Musiqili Teatrın təbrizli aktyorlarla ortaq işi

 

Azərbaycan Dövlət Musiqili Teatrında 27 mart Beynəlxalq Teatr Günü qeyd edilib.

Bu münasibətlə Dövlət Musiqili Teatrının Təbriz Teatrı ilə birlikdə hazırladığı müştərək Beynəlxalq layihə olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub.

“Beynəlxalq Teatr Günündə təqdim etdiyimiz  “Bəxtəvər” şousu teatr ictimaiyyətimiz üçün bir sıra yeniliklərlə zəngindir. Bu musiqili, komik səhnə əsəri Təbriz Teatrı ilə birlikdə hazırladığımız Beynəlxalq layihədir. Mədəni turizmin inkişafına töhfə kimi reallaşdırdığımız bu layihə düşünürəm ki, çox uğurlu alındı. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılırdı. Təbrizdə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin baş rolu ifa etməsi “Bəxtəvər” tamaşasına İranda da böyük maraq yaratmışdı” deyə layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, layihənin əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir.

Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri (İran İslam Respublikası, Təbriz Teatrı), əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov (Azərbaycan Respublikası, Dövlət Musiqili Teatrı) ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru İran İslam Respublikasının teatr rejissorlarından biri olan Yaqub Sadiqcamali, quruluşçu dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu balaetmeysterləri əməkdar artist Zakir AğayevYelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstenti Elməddin Dadaşovdur.

 

Xalq cəbhəsi.- 2017.- 29 mart.- S.16.