Nizami Gəncəvi Azərbaycan şairidir

 

Farsçılıq Nizami Gəncəvinin fars şairi olması ideyasını ortaya atmaqla Azərbaycanın belə bir mənəvi sərvəti yetirmək qüdrətində olmadığı təəssüratını yaratmağa çalışıb

 

Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər. Gözələ və böyüyə türk, gözəlliklə böyüklüyə türklük, gözəl və böyük ifadəyə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə "sırf farsca yazıb" deyə türk deməmək düzgündürmü? Əsla!"

 

Azərbaycanın qeyri-adi şəxsiyyətləri, həmçinin zəngin maddimaddi sərvətləri həmişə ölkəmizi sevməyənləri qıcıqlandırıb, əllərindən gələni ediblər ki, bu sərvətlərin Azərbaycana aid olmadığını sübuta yetirsinlər. Farsçılıq Nizami Gəncəvinin fars şairi olması ideyasını ortaya atmaqla Azərbaycanın belə bir mənəvi sərvəti yetirmək qüdrətində olmadığı təəssüratını yaratmağa çalışıb, indi də mənasız iddiasından əl çəkmir. Səbəbini də belə əsaslandırır ki, Nizami əsərlərini farsca yazıbsa, deməli, o, "farsdır". Məsələni belə asanca həll etmək yalnız farssayağı ola bilər. Habelə ermənilər də uzun illər ərzində Nizaminin Azərbaycan-türk şairi olmaması cəfəngiyyatını aləmə car çəkərək bununla da bizə yeni-yeni mənəvi zərbələr vurmaq istəyiblər. Şahsuvar Haşımovun araşdırmasında bildirilir, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin qoyulması prosesində ermənilərin törətdikləri əngəllərlə bağlı xeyli faktlar var: "1941-ci il fevralın 17-də Moskvada Nizaminin abidəsinin hazırlanması ilə bağlı layihə sənədlərinə baxılır. Memarlar Sadıq Dadaşov, Mikayıl Hüseynov, Xalıq Əbdürrəhmanov və başqalarını Moskvaya dəvət etmişdilər. Nizaminin dəqiq surətinin tapılaraq abidədə ifadə edilməsi məsələsi son dərəcə ciddi məsələ kimi qarşıda dururdu. Bu işin ruhumuza uyğun səviyyədə həllinin istər-istəməz böyük anlaşılmazlıqlara səbəb olacağını təxmin etmək olurdu. Farslar Nizamini fars şairi hesab edirdilər. Göründüyü kimi, məsələ siyasi məna kəsb etməyə başlayırdı. Vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər"".

Moskvada keçirilən müzakirələrdə ermənilər də iştirak edirdilər. Bakıda Nizaminin heykəlinin necə qurulması ilə bağlı kəskin mübahisələr yaranırdı. Onlar israrla deyirdilər ki, əgər Nizaminin miniatür rəsmi belə yoxdursa, o zaman onun Azərbaycan türkü olduğunu təsdiq edən heykəli də müəmmalı olacaq: "Ermənilər deyirdilər, nə ilə sübut edə bilərsiniz ki, təqdim edilən şəkil variantları həqiqətən Nizaminindir? Tələb olunurdu ki, bu variantlar geri qaytarılsın. Ermənilər mümkün qədər bu ideyanın əngəllənməsini istəyirdilər. Onların məntiqinə qarşı cavab üçün memar Sadıq Dadaşov məruzə ilə çıxış edir. Onun məharətli arqumentləri erməniləri çıxılmaz vəziyyətə salır, vəziyyətin xeyrimizə həll olunmasına səbəb olur. S.Dadaşov deyir ki, illərlə Azərbaycanın müstəmləkə altında yaşaması ona səbəb olub ki, farslar bundan yararlanaraq Azərbaycanın bir çox mənəvi sərvətlərini öz adlarına çıxıblar. Səbəbi də belə gətiriblər ki, konkret olaraq Nizami farsca yazıb. Ancaq Nizami bütün ruhuyla Azərbaycan şairidir. Farslar həmişə əsaslandırmaq istəyiblər ki, feodal-patriarxal bir ölkə olaraq Azərbaycan Nizami kimi böyük bir şairi yetirə bilməzdi".

O zaman SSRİ-nin bir imperiya olaraq maraqları tələb edirdi ki, Azərbaycanın paytaxtı Bakıda Nizaminin heykəlinin qoyulmasına razılıq versin, həmçinin onun Azərbaycan şairi olması həqiqətinin arxasında dursun. Hər halda bu, mahiyyətcə Moskvanın üstünlüyü sayılacaqdı: "Stalin bu qənaətə gəlir ki, hökmən Bakıda Nizaminin heykəli qoyulmalıdır. Təsadüfi deyil, 1941-ci ildə Leninqrad dəhşətli mühasirədə olduğu zaman Nizaminin 800 illik yubileyi təntənə ilə qeyd edildi. Ermənilər hər zaman Nizaminin farslaşdırılması fikrini yeritmək istəsələr də, bir şey alınmayıb".

Vaxtilə ermənilərin Matenadarandakı arxivində vaxtilə olduğunu deyən Ş.Haşımov onların daim buranı "tarixi sənədlərilə" zəngiləşdirdiklərini bildirir: "Onlar gələn qonaqlarını ilk növbədə ora aparır, "qədim erməni tarixinin", "mədəniyyətinin" soraqlarından danışırdılar. Ermənilər sübut etməyə çalışırdılar ki, guya onların eradan əvvəl I yüzildə yazılmış tarix kitabı var, burada ermənilərin "tarixi" əks olunub. Sonra da qonaqlara sual verirdilər ki, həmin dövrə aid hansı xalqın tarixi yazılıb, amma ermənilərinki var. Moskvadan, Leninqraddan gələn alimlər də gülüşürdülər ki, nə oldu, belə çıxır ki, dünyanı yaradan elə ermənilərdir?"

Ermənilər həmişə uydurduqları cəfəngiyyatı son dərəcə səliqəli şəkildə saxlayıblar: "Söhbət zamanı onlar mənə ermənilərin vaxtilə Yaponiyada buraxdıqları jurnalın nüsxələrini göstərdilər. Dedilər ki, bu jurnalın bir nüsxəsini Yaponiyadan 50 dollara alıb gətirmişik. Çünki sabah bizim əlimizdə sübut olacaq ki, Yaponiyada filan vaxtı da ermənilər yaşayıblar, bu da onların jurnallarıdır".

Ermənilərin İrəvandakı Mərkəzi Dövlət Arxivində də olduğunu deyən araşdırmaçı bildirir ki, ermənilər hələ sovet dövrünün ən təhlükəli vaxtlarında belə Moskvanın əhəmiyyətli sənədlərinə məsuliyyətsiz yanaşır, amma öz adlarına olan sənədləri göz-bəbəkləri kimi qoruyurdular. Onlar 1920-ci ilədək olan arxivlərini çox səliqəli şəkildə saxlamışdılar, çünki bu, birbaşa özlərilə bağlı idi. Dövrü mətbuat arxivi yaratmışdılar ki, xaricdə çıxan bütün erməni nəşrlərini bura yığsınlar. Deyirdilər, qoy bilinsin ki, ermənilərin yeganə mərkəzi İrəvandır və dünyadakı ermənilər bura toplansınlar".

Azərbaycan müstəqilliyə çıxandan sonra Nizami yaradıcılığında türklük məsələsilə bağlı aparılan elmi araşdırmaların sayı artdı. Bu yöndə filologiya üzrə fəlsəfə doktoru Xədicə İskəndərlinin araşdırmaları diqqəti cəlb edir. O, bu qənaətdədir ki, Nizami Gəncəvinin az qala tən yarısını yaradıcılıqla məşğul olduğu XII yüzil Yaxın və Orta Şərq regionlarında sözün əsil mənasında bir "Türk yüzili" kimi xarakterizə edilə bilər. Həm də türk deyərkən burada oğuzların nəzərdə tutulduğu aydındır: "XI yüzildən etibarən bütövlükdə islam dünyasının inkişafı, eləcə də islam dininin intişarı türklərin adına bağlanır, islam tarixində türk mərhələsi başlanır. Doğrudur, bu dövrdə hələ 150 ilə yaxın istisnasız olaraq fars dilindən istifadə edilir, ancaq türk ruhu qəti şəkildə ədəbi-mədəni mühitə daxil olur. Üstəlik, Orta Asiyada hələ Malazgirt döyüşündən 2 il öncə - 1069-cu ildə böyük türk şairi Yusif Xas Hacib "Türk Şahnaməsi" adı ilə məşhur olan "Kutaqdu bilik" əsərini yazıb bitirmişdi".

XII yüzildən başlayaraq isə türk obrazı ədəbiyyatda epizodik xarakter daşımaqdan çıxır, xeyli qüvvətlənir, mövqelərini möhkəmləndirir: "Bu, hər şeydən əvvəl türk hökmdarlarının siyasi mövqelərinin güclənməsi nəticəsində əhalinin etnik tərkibinin də türklərin xeyrinə dəyişməsi ilə bağlı idi. Hər halda bizə gəlib çatmış yazılı qaynaqlarda, ədəbi əsərlərdə türk ruhunun 11-12-ci yüzillərdən hədsiz dərəcədə gücləndiyini görürük. "Şiniyyə" qəsidəsində Xaqani simvolik baxımdan türkləri ayıq olmağa, əlində pusquda durmuş farslardan qorunmağa çağırır. 11-12-ci yüzillər Azərbaycan ədəbi mühitində türk ruhu, türk obrazı özünü müxtəlif rakurslardan göstərir. Ancaq həmişə bu, müsbət yöndən qiymətəndirilir. Türkün gözəl, cəsur, azad, ədalətli, səmimi, mərd olması bu dövrün farsdilli şairlərində aparıcı motivlərdən biri kimi səslənir".

Araşdırmaçı bu qənaətdədir ki, Nizami sənəti, Nizami humanizmi, Nizami dühası məhz türklükdən, azərbaycançılıqdan keçərək bəşəriliyə qovuşur. Elə buna görə də şairin yaradıcılığında bu problemlərin öyrənilməsi çox böyük əhəmiyyət kəsb edir. Nizaminin türkə və türklüyə məhəbbətinə diqqəti çəkən Məhəmməd Əmin Rəsulzadə yazır ki, Gəncəli Nizami əsərlərini nə qədər farsca yazmış olsa da, əslən türkdür. Gəncə 12-ci yüzildə türk dünyasının mühüm bir mədəniyyət mərkəzi olub: "Gözələ və böyüyə türk, gözəlliklə böyüklüyə türklük, gözəl və böyük ifadəyə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə "sırf farsca yazıb" deyə türk deməmək düzgündürmü? Əsla!"

X.Murad bu fikirdədir ki, Nizaminin öz əsərlərində türkə və tüklüyə bu qədər böyük önəm verməsinin əsası var. Nizami kimi dünya səviyyəli bir dahi yaxından tanımadığı, müsbət insani keyfiyyətlərinə dərindən bələd olmadığı, nəhayət, özünün də mənsub olmadığı bir toplum, bir xalq haqqında heç vaxt bu qədər məhəbbət və hörmətlə danışa bilməzdi: "Buna görə də şübhə yoxdur ki, şairin yaşayıb-yaratdığı 12-ci yüzildə Gəncədə nəinki cüzi miqdarda köçəri və ya oturaq türklər olmayıb, əksinə, şəhərin əksəriyyətini türklərin təşkil etməsi daha ağlabatadır".

O, bu qənaətə gəlir ki, Nizami sənəti sırf bir türk ideoloji hadisəsi kimi qiymətləndirilməli və təqdim edilməliir. Həmçinin Nizami sənəti və onun ideya-estetik dəyəri türklükdən kənarda qətiyyən anlaşılmaz və yanlış təqdim oluna bilər. Bu baxımdan Nizami yaradıcılığına başdan-başa bir türklük, Azərbaycançılıq xüsusiyyəti hopub".

"Xəmsə"nin dördüncü poeması olan "Yeddi gözəl"də Nizaminin türkə və türklüyə sonsuz məhəbbət və ehtiramının şahidi olmamaq mümkün deyil: "Şairin qlobal mövzuda qələmə aldığı poemada yeddi ölkənin sırasında üç türk ölkəsini təsvir etməsi onun milli mənsubiyyəti və türk xalqına məhəbbəti haqqında əyani təsəvvür yaratmaqdadır. Əsərdə gözəllərin dilindən danışılan əhvalatların ən yaxşıları da məhz Nizaminin türk gözəllərinin diliylə təqdim olunur. "İskədərnamə" də İskəndərin xilaskarlıq missiyasını təsvir edərkən Nizami onu hər zaman türklərin tərəfində göstərir ki, bu da şairin öz xalqına məhəbətindən irəli gəlir".

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2017.- 19 oktyabr.- S.14.