“Şah İsmayıl” dastanında qəhrəman prototipi

 

2-ci yazı

 

M.H.Təhmasib İskəndər Münşiyə əsaslanaraq II Şah İsmayılın 1555-ci ildə Şah Nemətulla Yezdinin qızı ilə evləndiyini və SMOMPK-ın VII buraxılışındakı variantda da Gülzarın atasının adının Nemət bəy olduğunu qeyd edir. Lakin dastanın ayrı-ayrı variantlarında Gülzarın atasının adı Qəhrəman bəy, Baxış bəy və s. kimi göstərilir. Paşa Əfəndiyev 1992-ci ildə nəşr etdirdiyi “Azərbaycan şifahi xalq ədəbiyyatı” kitabında M.H.Təhmasibin və H.Araslının fikirlərini müqayisə edərək, H.Araslının mövqeyini daha doğru hesab edir: “Şah İsmayıl Xətai bir şair, hökmdar olmaq etibarilə Azərbaycan xalqının tarixində, mədəniyyətinin inkişafında böyük rol oynayıb, həm də şair sənətkar kimi el içərisində şöhrət tapıb... Şah İsmayılın aşıqlar içərisində böyük hörməti var idi... Bütün bunlar göstərir ki, əlimizdə olan Şah İsmayıl dastanı Xətainin adı və fəaliyyəti ilə yarana bilərdi... Professor Təhmasibin dastanda II Şah İsmayılla əlaqədar tarixi faktların mövcudluğu haqqındakı fikrinə gəldikdə isə bunu deyə bilərik ki, Şah İsmayıl dastanının ilk formalaşma və sonrakı inkişaf prosesində həmin əhvalatlar oraya aşıqlar tərəfindən daxil edilə bilərdi. Fikrimizcə, bu elə belə də olub. Göründüyü kimi, Paşa Əfəndiyev müəllifi olduğu “Şifahi xalq ədəbiyyatı” kitabında da dastanın qəhrəmanının I Şah İsmayıl olduğunu yazır.

Rüstəm Rüstəmzadə “El qəhrəmanları xalq ədəbiyyatında” kitabında sözügedən dastanın prototipi haqqinda yazır: ”Belə rəvayət edilir ki, Şah İsmayıl ağır yaralanır, ən çox hörmət edib sevdiyi Taclı bəyim isə türklər tərəfindən əsir alınır. ...Şah İsmayıl bu bu ağır vəziyyətdən çox kədərlənir və iztirab çəkir. Hətta bədbin şeirlər yazır və öz kədərini bu şeirlərdə nəzərə çarpdırır.

 

Dəmbədəm yol gözlərəm,

Sevgili yarım gəlmədi...

Bütün bu qəbil şeirlərində o, məşuqəsini itirmiş bir aşiq kimi fəqan edir. Bununla əlaqədar olaraq dövrün ozan-yanşaqları Şah İsmayılı bu qəm-qüssədən ayırmaq üçün ona bir sıra tərifnamələr, ustadnamələr deyib, onun adı ilə bağlı dastanlar yaratmışdılar. Şah İsmayıl özü istedadlı bir şair olduğundan, xalq yaradıcılığına yüksək qiymət verib və bir sıra aşıqları saraya dəvət edib. Onun hakimiyyəti dövründə aşıq yaradıcılığı misli görünməmiş bir yüksəkliyə qalxıb. Hətta xalq yaradıcılığı, xüsusilə aşıq yaradıcılığı o qədər nüfuz qazanıb ki, o dövrün görkəmli şairləri aşıq tərzində yazıb yaratmağa başlamışdılar... Saray mirzələri şahın adı ilə əlaqədar dastanı yazıya köçürərək mühafizə ediblər. Bu dastanı yazıya alanlar öz adlarını qeyd etməmişdilər. Buna görə də müasir tədqiqatçılar ona istədikləri kimi ad verirlər”.

Doğrudan da Şah İsmayıl aşıqlara, ozanlara yüksək dəyər verib. Xalq arasında dolaşan rəvayətlər, mənbələrin verdiyi məlumatlar, Qurbaninin, Miskin Abdalın yaradıcılığında əksini tapan müraciətlər bunun bariz nümunəsidir. Mirzə Abbaslının “Şah İsmayıl ömrü miniatürlərdə” kitabında Şah İsmayılla bağlı rəvayətlərin birində də bunun şahidi oluruq. Belə ki, özbək hökmdarı Hüseyn Bayqara Şah İsmayıla elçi, töhfələr, cəng sazəndələri, rəqqasə və ozanlar dəstəsi göndərir. Şah İsmayıl isə ozanlardan savayı gələn hədiyyələrin hamısını geriyə qaytarır. Tarixi mənbələrin verdiyi məlumata görə ozanlar Şah İsmayılın bütün yürüşlərində yüksək fəallıqla iştirak ediblər. Mirzə Abbaslı Şah İsmayılın aşıqlara münasibəti barədə yazır ki, “Şah İsmayılın sarayında aşıqlara-ozanlara münasibət o qədər yüksək olub ki, hətta bəzi əmirlərə ozanxan ləqəbi verirlərmiş”.

Bütün bunlardan sonra yenə də ciddi bir sual ortaya çıxır və düşünməli olursan ki, görəsən M.H.Təhmasibin dastanın prototipi kimi qəbul etdiyi II Şah İsmayıl kim olub və hansı məziyyətlərinə görə dastan qəhrəmanı funksiyasında çıxış edir? Məlum olduğu kimi, II Şah İsmayıl I Şah İsmayılın nəvəsidir və Şah Təhmasibin oğludur. Atası tərəfindən həbs edilərək uzun müddət həbsxanada yatıb. Cəmi bircə il hakimiyyətdə olan İsmayıl Mirzə (II Şah İsmayıl) naməlum səbəbdən vəfat edib. “Onun kimlər tərəfindən və nə səbəbə görə öldürülməsi barədə müxtəlif şayiələr, rəvayətlər yarandığı kimi, ölümdən xilas edildiyi, qatillərin əlindən nicat tapdığı barədə də xəbərlər yazılmış, hətta əfsanələr düzəldilmişdi”. Kifayət qədər ziddiyyətli bir insanın dastan qəhrəmanı olması bir qədər mübahisəli, qəribə görünə bilər. Hətta onun əmri ilə haqqında dastan yaransa belə, sevilməyən hökmdarın şəninə yazılan bir dastan bu günə qədər gəlib çatmazdı. Hardan bilmək olar ki, Nadir şah, Qacar şah kimi hökmdarlara dastan yaradılmamışdır. Həm də “Şah İsmayıl” dastanında müəllifin hökmdara sonsuz sevgi və hörməti hiss olunur. “Tarihte yaşamış her şahsiyet hikaye kahramanı olarak karşımıza çıkmaz. Böyle olması için o şahsiyyetin ilk önce halkın sevgisini ve rağbetini kazanmış olması gerektir... Bu kahraman halkın ideal ortak kahramanıdır”.

Şöhrət Bədəlovun “Şah İsmayıl və folklor” adlı dissertasiyanın “Dastanlarımızda Xətayi obrazı” adlanan yarımfəslində dastanın Şah İsmayıl Xətai ilə bağlı olmadığını qeyd edərək yazır: “Folklorşünaslıq tarixində Xətai ilə bağlı dastanlar haqqında bir sıra tədqiqi xarakterli fikirlər mövcuddur ki, bunlar da müəyyən mənada öz məntiqi elmi nəticəsini tapmayıb. Əlbəttə, buna səbəb əldə olan dastanların versiya və variantlarının qeyri-kamilliyi olub. Eləcə də müxtəlif aşıq mühitlərində araya-ərsəyə gələn həmin dastanların mühit spesifikası nəzərə alınmayıb, elə buna görə də həqiqi Xətai ilə hansısa Şah İsmayıl adlı nağıl qəhrəmanı qarışdırılıb”.

M.H.Təhmasib dastan haqqında belə bir fikrin müəllifidir ki, “ayrı-ayrı misralar, bəndlər pozulmuş da olsa, hər halda, əlamətləri qalmış təcnislər, xüsusilə hər əhvalatın, vəziyyətin ruhuna uyğun vəzn, ...qafiyə və rədif seçmək qabiliyyəti bu dastanın mahir bir sənətkar, incə ruhlu bir dastançı tərəfindən qoşulmuş olduğunu göstərir”. Alim məsələnin digər bir tərəfinə dastan düzüb qoşanın istedadı məsələsinə də diqqət yetirir: “Qoşmalarda bəzən elə qəliz sözlər var ki, müəllifinin savadlı adam olduğunu ehtimal etməyə əsas verir. Bizcə, şeirlərin bu vəziyyətə düşməsi də dastanın nisbətən qədim olduğunu göstərir”.

“Şah İsmayıl” dastanı mükəmməl dastançılıq təfəkkürünün, dastan mədəniyyətimizin bütün tələblərinə cavab verə biləcək kamil bir dastandır. Professor M.Qasımlı “Şah İsmayıl”ın poetikası” kitabında Şah İsmayılın ovla bağlı şeirlərinin təhlilinin sonunda yazır: “Çox qəribədir ki, ov zamanı ahuya (gözələ) rast gəlmək, onun dalınca düşmək, vəslinə çatınca əzab-əziyyətə qatlaşmaq məqamlarının poetik ifadəsi Şah İsmayıl haqqında dastan qoşan xalqın da diqqətini çəkib. Eyni variant – ov zamanı ahu gözəllə üzbəüz gəlmək ənənəsi “Şah İsmayıl və Gülzar” dastanında da var”.

Dastanın prototipi haqqında olan fikirlərə aydınlıq gətirmək üçün dastanın Təbriz variantına diqqət yetirmək yerinə düşər. Çünki bu variant tarixi hadisələri daha çox özündə əks etdirən yeganə nüsxədir. Dastandakı hadisələr aşağıdakı başlıqlar altında cərəyan edir:

1. Şah İsmayıl Səfəvi (qəhrəmanın doğulması);

2. Adqoyma;

3. Xacə Danyal (Şah İsmayılın təhsil alması);

4. Cavan Şah İsmayıl (Şah İsmayılın ova çıxması);

5. Gizlin bir dərd (Şah İsmayılın Gülzarın eşqinə düşməsi);

6. Ağqoyunlu bəyi qonaq gəlir (Gülşən baxçası);

7. Qürbət yolunda (Şah İsmayılın sevgilisinin ardınca səfərə çıxması);

8. Şah İsmayıl və Pəri xanım;

9. Şah İsmayıl və Ərəb Zəngi;

10. Şah İsmayıl və Gülüzarın ayrılıq odu;

11. Sultan Heydər ilə Sultan Yaqub və Şirvanşah vuruşması. Fərrux Yasarla döyüş. Şeyx Heydərin öldürülməsi (burada bir qədər tarixi hadisələrdən kənara çıxma var, həqiqətən də tarixdə bu döyüş baş verib, lakin bu döyüş baş verəndə Şah İsmayıl körpə olub);12. Sultan Yaqubun ölümü və Şah İsmayılın zindandan azad olması;

13. Şah İsmayıl və paytaxt Təbriz;

14. Ərəb ilə Şah İsmayıl Hindistan yolunda;

15. Şah İsmayılın Gülzarı qaçırması;

16. Qoçaq Ərəb, Gülzar və Şah İsmayıl bulaq başında (düşmən ilə vuruşma);

17. Dərd ilə vuruşma (Murad Mirzə ilə vuruşma);

18. Şah İsmayıl və Şah Təhmasıb (oğlunun dünyaya gəlməsi);

19. İraq və İran vuruşması;

20. Bağdadda vuruşma;

21. Dəclə fəth olundu;

22. Bağdad şəhərinin fəth olunması;

23. Gözüyaşlı alagöz Pəri;

24. Çaldıran döyüşü;

25. Ana xatunda vuruşma;

26. Gecə-gündüz vətən fikrində;

27. Cavan Təhmasib;

28. Şah İsmayılın ölümü;

29. Şah Təhmasib ilə ceyran;

30. İki sevgili;

31. Təhmasibin adaxlanması;

32. Nəticə;

11, 12, 13, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26, 27, 28, 29, 30, 31-ci bölümləri çıxsaq yerdə qalan bölümlər bizə bəlli Şah İsmayıl dastanıdır. Çox güman ki, dastan əvvəl geniş şəkildə yaranmış, daha sonra tarixi hadisələrin ixtisarı ilə yayılıb.

Dastanda qəhrəman obrazının prototipinin müəyyənləşməsi zaman-zaman mübahisələrlə, fikir ayrılıqları ilə qarşılanıb. Deyilənlər arasında bir-birinə yaxın görünənlər və kəskin mövqe fərqlilikləri ilə seçilənlər də var. Məsələn, A.Nəbiyev: “Nağıl motivləri ilə dastan süjetlərinin çarpazlaşması yolu ilə yaranan məhəbbət dastanlarından biri kimi “Şah İsmayıl” dastanıdır”. Məhz belə bir yanaşma ilə alim məsələni qəhrəman prototipində fərqli bir mövqedə şərh edir.

Folklorşünas V.Vəliyev “Azərbaycan folkloru” kitabında yazır: “Bu dastanlar içərisində “Şah İsmayıl” daha xarakterikdir. Əsərin yaranması və Şah İsmayılın tarixi şəxsiyyət olub-olmaması, eyni zamanda onun prototipi haqqında maraqlı mülahizələr mövcuddur. Bizə görə bu fikirlərin hər ikisində müəyyən həqiqət var”. Folklorşünas alim bütün bu mülahizələr müstəvisində qənaətlərini ümumiləşdirir: “Dastanın sonunda Şah İsmayılın mübarizəsi ictimai xarakter alır. O, yalnız öz xoşbəxtliyi uğrunda mübarizə aparmalı olmur. Xalqı amansızcasına istismar edən, mənəvi cəhətdən pozulmuş, qaniçən bir şaha qarşı mübarizə aparır. Beləliklə, Şah İsmayılın mübarizəsi ilə ədalətli şah ideyası məsələsi həll olur”. Göründüyü kimi, məsələ yenə də tarixi olmaya gəlib çıxır və qəhrəmanın tarixi şəxsiyyət kimi təqdimi ilə sonuclanır.

Kəmalə İsmayılova

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2017.- 24 oktyabr.- S.1614.