Nə yatmısan, sarı bülbül, oyan bir...

 

Kəmalə Abiyevanın poeziyası haqqında

 

Bilmirəm, nədənsə Kəmalə Abiyevanın poeziyası haqqında yazıya məhz onun baharlı, yazlı, güllü-çiçəkli duyğularından, təbiətlə bağlı düşüncələrindən başladım. Gözlərindəki dumduru təmizliyəmi, qəlbindən süzülüb həzin misralarına hopan saflığamı, ruhunu qapsayan bahar təravətli, həm kəpənək qanadlarına bənzər zəriflik, incəlik və kövrəklik, həm də ki, qəribə bir şuxluq təlqin edən hisslərinəmi görə, deyə bilmərəm. Bəlkə də Bahar şeirindəki bu poetik tapıntılar, orijinal deyim sövq etdi məni məhz onun baharlı, yazlı, ilıq duyğularından başlamağa:

 

Oyanır yuxudan bütün təbiət,

Yaşıl gözəlliyi gəlir dünyanın.

Səpərək hər yana min bir təravət,

Yaşıl baxışları gülür dünyanın.

Çiçək naxışını vurub düzlərin,

Şəlalə səsiylə dağları bəzər,

Günəş yaylığıyla qışın izlərin

Hər çöl-çəmənindən silər dünyanın.

 

Kəmalənin dünyamıza, insanlığa, bəşəriyyətə yaşam imkanı verən Ana təbiətə, Odlar yurdumuza, Azərbaycana və Azərbaycan xalqına, böyük türk millətinə sonsuz sevgi və məhəbbətlə naxışlanan poeziyası özlüyündə mənəvi-əxlaqi, tərbiyəvi-didaktik bir məktəbdir. XX əsrin reallıqları, xalqımızın milli müstəqillik, azadlıq uğrunda mücadiləsi və Azərbaycanın üzləşdiyi növbəti, daha ağır, daha dəhşətli sınaq Qarabağ müharibəsi ədəbiyyatımıza da sirayət etdi. Şair və yazıçılarımız günün reallıqları ilə, dövrün ab-havası ilə yaşayaraq müharibəni və onun doğurduğu problemləri qələmə aldıqları əsərlərdə bədii-poetik ampulada əks etdirməyi özlərinin vətəndaşlıq borcu saydılar. Kövrək duyğular şairi kimi tanıdığımız Kəmalə xanımın da Qarabağ dərdi şəxsi dərdinə, ağrısına çevrildi. Xalqın taleyində tarixən, zaman-zaman yol verilmiş səhvlər incə qəlbinin nisgilinə, ürəyində möhnətə, qəm yükünə, sinəsində sağalmaz yaralara döndü. Təbrizdi, Dərbənddi, Laçındı, Şuşadı, 20 Yanvardı, Xocalıdı, Ağdamdı, Kəlbəcərdi bu dərdlərin adı:

 

Oyan bir gör sinəmdəki dağları,

Öz səsinlə ol dərdimə həyan bir.

Qarabağım qalıb yadlar əlində,

Nə yatmısan, sarı bülbül, oyan bir.

Təbriz boyda, Dərbənd boyda yarayam,

Vallah, yoxdu bu halımı duyan bir,

Laçın dərdli, Şuşa dərdli harayam,

Nə yatmısan, sarı bülbül, oyan bir...

 

Cəmaləddin Əfqani deyib ki, millətdən kənar xoşbəxtlik yoxdur. Bəlkə də Kəmalənin qəlbindəki və şeirlərindəki həzin kədər Vətənim Anam mənim dediyi qədim odlar yurdunun elə bu sinə dağlarından qaynaqlanıb. Çünki xalqın sevilən şairi o kəslər olur ki, onun sevincinə sevinib, kədərinə kədərlənsinlər, qəminə şərik çıxsınlar. Müharibə onun üçün insanlığın faciəsidi, insanların bir-birinə xəyanətidi və bu xəyanətlərin nəticəsində

baş verən ölüm yağışı, dünya okeanına sığmayan göz yaşıdı. Ancaq bu göz yaşlarının axmasına səbəb olan dünyanın ən modern silahları belə onun bircə damlasına dəyməz. Şairin qənaətinə görə, axıdılan bir damla göz yaşı, bircə qətrə insan qanı bəşəriyyətin edə biləcəyi ən böyük günahdı... Müharibənin övladı ölüm və nifrətdir, müharibə ölüm və nifrət doğur və nə qədər acıvericidır ki, doğulan bu övlad heç kəsə sevinc deyil, dərd, kədər gətirir. Müharibə həm də ölən sevgilərdi... Ancaq qəribədir ki, Kəmalə xanım üçün insanın içindəki sevginin boğulmasından-öldürülməsindən də dəhşətli qəlbində nifrətin doğulmasıdı, çünki boğulan-ölüm hokum verilən sevgilər özü ilə bərabər insanın ümidini də öldürmür, ancaq içində doğulan nifrət ümidi öldürür və nifrət, məhz ölən ümidlərdi. O, Yer üzündəki bütün xalqların, insanların ürəklərinin nifrətlə deyil, sevgi ilə, sevinc duyğuları ilə dolmasını istəyir, çünki bu zaman ömürlər də sevgi, sevinc, fərəh duyğuları ilə boyaboy dolu olardı...

Vətəndaş şair üçün doğulduğu yurd, Azərbaycan gözlərinin qarası, həyatının mənası, anasının anası, igidliyin sarsılmayan qalası, azadlığın sədası, qalibiyyət dünyasıdır. Vətən bir nəğmədi onun üçün, dodaqları hər an bu nəğməyə möhtacdı, Vətən bir ağacdı, o isə budağı, budaqdısa yarpağı, hər daşı, torpağı, kiçik bir zərrəsidi...Vətənə gərəksiz yaşamaq həyat deyil, bu Vətən daşı üçün zülmdü, işgəncədi:

 

Bir sinəyəm, sənsən vuran ürəyim.

Bir ürəyəm, sənsən arzum, diləyim,

Yaşayaraq yaşamıram əgər mən,

Ey Vətənim, olmaramsa gərəyin.

 

Şairin Vətən sevgisini hayqıran əsərlərində, xüsusilə Şəhidlər xiyabanı lirik poemasının Vətən bir də doğulmur hissəsində həm də aramsız çalınan həyəcan təbilinin sədalarını eşidirik. 1990-cı ilin müdhiş 20 Yanvar faciəsinin baş verdiyi gündən etibarən hər il Ümumrespublika hüzn günü kimi qeyd olunan və Şəhidlər xiyabanına axışıb sanki milli istiqlalımız uğrunda şəhid olmuş igidlərimizin qarşısında borcunu verən minlərlə soydaşını bir anlıq ayaq saxlayıb düşünməyə, olub-keçənlərdən nəticə çıxarmağa səsləyir... və özü də maraqlı, həm də ibrətamiz bir nəticəyə gəlir. Gözlərindən kədər yağan, nigaran, yaralı ruhları haray salan şəhidlərin dili ilə illərdən bəri bu xiyabana axışan insan selinə üz tutur və qəlbindən keçənləri dilinə gətirərək deyir ki, siz ey insan axını, ünvanı səhv salmısınız. Şəhidlər xiyabanının üzərindən Şəhidlər adını götürün, çünki Şəhidlər xiyabanı Ağdamdı, Şuşadı, Laçın, Qubadlı, Zəngilan, Xankəndi, Xocalı, Kəlbəcərdi. Və hələ neçə mahal, neçə şəhərdi... Tikə-tikə bölünmüş Vətənin hər tikəsi şəhiddi. Vətəni şəhid olan oğullarsa şəhid olmur, şəhid yurdun, torpağın igidi olmaq olmur. Bizlər dünyanın harasında məskunlaşsaq da, sığınacaq bulsaq da bir də doğularıq, ancaq ölən Vətən bir də doğulmur. Şəhid Vətənin qızı olmaq istəməyən şairin düşüncələri nə qədər qəlb yandıran, ürək yaxandır. O, məzardan-məzara, qəbirdən-qəbrə adladıqca hər birisi ilə bərabər ölüb-dirildiyi şəhidlərin kədərli və qəzəbli baxışlarının harayına qoşulur, dözümə qarşı üsyan edir, dözümdən üz çevirənləri, dözə bilməyənləri səsləyir Vətəni şəhidlikdən qurtarmağa, Şəhidlər adını özümüzə qaytarmağa...

Şair Kəmalə 26 faciəli fevral gününü, 8-i may, daha neçə-neçə işğal günlərini heç sevmir, çünki onun yaddaş dəftərində işğal - məğlubiyyət, faciədi, fərqi yoxdu bu günlərin adı nədi... Onun şeirlərindəki həzinlik, incə bir kədər daim düşündürür səni... Təbiətən saf, təmiz insan olduğundan bu cəhətlər misralarından da apaydınca görünür. Sanki zirvələrin bəyaz qarı, bulaqların göz yaşı kimi dupduru, şəffaf suyudu duyğuları, damla-damla süzülüb şeirlərinə. Bu duruluq, şəffaflıq içərisində bir Ana obrazı, hər hərəkəti, əməli və ümman sevgisiylə bu anaya layiq olmağa çalışan fədakar bir övlad və məsum bir körpə, qayğısız, dünyanın möhnətindən xəbərsiz, arın-arxayın, ümmanlara sığmayan ana məhəbbəti, mehri, şəfqəti içində böyüyən bir qızcığaz obrazı boylanır. Ömrünü şam tək övladlarının yolunda əridən, günlərini saçlarına qonduran, bütün arzusu, diləyi övladını xoşbəxt, qəmsiz-kədərsiz görmək olan, hər anını, gününü məhəbbətə bələyən, ürəyini bütün dünyanın, insanlığın evinə döndərən bu Ana obrazı sevimlidi, əzizdi!

 

Ana ürəklərin sönməz ocağı,

Bəşəri qızdırır yanar odunda,

Ən güclü arxadır ana qucağı,

Dünya təzələnir ana adında.

 

Qəlbini Günəşə döndərib canının bir parçası üçün yandıran ananın övladı da onun yolunda, bu intəhasız sevginin uğrunda gözlərinin qarasından, canından keçər. Yuxusuz gecələrdə beŞiyinin başında çəkdiyi əzabların əvəzini, müqəddəs ana borcunu bircə zərrə belə qaytarmaq üçün bütün fədakarlıqlara hazırdır. Səsinin, isti nəfəsinin, laylasının, məhəbbətinin həsrətini çəkən bu övlad ona dünyanı bağışlayan varlığın ayaqlarını belə gözü üstə bəsləməyə, ömürlük səcdəsində durmağa, onuntək yanmağa, ömrünü belə qurban etməyə, ancaq dərd verməməyə hazırdır:

 

Bircə nəğmə belə dinləməsəm mən,

Möhtacam ömürlük könül laylana.

Qəlbimi səcdənə gətirərəm mən,

Ömürlük səcdəndə duraram, ana!

Sənə dərd olmasa, ay ana, inan,

Ömrümü, günümü sənə verərdim.

Gözünün nurunu itirən anam,

Gözümün nurunu sənə verərdim.

 

Kəmalənin ata və ana, dünyamıza insan fərəh, sevinc gətirən müqəddəs varlıqlar arasında apardığı poetik paralellər, obrazlı müqayisələr də son dərəcə maraqlıdır, cəlbedici, ibrətamizdir. Ana körpəsinin beşiyinə dünyanı sığışdıra bilir, balası ata qucağındaykən elə qüdrətli olur ki, bu dünyanı özünə oyuncaq sanır:

 

Ana beşik üstə şam kimi yanar,

Bir beşiyə sığar onunçün cahan.

Dünyanı özünə oyuncaq sanar

Körpə atasına sığınan zaman...

 

Kəmalənin poeziyasındakı kövrəkliyin, həzinliyin, nisgilin mayasından bir kədər, gecə, sükut obrazı da rişələnib. Tənhalığı sevdiyindənmi, öz-özü ilə, daxili Mənilə baş-başa qalmağı xoşladığındanmı, göz yaşını- könül yağışını, təkliyinin yoldaşı, sevinc və kədərinin yaddaşı, ürəyinin sirdaşı deyib əzizlədiyindənmi, ən əsası yaşamaq istəyi və yaşamının qaynağı olduğundanmı yaranıb bu orijinal obraz? Kəmalənin poeziyasında tərtəmiz bir sevgi dünyası da qurulub. Bu dünyanın sakini sevib-sevilənlər, ilk sevgi oxu daşa dəyənlər, unudulanlar, unudanlar və unuda bilməyənlər, unutqan olmayanlardı:

 

Elə bil zamandan xəbərim yoxdu,

Ağaran saçımdan xəbərim yoxdu,

Görəsən illərin nədir günahı?

Mən səni unuda bilmədim axı...

 

Onun insan qəlbinin ən sirli, möcüzəli, sehrli və şirin duyğularını ifadə edən sevgi şeirlərində özülü qışqıran, vulqar məhəbbətdən deyil, abır-həyaya sığınmış tərtəmiz sevgidən qoyulmuş bir dünyanın qurulduğu hiss olunur, duyulur. Bu şeirlərdə bir utancaqlıq, ləyaqət, ismət görünür. Unutqan, vəfasız sevgilisini qınadığı, həzin, kövrək sevgi etiraflarının yer aldığı şeirlərində belə etika, yüksək mədəniyyət, təbii bir səmimiyyət özünü büruzə verir. Bu böyük məhəbbətə, həqiqətə arxalanır Kəmalə xanımın özü də...

 

Esmira Fuad

ədəbiyyatşünas

 

Xalq cəbhəsi.- 2017.- 8 fevral.- S.14.