Azərbaycan Türklərinin mifologiyası

 

1-ci yazı

 

Qafqazın türkdilli əsas etnosunun mifoloji düşün-cəsinin genezisi və evolyusiyasının öyrənilməsi günümüzün aktual məsələlərindən biridir. Tədqiqatın predmeti, eləcə də problemin qoyuluşu onunla şərtlənir ki, Azərbaycan xalqının tarixi kökləri, ilkin təsəvvürləri, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcı əhatəli siyasi-ictimai fəaliyyət dairəsində hələ də sirli qalır və folklorşünaslıq baxımından hərtərəfli araşdırılmayıb. Ənənəvi mədəniyyətin arxaik elementləri ədəbiyyatşünaslığın bir sıra nəzəri problemlərinin, xüsusilə genezislə bağlı məsələlərin həllində əsas mənbədir. İbtidai inancların təhlili mifoloji görüşlərin, eləcə də digər ilkin düşüncə formalarının tarixini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir.

Yunan dilində “mythos”, almanlardamythe”, ingilislərdə “myth”, fransızlarda “mythe”, ruslarda və azərbaycanlılarda “mif” şəklində işlənən sözün hərfi mənası “rəvayət”, “əhvalat” deməkdir. Mif termini beynəlxalq aləmdə əsəsən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı yolla əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır. Mifin sintaqmatik vahid olaraq gerçəkləşməsi təsadüfən baş verir. Mif mənanın paradiqmasına çevriləndə (mətn mədəniyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi mədəniyyət abidələri və s. ilə bir sırada) birinciikinci anlamlar arasında cüzi fərqlər üzə çıxsa da, miflə mifologiyanın eyniliyi inkar edilmir. Ona görə ki, mifologiya sintaqmatik (təsviredici) vahidlərin - miflərin sistemi kimi başa düşülür. Mifologiya termini isə üç anlamda işlənir: birinci, mifologiya - hər hansı bir tarixi-mədəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; ikinci, mifologiya - dünyanı dərk etməyin xüsusi formasıdır, düşüncə şüur hadisəsidir (mənaların paradiqması). Bu hallarda mifologiyanın mənası mif anlamına yaxınlaşır, hətta onun paradiqmatik aspekti ilə eyni olur. Üçüncü, mifologiya - mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir. Məşhur nəzəriyyəçi alim A.Bayburin də göstərir ki, mifin birinciikinci mənaları ilə mifologiyanın birinciikinci mənaları üst-üstə düşdüyündən bu terminlər həmin mənalarda sinonimlər kimi işlədilir.

Mifin (yaxud mifik zamanın) qurtardığı, bitdiyi yerdən tarix başlayır. Lakin mifoloji görüşlərsiz heç bir xalqın qədim tarixi və mədəniyyəti yoxdur. Ona görə ki, arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır. Mif, ritual, adət-ənənələr və inanclardan doğan mərasim nəğmələri müxtəlif yönlü etnik prosesləri tənzimləməklə yanaşı, xalqın özünü müəyyənləşdirərək tarixi proseslərdə yer tutmasında xüsusi rola malik olur. AMEA-nın müxbir üzvü A.Nəbiyevin sözləri ilə desək, “dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşüncəsində özünəməxsusluqlarla şərtlənsə də, onun bədii təfəkkür üçün ümumi olan cəhətləri və xüsusiyyətləri də vardır. Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerinionun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün ən mötəbər mənbələrdəndir.”

Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə gələni isə mifoloji düşüncədir. Bu sıraya mərasimlər, bayramlar, adətlər – mədəni irsin başqa arxaik atributları da daxildir. Lakin dünyanı dərketmədə əldə olunan ilkin nəticələr köklə – çox dərin qatlarla bağlandığından əsas meyar rolunu miflər oynayır. Mədəniyyətin ən arxaik əlamətlərinin və elementlərinin kompleks şəkildə Azərbaycan dünyanın ilkin insan məskənlərindən biridir. Azıx mağarasında, Gəmiqaya və Qobustan qayaüstü «rəsm qalareyaları»nda daş dövrünün, Şəki, Naxçıvan, Qazax, Mingəçevir, Qəbələ, İsmayıllı və digər bölgələrdə aparılan arxeoloji qazıntılarla tapılan əşyaların arasında, açılan kurqanlarda tunc, mis və erkən dəmir mərhələsinin yaşayış tərzinə, adət-ənənələrinə, mərasim (xüsusilə dəfn) və bayramlarına aid maddi və mədəni dəlillərə rast gəlirik. Müxtəlif rituallarda istifadə olunan məişət əşyaları, simvolik quruluşlu qablar, ov alətləri, geyimlər, bəzək şeyləri, silahlars. tarixi keçmişin elə tutarlı qalıqlarıdır ki, xalqın eyni məkanda keçdiyi uzun yolda dünəni ilə bu günü arasında körpü funksiyasını yerinə yetirir. Ulu əcdadın üç-dörd min il əvvəlki dövrlərə aid kəllə skletinin antropoloji cəhətdən müasir Azərbaycanın əsas əhalisinin kəllə sümüyünün quruluşu ilə eyniyyət təşkil etməsi və qədim etnoqrafik elementlərin hal-hazıradək ucqar kənd camaatının məişətində eynilə təkrarlanması, əksər qədim inancların, adətlərin müasir toplama mətnləri ilə üst-üstə düşməsi onu deməyə haqq qazandırır ki, bu diyarın sakinləri çox əski çağlardan Qafqaz dağlarının ətəklərini, KürAraz çaylarının sahillərini özlərinə yurd yeri seçib, qonşu etnoslarla tarixi-mədəni əlaqələr zamanı onlarla qaynayıb-qarışsa da, öz kökünə aid ümdə xüsusiyyətləri miflərində, ritual, inanc və adət-ənənələrində qoruyub saxlayıb. Azərbaycan türklərinin miflərinin bərpası, sistemləşdirilməsi, mənşəyi, dünya görüşləri sırasında yerirolunun, eləcə də rituallarla sintezdə olub şifahi epik ənənənin yaranmasına və inkişafına təsirinin öyrənilməsi məhz bu mənada aktual məsələlərdən biridir.

Beləliklə, «Azərbaycan türklərinin mifologiyası» adı altında aşağıdakılar nəzərdə tutulur: bu ad, ilk növbədə, Azərbaycan xalqının təşəkkülündə əsas rol oynamış, QafqazdaQafqaz ətrafında yaşamış prototürklərin mifologiyasını, həmçinin ümumtürk mifoloji mətnlər sistemində Azərbaycan türklərinə məxsus mətnləri nəzərdə tutur. Ümumilikdə, «Azərbaycan türklərinin mifologiyası» dedikdə, Azərbaycan xalqının təşəkkülü və formalaşmasının etnik əsasında duran qədim türk tayfalarının mifoloji sistemi nəzərdə tutulur.

Tədqiqatda əsas məqsəd Azərbaycan türklərinin mifologiyasını metasistem daxilində ayrıca sistem kimi müəyyənləşdirmək, onu bəşər oğlunun mənəvi aləminin bünövrəsi, başlanğıcı kimi göstərməkdir. Azərbaycan türklərinin mifoloji düşüncəsinin genezisinin araşdırılmasında müəllif sistemli üsula əl atır. İndiyədək folklorşünasetnoqraflar mifoloji silsiləni onun antik yunan və qədim Şərq mifoloji modelləri ilə uyğunluğuna əsaslanıb üzə çıxarırdılar. Onlardan fərqli olaraq, burada hər bir məhdud dairədəki ənənəyə yeni sistem, daha doğrusu, yerli ənənələr sistemi kimi baxılır, sonra digər inkişaf etmiş dünya xalqlarının analoji hadisələri ilə tutuşdurulub, müqayisələr aparılır. Məsələyə bu cür yanaşma mifoloji strukturların ümumi qanunauyğunluqlarını müəyyənləşdirir, genezis və evolyusiyanı şərtləndirən amilləri meydana gətirir.

Azərbaycanda miflərə marağın tarixi çox qədim olsa da, onların araşdırılmasına son dövrlərdə başlanılıb. Məhəmməd Füzuli onu «tanrı elmi» kimi qələmə verib. Mirzə Kazım bəy (1802-1870) «Firdovsinin əsərlərində fars əsatiri» məqaləsində” («Severnoe obozreniye» jurnalı, 1848) İran ərazisində yaşayan qədim xalqların, o cümlədən azərbaycanlıların əsatirlərinin əsas mənbələrini atəşpərəstlik görüşləri ilə əlaqələndirərək göstərir ki, mif insanın real, təbii və ictimai hadisələri dərkindən başqa bir şey deyil.

XX yüzilliyin əvvəllərində mif, ritual və nağılların tədqiqi sahəsində Y.V.Çəmənzəminli böyük işlər görüb. O, bir tərəfdən mif mətnləri əsasında özünün bədii əsərlərini («Qızlar bulağı»), digər tərəfdən dünya elmində bu sahədə aparılan araşdırmalarla Azərbaycan ictimaiyyətini tanış edən elmi məqalələr yazıb, eləcə də əski görüşlərə söykənən folklor nümunələrinin tarixi köklərini müəyyənləşdirməyə çalışıb. Sonralar mifoloji görüşlərin mövcudluğu haqqında V.Xuluflu, B.Çobanzadə, H.Əlizadə, Ə.Axundov, H.Araslı, Ə.Dəmirçizadə, N.Seyidov və M.H.Təhmasib də maraqlı mülahizələr irəli sürüblər. Lakin Mirzə Kazımbəylə alovlandırılan «mifoloji məşəl» Y.V.Çəmənzəminli və başqaları tərəfindən çox ağır şəraitlərdə qorunub saxlansa da, bu alov repressiya illərində (1937-1939) tamam söndürülüb, xalqın əski görüşlərindən danışanlar «pantürkist», «panislamist» damğası ilə həbsxanalara salınıb, Azərbaycan mifologiyasının öyrənilməsinə qoyulan «mədəni yasağ»ın nəticələrindən doğan qorxu xofu isə uzun müddət ürəklərdən getməyib.

Keçən əsrin 60-ci illərinədək Azərbaycanda mifologiya, əski rituallarinanclara tarixdən, ədəbiyyat və mədəniyyət tarixindən bəhs açan dərsliklərdə ötəri yanaşılıb, ən yaxşı halda bəzi folklor toplularına bir-iki nümunə salınıb. M.Seyidovun çap olunan məqalələri və «Azərbaycan mifik görüşlərinin qaynaqları» (1983) adlı monoqrafiyası ilə bu sahəyə yenidən böyük maraq oyanıb. Onun tədqiqatlarında Azərbaycan türklərinin bəzi mifoloji obrazlarının (Oğuz, öləng, qam, Xızır, Kosa, keçi, varsaq, Qorquds.) mədəniyyət tarixində yerirolu öyrənilib, daha çox söz və ifadələrin miflər vasitəsi ilə etimoloji aspektdə izahına yer ayrılıb. M.Seyidov mifologiyanın müxtəlif problemlərinə aid zəngin yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti ilə məktəb yaradan alimlərdən biri kimi yadda qalıb. Ömrünün son illərində onun yazdığı monoqrafik tədqiqatları nəinki Azərbaycanda, ümumiyyətlə, bütün türk dünyasında hadisə kimi qiymətləndirilib.

Dünya xalqlarının mifoloji sistemləri sırasında Azərbaycan türklərinin ibtidai dünyagörüşünün özünəməxsusluğunu göstərməyə çalışan A.Şükürov «Dədə Qorqudun mifologiyası» monoqrafiyasında eposun mifoloji qatlarına nüfuz edib, ayrı-ayrı boyların süjet xəttindəki hadisələrdə və obrazlar silsiləsində mifoloji əlamətlərin şərhini verib. A.Nəbiyevin araşdırmalarında isə Azərbaycan miflərinin iki istiqamətdən (türk-oğuzMidiya-İran) gəldiyi irəli sürülüb. Keçən əsrin 80-ci illərində A.Acalov Azərbaycan türklərinin mifoloji mətnlərini toplayıb tərtib edib, 90-cı illərdə M.Məmmədov Azərbaycan miflərinin mətnləri əsasında namizədlik dissertasiyası müdafiə edib. A.Şükürov 1995-2002-ci illərdə dünya xalqlarının mifologiyasına on cildlik əsər həsr edib.

 

Ramazan Qafarlı

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq cəbhəsi.- 2017.- 15 fevral.- S.14.