“Allaha inanıram, amma xəstənin həyatı
mənim əlimdədir”
Mərkəzi
Klinik Xəstəxananın baş həkimi, tibb elmləri
doktoru, ürək-damar cərrahı Kamran Musayevin Publika.az-a
müsahibəsi (ixtisarla)
– Kamran bəy,
siz Amasiyadansınız, eləmi?
– Bəli...
–
Uşaqlığınız oralarda keçib?
– Demək
olar ki, 15 yaşıma qədər Amasiyada
yaşamışam...
– Bəs
necə oldu ki, cərrah oldunuz? Sizdən əvvəl
ailənizdə həkim olan vardımı?
– Mən
ziyalı ailəsində böyümüşəm. Atam mühasib olub, amma ədəbiyyata da meyilli idi.
Nizaminin “Xəmsə”sini əzbərə bilirdi.
Və bu əsərlər həmişə
atamın baş ucunda olurdu. Əmim isə
həkim idi, rayonda çalışırdı. Bu peşəni seçməyimdə məhz əmimin
böyük təsiri olub. Yadımdadır,
əmim kəndimizdəki xəstələrə kömək
edirdi. Onun işi və insanlara yardım
etməsi mənə çox təsir edirdi. Ona görə də ağlım kəsəndən
deyirdim ki, mən də həkim olacam.
– Azərbaycan Tibb Universitetini bitirmisiniz?
– İkinci kursa qədər Azərbaycan Tibb Universitetində
oxudum. 1992-ci ildə dövlətlərarası müqavilə
əsasında univeristetimizdə əlaçı tələbələr
seçildi, mən də daxil olmaqla, 10 nəfəri
İstanbul Universitetinə göndərdilər. Tibb təhsilimizi orada davam etdirdik.
– Digər
9 nəfər kimlər idi? Onlar da
tanınırmı?
– Məsələn,
plastik-rekonstruktiv cərrah Vaqif Qələndər, uroloq Vasif
İsmayıl, radioloq Rasim Bayramov, ortoped-travmatoloq Cəfər
Nəsirli və s. bizimlə birgə gedənlərdən idilər...
– Kamran bəy,
belə bir fikir formalaşıb ki, yaxşı bir həkim, cərrah
olmaq üçün mütləq xaricdə təhsil almaq
lazımdır...
– Bu fikirlə
qəti razı deyiləm. Məsələn, Azərbaycan
Tibb Univeristetini bitirmiş, mənim yanımda yetişən
bir çox cərrahlar var ki, ölkəmizin müxtəlif
klinikalarında yüksək səviyyədə
çalışırlar. Bizim ölkəmizdə
yetişmiş çox uğurlu cərrahlarımız var. Və
bunlar praktikada sübut da olunub.
–
Yaxşı ürək cərrahlarımız çoxdursa, bəs
niyə ehtiyac yaranan kimi imkanlı insanlar xaricə üz tutur?
– 2001-ci
ildə Mərkəzi Klinika fəaliyyət göstərməyə
başlayanda mən gənc bir cərrah kimi gəlib burada
çalışmağa başladım. Həqiqətən,
o zaman ölkəmiz və onun insanları üçün
ürək-damar əməliyyatları ağılabatan məsələ
deyildi. O zamanalar bu cür xəstələrimizin əksəriyyəti
qonşu ölkələrə və yaxud, başqa xarici
ölkələrə üz tuturdular. Mənə
ən pis təsir edən və məni əzən də o idi
ki, onlar nəyə görə xaricə üz tuturlar? Nəyə görə bu işlər
üçün ölkəmizdəki azərbaycanlı cərrahlara
müraciət olunmur?
Çox şükür ki, günü-gündən Mərkəzi
Klinika başda olmaqla, ölkəmizin digər kilinikalarında
bu işlər sürətlə inkişaf etdi. Bildiyiniz kimi mən
Azərbaycan Ürək-Damar Cərahiyyəsi Cəmiyyətinin
də sədriyəm. Bu gün Bakıda 10
mərkəzimizdə açıq ürək əməliyyatları
həyata keçirilir. Türkiyədən
və digər xarici ölkələrdən gələn
qonaqlarımız da çox olur. Onlar özləri də
etiraf edirlər ki, Azərbaycanda ürək-damar cərrahiyyəsinin
bu müddətdə bu qədər yüksək səviyyədə
inkişafı gözlənilmirdi...
– Məsələ
burasındadır ki, xaricə üz tutanlar adi adamlar deyil. Daha çox maddi cəhətdən imkanlı şəxlər
və məmurlardır. Onlar ürəklərini
yerli həkimlərimizə niyə etibar etmirlər?
– Yenə
deyirəm, 2001-2002-ci illərdə ürək xəstələrinin
əksəriyyəti xaricə gedirdi. Təkcə
varlılar yox, hətta sadə vətəndaşlar da həyatlarını
xilas etmək üçün xaricə üz tuturdu. Və deyim ki, haqlı idilər. Bu
gün isə tam məsuliyyətimlə deyirəm ki, ürək-damar
xəstəliklərinə görə xaricə getməyə
ehtiyac yoxdur. Çünki bu əməliyyatlar
Azərbaycanda da müasir dünyanın qəbul etdiyi
standartlarda icra olunur.
– Bəs
niyə Natiq Əliyevin ürəyindən ağrı tutanda
onu dərhal Türkiyəyə apardılar?
– Allah rəhmət
eləsin. Amma Natiq Əliyevə həmin anda
bütün ilkin müdaxilələr olunmuşdu.
– Konkret
olaraq, deyə bilərsinizmi, onu Türkiyəyə niyə
apardılar? Türkiyə tibbində nə var
ki, bizdə yoxdur?
– Bu
gün Türkiyədən də bəzi xəstələr
Amerikaya üz tutur. Eyni zamanada Amerikadan bu məqsədlə
başqa ölkələrə müraciət edənlər
var. Çünki sağlıq turizmi deyilən bir sektor
yaranıb. Bəlkə bunun etik tərəfi
də müzakirə oluna bilər, amma xəstələri bir
ölkədən digər ölkəyə daşıyan bu
sektor ticarətlə məşğul olur və getdikcə
inkişaf edir. Məsələn,
Avropanın özündən də başqa ölkələrə
müraciət edən xəstələr var.
– Bizdə
ən məşhur ürək cərrahı siz və Rəşad
Mahmudovdur. Bu məşhurluq nə ilə
bağlıdır?
–
Açığı mən özümü məşhur
hesab etmirəm. Həkimliklə məşğul
olan insanlar - içi mən qarışıq -
zamanını, enerjisini, potensialını yalnız öz
işinə ayırsa, özü və cəmiyyəti
üçün daha faydalı olar.
–
Praktikalarınızı demirəm, peşəkar fəaliyyətiniz
dövründə ilk əməliyyatınızı
xatırlayırsınız?
– İlk əməliyyatımı İstanbul Universitetində
icra etmişəm. 1996-cı ildən 2002-ci ilə qədər
ürək-damar cərrahiyyəsi üzrə rezidentura təhsilimi
də məhz İstanbulda almışam və orda müdafiə
etmişəm. Amma İstanbulda rezident kimi
etdiyim əməliyyatlarla müqayisədə Bakıda bir cərrah
kimi etdiyim əməliyyatlar daha çox yadımda qalıb.
Çünki doğma şəhərimizdə
müstəqil fəaliyyət göstərəndə
hansı tarixi məsuliyyəti boynuma
götürdüyümü dərk edirdim. Və təbii, keçirdiyim həyəcana və
stressə görə o illərdəki əməliyyatlarım
daha unudulmaz idi.
– Əməliyyatdan
çıxmayanlar, dünyasını dəyişənlər
yəqin ki, olub...
– Əlbəttə, olub.
–
Çoxmu?
–
Ümumiyyətlə, müasir tibb o qədər inkişaf
edib ki, əməliyyat masasında xəstəni itirmək
halı demək olar ki, yaşanmır. Ölüm
halı əməliyyatdan sonra baş verə bilər. Bu da ki, ürək əməliyyatlarından sonra 1-2
faiz hallarda müşahidə edilə bilər.
Xəstənin əməliyyatdan öncəki halı da
bizim üçün olduqca vacibdir. Bu gün hansısa xəstə
heç vaxt infarkt keçirməmiş, ürəyi zədələnməmiş
və ürəyinin gücü qorunmuş halda gəlirsə,
onun əməliyyatdan sonra ölüm risqi bir faizdən daha
azdır. Amma xəstə iki dəfə
infarkt keçirib və ürəyinin gücü 30 faizin
altına düşübsə, əməliyyatdan sonrakı
ölüm risqi daha çox olur. Reanimasiya
müddətində ürəyin özü ilə
bağlı problemlərdən olan səbəbə görə
də xəstə itirilə bilər. Eyni
zamanda ürək mərkəzi orqan olduğu
üçün həmin müddətdə xəstələr
böyrək, beyin, ağciyərlə əlaqədar olaraq da
dünyasını dəyişə bilər.
Mən 16 ildə 12 mindən çox əməliyyat
etmişəm.
Və biz bu əməliyyatların çox ciddi
statistikasını da aparırıq. Öz
ölkəmizdə və xarici ölkələrdə
keçirilən konqreslərdə nəticələrimiz təqdim
edilir. Bizim nəticələrimiz, yenə
deyirəm, dünya standartları ilə birə-bir eynidir.
– Kamran bəy,
ürəyin gücü hansı xüsusiyyətinə
görə ölçülür?
– Yığılma qabiliyyətinə görə. Bizim ürəyimizin əsas funksiyası motor və yaxud, nasos funksiyasıdır. Bədənimiz, yaşamağımız, hərəkət etməyimiz üçün bir dəqiqədə orqanizmimizin 5-6 litr təzə və oksigenlə zənginləşmiş qana ehtiyacı var. Bu prosesi 300 qramlıq və ürək dediyimiz bir orqan yığılıb açılmaqla həyata keçirir. Əgər yığılma qabiliyyəti normaldırsa, çox yaxşıdır. Amma keçirilmiş infarktların və ya müəyyən ürək xəstəliklərinin nəticəsində yığılma qabiliyyəti azalır. Ürəyin gücü bizim bundan sonra qalan ömrümüzlə düz mütənasibdir. Yəni ürəyimizin gücü azalıbsa, deməli, ömrümüz də azalıb. Ona görə də hamımız ürəyimizin gücünü qorumalıyıq.
– Ürək neçə aydan bir müayinə olunmalıdır?
– Ailənizdə irsi ürək xəstəliyi yoxdursa 40 yaşından sonra ildə bir dəfə yoxlanmaq kifayətdir. Çünki ürək xəstəlikləri demək olar ki, irsi xəstəliklərdir. Ümumiyyətlə, bütün əsas xəstəliklər irsidir.
– Xərçəng də?
– Bəli...
– Onda xəstəlikləri siqaret, içki və s. yaradır fikri təkzib olunur?
– Xəstəliklər heç vaxt bir səbəbdən yaranmır. Tibbdə buna multifaktorial deyilir. Ürək xəstəliklərinin yaranmasında irsiyyət başda gələn səbəbdir. Amma təbii ki, başqa səbəblər də var. Məsələn, siqaret, içki və s.
– Xalq təbabəti ilə müalicəyə inanmaq olarmı? Bir ara mən də guya ürəyimin qeydinə qalırdım, xərçəngdən özümü qoruyum deyə, sarımsaq yeməyə başladım, mədəm xəstəliyə düşdü.
– Təbii,
çox faydalı qidalar var. Amma bizim çoxumuz eynən sizin
kimi bir şeyi yanlış edirik ki, həkim məsləhəti
almadan otlarla və ya bitkilərlə özümüz
özümüzü müalicə edirik. Təbiətdə
mövcud olan bəzi otlar, bəzi bitkilər və digər
qida məhsulları həqiqətən də ürəyə
və ya digər orqanlara faydalı ola bilər.
Amma biz bunlara bir tamamlayıcı vasitə kimi
baxmalıyıq. Bütün bunlar əsas
tibbi müalicənin qabağına keçə bilməz.
Hələlik dünyada elə bir metod yoxdur ki, siz
sarımsaq və ya digər meyvə-tərəvəzi yeyərək
ciddi ürək xəstəliyinə qalib gələsiniz.
Eyni zamanda təbii vasitələr bir orqana xeyir,
digər orqana ziyan verə bilər. Ona
görə də bu işin biliciləri ilə, həkimlə
məsləhətləşmək lazımdır.
–
Maraqlıdır, anjio zamanı ölüm təhlükəsi
varmı?
–
Müasir dövrdə angioqrafiya texnikası o qədər
inkişaf edib ki, ölüm təhlükəsi demək olar
ki, yoxdur.
– Bizdə
ürək əməliyyatlarının xarici ölkələrlə
müqayisədə qiyməti bahadır, yoxsa ucuzdur?
–
Ümumiyyətlə, səhiyyə xidmətləri bahalı
xidmətlərdir. Söhbət təkcə
ürək xəstəliklərindən getmir. Konkret deyə bilərəm ki, hazırda ölkəmizdə
bu xidmətlərin qiyməti, dünya və qonşu ölkələrlə
müqayisədə daha ucuzdur.
– Başqa bir tanınmış cərrah Rəşad Mahmudov Milli Məclisin üzvü seçildi. Sizin də belə bir arzunuz, istəyiniz yoxdur ki?
– Xeyr, mən belə bir şey düşünmürəm. Rəşad həkim mənim çox yaxın dostumdur, gözəl münasibətlərimiz var. Mən öz işimin və öz sənətimin vurğunuyam. Peşəmin xaricində olan hansısa bir işlə məşğul olmağı da düşünmürəm. Heç öz işimlə məşğul olmağa vaxt çatdırmıram. Mənə 24 saat bəs etmir.
– Maraqlıdır, öz ürəyinizin əməliyyatlıq bir problemi olsa, hansı cərraha etibar edərsiniz?
– Tələbələrimə - öz yetişdirdiyim cərrahlara heç bir tərəddüd etmədən ürəyimi etibar edərəm.
–
Hazırda ürəyinizdə bir problem yoxdur ki?
– 44
yaşım var, hələ ki, ürəyimdən şikayətim
yoxdur. Amma deyə bilmərəm ki, bundan sonra da
olmayacaq. Ona görə də sağlam həyat tərzi keçirməyə
çalışıram...
– Necə?
– Siqaret
çəkmir, alkoqoldan istifadə etmirəm. Həftədə
4-5 dəfə idman edirəm. Məsələn,
bu gün sizinlə görüşə 6-7 klometr yolu iti
adamlarla yeriyib gəlmişəm.
– Siqaret
çəkməyəcəksinizsə, içki içməyəcəksinizsə,
bəs bu həyat nəyə lazımdır ki?
–
Yaxşı dediniz... (gülür) Düzü, bəzən bunu mənə yaxın
dostlarım da deyir. Amma mən
yaşamağın mənasını siqaret çəkməkdə,
araq içməkdə və ya başqa şeylər etməkdə
görmürəm.
– Bəs
nədə görürsünüz?
– Məsələn,
Bakı bulvarında gəzməkdə, dostlarımla bərabər
olmaqda görürəm. Siqaret çəkmək,
alkoqol qəbul eləmək nəinki həyatın mənası,
mənim üçün pis bir vərdişdən başqa
bir şey deyil.
– Kamran bəy,
ağır bir əməliyyat prosesində xəstənin həyatını
öz əllərinizdə hiss edirsiniz, yoxsa Allahın?
– Mən Allaha inanan adamam. Xəstənin də,
mənim özümün də taleyimin son nöqtədə
müəyyən edənin yaradan olduğuna inanıram. Amma əməliyyat
əsnasında bir həkim kimi düşünürəm ki,
xəstənin bütün məsuliyyətini mən
daşıyıram və onun həyatının da mənim əllərimdə
olduğuna inanıram.
Xalq Cəbhəsi.- 2017.- 14 noyabr.-
S.15.