Milli Kitabxana ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi bağlanıb

 

Aprelin 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov İLESAM barədə məlumat verərək, birliyin müəllif hüquqlarını qoruyan beynəlxalq təşkilat olduğunu söyləyib. O, İLESAM ilə kitabxana arasında bağlanacaq müqavilənin fəaliyyət perspektivlərini müəyyənləşdirəcəyini vurğulayaraq əməkdaşlıq çərçivəsində bir sıra işlərin həyata keçiriləcəyini deyib. Bu işlərə hər iki ölkədə çap olunan kitabların, kataloqların qarşılıqlı yayılması, təbliği, oxucuların əldə edə bilməsi və digər məsələlər daxildir.

İLESAM-ın sədri Mehmet Nuri Parmaksız rəhbərlik etdiyi qurum barədə danışaraq diqqətə çatdırıb ki, 1986-cı ildən fəaliyyət göstərən təşkilatın üç minə yaxın üzvü var. O, imzalanacaq müqaviləyə əsasən Milli Kitabxanaya hər il müxtəlif sahələrə aid 15 min kitab hədiyyə edəcəklərini deyib.

Mehmet Nuri Parmaksız ölkəmizlə əlaqənin 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə başladığını vurğulayıb. Həmin müqaviləyə əsasən hər il iki kitab çap etdiklərini söyləyib. Azərbaycan Bəstəkarlar İttifaqı ilə imzalanan müqavilə çərçivəsində isə həm Bakıda, həm də Ankarada konsert keçirildiyini deyib. Mehmet Nuri Parmaksız bu gün Azərbaycan Milli Elmlər Akademiyası ilə də müqavilə bağladıqlarını diqqətə çatdıraraq, buna əsasən hər il bir kitab nəşr edəcəklərini, həmçinin konfrans, seminar, təqdimat və digər tədbirlərin həyata keçiriləcəyini bildirib.

Sonra Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ilə İLESAM-ın sədri Mehmet Nuri Parmaksız tərəfindən müqavilə imzalanıb.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və İLESAM-ın Azərbaycan üzrə təmsilçisi, AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza müqaviləni yüksək qiymətləndirərək onun hər iki ölkənin elm və ədəbiyyat nümayəndələrinin əsərlərinin yayılmasına töhfə verəcəyini bildiriblər.

Tədbir çərçivəsində İLESAM tərəfindən Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuş kitablar da sərgilənib.

 

Xalq cəbhəsi.- 2017.-28 aprel.- S.16.