Poemanın yaranma tarixi ilə bağlı Azərbaycan ədəbiyyatşünaslığında qənaətlər

 

Məlumdur ki, poema məna və ideya baxımından sıx bağlılığı olan böyük həcmli şeirlərdən ibarət lirik əsərdir. Adi lirik şeirdən fərqli olaraq poemada həmişə aydın bir xarakter nəzərə çarpır. Lirik şeirdə laübalı hislərlə rastlaşmaq mümkündür, ancaq poemada buna yol verilmir. Lirik şeirin qəhrəmanından fərqli olaraq poemanın personajları necə deyərlər, göz önündə olur. Ancaq poemada da zərurət hiss edilincə, qəhrəmanın hiss və düşüncələri yer ala bilir, bu təsvirlər və tərənnüm çalarları oxucuya adı keçən məqamlarda qəhrəmanın başına gələn hadisələri dərindən anlamaqda yardım edir. Mövcudluğunun ilk dövründə yalnız romantik süjeti olan lirik əsərləri poema adlandırırdılar. Poema ilkin melodik şeirin transformasiyası şəklində meydana çıxıb, zaman keçdikcə transformasiyaya uğrayaraq dəyişib və öz dövrünün şərtlərinə uyğun şəkildə mövcud olub.

Aydın məsələdir ki, müasir dövrdə yazılan hər hansı poema qədim dövrdə yazılan poemalardan kəskin şəkildə fərqlənir və yeri gəlmişkən hər iki poema eyni dövrdə müxtəlif ölkələrdə yazılan poemalardan fərqlənəcək. İlk poemaların qorunub saxlandığı tarixi abidə Skandinav mifoloji məcmuəsi olan “Kiçik Edda”dır. Bu kitab müxtəlif müəlliflərin yazdığı poemaların məcmuəsidir. Poemaların əsasında Odin və Torin haqqında Skandinav mifoloji motivləri durur. Qeyd etmək lazımdır ki, “Kiçik Edda” ilə ibtidai sənət arasında bir bağlılıq vardır. Bu bağlılığı yaradansa ritm və motivdir. Əgər bu məcmuəni uzada-uzada oxusaq, sözlər arasından hansısa gizli motivin səsləri eşidilər. Poemaların əsasında duran əfsanələrin səsi heç zaman itmir. İlk Azərbaycan poemalarında da vəziyyət eynidir.

Buna görə də, poemaları bəzən qəhrəmannamə kimi də xarakterizə edirlər. Tarixdə müəyyən iz qoymuş şəxsiyyətlərin, yaxud cahanşümul hadisələrin bədii dillə təsvir və tərənnüm olunması üçün şairlər poema janrına daha çox müraciət edib, müxtəlif mövzularda orijinal poetik nümunələr yaradıblar. Mənzum əsərlərin həcmcə ən böyüyü hesab edilən poemanın forma və məzmununa görə lirik-epik, epik-lirik, tarixi-dramatik növlərə aid olanları daha çox yayılıb.

Tədqiqatçıların qənaətinə görə, poema bitkin bir ədəbi janr olaraq Homerin Troya şəhərinin şərəfinə qələmə aldığı “İliada” və çoxillik Troya müharibəsində qeyri-adi qəhrəmanlıqlar və şücaətlər göstərmiş sərkərdə Odisseyə və onu yetirən yunan xalqına həsr olunan “Odisseya” adlı klassık nümunələrdə öz təsdiqini tapıb. Akademik Əziz Mirəhmədovun da dediyi kimi: “Homerin “İliada” və “Odisseya” əsərlərinin əsas qəhrəmanı xalqdır; bu kimi əsərlərin mifologiya və xalq əfsanəsi formasında ifadə olunan məzmunu əsas etibarilə xalqın həyat və mübarizəsindən ibarətdir”.

Yazılı ədəbiyyat yarandıqdan sonra poema bir janr olaraq ən çox yayılmış lirik-epik təsvir növlərindən birinə çevrilib, Azərbaycanda, Şərqdə, eləcə də bütün dünya ədəbiyyatında aparıcı janrlardan biri səviyyəsinə yüksəlib, yuxarıda qeyd olunduğu kimi, məzmun və formasında mühüm dəyişikliklər baş verib. Tarixin qədim dövrlərində meydana gəlmiş və öz mövcudluğunu günümüzədək qoruyub saxlaya bilmiş poemanın kapitalizm dövründə aparıcı janr mövqeyi zəifləyib, bu ictimai-siyasi formasiyanın meydana gəlməsi ilə poema ədəbiyyatda əhəmiyyətli janr statusunu da bir qədər itirib, roman janrının mövqeyi möhkəmləndikcə bu janrın inkişafında müəyyən geriləmələr baş verib. Lakin bütün enmə-qalxmalara baxmayaraq, hər dövr üçün səciyyəvi olan konkret tarixi cəhətləri, sosial şəraiti, problem məsələləri, ən əsası, xalqın həyatını özündə parlaq şəkildə əks etdirən mükəmməl poema nümunələri yaranmış və bu proses bu gün də davam etməkdədir.

Qədim tarixə malik poema janrının inkişaf edib çiçəklənməsi, nisbətən arxa plana keçməsi, yaxud aparıcı janra çevrilməsi müəyyən ictimai-siyasi, tarixi proseslərlə sıx bağlı olub. Bir çox rus ədəbiyyatşünasları, o cümlədən N.A.Qulyayev poemanın yeni inkişaf mərhələsini kilsə ideologiyasının tədricən iflas edib burjua münasibətlərinin formalaşdığı dirçəliş dövrü ilə bağlayır və qeyd edir ki, “bu dönəmdə insana, onun mənəvi aləminə, hisslərinə olan maraq daha da artır. Bu zaman poema qəhrəmanları əvvəlki dövrlərdən fərqli olaraq sərkərdə, feodal-mütləqiyyət nümayəndələri yox, xalis insani keyfiyyətlərinə görə seçilən şəxsiyyətlər olurdular”. Ədəbiyyatşünaslıqda belə bir fikir də mövcuddur ki, “poemanın çiçəklənməsi romantizm dövrü ilə bağlıdır; bu zaman poemada subyektiv-lirik cəhətlər ən parlaq ifadəsini tapmış və poemada lirik qəhrəman surəti yaranıb”. Çünki bu dövrdə poemalarda subyektiv lirik cəhətlər daha qabarıq təsvir edilib, tədricən qəhrəman surəti yaranmağa başlanıb, lirik-epik təsvir, epik vüsət janrın əsas arqumentinə çevrilib. Beləliklə, “romantik poemanın əsas predmeti feodal və burjuaziya quruluşuna qarşı, onun anti-humanist mahiyyətinə qarşı mübarizə aparan həqiqi vətəndaş – insan seçilir. İnsanın bütün daxili-psixoloji keyfiyyətlərini, intim duyğularını açmaq janrın əsas tələbinə çevrilir”.

Gerçək həyatın lirik-epik tərənnümünün üstünlük təşkil etdiyi poemanı şeirdən fərqləndirən səciyyəvi xüsusiyyət həcm məsələsi, böyük və ya kiçik olması ilə yox, müəyyən süjet xəttinə, xarakterlər qalereyasına malik olması ilə ölçülür. Hər irihəcmli şeir hələ poema demək deyil. Lirik şeirdən fərqli olaraq poema müəyyən bir süjetə malik olur. Əslində klassik mənada poema möhtəşəm qəhrəmanın və nadir hadisənin genişliyi ilə dəbdəbəli şeir dilində təsvir və tərənnüm edilməsi deməkdir. Məhz buna görə də poemaya qəhrəmannamə də deyirlər.

Poemanın yaranma tarixi ilə bağlı Azərbaycan ədəbiyyatşünaslığında ciddi qənaətlər mövcuddur. Fil.ü.e.d. Elməddin Əlibəyzadə ilk poemanı yunanların deyil, şumerlərin – qədim əcdadlarımızın, prototürklərin babalarının yaratdığını iddia edir və o, fikrini isbatlamaq üçün dünyaca məşhur türkoloqların məsələ ilə ilgili arqumentlərinə istinad edir. O yazır: “Qədim Şumerdə dastan yaradıcılığı güclü olub. Müxtəlif qaynaq və mənbələrdə 9 dastan haqqında məlumat verilir. Bu dastanlarda bir çox bəşəri keyfiyyətlər bədii əksini tapıb, insan həyatı üçün zəruri problem və məsələlər qoyularaq həll olunur. “Enmerkar və Aratta hökmdarı”, “Bilqamıs və Ağa”, “Uruk və Aratta”, “Luqalbanda və Enmerkar”, “Luqalbanda və Hurram”, ”Bilqamıs” və s. Bunlar qəhrəmanlıq dastanları sayılır”.

Nəzərə alsaq ki, bu gün Güney Azərbaycan türkləri poemaya dastan deyirlər və məşhur türkoloq Samuel Noah Kramer “Tarix Şumerdən başlanır” əsərində ”Enmerkar və Aratta hökmdarı” adlı Şumer dastanı haqqında “poema” deyə bəhs edir, o zaman E.Əlibəyzadənin fikrində şübhə doğuracaq məqam qalmır. S.N.Kramer yazır: “Qarşımdakı masa üzərində bir gil lövhə var. Təxminən 4000 il qabaq naməlum Şumer mirzəsi onun üzərində mixi işarələri cızıb. Lövhə 23õ23 sm ölçüdə dördbucaqlıdır, yəni adi makina kağızından da kiçik. Amma Mirzə bu lövhəni on iki sütuna bölmüş və onun üzərində kiçicik işarələrlə qəhrəmanlıq poemasının 600-dən çox sətrini yerləşdirib. Bu poemanı ”Enmerkar və Aratta hökmdarı” adlandırmaq olar. Yeri gəlmişkən, Bu yanaşma fil.ü.e.d., professor Qəzənfər Kazımovun Azərbaycan dilinin tarixi ilə bağlı ciddi araşdırmalarında da öz əksini tapır. Q.Kazımov yazır: “Qədim şumerlərin yaratdığı doqquz qəhrəmanlıq dastanı məlumdur. Bu dastanların çoxu qədim Azərbaycan dövləti Aratta ilə bağlıdır. Dastan qəhrəmanlarının bir qismi - En-Merkar, Luqalbanda və Bilqamıs tarixi şəxsiyyətlərdir. “Bilqamıs” dastanı sonralar yaranmış türk dastanları ilə sıx bağlıdır. Dastanın qəhrəmanının adı da sonrakı türk dastanlarının bir sıra qəhrəmanlarının adları ilə eyni quruluşludur. Y.B.Yusifov Arattanın indiki Güney Azərbaycan ərazisində yerləşdiyini və tarixdə izi qalmış ilk Azərbaycan dövləti olduğunu sübut edib”.

Gilqameş//Bilqamıs haqqında dastanı qısaca şərh edən və dastanın yaranma tarixi ilə bağlı ciddi fikirlər irəli sürən S.N.Kramer “Babil poemalarının qədimliyinə baxmayaraq Gilqameş haqqında hekayələr əsas etibarilə sami deyil, Şumer mənbələrinə aiddir” hökmünü verir və dünya ədəbiyyatında ilk poemanı məhz şumerlərin yaratdığını təsdiq edir. İlk poema-dastan mətnlərini yetərincə öyrənən S.N.Kramer Gilqameş haqqında bir-birilə heç bir bağlılığı olmayan, müstəqil epik əsərlərdən ibarət olan şumer poemalarını bir yerə toplayaraq vahid epik əsərə çevirən Babil mirzələrinin mühüm əhəmiyyət kəsb edən işini dünya ədəbiyyatı qarşısında onların böyük xidməti sayır. Çox maraqlı faktdır ki, “Tarix Şumerdən başlanır” kitabına ön söz yazan akademik V.V.Struve qeyd edir ki, əsərin “Beynəlxalq münasibətlər”ə həsr olunmuş dördüncü fəslində “Kramer “Enmerkar və Aratta hökmdarı” adlı epik poemanı şərh edir. Enmerkar Cənubi Şumerdə Uruk şəhər dövlətinin ilk sülaləsinin ikinci hökmdarı olub. Aratta isə indiki İran ərazisinin qərb hissəsində yerləşib, Şumerdən yeddi dağ keçidi ilə ayrılmış ərazi idi. Aratta öz metal növləri və tikinti daşları ilə məşhur idi, Enmerkar isə bu sərvətlərə sahib olmaq istəyirdi. Beləliklə, Urukla Aratta arasında müharibə baş verdi. Buna görə də müəllif əsərin yarımbaşlığında bu bölməni “Əsəblərin ilk müharibəsi” adlandırıb. Professor Kramer Gilqameş, Uruk hökmdarı və Kiş hökmdarı Aqqa arasında gedən müharibə haqqında epik poemanı dərindən araşdırıb”. Demək, prof. S.N.Kramer ilk poemaların şumerlərin-prototürklərin yaratdığını yazır, akademik V.V.Struve də bu faktı açıq-aydın təsdiq edir.

Fil.ü.e.d. İsmayıl Vəliyevin Şumer dastanlarının sonralar yaranmış bir sıra dastanlara güclü təsir göstərdiyi barədə qənaəti də düşündürücüdür: “Əski şumer dastan və nəğmələrində Azərbaycan folkloruna, nağıl və əfsanələrinə yaxın olan çoxlu süjet, fikir, bədii deyim, bənzətmə və s. vardır. “Bilqamıs dastanı”, “Kitabi-Dədə Qorqud” boyları və “Koroğlu” dastanı arasında mühüm əlaqə bağları mövcuddur”.

 

Esmira Fuad

ədəbiyyatşünas-publisist

 

Xalq Cəbhəsi.- 2017.- 18 oktyabr.- S.14.