HƏSRƏT
VƏ MƏHƏBBƏTİN HEYKƏLİ - İVAN BUNİN
Lev
Qumilyevin "Qədim Rus və Böyük Çöl" əsərində
göstərildiyi kimi, "Hələ Mərkəzi Rus
dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb,
ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov,
Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov,
Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev,
Uşakov, İişkov, Miçurin Kurakin... kimi saysız
türk ailələri içərisində Buninlər də
var idi. Buninlər bir çox məşhur
Qızıl Orda ailələri kimi 1312-ci ildə hakimiyyətə
gəlmiş Sultan Məhəmməd Özbək xanla yola getməyib,
rusa pənah gətirmişdilər. Var-dövlət
hərisliyinə görə Kalita "pul kisəsi" ləqəbi
daşıyan Böyük Moskva knyazı İvan Kalitadan
(kalita türk dillərində "qayışdan, kəmərdən
asılı pul kisəsi, çanta, torba" deməkdir.
Dilimizdə "xalta" (enli qayış)
şəklində yaşayır) inayət görərək
Ryazan vilayətində öz mülk torpaqlarında
yaşayırdılar. Bu ailənin törəmələrindən
olan məşhur rus yazıçısı Nobel
mükafatçısı İvan Buninin anası da türk əsilli
nəsillərdəndir. Anasının
qızlıq familiyası Çubarova idi. Radlov
lüğətində çubar sözünün
"xallı, çopur" mənası
daşıdığı qeyd olunur. Müasir
tatar dilində də çubar rənginə görə at
cinsi adlarındandır. Rus dilindəki qədim
türk sözlərindən olan çubarıy sözü də
buradan keçmişdir. Gənc Bunin Oryolda
ilk müxbirliyi zamanı oçerklərini Çubarov
imzalayırdı.
Bunin ömrü boyu öz familiyası ilə
öyünmüş, hər zaman böyük rus şairi
Jukovskinin qohumu olduğunu qürurla qeyd etmiş və
heç zaman da onun anasının əsir türk qızı
Səlihə olduğunu deməyi unutmamışdı. Xasiyyətcə
darqursaq, öcəşkən İvan Buninin
yaradıcılığında isə qələm sahibinin sərtliyi
və qabalığı elə sığallanır,
hamarlanırdı ki, nəhayət, əriyib gedirdi.
Yerində isə o ecazkar qələmin bəxş etdiyi nəşə
qalırdı, sehrli səslərin, rənglərin, günəşin,
yağışın, küləklərin, qarın... kədərlə
hopduğu elə kədərli də təbiət - eyni qələmlə
çəkilmiş, adi gözlərin görüb duya bilmədiyi
gözəlliklər, daha doğrusu, məhəbbət üzə
çıxırdı və yaddaşlara keçirdi. Bu məhəbbət günəş istisi kimi vurub
qarsır, yandırıb qovurur, ağlagəlməz dəliliklər,
üsyanlar qoparır, dünyanı yerindən oynadan vulkan
oduna çevrilə bilirdi. Həmin məhəbbət bu
gün də heyrət oyadır...
Özü çəlimsiz, arğaz oğlan idi. Elə beləcə
də şümal, yeniyetmə görkəmində
ömrünün səkkizinci onilliyinə
adlamışdı. Bu uzun çəkən
gənclik, qəlb təravəti onu məhəbbətdən
uzaq düşməyə qoymadı. Onu həmişə
məhəbbət macəralarının, romanların mərkəzində
saxladı. O, 60 yaşını keçhakeçdə
dostlarına qadına olan ilahi duyğularının daha da
yüksəldiyini etiraf edirdi. Elə bil məhz
bu hisslər özü onun qəlbinə gözəllik və
mərhəmət axıdırdı. Ömrünün
qürubunda Banu ilə tanış
olmuşdu. Onları general Loxvitskinin qızı Teffi təxəllüslü
mühacir yazıçı tanış
etmişdi, tərcüməçi kimi.
Banunu Paris parisli edə bilməzdi. Özü istəsə
də. O, şərqli qızı idi. Bakıdan
getmişdi. Gözəl idi, amma daha
çox ekzotik, effektli şərqli görünüşdə.
Cazibəsi artıq idi. Model
işləmişdi. İndi isə
yazmağa ehtiyac duymuşdu. Yaşı
qırxı keçirdi, içində özündən xəbərsiz
doğulub böyüyən nisgil ona Bakı xiffətini
yedirirdi. Axı Bunin belə qızı
ömrü boyu gəzmişdi də, gözləmişdi də.
Əsərlərində təsvir etdiyi
türkanə gözəlliklərə aludəliklə
gör neçə illərmiş bu qızdakı
qaşı-gözü çəkirmiş.
Bilə-bilə bu gözlərə
füsunkarlığı, dodaqlara gül təbəssümü,
qəlbə coşğun şərq ehtirasını
doldururmuş.
Rus ədəbiyyatında ən gözəl
qadın portretləri yaratmışdı. Bütün əsərlərində qəhrəman
qadındır; hamısı da bir nəfər kimi İərq
qadınıdır, görkəmi ilə də, xarakteri ilə
də. Bu qadınlar o qədər möhtəşəm
və ali idi ki, nə qədər mükəmməl
yaradılsa belə kişi obrazları bu surətlərə
fon kimi xidmət edirdi. Fövqəladə
gözəllərin - gözəlliklərin təsvirində
epitetləri də türkləşirdi - "türk kimi
gözəl, türksayağı qəşəng",
"Şamaxı şahzadəsi" və s.
Bu qadınlardakı məhəbbətə, eşqə,
divanə sevgilərə - öz yaratdığına vəcdlə
vurulurdu. Bu görüş ərəfəsində yenicə
yazdığı "Təmiz bazar ertəsi" əsərindəki
qızı - əsərin qəhrəmanı ilə
yanaşı, oxucunu da başdan edən o qaragözlü
qızı - indi Banu adında tapmışdı. O
qızı ki, Bunin Moskvanın qarlı küçələrinə,
qapı-pəncərələrini buz örtmüş evlərinə,
kirşələrinə, kəsif qoxulu restoranlarına
yaraşdıra bilmir. Gözləri önündə bu
qızın şahanə gözəlliyi dursa da, xəyal isə
Astarxan... İran ...Hindistan... deyə-deyə
buralardan uzaqlaşır; baharın-günəşin heç
vaxt tərk etmədiyi, gecəsi gündüzündən
yaraşıqlı, ətirli, isti İərqə uçurdu.
Cazibəsinə qul olduğu bu İərqli qızı
nə boz, tutqun göylərə, nə də qarlı səhralara
yaraşdıra bilirdi. Maksim Qorki Buninin Şərq sevgisini öz
böyüklüyündə yaxşı duya bilmiş, bu
sevgini Buninin "irsi sevgisi" adlandırmışdı.
Şərqə vurğun idi! Şərqi adətlərə,
xarakterlərə aludə idi. Xeyli qabaq vəsiyyətini
etmişdi: - Öləndə üzüaçıq yox,
üzübağlı, hörmətlə dəfn olunmaq. Dostluqda möhkəm, etibarlı idi,
sözünün də ağası idi. Dostları
ilə təpədən-dırnağacan bitkin, bütöv, səmimi
idi. Odur ki, ayrıca Bunin-Çexov,
Bunin-Qorki, Bunin-Kuprin, Bunin-Şalyapin... deyə əhdi-vəfadan
söz açmaq olar.
Qardaşlarını, xüsusən böyük qardaşım
lap şərqli ehtişamı ilə sevirdi. Ona elə
bağlı idi ki, bu məhəbbət adamın yadına
İərq nağıllarını salır. Bu qardaş aclıq çəkən Rusiyada
qalıb acından öləndə bu xəbər Parisdə
Buninə çatanda o elə kədərlənmişdi ki,
yaxınları onun sağlığı üçün
qorxuya düşmüşdü. Qadınlara necə
iltifatlı, necə vurğun idi! Təsadüfi
yol əyləncəsinin səbəbkarı bir dəfə
gördüyü bir qadını da, ömrünü verdiyi
qadını da bir tuturdu; xatirələrinə eyni ehtiram, eyni
sayqı. Atəşin duyğuların
ortağı olan ilk qadın bir ömürlük ayrılıqdan
sonra yuxusuna girirdi və onda könül təbəddülatları
yarada bilirdi.
Gündəlikdən xəsis - lakin içindən yanan,
döyünən duyğularını köpürən
cümlələr xariqüladə hekayələrə
keçirdi. Bu qadınların nə əlinin tumarını, nə
dəli öpüşlərini unudurdu; paltarlarının lap
xəlvəti qırçınlarından tutmuş gün
yandırmış boynunun qıdıqlayıcı ləzzəti
də yadında qalmışdı. Əsil
şərqli kimi sevirdi. Şərqli kimi
qısqanırdı. Bu qısqanclıqlar
içində neçə dəfə ölümə
yaxın gəlmişdi. Bu hisslər,
sarsıntılar, zəlzələlər yazıya
köçürülür, gözəl, parlaq, zəngin,
ilahi qadın portreti doğururdu. Bunin
qadını mələk qədər ecazkar nəqş edirdi.
Heç dünya özü, həyat belə nə
qadın qədər, nə eşq qədər şirin
deyildi. Bunin İərqli kimi də əzab
çəkirdi; nəşəsiz, əsəbi, dərdli gəzirdi
günlərlə; ürəyində isə məhəbbəti
daldaladır, ildən illərə keçirirdi. On
üç dəfə İstanbulda olmuşdu! Bu
şəhərə də vurulmuşdu, onun tarixinə də
- taleyinə də. Hələ ilk gəlişindən
ondan qırsaqqız olub yapışan yunan keşişciyəzi
onu naqqallığı ilə bezdirsə də
yazıçı vəcdlə İstanbul mənzərəsinə
baxır, ayağını torpağa basan kimi ağlar səslə
onu "Vizantiya yadigarları" deyə naftalinli "tarixlərə"
çəkmək istəyən bu həyasız yunandan
yaxasını qurtarır. Bunini ölü
Vizantiya xatirələri yox, islamın bu torpaqlardakı nailiyyətləri,
yaratdığı bərəkətli, köklü mədəniyyəti
cəzb edirdi. Hətta məşhur Aya-Sofiyanın
sonradan islam abidəsinə çevrilməsindən
sevinc duyur; İslam mədəniyyəti, türk incəsənətinə
xüsusi aludəlik göstərir, İstanbulu bir islam şəhəri
kimi təqdir edir; ayağını pak suların yuduğu
inzibati binadan çox, yazıçıya füsunkar cənnət
guşəsi kimi görünən sultanlar sarayını vəsf
edir. Nə olsun, ulu babaları Özbək xandan
qatı müsəlman qaydaları tətbiq etdiyinə görə
qaçıb uzaqlaşmışdılar.
Arvadı, daha doğrusu, keşməkeşli həyatının
ortağı, könül dostu Vera Muromtseva bunları sezirdi,
bunu təbii hal sayırdı. Bunini türk tarixi
maraqlandırır, coşdurur, vəcdə gətirirdi. Gəmi İstanbula yaxınlaşdıqca gözlərindən
sevgi, riqqət yaşları axıdırdı. Bu şəhəri on üç dəfə görsə
də. Sonradan kef-işrət
oylağına çevrilən İstanbulu dövrələyən
bu dənizlər nə qədər davalar görmüş,
köksündə Vətəni qoruyan hərb qalalarını
qürurla saxlamış, bu sulara nə qədər şəhid
qanı tökülmüş. Bunin bu
qanlı tarixə sevgi və hörmətlə baxa bilir.
Bu dənizin sularında əks-sədasını
saxlayan türk bağrından qopan fəryadları eşidə
bilir.
Göz
yaşları ilə oxuduğum - oxuduğumuz əsərlər
var! Buninin "Fəryad" hekayəsi var. Rus
anası yüz ildən bir, bəlkə min ildən bir Bunin
kimi yazıçı doğa bilər. Hekayəni
oxuduqda bu qəlbə, bu ədalətə heyran qalırsan.
Bu gün rus ziyalıları arasında Bunin kimi
yazıçının olmadığına yana-yana təəssüf
edirsən. Bu əsərdə qismətə,
taleyə inanıb boyun əyən bədbəxt atanın
oğul dərdi, itirdiyi əzizlərinə,
dağılmış yuvasına olan məzlum sevgisi bu saf, sadə
həyat tərzindən çox-çox uzaq olan rus
yazıçısını riqqətə gətirir. Gəmidəki laqeyd, yekəxana, sərxoş rus
soldatlarını "it" adlandırır, bu bədbəxt
türkə rəğbət və məhəbbətlə
yanaşır, onu özünün qəm ortağı zənn
edir. Hekayədəki türkün qanlı
hərbdə itirdiyi oğlunun adı Yusifdir. Bunin bunu da bilir, oğul dərdi ilə gecə-gündüz
iztirab çəkən Yaqubu da, ümumbəşəri
etiqadda kök salan əzəli insan faciəsinin
ortaqlığını da. Ömründə
çox səyahətlər etmiş yazıçı bu aciz
kişinin öz dərdini rus əsgərlərinə bir
şərq istiqanlılığı və
açıqürəkliliyi ilə necə nağıl
etdiyini, əsgərlərinsə onu dolayıb ələ
saldığını gördükdə iki əxlaq, iki zidd
olan (müqayisə bu tərəflərdən birinin xeyrinə
olmasa da) qüvvə görür.
...Bunin
şedevrlərini Rusiyadan uzaqlarda yaratdı. Sənətkar
ömrü qürbətdə keçirdi. Odur ki, qəhrəmanlarının da çox vaxt təsviri
bu ayrılıqqabağı pərişan, nigaran günlərdən
başlayır. Onun "Payız" əsərinin
qəhrəmanı da çox kədərlidir. Yayda başlayan müharibə payıza girib. O
nişanlısı ilə vidalaşmağa gəlib. Bu kədər adi səfərbərlik kədəri
deyil. Hamı kədərlidir,
çünki qarşısıalınmaz talanlar, məhrumiyyətlər
əvvəlcədən duyulur. Rusiyanın
az-çox dinclik gördüyü son günləri idi.
14-ün payızı... qırğın gəlir,
qarşıda bu bir çovumuş güllə, aclıq, didərginlik
- itkinlik ola bilərdi; qarşıdan
açıq cəbhələr, soyuq səngərlər,
müharibələr gəlirdi.
...Dünya varından Buninin bir güclü radioqəbuledicisi vardı. Vətəndən gələn hər bir səsə, xəbərə qulaq asırdı. Mühacirəti yarıda kəsib dönən A.Tolstoyun da, şahlıq zirvəsinə yüksələn Qorkinin də qalib səsini bir az nifrətlə, bir az həsədlə, bir az da sevgiylə dinləyəcəkdi. Qədim rus şəhərlərinin yeni sovet adına öyrəşə bilməyəcəkdi, amma ətrini duyacaqdı. Uzun ömür yaşayacaqdı. Onu kədər yaşadırdı. Bu kədər özü ölmək istəmirdi. Acıqdan ölmürdü. Onu - Vətənə ən çox gərək olanı, Vətəni ana deyib - ata deyib sevəni Vətəni qoyub qaçmağa məcbur etmişdilər. Kədər yaşayırdı, acığından onu da yaşadırdı...
Minaxanım Təkləli
Professor
Xalq Cəbhəsi9.- 2017.- 7 oktyabr.-
S.14.