EPOSDAN ROMANA DOĞRU

 (“Qarlı aşırım”da epos ənənələri)

 

1-ci yazı

 

“Kitabi-Dədə Qorqud” eposunda tarixin ən dərin qatlarını işarələyən kifayət qədər zəngin hadisə var, lakin hadisənin təfsilatı yoxdur. Bu mənada milli roman eposdan gələn tarixi xarakteri sosial tərəfi ilə bərabər, psixoloji dərinliyində açmağa hesablanır. “Qarlı aşırım”da qəhrəmanın görüşə silahsız getməsinin səbəbləri barədə düşünmək lazım gəlir. Eposda bu tayfa birlikləri arasındakı münasibətlərin sıcaqlığından, qəhrəmanın dəvət aldığı tərəfə inamından qidalanır. Digər tərəfdən, silahsız gediş yazılmamış qanunların gücünə inamdan doğur. “Aldayuban ər tutmaq” epos qəhrəmanının düşüncəsindən belə keçməz. Buna görə də Beyrək Alp Aruzun onu öldürmək istəməsindən çox, namərdliklə, əliyalın, başqa sözlə, ucuz ölümlə öldürmək istəməsindən qəzəblənir:

 

Aruz, mana bu işi edəcəgin bilsəydim,

Qaraqucda Qazlıq atıma binərdim!

Əgni bərk dəmir tonım geyərdim!

Qara polad üz qılıcım belimə bağlardım!

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, ortada nə qədər inam, etibar olduğunu, aldadılacağını ağlına gətirməyin imkansızlığını da qəbul etsək belə, Beyrəyin çağırışa silahsız, hazırlıqsız getməsi çətin başa düşülür. Üstəlik qırx igidlə birlikdə getdiyini nəzərə alsaq, Beyrəyin bu görüşə qılıncsız-qalxansız getməsi inandırıcı səslənmir və Oğuzun cəmiyyət qanunları ilə də bir araya sığmır. Ancaq bu məqamda məsələ bu deyil. Cəngavərlik qanunu igidi silahsız təsəvvür edə bilmir. Bu qanun nəinki eposda, eləcə də XX əsrin romanında da öz gücündə qalır. Bununla bərabər, biz Abbasqulu bəyin də Kərbəlayı İsmayılla qorxulu bir görüşə silahsız getdiyini görürük. Mərdlik qanunu silahsız adamlara əl qaldırmağı yasaq edir, digər tərəfdən də keçmişdə Abbasqulu bəyin Kərbəlayıya böyük hörməti keçib, aralarında sonsuz ehtiram var. Ancaq Abbasqulu bəyin görüşə silahsız getməsinin kökündə tamam başqa motiv dayanır. Əslində, Abbasqulu bəy həmişə “ehtiyat igidin yaraşığıdır” prinsipi ilə hərəkət edib, hətta evinin qapısı belə döyüləndə onu açmağa hazır vəziyyətdə gedib. Abbasqulu bəyin görüşə silahsız getməsi mövcud situasiyanın yaratdığı məcburiyyətdən doğur. Bütün hərəkətləri ilə inqilabı simvollaşdıran Talıbovun təkidləri ilə Abbasqulu bəy silah götürmür. Halbuki Abbasqulu bəy bu məqamda silahsız getməyi, ortada nə qədər hörmət-ehtiram olsa da, ağlına belə sığışdırmır. Şabanzadənin “hazırlığınızı görün” təklifinə Abbasqulu bəy öz xəyalında aşağıdakı kimi reaksiya verir: “Hazırlaşmağa nə vardı ki... Qundağını güllə parçalamış beşatılanı var, qayışını çiynindən aşırdığı taxta qoburlu onaçılanı da zağlıdır... Silahlanıb atların başını buraxacaqlar, vəssalam!”.

Abbasqulu bəy silahsız gedişi başlanğıcda Kərbəlayı ilə arasında olan ehtirama bağlamaq istəyir. O, özünə – keçmiş bəyə hökumətin inamsızlığı motivini yaxına buraxmaq istəməsə də, hadisələrin gedişində yolunda can çürütdüyü inqilabın ona sona qədər etibar etmədiyini, silahsız getmək haqqında təkidlərin də buradan doğduğunu başa düşür. Daha doğrusu, Kərbəlayının adamlarından biri “Zəmanəyə bax də. Abbasqulu bəy də silahsız gəzərmiş, onun da tüfəngini əlindən alarmışlar” deyəndə Abbasqulu bəy ayılır. Məsələnin məğzi, əsl mahiyyəti ona indi çatır.

Abbasqulu bəy silahının əlindən alınmasına əvvəlcə təhtəlşüur müqavimət göstərir, bir az da bunu Talıbovun xarakterindəki xoşagəlməz mürəkkəbliklə bağlayır. Sus¬mağa üstünlük verir. Lakin müəllif igidin silahının əlindən alınmasına başqa məna verir. Talıbovun “hamınız silahsız gəzəcəksiniz” sözləri sovet hökumətinin qəhrəmanlıq kultuna sitayişə son vermək qərarının ifadəsi kimi səslənir. Bu məqamda igidin silahı milli özgürlüyün, şəxsiyyətin azadlığının və gücünün simvolu kimi mənalanır. Talıbovun “İsti silahları təhvil verin!” hökmü bu azadlığın sonunun gəldiyini işarələyir. Diqqətimizi belə bir cəhət xüsusi cəlb edir ki, “hökm”ün icrası müqavimətlə qarşılanır. Kərbəlayının evində qoca kişinin Talıbovun “hökm”ü müqabilində “Ümid ol, bala, tez görərsən. Papağı yerə qoyarıq, tüfəngi yox!” deməsi hökumət-xalq qarşıdurmasında milli həyat qanunlarının davamlılığını və müqavimət gücünü göstərir. Kərbəlayının qardaşı Vəlinin öz beşaçılanını Abbasqulu bəyə təklif etməsi sovet hökumətinin “parçala və hökm sür” siyasəti müqabilində milli varlığın birləşə, bütövləşə bilmək potensiyasını işarələyir.

Akademik T.Hacıyev Beyrəyin ölümünü dünya ədəbiyyatındakı ən təsirli ölümlərdən biri hesab edir və məsələni belə qoyur ki, “bədii ədəbiyyatda belə təsirdə igid ölümünü yalnız bayatılarda görmüşük”. Beyrəyin ölümünün “dünya ədəbiyyatındakı ən təsirli ölümlərdən biri” olduğunu da, igid ölümünün bayatılarda əksini tapan yanğılı ifadəsini də elmi həqiqət kimi qəbul edirik. Bununla bərabər, iddia edirik ki, Beyrəyin ölüm səhnəsindən də yanğılı bir ölüm səhnəsi “Qarlı aşırım”da verilib və yuxarıda qeyd etdiyimiz kimi, bu, Abbasqulu bəyin öldürülməsi ilə bağlıdır. T.Hacıyev haqlı olaraq Beyrəyin ölümünün Oğuz cəmiyyətinə təsirini “div ürəkli Oğuz bəyləri”nin hadisəyə hüdudsuz yanğılı münasibəti ilə arqumentləşdirir. Beyrəyin ata-anasının, “qaza bənzər qız-gəlini”nin, “qara geyinib, gög sarınan” dostlarının dəhşətli yaşantılarını da buraya əlavə etsək, qəhrəmanın ölümü ilə bağlı müsibətli mənzərəni tam təsəvvür etmək olar. Lakin bu müsibətə münasibətdə sanki çatışmayan bir detal var: Beyrəyin atının baş vermiş müsibətə münasibəti. Başa düşürük ki, eposla bağlı tədqiqatlarda at-igid, at-qəhrəman əlaqələri daha çox igidin öz atı¬na münasibəti şəklində araşdırılıb. Şübhəsiz ki, bu tendensiya, ilk növbədə, eposun öz mətnindən istiqamət götürür. Tədqiqatlarda xüsusi vurğulanır ki, “Kitab”ın hər bir boyunda at yüksək qiymətləndirilir. Məsələn, “Beyrək Boz ayğırın alnını açıq meydanlara, gözlərini gecə çırağına, yalını yumşaq ipəyə, qulaqlarını iki qoşa qardaşa bənzətməklə kifayətlənmir, onu qardaşından və yoldaşından artıq hesab edir, köksünü qucaqlayır, iki gözündən öpür”. Eposda atın “qardaş”, “oğul”, “sədaqətli dost” statusu daşıması haqqında əsaslı arqumentlər də tədqiqatlarda özünə yer tapır. Bu barədə eposda qəhrəmanların dilindən səslənən və atın qəhrəmanın taleyindəki yerini önə çəkən kifayət qədər fakt göstərmək olar. Ölüm ayağında Beyrəyin öz atı ilə bağlı düşüncələri və onun cənazəsinin öz atının üstündə aparılıb ailəsinə təhvil verilməsi Oğuz cəmiyyətində atın qəhrəmanın həyatında tutduğu böyük rolu işarələyir.

Beyrək Oğuz igidlərinə üz tutub vəsiyyətini edir. Bu vəsiyyətdə Beyrəyin öz atına münasibətdə maraqlı bir məqam diqqəti çəkir. Beyrək deyir: “Ağ-boz atumın quyruğını kəsin”. Beyrəyin bu istəyinin mənası nədir? Prof. Ə.Tanrıverdi görkəmli qorqudşünas Q.Ş.Gökyayın mənbələrə istinadən bu hərəkətin mənasını “yas əlaməti” kimi mənalandırdığını yazır: “Burada O.Ş.Gökyayın mənbələrə istinadən söylədiyi bir fikri xatırlatmaq yerinə düşür: Yas əlaməti olaraq “at quyruğunu kəsmək” yerinə “bağlamaq və yaxud örmək” də var”. Atın quyruğunun kəsilməsi ilə bağlı bu mənalandırma bizə məntiqi görünmür və XII boyda baş verən hadisələrin mahiyyətini işarələmək gücündə deyil. Ancaq Orxan Şaiqin izahında bir maraqlı məqam diqqəti cəlb edir. O yazır: “Rəvayətə görə, Beltin türkləri əski zamanlarda ölünün sevdiyi atı yəhərləyib əşyalarını üzərlərinə bağlayardılar. Sonra atın quyruq və kəkilini qadın saçı kimi hörər və öldürüb məzarının üzərinə buraxarlardı”. Fikrimizcə, “atın quyruğunu kəsmək”lə “atın quyruğunu və kəkilini qadın saçı kimi hörmək” fərqli məsələlərdir və ayrı-ayrı məqsədlərə xidmət edir. Düşünürük ki, “atın quyruq və kəkilini qadın saçı kimi hörmək” igidin, qəhrəmanın dəfn mərasimi zamanı keçirilən və çox qədim inanclardan xəbər verən bir aktdır. Tədqiqatlarda özünə yer tapan “bahadırla onun atının doğulması və ölməsi motivi də türk dastanlarında geniş yayılıb” (Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı. 1996, s.110.) qənaəti də bunu təsdiq edir. Ona görə də konkret olaraq “Kitabi-Dədə Qorqud”da özünə yer tapan “ağ-boz atımın quyruğını kəsin!” motivini “atın quyruq və kəkilini qadın saçı kimi hörmək” motivindən ayırmaq lazım gəlir.

“Dədə Qorqud Kitabı”nda baş verənlərin əski türk inancı ilə əlaqəsi var, ancaq transformasiyaya uğramış şəkildə. Əski türk inancında qəhrəmanla birlikdə onun atının da öldürülməsi tabudur. Onun əsasında ənənədən gələn hökm dayanır və hökm müzakirə olunmur, danışıqsız yerinə yetirilir. Eposda da qəhrəmanın ölümü nəticə etibarı ilə atının ölümünə gətirib çıxarır. Qeyd edək ki, eposda qəhrəmanın ölümü ilə bağlı atının taleyi məsələsi dörd boyda öz əksini tapır. Uruz bəyin dustaq olduğu boyda, Dəli Domrul boyunda, Səyrək boyunda və Beyrəyin öldüyü boyda. İki boyda – Uruz bəyin dustaq olduğu boyda və Səyrək boyunda qəhrəmanın ölümündən sonra atının taleyi eyni cür həll olunur. Hər iki boyda qəhrəman “ayğır atım boğazlayıb, aşum versün! (vergil)” deyir. Qəhrəman onun taleyi ilə birbaşa bağlı olan insanlarla bərabər, atının da gələcək taleyinə maraq göstərir. Bu boylarda qəhrəmanın atının taleyi ilə bağlı verilən qərar, doğrudan da, əski türk inancındakı qəhrəman öləndən sonra atının da öldürülməsi ayini ilə yaxından səsləşir. Qəhrəmanın atının öldürülməsi çox güman ki, dini-mifoloji sistem olan türk tanrıçılığındakı ölüb-dirilmə inancı ilə bağlıdır.

Əgər yada salsaq ki, əski türk inancında qəhrəmanın atını “yəhərləyib əşyalarını üzərinə bağlayandan” sonra “öldürüb məzarının üstünə buraxarlar”mış, onda ölüb-dirilmə aktının qəhrəmanla birlikdə atın da diriləcəyi və yenidən qovuşacaqlarına inamı işarələdiyini düşünmək olar. Lakin eposda türk tanrıçılığından gələn bu inanc İslam dininin mərasim ayinlərinə transformasiya olunub. Qəhrəmanın ölümü ilə bərabər onun atının da öldürülməsində gerçəkləşən ölüb-dirilmə inancı qəhrəmanın ölümü münasibəti ilə ona öz ayğırının ətindən ehsan vermək şəklində təzahür etmişdir. Tədqiqatlar təsdiq edir ki, türk tanrıçılığında “qurban kəsmə” mərasimi də olub və bu zaman kəsilən heyvanın erkək cinsindən olması mütləq şərt kimi çıxış edirdi. A.Acaloğlu yazır: “Qurban kəsilən heyvanlar ağ rəngli, amma qara başlı erkək quzular olurdu”. Bu zaman qəhrəmanın ölümü münasibəti ilə məhz “ayğır atım boğazlayub aşum versin” ifadəsində xüsusi vurğulanan atın ayğırlığının mənası da tam anlaşılır. Nəhayət, mifologiyaya dair tədqiqatlarda “qəhrəmanlıq dastanlarının tanrıçılıq görüşləri ilə” bağlılığının (A.Acaloğlu) xüsusi şəkildə vurğulanması bu deyilənlərin inandırıcılığını bir daha sübut edir.

 

Təyyar Salamoğlu

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq cəbhəsi  2017.- 4 iyul.- S.14.