və “Dirilik” jurnallarında işləyir. 13-14 yaşlarından dövrü mətbuatda şeir, hekayə və məqalələrini çap etdirən Əmin Abid Rusiya Birinci Dünaya Savaşında məqlub olduqdan, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra İstanbula pedoqoji təhsil almağa gedir. 1921-ci ildə təhsilini başa vurub vətənə qayıtdıqdan sonra onu yenidən İstanbul Darülfününda oxumağa və Azərbaycan ədəbiyyatının tarixinə dair araşdırmalar aparmağa göndərirlər. İstanbulda oxuduğu illərdə oradakı qəzet və jurnallarda şeirlərini və elmi məqalələrini nəşr etdirir. Azərbaycan mühacirlərinin İstanbulda nəşr etdirdikləri “Yeni Kafkasiya” jurnalında gizli imza ilə nəşr etdirdiyi antisovet şeirləri onu oxucular və siyasətçilər arasında məşhurlaşdırır. İstanbulda oxuduğu illərdə özü ilə eyni fakültədə oxuyan, milliyyətcə alban (arnaut) Nafiə Əhməd Şükrü qızı (Nafiə kiçik ikən atası vaxtsız vəfat etdiyindən anası .....ərə gedir. Buna görə də Nafiə xanım atalığının soyadını qəbul etməli olur) ilə evlənir. Azərbaycan hökumətinin təqaüdi ilə universitetdə oxumaqla yanaşı İstanbulun, Qəzvinin, Ərzurumun və Avropanın bir sıra şəhərlərinin kitablarında axtarışlar aparır, Azərbaycan türklərinin ədəbiyyatı tarıxını yazmağa başlayır. Avropa metodları ilə yazdığı əsərin son cildini 1926-cı ildə tamamlayaraq universitetin professorlar heyətinə təqdim edir. “Azəri ədəbiyyatı tarixi” adlandırdığı 335 səhifəik əsər İstanbul Universitetinin professorlar heyəti tərəfindən yüksək qarşılanır. Zaqafqaziya Sovet Federativ Sosialist Resbublikaları Mərkəzi İcraiyyə Komitəsinin Tbilisidə nəşr olunan “Yeni fikir” qəzetinin İstanbul müxbiri Əli Şahbazov yazır: “Kitabın sahibi Əmin Abid yoldaşımız səkkiz sənədən bəridi İstanbulda bulunmaqdadır. Darülmüəllimin Aliyeyi bitirdikdən sonra Darülfünunda Azərbaycan Şura hökumətinin təxsisatı ilə təhsilə başlayıb, eyni zamanda İstanbulun zəngin kitabxanalarında mütəvazianə bir surətdə tətəbəata davam edib. Məruz qaldığı bir çox fəqir və səfalətə rağmən davamlı bir şey nəticəsində Azəri ədəbiyyatına dair şayandiqqət bir çox yeni materiallar əldə edib... Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla Azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfünunda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikir və ədəbi hərəkat son sosioloji metodlar nəzər etibarı alınaraq müqayisəli təhlil və tərtib üsullarına əsasən təqdim edilib".

Əli Şahbazov elə həmin məqalədə əsərin xülasəsinin nəşr olunmaq üçün gənc macar şərqşünası Margit Pallu tərəfindən tərcümə edildiyini, Əmin Abidin Bakıya gedib əsərini "Maarif komissarlığına təqdim" edəcəyini və "Maarif komissarlığı müsəyyərindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyəsi" veriləcəyini yazırdı.

Ə.Abid İstanbulda oxuyarkən bir neçə elmi məqaləsini də Bakıdakı “Maarif və mədəniyyət” jurnalında çap etdirmişdi. Vətənə döndükdən sonra pedaqoji texnukumda, universitetdə dərs deməklə yanaşı ciddi elmi araşdırmalar aparır. Elmi nəşrlərdə, məcmuələrdə və mətbuatda o dövür üçün çox aktual olan məqalələr dərc etdirir, kitablar tərtib edib edir. Sovet hökuməti ateizi əldə bayraq edərək dinə qarşı sərt mübarizəyə başlamışdı. M.F.Axundovun əsərlərindən bu işdə səmərəli istifadə etməyə çalışırdılar. Özlərini Sovet ideologiyasının bayraqdarı sayan Azərbaycan ziyalıları Mirzə Fətəlini burja-ticarət sinfinin yazıçısı kimi tənqid etsələr də onun yübileyini də keçirir, əsərlərini toplayıb nəşr etdirməyə can atırdılar. Bu məqsədlə Əmin Abidi Tbilisiyə göndərmiş, M.F.Axundovun arxivinin Bakıya gətirilməsinə, katoloqunun və əsərlərinin nəşrə hazırlanmasına onu da cəlb etmişdilər. Ə.Abid də bu işi şərəflə görmüş, M.F.Adundovun arxivini elmi əsaslarla tərtib etməklə yanaşı, oradakı sənədlərin katoloqunu hazırlamış, dövrü mətbuatda Mirzə Fətəlinin irsi haqqında olduqca dəyərli məqalələ nəşr etdirmişdi.

Dövrü mətbuatda folklorumuzla bağlı “Heca vəzninin tarixi” (Abid Əmin, 1927: sayı 3, sayı 4 və sayı 6-7), “Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə)”, (Abid Əmin, 1929: sayı 5 (29), səh. 30-32, sayı 8 (32), səh. 28-29), “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”, (Abid Əmin, 1930: sayı 3 (8), səh. 48-52), “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”, (Abid Əmin, 1930: sayı 4-5) və b. önəmli məqalələrini nəşr etdirən Əmin Abidin o dövr ücün olduqca dəyərli bir əsəri- “Türk xalqlarının ədəbiyyatı tarixi” nəşr edilməyib və uzun illər araşdırıcıların diqqətindən kənar qalıb.

Əmin Abid folklorla bağlı nəşr etdirdiyi məqalələrində “Türk xalqlqrının ədəbiyyatı tarixi” əsərinin birinci cildinin əlyazmasından geniş istifadə edib. Bəzi məqalələrində əsərinin müxtəlif cilidlərini qaynaq göstərsə də bu əsərini çox da qabartmayıb. Azərbaycandan folklorumuzla bağlı nəşr etdiridyi ilk məzaləsi “Heca vəzninin tarixi”ndə əsərindən parçalar var. Araşdırıcı bu məqaləsində Azərbaycanda ilk dəfə heca vəzninin tarixi dərindən və elmi əsaslarla öyrənilməklə yanaşı, nəzəri məsələlərə də geniş yer verib. Vəzni dilin məhsulu hesab edən, “hər ictimai zümrənin öz ilk şeirinə verdiyi ahəngi dilin ümumi ahəngindən ayrılan ünsür-əlamətlər məcmuəsi” adlandıran Ə.Abid “Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu obalarına getmək lazım deyil: sözlərin dilimizə çevrilməsi, bunun fəlsəfəsini anlamaq üçün yetərlidir",- yazırdı”.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 4 aprel.- S.14.