Azərbaycan türklərinin
mifologiyasında dünya dağına inam
Dünyanın dağdan idarə olunması. Bu ideyanın
XII yüzillikdə yazıya alınan («Munisnamə»də)
mifik modeli göstərir ki, azərbaycanlılarda Dünya
Dağına inam çox güclü olub. Xalq
arasında dillər əzbəri olan bir silsilə
bayatıların bu gün də dağlara müraciətlə
(A dağlar, ulu dağlar...) başlanması, insanların dərdlərini
ulu dağlarla bölüşməsi həmin inancdan doğur:
Dağların
qarı dərman, Yarama sarı dərman... Hərkayıl-Herakl-Koroqlu
mifində dağ kultu. Azərbaycanın Eldəgizlər
sülaləsinin vəliəhdlərinin böyük müəllimi,
gəncəli əl-Ustadın «Munisnamə» (XII əsrdə
yazılmışdır, kitabın əlyazması 1920-ci ildə
Gəncədən Londona aparılıb, hal-hazırda əsərin
yeganə nüsxəsi «Britaniya» muzeyində saxlanılır) əsərində
Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin
Alburuz Dünya Dağına aid təsəvvürlərini
tamamlayır. Kainatın
başlanğıcı, çoxsaylı başqa dünyalara
gedən yollar da Qaf dağında göstərilir. Yer üzünün bütün torpaqları ora
bağlanır. Kainatın düz
ortasında yerləşdiyi üçün dünya onun zirvəsindən
noxud boyda görünür. Qaf mavi
zümrüddən yaradılıb. Əl-Ustad yazır:
«Əsatir qoruyucularının bəziləri söyləyirlər
ki, Qaf ancaq xrizolitdən (qızılaçalar
yaşılımtıl-sarı rəngli qiymətli daş)
ibarətdir və dünya üzərindəki göy ona
görə mavidir ki, onda xrizolit-dağ əks olunur». Dünyanın bütün damarları Qaf
dağının hamisi - qoruyucusu Hərkayılın əlində
cəmləşirdi. Dünyada elə bir şəhər,
kənd, vilayət, ölkə, guşə yox idi ki,
yeraltı damarları ilə Qaf dağlarına
bağlanmasın. Allahın hansı
ölkəyə qəzəbi tutsa, Hərkayıl onun su
damarlarını kəsirdi, nəmliyin qarşısı
alınırdı, orada quraqlıq və fəlakət baş
alıb gedirdi; bütün bulaqlar, arxlar, çaylar quruyur,
bitkilər, otlar susuzluqdan məhv olurdu. Zəlzələnin
də baş verməsinə səbəb tanrının
insanlara qəzəbidir. Hərkayıl ulu Allahdan əmr alan kimi, adamları qorxutmaq məqsədilə
o diyarın Qafdakı damarlarını bərk-bərk silkələyir,
nəticədə yerin altı üstünə çevrilir,
ya da yer yarılıb, bütün canlıları udur. Hərkayıl
deyirdi: «Tanrının buyruğu olsa, Qaf dağından
keçən bütün damarlara küy vuraram, dünya cəhənnəm
tək canlıların başına daralar. Lakin
Yaradanın qayğısı ilə çoxlarının
qulluğunda dururam, böyük günah işlədənlərin
isə yaşadıqları ərazilərin damarlarını
burub, onları min cür əziyyətə düçar edirəm».
Dünyanı idarə edən Qaf dağı nəhəng
öküzün başındakı 2 buynuzunun arasında yerləşir.
Bu öküzün böyüklüyü 1000
illik yol məsafəsinə bərabərdir.
Qaf dağının qoruyucusu Hərkayıl yunanlara
saklardan keçən mifik mədəni qəhrəman
Heraklı xatırladır. F.Cəlilov hələ
keçən əsrin 80-ci illərində Heredota istinadən
belə bir fikir irəli sürmüşdü ki, bu obrazın
mənşəyi prototürk tayfalarına bağlanır.
Müqayisə üçün türk eposlarının
özəyində duran «Qoroğlu/Koroğlu» mifinin tarixi
köklərinə baş vuraraq yazırdı ki, «Koroğlu
adının qədim anlamı, semantikası ilə gerçəkləşən
qəhrəmanlıq səfərləri yunan və italyan
mifologiyasında dəyişmədiyi kimi, adın özü də
tərcümə olunmadan saxlanıb: Kor-oğlu – azər;
Qor-oğlu – türkmən; Her-akle(s) – yunan; Xer–okle – etrusk;
Her-(o)kul(s) –latın. Beləliklə,
saqat soykökü rəvayətinin yunanlı informatoruna
görə, Herakl saqatların ulu babası olan Skifin
atasıdır. Herakl özü isə yunan
mifologiyasında Olimpin baş tanrısı Zevsin dünya
gözəli Amenadan doğulan oğludur». Krım
əhalisinin dilindən yazıya alınmış «Herakl və
skiflər» adlı mifdə göstərilir ki, Herakl
öküzlə boya-başa çatdığı diyarda yer
şumlayırmış. Toxumları səpib
qurtarır, dincini almaq istəyir. Hava soyuq
imiş, onu göy çəmənlikdə qəflətən
yuxu tutur. Ayılanda görür ki, atı
və arabası yoxdur. Peşimançılıq
çəkən Herakl axtarışa başlayır. Xeyli gəzib-dolaşandan sonra qarşısına qəribə
bir məxluq çıxır ki, bədəni beldən
yuxarı gözəl qız, kəmər yerindən
aşağı isə ilan idi. Təəcüblənərək
ondan soruşur: «Sən kimsən?»
İlan-qadın cavab verir: «Mən Apa (Ana)
ilahəyəm». Herakl xəbər alır: «Apa tanrı, sən
mənim atımı görməmisən?»
İlan-qadın deyir: «Atın və araban məndədir.
Onları ancaq bir şərtlə sənə qaytararam: bir
müddət burada qalıb mənim ərim olacaqsan». Herakl
payi-piyada dünyanın o biri başında yerləşən
vətəninə dönə bilməyəcəyini
anlayır və Apa tanrının
yanında qalmağa razılaşır. İlan-qadın
atı və arabanı qaytarmağa tələsmir, ona görə
ki, Herakla vurulmuşdu. Onlar o vaxta qədər
birlikdə yaşayırlar ki, üç uşaqları
dünyaya gəlir. Bundan sonra Apa
atı və arabanı Herakla verib deyir: «Səndən
ayrılmaq istəməsəm də, yurdun üçün
darıxdığını duyuram. Verdiyim
sözün üstündə dururam. Atını
və arabanı geri qaytarıram. Ancaq
söylə görüm, oğlanların böyüyəndən
sonra nə edim? Onları sənin yanına yollayım,
yoxsa öz ölkəmdə saxlayım?»
Herakl belə qərara gəlir: üstü qızıl
kasalı kəmərini belindən açır, sonra
yayını dartıb gərilmiş ipi
bağladığını və oxu necə
atdığını göstərir. Onları Apa
tanrıya verib bildirir: «Oğlanlarım böyüyüb
kişiləşəndə qoy kəmərimi bellərinə
bağlasınlar və yayımı çəkib
sahmanlasınlar. Kəmərim onlardan hansının belinə
gəlsə və kim yay-oxumu mənim kimi
sahmanlaya bilsə, yanında saxla. Yayımın
gərilmiş ipini bağlamağı bacarmayanı və kəmər
belinə gəlməyəni qov getsin». İllər
keçir. Heraklın oğlanları
böyüyürlər. Apa tanrı
atalarının kəmərini və ox-yayını gətirib
övladlarının qarşısına qoyur. Kəmər
iki oğlun belinə çox geniş olur. Onlar qızıl kasaların
ağırlığını daşıya bilmir. Böyük və ortancıl qardaşın yayın
gərilmiş ipini də çəkib bağlamağa
gücləri çatmır. Hər ikisini
ölkədən qovurlar. Heraklın kəməri
üçüncü oğlun belinə gəlir və o,
yayı atası kimi qaydasına salıb oxu sərrast atır.
Bu, kiçik oğul Skif idi. Skif ölkədə
Apa tanrının himayəsində
qalır və ondan skif tayfası törəyir. Skiflər Heraklın öküzlərlə yer
şumladığı Tavr və Dnepr ətrafı
çöllərdə məskunlaşırlar. Göründüyü kimi, prototürk
tayfalarının kök saldığı ərazilərin
müasir əhalisinin yaddaşında Herakl mənşəcə
yunanlı deyil. O, türkün bir qolunun ulu əcdadı
Oğuz kimi üç oğlunun içərisindən ancaq
ox-yayla bağlananı seçib yeni nəslin başında
durmasına razılıq verir.
Bizə
elə gəlir ki, «Munisnamə»də «Hərkayl/Qerkayl» kimi
xatırlanan demiurq daha dərin qatlardan gəlir və
«Avesta»dakı «Hara-Bərazayt»ın, yunan-sarmat-skiflərdəki
«Herakl»ın, türk-azərbaycanlılardakı
«Qoroğlu/Koroğlu»nun kökünün
başlanğıcında dayanır. Çünki
sadalananların hamısı dağla bağlanır,
işıq-qaranlığı, göy-yeri mənalandırır.
Oğuz mifi və Quz/Qazlıq dağı. Qədim roma miflərində
şəhid çoban kimi xatırlanan «Qafqaz»da və dağ
zirvəsi «Kazbek» («QAZbək» // QUZbəy» // Oğuzbəy»)
sözündə türk mənşəli hissəciklərin
olduğu şübhəsizdir. Birincinin ikinci hecasında «qaz
// quz», ikincinin isə əvvəlində «kaz // qaz // quz»
komponentlərinin mövcudluğu göstərir ki, «işquz
// aşquz // iç oğuz» tayfaları çox əski
çağlardan Azərbaycanın dağlıq və dağətəyi
sahələrində məskunlaşıblar. Maraqlıdır
ki, «Dədə Qorqud» dastanında da bu dağın adı
«Qafqaz» sözünün məhz ikinci hissəsinə («qaz»a) məkan
anlamlı sözdüzəldici «lıq» şəkilçisi
artırılmaqla yaranır: «Qaz // lıq».
Göylə Yerin birliyi, yəni yaradıcının
insanlara, təbiətə yaxınlığı. İlkin təsəvvürlərə
görə göy yerdən aralı deyildi. «Qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan
tökürdülər, bərəkətin qədrini bilmirdilər.
Bunu görəndə tanrının qəzəbi
tutdu, göyü yerdən uzaqlaşdırdı». Sonralar bu təsəvvürlər esxataloji xarakter
almış və dünyanın məhvi şəklinə
salınmış, göyün - yaradıcının üz
döndərməsinin səbəbi insanların şərə,
pis əməllərə meyl etmələri ilə izah olunub.
Dünyanın yeddi qatda təsviri. Azərbaycanlıların mifoloji təsəvvürlərində «Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat yaşayır. Sonrakı qatlarda huri-pərilər, qılmannar, peyğəmbərlər yaşayır. Lap yeddinci qatda isə allah öz taxtında oturup dünyanı idarə eliyir». «Munisnamə»də isə dünya qırx qatlı təsvir edilir.
Dünya yaranmamışdan əvvəl ancaq
yaradıcının (Allahın tək halda) mövcudluğu.
Əksər mifoloji sitemlərdə yaradıcıdan əvvəl
də yaşayışın olması göstərilir.
«Avesta»da əsas yaradıcı Hörmüzdən əvvəl
səkkiz allahın varlığından söhbət gedir.
Yeri, Göyü yaradan Hörmüzün dünyaya gəlməsi
üçün Zurvan min illər boyu qurbanlar verir. Deməli,
hardasa başqa varlıqlar mövcud idi ki, onları qurban da kəsirdilər.
Yaxud yunan mifologiyasında dünyanın əsas elementlərini
köməkçi allahlar vasitəsi ilə yaradıb idarə
edən Zevsdən əvvəl Kronun icadları olub. Belə sistemlərdə dünyanın
başlanğıcı dumanlı təsvir edilir və
insanların sitayiş etdiyi əsas yaradıcılar onlaradək
qurulan dünya modelində restavrasiya (köklü dəyişikliklər)
edirlər, bir növ onu durğunluqdan çıxardıb hərəkətə
gətirirlər, tamamlayırlar. Yaradıcının
mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, ilkinlərin ilkini
olması ideyası Azərbaycan mifik görüşlərinin
müxtəlif qaynaqlarında (arxaik nağıl, qəhrəmanlıq
eposu, klassik ədəbiyyatdan başlamış son zamanlarda
xalqın dilindən yazıya alınan inanclara, mif mətnlərinə
qədər) özünə geniş yer tapır. Məsələn,
«Lap qabaxlar allahdan başqa heç kim yoxuymuş. Yer
üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra
bu lili qurudup torpax eliyir. Sora torpaxdan bitkiləri
cücərdir. Onnan sora da torpaqdan
palçıx qəyirip insannarı yaradır, onnara uruh verir».
Dünyayaratma. «Dünya haqqında mif modeli müxtəlif xalqların
erkən düşüncəsində özünəməxsusluqlarla
şərtlənsə də onun bədii təfəkkür
üçün ümumi olan cəhətləri və
xüsusiyyətləri də var. Erkən mədəniyyətlərin
müxtəlif etnik-mədəni sistemlərini bərpa etmək,
hər bir xalqın ümumdünya mədəniyyətindəki
yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək,
tarix səhifəsində hər bir xalqın
yaradıcılıq ənənələrinin meyl və
istiqamətlərini öyrənmək üçün
mifologiya ən mötəbər mənbələrdəndir».
Bu mənada «Munisnamə»ni XII yüzilliyə
aid Azərbaycan mifologiyasının məlumat kitabı
adlandırmaq olar. Burada dünyanın əsas elementlərinin
həmin dövrə qədərki görüş sistemlərindən
(animizm, antropomorfizm, totemizm, dualizm, şamanizm və monoteizm)
götürülüb islam prizmasından
keçirilən modelinə rast gəlirik.
Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2017.- 17 noyabr.-
S.14.